Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

63 yaşını haqlayan Əflatun Amaşov:“Səni təhlükədə qoyub qaçan adamdan dost olmaz“

Tarix 26.04.20, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Tutduğu vəzifə, o vəzifənin verdiyi status, illər keçdikcə, müxtəlif formalarda adamın xarakterinə, davranışına da təsir göstərir – kiminə az, kiminə çox olsa da, mütləq göstərir. Az-az adam tapılır ki, bu çərçivə daxilində öz əvvəlki səmimiyyətini, insanpərvərliyini qoruyub saxlaya bilir, nəcibliyi, xeyirxahlığı adi davranış qaydasına çevirməyi bacarır.

“Amaşova denən, o, kömək edər”, “Əflatun müəllimin yanına get, gücü çatsa, həll edəcək”… Bu tipli sözləri bir jurnalistin hansısa bir problemi yaranan və kimə üz tutacağını bilməyən başqa bir jurnalist həmkarına məsləhət anlamında dediyinin bu neçə ildə çox şahidi olmuşuq. Amma jurnalistlər kimi, bir az ərköyün, bir az höcət bir cameənin nümayəndələrinin hər cür ərki onu dəyişməyib.

Sonra millət vəkili oldu. O illər ərzində də Milli Məclisdə təmsil etdiyi rayonun seçicilərinin dilindən onun ünvanına xoş sözlər eşitdik – bu dəfə də qarşımızda canayanan, diqqətcil, qayğıkeş bir insan, seçicilərinin ərk yeri, simsar dost ünvanı kimi tanıdığı bir deputat dayanmışdı.

Hamınız bildiniz, söhbət Azərbaycan Mətbuat Şurasının sədri, jurnalist həmkarımız Əflatun Amaşovdan gedir. Aprelin 26-da Əflatun müəllim ömrünün 63-cü ilini tamamlayır. Hər söhbət bir səbəbdən, bir təsədüfdən yaranır. Bizim onunla söhbətimiz də məhz ad günü ərəfəsinə təsadüf elədi. Amma ad gününə gəlib çatana qədər çox mətləblərə toxunduq. Söhbətə ötən əsrdən – 1980-ci illərdən başladıq.  


– Əflatun bəy, orta məktəbi Gürcüstanda oxumusunuz, Bakıda universitetə daxil olmusunuz və Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmisiniz. Fərqli mühitlər, fərqli auditoriyalar və yəqin ki, həm də fərqli xarakter və dünyagörüşünə sahib dostlar, tanışlar. Bu illər ərzində fərqli yaşantılar olub yəqin. Bunlardan başlayaqmı söhbətə?

– Məncə, 60 yaşdan sonra insan hər ad günündə sanki hesabat verir. Yaşın elə vaxtı gəlib çıxır ki, ətrafı müşahidə edirsən. Düşünürsən, bu qlobal dünyada hisslər səni ilkəmi çəkir? O yerlərə ki, anadan olmusan, real dünya ilə ilk təmasın oradan başlayıb, soyuğu, istini, acını, şirini ilk dəfə orada hiss etmisən, budaqdan-budağa qonan quşları ilk dəfə orada görmüsən, yıxılanda ilk ağrını orada hiss etmisən, sevgini, nifrəti, pisliyi, mərhəməti orada sezmisən, ilk sevdiyin balaca qızcığaz da orada olub.

Yenə düşünürsən, düşünürsən ki, nə fərqi, Faxralıda doğuldun, yoxsa Bakıda? Elə uzaq Qrenlandiyada da dünyaya göz aça bilərdin, orada da torpağa qovuşardın. Torpaq ki tamdır, sanki canlı bir orqanizmdir, nə fərqi var, ömür harda bitir, nə fərqi var, ona Bakıda, Faxralıda yox, Qrelandiyada qovuşdun? Bəlkə elə, ona görə biz ona Ana Torpaq deyirik?

İçində tam olaraq müəyyənləşdirə bilmirsən harda haqlı olduğunu. Musiqiyə münasibət də belədir. Lap uşaqlığımda aşıq havaları ilə yatıb-durmuşam. Əslən Aşıq Ələsgərin nəslindən olan ana nənəmin şeir dünyası sərhədsiz aləm idi, bitib-tükənməzdi. Körpəlikdə aşıq sənətinə o qədər vurulmuşdum ki, hətta radioda başqa musiqi eşidəndə dinləmirdim. Günlər axıb getdi, sonra bildim ki, başqa musiqi növləri də var – muğam var, opera var, balet var… Aşıq Xındı Məmməd, Hüseyn Saraçlı, Kamandardan başqa Seyid Şuşinski var, Bülbül var, Rəşid Behbudov var, Üzeyir bəy var, Qara Qarayev var… Lap uşaqlıqdan ağlına belə gətirə bilməzdin ki, Moskvada tələbə olarkən “Aida” operasına ardıcıl olaraq beş dəfə tamaşa etsən də, doymayacaqsan, bir ay ac qalıb, valideynlərinin göndərdikləri yüz manatı “Boney M” konsertinə getmək üçün bir biletə verəcəksən.

İndi keçənləri düşündükcə, bir nisgil də çəkirsən. Çünki bilirsən ki, həyatının əsas hissəsini yaşamısan. Bu vaxta qədər nələri qazanmısan odur, üstünə nələri artıracaqsan məlum deyil. Bəs pislik etmisənmi, ömrünün qalan hissəsində onları yuya biləcəksənmi? Laqeydlik necə? Bunlar sənin daxili aləmini formalaşdıran əsas amillərdir. Doğmaların, əzizlərin də bunların içərisindədir, dostlar da, tanışlar da. Sevgi də burdadır, nifrət də, qəzəb də, kin də. Həyatdır, sən də onun içində.

– Sovet dövründə təhsil üçün Moskva mühiti ən üstünü sayılırdı. Yəqin, o dövrün tanınmış jurnalistlərindən, pedaqoqlarından universitetdə sizə dərs demiş müəllimlər də olub. Və bir də o vaxtlar sizinlə oxuyan tələbələrdən indi Rusiya jurnalistikasında tanınmışlar varmı? Onlarla əlaqələriniz olurmu?

– Ümumən Moskva mühiti başqaydı. Tələbə kontingenti dünya ölkələrinin yarıdan çoxunu əhatə edirdi. Müəllim-tələbə münasibəti dostluğa-yoldaşlığa, səmimiyyətə söykənirdi.

Dərslər paralel olanda başqa dərslərdə də iştirak edə bilərdik. Mühazirələrdə iştirak azad idi. İmtahanlar da onun kimi. Elə müəllim var idi ki, bileti çəkən kimi səni sorğu-suala tuturdu. Eləsi də olurdu ki, bileti çəkib bir saat sonra qayıdıb cavab verə bilərdin. Yəni, detallara o qədər diqqət yetirilmirdi. Ola bilərdi ki, hansısa tələbə bileti çəkib sonra gedib oxuyub cavab verir. Hətta belə olsaydı da, müəllimlər üçün əsas olan ümumi dünyagörüşü idi. Məsələn, 20-ci əsr Fransa ədəbiyyatı ilə bağlı Jan Pol Sartrın hansısa əsəri düşürdü. Müəllim daha çox Sartrın mənsub olduğu ekzistensializm cərəyanının digər ölkələrdəki nümayəndələri barədə soruşurdu. Aydındır ki, tez-tələsik nəyisə öyrənən adam müəllimlərin tələbini ödəyə bilməzdi. Buna görə də heç kəs heç kəsi aldatmağa cəhd göstərmirdi. Bu heç mümkün də deyildi.

Moskva Dövlət Universiteti, onun jurnalistika fakültəsi mərkəz idi. Bizə sovet dövründə jurnalistika nəzəriyyəsinin ən böyük nümayəndələri dərs deyirdilər. Zasurski, Proxorov kimi aydın simaları görürdük. Adını unutmuşam, bizim əslən İspaniyadan olan bir müəllimimiz də var idi. İspan kommunisti idi. Vaxtilə Frankonun xuntasına qarşı kəskin mübarizə aparmışdı. SSRİ-yə böyük sevgi bəsləyirdi. Ancaq Sovetlər Birliyinin dağılacağını ilk dəfə ondan eşitmişdik. O, müttəfiq respublikalara iqtisadi müstəqillik verilməsi istiqamətində yuxarıların müzakirə apardığını narahatlıqla vurğulayırdı. Hesab edirdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyə gətirəcək. Bundan isə dünya kommunist hərəkatı ziyan görəcək. Yadımdadır, tək-tük respublikalar sırasında Azərbaycanın öz iqtisadi müstəqilliyini qorumaq imkanında olduğunu da deyir və fikrini əsaslandırırdı. Belə açıq fikirlərinə görə, onu bir-neçə dəfə bərkə-boşa salmışdılar. Kommunizmə sevgi və rəğbət duyan ideya adamı idi.

Tələbə yoldaşlarım içərisində Rusiyanın, Ukraynanın, Belarusun, Moldovanın nüfuzlu KİV-lərində, dövlət qurumlarında çalışanlar var. Qazaxıstandan olan tələbə yoldaşım Darxan Mınbay ölkənin Mədəniyyət və İnformasiya naziri olub, hazırda Qazaxıstan parlamentinin üzvüdür. Digər dostum Erlan Bayjanov ölkənin Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiridir. Altınbəy Sarsenbaylı isə uzun müddət Rusiyada səfir, Qazaxıstanın İnformasiya naziri, Dövlət Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışdı. İndi haqq dünyasındadır.


– Çox güman, həmin illər sizinlə birlikdə Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr də olub – fərqi yoxdur, jurnalistika fakültəsi olsun, ya da başqa fakültə. Onların arasında bu gün Azərbaycan cəmiyyətində tanınanları varmı? Varsa, kimlərdir? Əlaqələriniz varmı?


– O zaman azərbaycanlı tələbələrin müttəfiq respublikalarda təhsili məsələsi aktuallaşmışdı. Bu, Ulu öndər Heydər Əliyevin tarixi xidməti idi. Təşəbbüsü o, irəli sürmüş və həyata keçməsinə nail olmuşdu. Heydər Əliyev bu yolla gələcək müstəqil Azərbaycan üçün yüksək ixtisaslı kadr potensialı hazırlayırdı. Mən də Ümummilli liderin sayəsində Moskva təhsili görmüş o tələbələrdən biri idim.

Ümumən o dövrdə Moskvada və digər müttəfiq respublikaların nüfuzlu ali təhsil ocaqlarında təhsil görmüş azərbaycanlı tələbələr sonradan ölkəmizin ictimai-siyasi, mədəni-iqtisadi həyatında çox böyük rol oynamağa başladılar. Həmin illərdə mənim kimi jurnalistika təhsili almışlar içərisində Arif Əliyev, Mehman Əliyev, Bahadur İmanquliyev, Bəxtiyar Qaraca kimi şəxslərin adlarını çəkə bilərəm. Əksəriyyəti ilə bu gün də sıx münasibətlərdəyəm. Bu siyahıya yaxın dostum, Moskvada fəaliyyət göstərən çoxsaylı qəzet və jurnalların yaradıcısı Əliş Əvəzi əlavə edə bilərəm. O, Moskva mətbuatında Qarabağ həqiqətlərini yayan fədakar simadır. Allah rəhmət eləsin, Rauf Talışınski bizdən az əvvəl təhsil almışdı.

– Moskvada, şübhəsiz ki, rus dilində təhsil almısınız. Heç rus dilində məqalə yazmısınızmı? Bir də, övladlarının orta məktəbdə rusca təhsil almasını istəyən vaildeynlər son illər get-gedə çoxalır. Bu barədə nə deyə bilərsiniz?

– Azərbaycandilli jurnalistikda digər janrlar xəbər janrından daha üstün olub. Bunun səbəbləri var. Çünki müstəqillik əldə edənədək Azərbaycanda əsas informasiya istehsalçısı AzərTAC (o zamanki “Azərinform”) olub. Müstəqillk qazananadək agentlikdə əsas dil rus dili olub. Yəni bütün xəbərlər əvvəlcə rusca hazırlanıb, sonra ana dilimizə tərcümə edilib. Mən də orada çalışıb, müxbir olmuşam. Təbii ki, rusca yazmışam.

Yeri gəlmişkən, gənc ikən AzərTAC-ın müxbiri kimi, Monqolustanda Azərbaycan günləri tədbirlərinə qatılmışdım. Oradan 12 günə 18 reportaj hazırlamışdım. Vətənə qayıdanda bu reportajları divara vurulmuş “Kommunist” və “Bakinski raboçi” qəzetlərində gördüm. Yaxınlaşdım ki, oxuyam. Bir yaşlı kişi də gözünü qəzetə zilləmişdi. Öz yazılarımı oxumaq istəyəndə ona mane oldum. Əsəbləşdi, bir növ məzəmmət formasında iradını bildirərək dedi ki, görmürsən, bizimkilər Monqolustanda olublar. Kişinin oxuyub bitirməsini gözlədim. Demədim ki, məqaləni yazan mənəm. Onun məzəmməti də xoşuma gəlmişdi. Mənim məqaləm oxunurdu.

Ana dil məsələsi olduqca həssasdır. Dil hər bir xalqın mövcudluğunun ən ümdə atributudur. Məsələn, almanlar çalışırlar ki, alman uşağı əsasən ibtidai təhsilini öz ana dilində alsın. Burada yalnız dilin düzgün işlədilməsinin mənimsənilməsindən söhbət getmir. Söhbət ətraf aləmi, insanları məhz alman kimi duymaqdan, alman xarakteri ilə qəbul etməkdən gedir. Yəni baxış alman baxışı olmalıdır. Bu praktika dünyanın bir sıra qabaqcıl ölkələrində də tətbiq edilir. Biz hamımız istəyirik ki, övladlarımız xarici dil bilsinlər. Valideynlər də məhz buna çalışır. Niyə məhz rus dili? Çünki bu dil bizə daha yaxındır. Həm də təhsil sistemimizdə bu dillə bağlı bəlli ənənələr var. Hesab edirəm ki, daha çox rus dilinə fokuslanma bundan irəli gəlir. Həm də diqqət yetirək, ingilis dili də populyardır, ancaq bu dildə təməlli təhsil bahadır. Hamı üçün əlçatan deyil. Bu da bir səbəbdir. Yəni düşünmürəm ki, insanlarımız rus dilində təhsilə sırf dil baxımından yanaşırlar. Ümumən övladlarının xarici dilə yiyələnməsini arzulayırlar.

Bir məqamı da vurğulayım. Rus və ya ingilis dili – heç bir önəmi yoxdur, əsas olan həmin dildəki təhsilin azərbaycançılıq ideyasına köklənməsidir. Bunu isə təhsilə cavabdeh şəxslər düşünməlidir, ümumən sistem bu ideyanı rəhbər tutmalıdır.

– Moskvada təhsilinizi bitirib Bakıya qayıtmısınız. Qayıdan kimi ixtisasınız üzrə iş tapa bildinizmi? Deyilənə görə, o vaxtlar kütləvi informasiya vasitələrinin sayı elə çox deyilmiş və iş tapmaq çətin imiş.

– Bəli, yerli KİV-in sayı az idi. İş tapmaqda da müəyyən çətinliklər yaşanırdı. Redaksiyalardakı ştatlar da müvafiq strukturlar tərəfindən müəyyən edilirdi. Amma biz Moskvada yüksək təhsil görmüş gənclərə iş tapmaq o qədər də çətin olmadı. İxtisasım üzrə çalışdım. Düzdür, bir neçə ay AzərTAC-da korrektor kimi işlədim. Bilirdim ki, tezliklə mənim üçün müxbir ştatı açılacaq. Belə də oldu.

– Vikipediya deyir ki, Əflatun Amaşov 1985-1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. O illər əsas işi ölkə mediasını xəbərlə təmin etmək olan agentlik geniş yazılar – müsahibələr, reportajlar, məqalələr yazmaq baxımından, yəqin ki, elə də əlverişli məkan deyildi. O illərə nəzər salanda hansı yazılarınızı xatırlayırsınız?

– Mən AzərTAC-da əsasən ictimai-siyasi şöbədə çalışmışam. İşimiz xəbər yayıcılığı idi. Doğrudur, ayrı-ayrı şəxslərdən müsahibələr də götürürdüm. Mirzə İbrahimov, Yaşar Qarayev, Arif Məlikov, Hüseyn Abbaszadə və digər tanınmışlarla müsahibələrim var. Hamısını arxivimdə saxlayıram. Hər biri ayrılıqda xatirədir, yaşantıdır. Qismət olsun, bu barədə nə vaxt kitab buraxmağı düşünürəm. Ona görə həmin illərin yaşantıları ilə bağlı ətraflı danışmaq istəmirəm.


– Sonralar “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri oldunuz. Jurnalist cameəsi “RUH”u daha çox onun təsisçisi olduğu “Jurnalistlərin dostu” mükafatı ilə tanıyır. Mükafat təsis olunandən sonra ən müxtəlif ranqlı, statusu fərqli, müxtəlif siyasi düşərgəni təmsil edən şəxlər aldılar bu mükafatı. Səhv etmirəmsə, müxalifət lideri də aldı, xarici diplomat da, prezidentlər də. Necə müəyyən edilirdi laureatlar?

– Əslində, dünyanın müxtəlif ölkələrində “Jurnalistlərin dostu”na bənzər mükafatlar var. Biz o zaman mükafatı təsis edəndə dünya təcrübəsinə əsaslanmışdıq.

Ümumiyyətlə, bu mükafat indinin özündə də cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaq məqsədilə təqdim edilir. Ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

Laureatları seçmək üçün əvvəlcə işçi qrupu yaradılır. Qrup sorğu anketlərinin tərtibatını, respondentlərə paylanmasını, anketlərə verilən cavabların əldə olunmasını, hesablanmasını həyata keçirir və yekun nəticələri rəhbərliyə təqdim edir. Sorğu ölkənin tanınan, ictimai fikrə təsir göstərən qəzet, jurnal və informasiya agentlikləri, jurnalist təşkilatları, internet xəbər resursları, televiziya və radioların təmsilçiləri arasında keçirilir. Laureatın adı təsdiqləndikdən sonra mükafatın təqdimetmə günü ictimaiyyətə açıqlanır.

Hesab edirəm ki, “Jurnalistlərin dostu” kifayət qədər mütərəqqi motivasiya verən mükafatdır. Həm də dəyərdir. Ona görə ki, sözə dəyər verilməsini əsas tutur.

– Sonra Mətbuat Şurası yarandı, siz ilk sədr seçildiniz və bu günə qədər də o postda olan yeganə şəxssiniz. 2003-cü ildə keçirilən ilk qurultayın iştirakçıları xatırlayırlar ki, birinci qurultayda seçkilər çox gərgin keçib. Gecə saat 2-dək davam edən qurultayda siz sədr seçilmisiniz. O günlərə qayıtmaq istərdinizmi? Necə xatırlayırsınız?

– O vaxtları çox yaxşı xatırlayıram. 2003-cü il mart ayının 15-i. Həmin günədək on ilə yaxın idi ki, jurnalistlərin qurultayı keçirilmirdi. Qurultaydan öncə təşkilat komitəsi yaranmışdı. Komitəyə rəhbərlik edirdim. Həmkarlarımla birgə kifayət qədər gərgin işləyirdik. Ümumən media mühitindəki ab-hava qurultaya köklənmişdi. Qurultay da gözlənildiyi kimi, çox gərgin keçdi. Seçki prosesinin özü də kifayət qədər mürəkkəb epizodlarla yadda qaldı. Müxtəlif tərəflər var idi. Hər kəs istəyirdi ki, Şurada təmsil olunsun. Hərənin öz gözləntisi, öz marağı var idi və bu da təbii sayılmalıdır. Ümumən medianın özünütənzimləməsi bir model kimi yenilik olduğundan, hər kəs bu və ya digər şəkildə istəyirdi ki, həm qurumun formalaşmasına töhfə versin, həm də təşkilatda özünə yaxşı şəxslərin təmsilçiliyinə nail olsun. Bir daha deyim, təbii, qanunauyğun proses idi.

Ancaq yadımdan çıxmayan bir neçə məqam var. Bunlardan biri qurultayın Rəyasət Heyətinə namizədlərin verilməsi ilə bağlı idi. Dediyim kimi, ali məclisə hazırlıq üzrə təşkilat komitəsinin sədri olmuşdum. Qurultay gedişində Rəyasət Heyətinə namizədlərin adları verilirdi. Şübhəsiz ki, Şuranın İlk İdarə Heyətinin tərkibi də həmin adamlardan formalaşacaqdı. Təxminən 40-a yaxın ad çəkildi. Mənim isə adımı çəkən olmamışdı. Tribunadan salona tamaşa edib bir çox məqamları düşünürdüm. Heç kimə tanış olmayan şəxslərin namizədliklərinin də irəli sürüldüyünü görürdüm. Salonda siyasi hakimiyyətə qarşı barışmaz mövqeləri təmsil edən tərəflərə yaxın media nümayəndələri az deyildilər, daha çox canfəşanlıq edirdilər. Elə qurultayın əvvəlindən səs-küy salmışdılar. Yenə də bildirim, hər kəs İdarə Heyətində daha çox təmsil olunmağı istəyirdi. Mən isə o dövrə qədər hamı üçün “Ruh” Jurnalistlərin Müdafiəsi Komitəsinin rəhbəri idim. O komitənin ki, bir il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatını təqdim etmişdi.

– Az öncə “Jurnalistlərin dostu” mükafatının seçim prosesi barədə məlumat vermişdiniz…

– Bəli, seçim mükafatın Nizamnaməsinə əsasən həyata keçirilmişdi. Ulu öndər Heydər Əliyev o dövr üçün media sahəsində inqilabi addımlar atmışdı. Bunun nəticələri göz önündə idi. Müstəqil Dövlətlər Birliyi məkanında, müharibə vəziyyətində olan ölkədə ilk dəfə senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu. Biz eyni zamanda, Prezident Heydər Əliyevin 20 iyul 2001-ci il il tarixli “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərmanını yaxşı xatırlayırıq. Həmin fərman özündə gələcəyin media strategiyasını birləşdirirdi. Media sahəsində elə bir fəaliyyət istiqaməti yox idi ki, həmin fərmanda əskini tapmasın. Sənədin hər bir bəndi ayrıca institsional media fəaliyyətinə dair platforma idi. Həmçinin, 2001-ci ildə Prezident Heydər Əliyev jurnalistlərlə görüş keçirdi. Görüşün nəticəsi olaraq qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları donduruldu. Jurnalist ictimaiyyəti bunu çox gözəl bilirdi. Heydər Əliyevin “Jurnalistlərin dostu” mükafatının qalibi seçilməsinə də təsir edən məhz bu amillər idi. Ancaq müəyyən kəsim var idi ki, sanki nəticəni qəbul etmirdilər. Dövrün xarakteri başqaydı, baxışlar, münasibətlər sistemi başqaydı. Və bu adamlar cəmiyyətdə xeyli populyar olan “Jurnalistlərin dostu” mükafatının qalibinin Heydər Əliyev olmasına bir növ qısqanclıqla yanaşırdılar. Mükafatın təsisçisi isə mənim rəhbərlik etdiyim təşkilat idi. Təbii ki, mən bütün tənqidlərin mərkəzində dayanırdım.

Qurultayda Rəyasət Heyətinə 30-a yaxın şəxsin namizədliyi irəli sürülsə də, adımı çəkən yox idi. Heç xatirimdən çıxmaz, həmin vaxt “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ən sonda mənim adımı çəkdi. Beləcə, Rəyasət Heyətinə düşdüm. Kifayət qədər gərgin şəraitdə müxtəlif qruplaşmalar içərisində fikir ayrılıqları oldu. Mətbuat Şurası sədrliyinə namizəd kimi daha üstün mövqelərə yiyənləməyə başladım. Nəticə etibarilə Şuranın sədri seçildim. İnanın, həmin an bu uğurun böyüklüyünü düşünmək imkanında deyildim. Həddən artıq gərgin şəraitdə bunu düşünməyim mümkünsüz idi.

Ancaq bir epizod da oldu. Təsəvvür edin, qurultay bitib, sədr seçilmişəm. Gecə saat 2-dir, Opera və Balet Teatrının salonundan çıxışa doğru hərəkət edirik. Qurultayın bir çox iştirakçıları da mənimlədir. Hələ də o səhnə gözümün önündən getmir. Görürəm ki, uzaqda bir videokameranın işığı yanır. Get-gedə işığa doğru yaxınlaşıram və yanımdakılar da sanki bir-bir kənara çəkilir. Tam gedib o kameraya çatanda artıq tək idim. Müsahibə verdim. Məhz o an uğurun böyüklüyünü hiss elədim. Sanki günlərin yorğunluğu unuduldu.

– Müsahibəyə hazırlaşanda Mətbuat Şurası İdarə Heyətinin ilk seçilmiş tərkibinə baxdım və İdarə Heyətinin bu gün Jurnalistikamızda söz sahibi olan, həm də fərqli dünyagörüşünə, ictimai-siyasi baxışa sahib şəxslərin adlarını gördüm. Doğrudan da, ideala yaxın bir heyət imiş. Bu illər ərzində nələr baş verdi ki, heyətdə bu qədər dəyişikliklər oldu və o insanların çoxu kənarda qaldı? O heyətlə indiki heyəti müqayisə eləmisinizmi heç? Ən azı özünüz üçün? Hansı heyətlə işləmək çətin və maraqlı idi?

– Mətbuat Şurasının İdarə Heyətinin tərkibini jurnalistlər qurultayda seçirlər. Seçim sərbəstdir. Kimlərə çox etimad göstərilirsə, həmin şəxslər İdarə Heyətində təmsil olunurlar. Jurnalistikada, ümumən cəmiyyətdə sayılıb-seçilən nüfuzlu şəxslər müxtəlif vaxtlarda Şuranın üzvü olublar və üzvüdürlər. Onların hər biri mənim üçün dəyərlidir. Hətta mənimlə fikir ayrılıqlarında olanlar da. Buna görə də hansısa fərqləndirmə aparmaq istəmirəm.

– Mətbuat Şurasının sədri və millət vəkili… Bu dönəmlərdə, belə demək mümkünsə, jurnalistlə sözün arasına vəzifə, siyasət girdi. Sizcə, söz sizdən incimədi ki?

– Bəlkə də incidi. Amma düşünürəm ki, söz məndən jurnalistikadan uzaqlaşıb məmur olsam, inciyər (gülür). Deputat olmaq məmur olmaq deyildi. Həm də mən parlamentdə medianın bir növ lobbiçiliyini etdim. Yəni seçildiyim Saatlı rayonunun problemləri ilə yanaşı, həm də jurnalistikanın çətinliklərini gündəmə gətirdim. Hamı məni jurnalist millət vəkili kimi tanıdı.

– “Vəzifə və rütbə dostların, tanışların sayını artırar” deyirlər. Həyatınızı millət vəkilliyindən əvvəlki dövr, millət vəkili olduğunuz dövr və indiki dövr deyə bölsək, ətrafınıza baxanda nə görürsünüz? Dost çevrənizdə nəsə dəyişdimi?

– Məncə, cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyildi. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam.

Dostluğa münasibətim hələ lap uşaqlıqdan – dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Hekayədəki “ayı sənə nə dedi” ritorikasına əsaslanmışam. Ayı ilə üzləşən iki yoldaşdan biri qaçıb ağaca çıxır, o biri isə çarəsiz qalıb özünü ölülüyə vurur. Ayının yerdə qalan yoldaşın “qulağına dediyi sözlər” var – səni təhlükədə qoyub qaçan adamdan dost olmaz.

Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalı idi. Biz birlikdə necə işləməyimizin forma və üsullarını düşünməliydik. Ancaq bu istiqamətdə razılığa gələ bilmədik və jurnalistikanın mənə qazandırdığı bəzi dostlar – hər zaman birlikdə olduğumuz, bir çox məsələlərə birgə münasibət bildirdiyimiz dostlar uzaqlaşdılar.

Hər zaman bu barədə düşünmüşəm. Görünür, bir çox məsələlərə daha ali yanaşmışam. Yanlışlığa yol verdiyimi düşünmürəm. Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm.

Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürük. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki.

– İnsanlara yaxşılıq edən yaxşı insandır, yoxsa pislik etməyən?

– Bir dəfə görmədim ki, heç kəsə yaxşılığı dəyməyən, ancaq pisliyi də keçməyən insana yaxşı insan desinlər. Deməli, yaxşı ad çıxarmaq üçün yaxşılıq edən insan olmalısan. Təbii ki, hamıya yaxşılıq etmək mümkün deyil. Hər kəs yaxşılığı düzgün qiymətləndirmək iqtidarında da deyil. Digər tərəfdən, heç pis adamların da hamıya pislik etdiklərini düşünmürəm. Məncə, bu mövzudakı müqayisə nisbi və mübahisəlidir. Ancaq mən dahilərdən birinin sözünü rəhbər tuturam: “Yaxşılıq heç vaxt köhnəlməyən yeganə libasdır”.

– Bu günlərdə yaşlılara, aztəminatlı ailələrə yardım edənlərin sayı daha da artıb. Yardım edənlərin içərisində tanınmışlar da var. Və bir çox hallarda bunu çəkib paylaşırlar. Cəmiyyətdə bu mövzuya ikili baxış var. Bir qism “sağ əlin verdiyini sol əl bilməz” fikrini, digər qism isə “çəkib göstərsinlər ki, örnək olsunlar” fikrini müdafiə edir. Bəs sizcə?

– Siz cəmiyyətdəki diskussiyanın mahiyyətini açdınız. Bir kəlmə ilə belə cavab verə bilərəm: edilən yaxşılığın insanın özü tərəfindən ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Ancaq xeyriyyəçilik ənənələrinin yaşadılması, cəmiyyətə yeni örnəklərinin çatdırılması vacibdir. Görünür, təqdimatlara da diqqət yetirmək lazımdır. Məncə, sizin sualınız ona görə gündəmə gəlib ki, təqdimat formalarında yanlışlıq var.

– Sosial şəbəkələrin mediaya zərbə vurduğu, onun gücünü və oxunaqlığını azaltdığı iddia olunur. Siz həm Mətbuat Şurasının sədri, həm də sosial şəbəkənin aktiv istifadəçisi kimi bu haqda nə düşünürsünüz? Həqiqətən, belədirmi?

– Sosial şəbəkələr yayım platformasıdır. Burada media məhsulu da ola bilər, digər məhsullar da. Bəli, bəzən görürük ki, sosial şəbəkədə vacib nəsə yayıldı. Bu, xəbər sayıla bilərmi? Tam mümkündür ki, yalan olsun. Yalandırsa, məlumat və ya xəbər deyil. Yalanlar çoxdur. Belədə necə deyə bilərik ki, media sosial şəbəkələrə uduzur? Əslində, biz uduzmağı o zaman düşünürük ki, sosial şəbəkədə yayılan hansısa bilgi doğru çıxır. Media prinsip etibarilə peşəkar struktura, sistemə malikdir. Sosial şəbəkələrdə yayılmış məlumat da, iki qonşunun bir-birilə söhbəti də onun tərəfindən süzgəcdən keçirilməlidir.

– Belə bir fikir də var, qadınlar kişilərdən daha çox və daha uzunmüddətli sevirlər. Siz necə düşünürsünüz, sevgi qadına və kişiyə görə dəyişən duyğudur?

– Ümumən qadın-kişi məhəbbətindən söhbət düşəndə məhşur “dekabristlər”in xanımlarını xatırlayıram. Onlar mövcud statuslarından imtina edib sürgündə olan həyat yoldaşlarının arxasınca uzaq və soyuq Sibirə getmişdilər. Bəziləri orada həyatlarını itirmişdilər. Kişi sevgisi bu qədər etibarlı ola bilərmi?

– Ədəbiyyatla aranız necədir? Çox kitab oxuduğunuzu bilirik. Kimləri oxuyursunuz?

– Ədəbiyyat mənim hobbimdir. Moskvada təhsil alarkən SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin birinci katibi Georgi Markovun çox yaxın qohumu ilə dost idim. Tez-tez Markovun evinə qonaq gedirdik. Onun həyat yoldaşı Aqniya Kuznetsova dövrün tanınmış uşaq yazıçısı idi. Onların evlərinə dövrün tanınmış ədəbiyyat simaları Valentin Rasputin, Vasili Belov, Lev Anninski və digərləri gələrdilər. Məclislər qurulardı, fikirlər söylənərdi. Bəzən də ölkənin taleyüklü məsələləri həmin məclislərdə müzakirə olunardı. Bu mühit mənə çox böyük təsir göstərmişdi. Bəli, mütaliəni sevirəm. Dünya ədəbiyyatı klassiklərindən elə biri yoxdur ki, hansısa əsərini oxumayım. Çalışıram, oxuduqlarımı beynimdə sistemləşdirim. Məsələn, Çarlz Dikkens ingilis ədəbiyyatının çox böyük simasıdır. Ancaq Dikkensin müasiri olmuş Entoni Trollop adlı daha bir yazıçı da var. Azərbaycan ədəbiyyatına bu ad çox az şey deyir. Ancaq oxuyanda görürsən ki, Dikkensdən heç də geri qalmır, əksinə, bəzən onu üstələyir. Mən ədəbiyyata bu prizmadan yanaşıram. Hazırda Salman Rüşdünün “Gecəyarısının uşaqları” mistik romanını oxuyuram. Yeri gəlmişkən, çox maraqlıdır, tövsiyə edirəm.

Azərbaycan ədəbiyyatına gəldikdə, Nizamini bütün dünya şairlərinin şahı hesab edirəm. Stolüstü kitabım isə Sabirin “Hophopnamə”sidir. Biz Məcnunun Leyli sevgisindən dəliyə çevrilməsini hər zaman xatırlayırıq. Həmin sevgi itməyəcək, çünki onun oxşarı hamımızın içindədir. Amma düşünürəm ki, böyük Sabirin “harda müsəlman görürəm, qorxuram” ifadəsindəki narahatlıq da hər zaman aktualdır. Sual olunur, bəs necə edək ki, müsəlman görəndə qorxmayaq? Bizim bir xalq, millət  kimi mənəvi tamlığımızın yolu da bundan keçir.

Müasir dövrümüzə nəzər salsaq, düşünürəm ki, Anar burada məxsusi simadır. Məsələ heç də onda deyil ki, o, Yazıçılar Birliyinin sədridir, yaxud ciddi mahiyyət yükünə malik əsərlərin müəllifidir. Anar müəllim hələ sovet dövründə yaradıcılığı idarəçiliyin təsirlərindən qorumaq üçün əlindən gələn hər şeyi etmişdi və bunu həm də yaradıcılıq dəst-xətti ilə reallaşdırmışdı. Habelə yaradıcılığın diqtəedici mahiyyətini ortaya qoymuşdu. Bu, tarixi xidmətdir. Düşüncəm budur ki, o, heç nə yazmasaydı, yalnız “Qobustan” jurnalının yaradıcısı və rəhbəri kimi müstəsna missiya yerinə yetirmişdi. Ancaq Anar müəllim eyni zamanda çağdaş ədəbiyyatımızın da böyük simasıdır.

Gənc yazarlarla da əlaqələrim var. Şəhriyar Del Gerani, Kəramət Böyükçöl, Allahşükür Ağa və digəriləri ilə yeri düşəndə görüşürük, fikir mübadiləsi aparırıq. Başqa gənc müəllifləri də həvəslə oxuyuram. Ümumiyyətlə, istedadlı gənclərimiz çoxdur. Düşünürəm ki, daha yaxşı əsərlər yaratmaq üçün istedadla yanası, dünyagörüşün genişliyi, dünyadakı müasir ədəbi proseslərlə tanışlıq da vacib şərtdir.

– Bir neçə aydır, dünya pandemiya ilə mübarizədədir. Bu hadisələr sizin həyata, dünyaya baxışınıza nə dərəcədə təsir göstərdi?

– Məni daha çox bəzi insanların davranışı narahat etdi. Hər hansı fövqəladə vəziyyətdə, çətinlikdə şəxsi mənafelərin önə çəkilməsini, digər mənfi keyfiyyətlərin daha qabarıq formada üzə çıxmasını gördük. Şair demiş, öz-özümə düşündüm, “qalib gələcəkmi cahanda kamal?” Nə qədər ki, insan uzaq-uzaq qalaktikalar barədə təcəvvürə malik deyil, varlıqla yoxluğun sərhədlərini ayırd edə bilmir, kamalın qalib gələ bilməsi çətin olacaq. Kamal qalib gəlmirsə, insanlar kütlə kimi görünür. Mən dünya insanını kütlə kimi gördüm. Ola bilər, çox dərin düşündüm, elə bəşəriyyətin alnına böyük ölçüdə kütlə olmaq yazılıb.

– Hər zaman işdə, tədbirlərdə, iclaslarda olan, aktiv həyat tərzinə malik insansınız. İndi evdə oturmaq sizi darıxdırmır ki? Yoxsa dincəlmək üçün fürsət yaranıb?

– Darıxmaq hissi. Maraqlı, yerinə düşəndə şirindir də. Necə ki gənc dostum yazıb: “sən axı bilmirsən, hardan biləsən…it kimi darıxmaq nə təhər olur…” Düşünürəm ki, insanın iki həyatı var. Fiziki baxımdan o, hərəkət edir, öz işi ilə məşğuldur, deyək ki, iclaslara, toplantılara, tədbirlərə qatılır, yeri gələndə dincəlir. İkinci həyat onun mənəvi dünyasıdır. İnsan da torpaq kimi tamdır, bütövdür. Az zaman kəsiyində yaddaşın səni keçmişə aparır, düşüncələrində gələcəklə bağlı  planların saf-çürük edilir. İstəyinə uyğun kitabları seçib oxuyursan, müsiqiyə qulaq asırsan.

Ümumən insanın iç dünyası kənar təsirlərdən uzaqdır, heç nədən asılı deyil. Bacarıb onu nizamlaya biləsən. 80-ci illərin əvvələlərində rus yazıçısı və şairi Varlam Şalamovun çoxdan yazdığı “Kolım hekayələr”i  işıq üzü görmüşdü. Kitabda insanların içlərində yaratdıqları dünyanın, gələcəyə inamın onları məhv olmaqdan xilas etdiyi göstərilirdi. Deməli, insan fərd kimi öz hisslərinə hakim ola bilər.

– Senzura anlayışı jurnalistlərə, xüsusən sizin kimi Sovet dövründə təhsil almış, işləmiş jurnalistlərə çox tanışdır. Sizcə, indi jurnalistikanın senzuraya ehtiyacı varmı?

– Bir hadisə danışım. SSRİ-nin dağılması ərəfəsində Lenin meydanında keçirilən mitinqlərlə bağlı biz də TASS-a materiallar ötürürdük. Həmişə iştirakçıların sayını qəsdən artırırdıq. Moskvadakıların bizi susdura bilməyəcəklərini düşünmələri üçün bunu edirdik. Mitinqlərin birində, – adını çəkmirəm, – təşklatçılardan biri çıxışında bildirdi ki, görürsüz, dövlət agentliyi olan “Azərinform” da bizdən qorxur. O zamankı direktor Azad Şərifovu “KQB”yə çağırdılar. Yazının müəllifi kimi, məni də özü ilə apardı. Sədrin kabinetinə daxil olanda Azad müəllim həyəcandan özünü pis hiss etdi, rəngi ağardı. Mənimcünsə vəziyyət maraqlı gəlirdi. Çox çək-çevirdən sonra binanı tərk etdik. Azad müəllim maşında incimiş kimi üzünü mənə çevirib dedi: “Ordan çıxmaya da bilərdik. Sən bilmirsən, “KQB”nin nə olduğunu?”. Bəli, yaşlı nəslin içərisində elə qorxu var idi. Görünür, “Azərinform” yuxarıların icazəsi olmadan mitinqdən yazmaqla, həttə rəqəmləri şişirtməklə senzuranın şərtlərini pozmuşdu.

İndi başqa dövrdür. Biz müstəqil bir dövlətin mediasını təmsil edirik. Söz azadlığı o deyil ki, dövlətin təhlükəsizliyi ilə bağlı nə yollasa əldə etdiyin hansısa məlumatı mütləq yayasan. Peşəkarlıq odur ki, ümummilli maraqları fərdi maraqlardan ayıra biləsən. Belə olarsa, senzuraya nə ehtiyac?

– Bəs daxili senzura, ona münasibətiniz necədir?

– Bu, artıq həyatımızın mənəvi tərəfiylə bağlıdır. Daha doğrusu, əxlaq və tərbiyə məsələsidir. Hətta intellektual göstəricilər də tənzimləyicidir. Böyük ölçüdə əxlaq və tərbiyə daxili senzuranın müəyyənləşdirici faktoru rolunda çıxış edir. Bu keyfiyyətlərin daşıyıcı olan adam düşünür, kənardakılardan, müəyyən mənada elə özündən də özünü qoruyur.

Belə nəticəyə gəlmək olar ki, daxili senzura gözəl şeydir. Gözəldir, ancaq digər tərəfdən, daxili senzuranın hökmü ilə insanın ətrafda baş verənlərə laqeydliyi də keyfiyyətsizlikdir, hardasa satqınlıqdır. Yaradıcı şəxs üçün daxili senzura məqsədə çatmanın yoludur. Yəni, doğru işi doğru zamanda görməlisən. O zamanı gözləməlisən, inanmalısan, özünü hazırlamalısan. Bunun üçün dözmək lazımdır. Məncə, bəzi situasiyalarda daxili senzura dözməyin, iradə nümayişinin özüdür.

– Aprelin 26-sı ad gününüzdür. Təbrik edirik. Ad günlərinə münasibətiniz necədir? Heç unutmadığınız ad gününüz hansı olub? Bu il ad gününüzü karantin rejimində keçirəcəksiniz? Nələr hiss edirsiniz?

– Ola bilsin, insan gənc yaşlarında ad günlərini təmtəraqla qeyd etməyə çox maraq gösətərir. Ancaq yaşa dolduca vəziyyət dəyişir. Mən, adətən, ad günlərimi ailəmlə birgə keçirməyə üstünlük verirəm. Təbii ki, müəyyən dost-tanış çevrəsi də maraqlıdır. Bu çevrədə insanı xarakterizə etmək üçün seçilmiş fikirlər də həmçinin. Belə məclislərdə barəndə dilə gətirilən düşüncələrin səmimiliyini duymaq adamda xoş ovqat yaradır. Səninlə bağlı deyilmiş hər hansı fikrin miqyasına, məzmununa diqqət yetirərək özünə qiymət vermiş olursan. Ad günlərini unudulmaz edən də budur.

O ki qaldı karantin rejimində ad gününə, ümumən insan həyatı məhdudiyyətlərlə doludur. Ancaq ruhən məhdudiyyətlərə və qadağalara qarşıyıq. Yaşa dolduqca azadlıq ruhun qidası kimi çıxış edir. Hesab edirsən ki, geridə qoyduğun hər il səni azadlığa daha çox yaxınlaşdırır. Biz “karantin” sözünün timsalında məhdudiyyətə seçilmiş növbəti adı görürük. Təbii, bu adın özünəməxsus yaşantısı ilə də üz-üzəyik. Demək, qismətdə bunu yaşamaq da var imiş.

Şahanə MÜŞFİQ

“525-ci qəzet”







Xəbərin oxunma sayı : 592




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap