Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Biz Azərbaycan rəhbərliyinə ürəkdən minnətdarıq“ - Corc Dik

Tarix 20.08.22, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə-İsrail yaxınlaşmasında Azərbaycanın rolu...

Corc Dik: “Azərbaycan İsrail və Türkiyənin yaxın dostudur, həm israillilərin, həm də türklərin özlərini vətənlərindəki kimi hiss etdikləri unikal ölkədir!”

Bir gün əvvəl Türkiyə və İsrail arasında tarixi razılaşma əldə olunub. Bu razılaşma çərçivəsində İsrailin baş naziri Yair Lapid və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatik münasibətləri bərpa etmək və səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.
 
Xatırladaq ki, ötən illər ərzində iki ölkə arasında siyasi münasibətlər 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinin İsrail xüsusi təyinatlıları tərəfindən tutulmasından sonra, yumşaq desək, çox çətin, kritik həddə çatmışdı. Bu hadisədən 8 il sonra – 2018-ci ildə – İsrailin paytaxtını Qüdsə köçürməsi nəticəsində Qəzzada baş verən hadisələrə görə, ölkələr diplomatik əlaqələri kəsdi.

İsraillə Türkiyənin hazırkı yaxınlaşmasının arxasında nə dayanır? Bu yaxınlaşma region üçün hansı perspektivlər vəd edir? Azərbaycan iki strateji müttəfiqinin barışmasında hansısa rol oynayıbmı? Bu və digər suallara İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik “Haqqin.az”a eksklüziv müsahibəsində cavab verib.

– Cənab səfir, bir gün öncə İsraillə Türkiyə arasında mühüm bir razılaşma əldə olunub. Bu razılaşmanı mübaliğəsiz olaraq, tarixi hadisə hesab etmək olar. Bu razılaşmaya necə nail olundu?

– İsraillə Türkiyə arasında diplomatik münasibətlərin tam bərpası son bir ildə baş verən çox incə siyasi proseslərin, xüsusilə də təhlükəsizlik sahəsində atılan müsbət qarşılıqlı addımların nəticəsi idi. Bütün bunlar İsrail prezidenti Yitzhak Hersoq tərəfindən mart ayında Ankaraya səfəri zamanı ictimaiyyətə açıqlanıb. Daha sonra hər iki ölkənin xarici işlər nazirlərinin görüşləri, o cümlədən o vaxtkı xarici işlər naziri, indi isə İsrailin baş naziri Yair Lapidin baş tutan səfəri də yaxınlaşmaya doğru atılan addım idi.

– Bəzi ekspertlər İsraillə Türkiyənin yaxınlaşmasını fərqli qiymətləndirirlər. Siz bir səfir kimi Ankara ilə Təl-Əviv arasında siyasi dialoqun bərpasından müsbət nə gözləyirsiniz?

– İsrail və Türkiyə regionun iki aparıcı ölkəsidir. Bizi çoxillik tarixi bağlar birləşdirir və təbii ki, bu illər ərzində münasibətlərimizdə eniş-yoxuş dövrləri olub. Bununla belə, sabit Türkiyə-İsrail münasibətlərinin son dərəcə əhəmiyyətli olması faktı heç vaxt heç kim tərəfindən inkar edilməyib. İranın Türkiyə ərazisində silsilə terror aktlarının qarşısını alan İsrail və Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlığı timsalında ölkələrimiz arasında əməkdaşlığın nə qədər səmərəli ola biləcəyini gördük. Bəli, bu misal o demək deyil ki, iki ölkənin mövqeləri həmişə üst-üstə düşüb. Amma faktın özü təsdiq edir ki, bəzi məsələlərdə fikir ayrılığımız olsa belə, biz dostlara yaraşan kimi onları öz aramızda həll edə, sonra digər sahələrdə əməkdaşlığı sərbəst şəkildə davam etdirə bilərik. Ona görə də biz inanırıq ki, İsrailin Türkiyə ilə diplomatik əlaqələrinin tam bərpası, xüsusən də bu təlatümlü dövrlərdə regional təhlükəsizlik və sabitliyə böyük töhfə verəcək.

– Türkiyə ilə əlaqələrin potensialını necə qiymətləndirirsiniz?

– Yenə deyirəm: İsrail və Türkiyə təkcə təhlükəsizlik sahəsində deyil, həm də ticarət, iqtisadiyyat, mədəniyyət, turizm və bir çox başqa sahələrdə regionun aparıcı gücləridir. Diplomatik münasibətlərin aşağı səviyyədə olmasına baxmayaraq, ölkələrimizin xalqları və işgüzar dairələri arasında əlaqələr inkişaf etməkdə və çiçəklənməkdə davam edirdi. Təkcə 2021-ci ildə İsrail-Türkiyə ticarətinin 7,69 milyard dollar olduğunu xatırlatmaq kifayətdir. Bu, doğrudan da çox böyük rəqəmdir. Lakin biz inanırıq ki, münasibətlər bərpa olunandan sonra bu rəqəm daha da artacaq. Cəmi bir neçə gün əvvəl biz İsrail aviaşirkətlərinə turistlərimizin əsas istiqamətlərindən biri olan Türkiyəyə uçmağa imkan verən aviasiya müqaviləsi imzaladıq.

– İki ölkə arasında diplomatik əlaqələrin bərpası xəbəri Azərbaycanda böyük həvəs və coşğuyla qarşılandı. Sirr deyil ki, Azərbaycanın həm Türkiyə, həm də İsraillə xüsusi əlaqələri var. Bu yaxınlaşmada Bakının rolu olubmu?

– Düz deyirsiniz, Azərbaycan İsrail və Türkiyənin yaxın dostudur. Ona görə də Bakı bu məsələnin müsbət həllində mühüm rol oynadı, İsraillə Türkiyə arasında daha sıx münasibətlərin bərpası üçün çox səy göstərdi. Buna görə biz Azərbaycan rəhbərliyinə ürəkdən minnətdarıq. Azərbaycan rəhbərliyi İsrailin ərəb və müsəlman ölkələri ilə regional yaxınlaşması prosesində də yaxından iştirak edir və regional sülh üçün mühüm addımlar atır. Müasir Azərbaycan beynəlxalq münasibətlərə plüralist yanaşma nümunəsi olmaqla yanaşı, həm israillilərin, həm də türklərin özlərini vətənlərindəki kimi hiss etdikləri unikal ölkədir.

Tərcümə “Böyük Şərq” 



Xəbərin oxunma sayı : 1288




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap