Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“BİBİ” VƏ “BENİ”:Knesset uğrunda iki liderin seçki savaşı

Tarix 17.04.19, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


İsraildə növbəti seçki arxada qalıb. Bu dəfə də Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası qalib gəlib. Seçkidə çoxlu sayda qüvvələr iştirak edib. Ümumilikdə yarışa 40 partiya və blok qatılıb. Onlar arasında gərgin mübarizə müşahidə edilib. Əsasən indiki baş nazir B.Netanyahu (ona İsraildə “Bibi” deyirlər) ilə İsrail ordusunun keçmiş baş qərargah rəisi general Beni Hans (çoxları onu “Beni” adlandırır) arasında maraqlı mübarizə gedib. Hər iki lider eyni yerə, 35 mandata sahib olublar. Lakin B.Netanyahunu sağ təmayüllü partiyaların bloku müdafiə edir. Bu halda sağların toplam yeri 65 olur ki, bu da B.Netanyahuya hökuməti formalaşdırmağa tam imkan verir. Bu məqamları analiz edən ekspertlər İsraildə siyasi dinamikanı proqnozlaşdırmağa çalışırlar. İrəli sürülən tezislərdə ölkədə faktiki olaraq yeni siyasi mənzərənin yarandığı, bu vəziyyətin İsrailin regional və qlobal geosiyasətdəki yeri və rolu barədə müəyyən proqnozlar verməyə imkan yaratdığı vurğulanır. Həmin aspektdə İsraildəki seçkilərin nəticələrinin təhlili üzərində dayanmağa ehtiyac görürük.

“Generallarla savaş”: baş nazirin növbəti qələbəsi

İsrail Knessetinə (parlament) növbədənkənar seçki kifayət qədər gərgin mübarizə şəraitində keçib. Prosesdə 40 partiya və blok iştirak edib. Siyasi baxışlarına görə onlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edib, ancaq ümumi səviyyədə iki düşərgəyə bölünüblər: sağlar və sollar. Sağların tərkibində də “yenilər”, “ultrasağlar”, “ortodokslar”, “dinçilər” və digər istiqamətlər olub. Eyni qaydada sollar da müxtəlif qruplara bölünüblər. Lakin siyasi-ideoloji düşərgə kimi onların hər biri lazımi səviyyədə təmsil etdikləri siyasi qanadın mənafelərini ifadə edirlər. Ekspertlər bu seçkinin nəticələrini təhlil edərkən həmin məqamlara xüsusi diqqət yetirirlər.

Artıq bilinir ki, hazırkı baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi “Likud” partiyası (həm də sağ seçki bloku) qalib gəlib. Obrazlı olaraq “generallar qrupu” adlanan “Kahol-Lavan” (“Bəyaz-Mavi” – İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) mərkəzçi bloku da seçkidə 35 mandat qazanıb. Qalan yerləri digər sağ və sol təmayüllü partiyalar tutublar. 8 sağ partiya cəmi 30 yerə sahib olub. Deməli, yekunda B.Netanyahu düşərgəsi 65 yerə malik olur. Knessetdə ümumi yerlərin sayı 120 olduğundan bütövlükdə sağlar 65 deputat yerini qazanmış olurlar. Bu, B.Netanyahuya koalisiya hökuməti yaratmağa imkan verir.

“Qırğı” imicli “Likud” lideri koalisiyanı sağlarla yaratmalıdır. Burada klerikal mövqeli “Şas” (Tövrat Mühafizəkarlar Partiyası, əsasən sefard yəhudilərinin maraqlarını müdafiə edir) 8 mandatla, Birləşmiş Tövrat Yəhudiliyi 8 mandatla, “İhud miflaqot ha-yəmin” bloku 5 mandatla, Aviqdor Libermanın “İsrail – bizim evimiz” partiyası 5 mandatla və “Kulanu” (“Hamımız”) 4 mandatla iştirak edə bilər. Artıq yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar başlayıb. Onun necə nəticələnəcəyi barədə öncədən konkret fikir bildirmək ekspertlər üçün çətin olsa da, onlar əmindirlər ki, B.Netanyahu buna nail olacaq. Sağlar da yeni hökumətdə təmsil olunmaqda maraqlıdırlar. Bunun səbəbini ekspertlər onların daha çox gələcəyə, postnetanyahu dövrünə hazırlıqlar görməsi ilə izah etməyə çalışırlar. Məsələ ondan ibarətdir ki, B.Netanyahu artıq İsraildə hakimiyyətdə ən çox qalan lider obrazına malikdir. O, bu məsələdə hətta İsrail dövlətinin qurucularından olan David Ben-Qurionu belə arxada qoyub.

Lakin, yuxarıda vurğulanan rəqəmlərdən də göründüyü kimi, bütövlükdə İsraildə daxili siyasi mənzərə elə də sadə deyil. Orada sözün həqiqi mənasında iqtidar-müxalifət qarşıdurması mövcuddur. Maraqlıdır ki, müxalifətdə hazırda ən güclü olan “Kahol-Lavan” siyasi baxışlarına görə “Likud”dan elə də fərqlənmir. Bir neçə ikinci dərəcəli məsələləri çıxmaq şərti ilə onların baxışları eynidir. Məsələn, şənbə gününün iş günü olub-olmaması məsələsində “Likud”la “Kahol-Lavan” arasında fikir ayrılığı var. Əvəzində, Qolan təpələri, Qüdsün paytaxt olması, fələstinlilərlə münasibətlər, Qəzza məsələsi, qanunsuz yəhudi tikililəri kimi prinsipial məsələlərdə onlar arasında fərq yoxdur.

Digər maraqlı məqam ondan ibarətdir ki, “Kahol-Lavan”ın liderləri sırasında keçmişdə orduda yüksək vəzifələr tutmuş generallar üstünlük təşkil edir. Bu blok üç partiyadan ibarətdir. Əsas hissəsini “Eş atid” (“Gələcək var”) təşkil edir. Onun başçısı isə ali təhsili olmayan Yair Lapiddir. Bu partiya mərkəzçidir. Digər əsas partiya “Osma le-İsarel” (“Güclü İsrail”) partiyasıdır ki, rəhbəri İsrail ordusunun baş qərargahının sabiq rəisi general Beni Hansdır. B.Hans öncədən digər general Moşe Yaalonun (o da keçmiş baş qərargah rəisidir) “Telem” (“Milli dövlət hərəkatı”) partiyası ilə birləşmişdi. M.Yaalon “Likud”un üzvü olub və B.Netanyahu hökumətində müdafiə naziri postunu tutub, lakin A.Libermanın “Likud”la koalisiyaya daxil olmasını bildikdən sonra oradan uzaqlaşıb.

“Kahol-Lavan”da başqa bir general Qabi Aşkenazidir. Bu blokun maraqlı cəhətlərindən biri də tərkibində sollar, mərkəzçilər və sağ mərkəzçilərin olmasıdır. Onların sırasında B.Netanyahu hökumətində çalışanlar az deyil. Bu faktor onu göstərir ki, müxalifət cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən ideoloji istiqamətə üstünlük verir. Lakin orada aparıcı rolu sağlar oynayır. Buradan B.Hansın nəyə görə məhz Fransanın Prezidenti Emmanuel Makronla seçki öncəsi görüşməsi aydın olur. İsrailli general Avropaya nümayiş etdirir ki, cəmiyyətin bütün kəsimlərini sağ təmayüllü və populist çalarlı siyasi blokda birləşdirə bilər. E.Makron da Fransada məhz həmin kursun tərəfdarıdır. Deməli, B.Hans görüşün seçkiyə mənfi təsir edə biləcəyini bilə-bilə strateji məqsəd xatirinə bu addımı atıb. Təbii ki, bu, İsraillə avropamərkəzçilər arasında gələcəkdə daha sıx siyasi birlik nümayiş etdirməyə imkan verə bilər. Deməli, “Beni” general kimi strateji addım atıb.

Elektorat və geosiyasi şərtlər: İsrail üçün düşündürücü mənzərə

Vurğulanan özəllik prizmasından “Beni”nin (Beni Hans) iri şəhərlərdə “Bibi”ni (Binyamin Netanyahu) böyük fərqlə arxada qoyması maraq kəsb edir. “Kahol-Lavan” Hayfa və Təl-Əviv kimi şəhərlərdə böyük fərqlə üstünlük qazanıb. “Likud” Qüdsdə və fələstinlilərin raketlə vurduqları şəhərlərdə (Sderot, Beer-Şeva) qalib gəlib. Əyalətlərdə üstünlük “Likud”da olub. Elektoratın bu cür bölgüsü İsrailin gələcək siyasi mühitində mümkün dəyişikliklərdən xəbər verir. Bir sıra ekspertlər hesab edirlər ki, İsrail cəmiyyəti faktiki olaraq iki düşərgəyə bölünüb (bax: məs., Израиль раскололся пополам / “Rosbalt”, 10 aprel 2019).

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, yeni hökumət daxilində rəqabət daha da kəskinləşək. “Kahol-Lavan” növbəti seçkidə üstünlük əldə etmək üçün addımlar ata bilər. Bütün hallarda B.Netanyahu üçün əlverişli siyasi situasiya formalaşır. O, qanunsuz yəhudi məskunlaşmasını qanuniləşdirə bilər. Ekspertlər bunun üçün Donald Trampın yardım edəcəyini təxmin edirlər. Qolan təpələri kimi, həmin ərazinin də İsrailin olmasını Vaşinqton tanıya bilər. Bu isə B.Netanyahuya növbəti siyasi dividend gətirə bilər. Lakin ekspertlər regional və qlobal geosiyasətlə əlaqəli başqa məqamlara da diqqət yönəldirlər.

İsrailli ekspertlər hesab edirlər ki, ABŞ-ın dəstəyinə baxmayaraq, fələstinlilərin işğal edilmiş ərazilərinin İsrail torpaqları kimi tanınması ciddi etirazlara səbəb ola bilər. Hətta Vaşinqtonun ərəb müttəfiqləri belə üz döndərərlər. Məsələn, Misir, İordaniya, Səudiyyə Ərəbistanı. Rusiya və Avropa ölkələri də təbii ki, etiraz edəcəklər. Çinin laqeyd qalmayacağını təxmin etmək olar. Bununla da məsələ BMT Təhlükəsizlik Şurasına çıxa və arzu olunmayan neqativ geosiyasi nəticələr verə bilər (bax: məs., Региональные и международные последствия выборов в Израиле / Valdaiclub.com, 11 aprel 2019).

İran istiqamətində də vəziyyət aydın deyil. Hətta ekspertlər sırasında Qolan yüksəklikləri ilə bağlı Vaşinqtonun qərarının İran və Suriyanın lehinə olduğunu düşünənlər də vardır. Bu, region dövlətlərinə Amerika və İsrailin müsəlmanların düşməni olduğunu daha həvəslə sübut etməyə şans verir. Bu səbəbdən yeni hökumətin həmin istiqamətdəki fəaliyyətinin sonucu barədə qəti söz demək çətindir. Konkret deyilərsə, B.Netanyahu ciddi zərbə ala bilər. Həmin halda Rusiyanın onu müdafiə edəcəyinə inanmırlar. Doğrudur, Vladimir Putin B.Netanyahunun yenidən İsrail hökumətinə başçılıq etməsinə etiraz etməyib. Lakin Moskvanın regionda öz maraqları var və konkret Qolan təpələri məsələsində Kreml Suriyanı müdafiə edir.

Beləliklə, 21-ci çağırış Knesset seçkiləri həm İsrail dövlətinin daxili siyasi mühiti, həm də regional geosiyasətin dinamikası baxımından maraqlı mənzərə ortaya qoyur. Güman etmək olar ki, bu ölkədə siyasi proseslərin məntiqi dəyişə, siyasi qüvvələr arasında mübarizə daha da gərginləşə bilər. Ancaq hər bir halda İsrail Fələstin məsələsində hələ vahid siyasi mövqe nümayiş etdirəcək. Hakimiyyətdə olan hər bir siyasi qüvvə bu məsələdə eyni mövqedədir.

Lakin geosiyasi müstəvidə hansı proseslərin gedəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Yaxın Şərqdə İsrailin xeyrinə olmayan geosiyasi mənzərə meydana gələ bilər. Bu ssenaridə B.Netanyahu hökumətinin nə dərəcədə çevik olduğu aydınlaşacaq. Gözləmək lazımdır.

Newtimes.az



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap