Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Biz heç vaxt elə avtobuslara minməmişik” - Arif Hacılı

Tarix 21.01.22, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının başqanı Arif Hacılı müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sabah sizin 60 illik yubileyinizdir. Geridə qalan 60 ili arzuladığınız kimi yaşaya bildinizmi?

- İnsan arzuları o qədər hüdudsuzdur ki, heç kəs bütün arzularının yerinə yetdiyini iddia edə bilməz. Ancaq ümumi götürsək, həyatımı normal şəkildə yaşamışam. Özümü ifadə etmək üçün kifayət qədər imkanlarım olub. Lap əvvəldən – məktəbli dövrlərimdən nə üçün yaşadığımı bilmişəm. Məqsədyönlü bir həyat sürmüşəm, o baxımdan hesab edirəm ki, xeyli arzum yerinə yetib.

- Həyata nəyə görə gəldiyiniz barədə düşüncələriniz başqalarından fərqlidir? 

- Başqalarından o dərəcədə fərqlidir ki, başqaları bu həyata nəyə görə gəldiyini bilmədən yaşayır və həyatının sonuna çatır. Hesab edirəm ki, insan üçün ən vacib məsələ həyata nə üçün gəldiyini bilmək və həyatını ona uyğunlaşdırıb yaşamaqdır. Təəssüf ki, insanların əksəriyyəti bunun fərqində deyil.

“Elə insanlar var ki, heç orta məktəbi düz-əməlli bitirə bilməyib, amma...”

- Bəs siz necə, həyatınızı arzularınaza uyğunlaşdıra bildinizmi? Şərait, zaman buna imkan verdimi?

- Əgər normal siyasi şərait, ədalət olsaydı, yəqin ki, cəmiyyət üçün daha çox işlər görmək olardı, özümüzü daha çox ifadə etmək şansımız olardı. Ancaq cəmiyyətdə yaranmış situasiya buna imkan vermədi. Buna baxmayaraq, mövcud imkanlar çərçivəsində, bütün çətinliklərə, gərginliklərə baxmayaraq, xeyli işlər görmüşük.

- Bu gün də özünüzü ifadə edə bilirsinizmi, bunun üçün şərait varmı?

- Müəyyən qədər var. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin cəmiyyət qarşısında ən böyük günahlarından biri kifayət qədər bacarıqlı, cəmiyyət üçün böyük işlər görmək imkanına malik insanları siyasi motivlərlə kənarda saxlamağıdır. Söhbət təkcə siyasətçilərdən getmir, elə bacarıqlı iş adamları, iqtisadçılar, müxtəlif sahələrin insanları var ki, siyasi konyukturaya görə iş başında deyillər. Halbuki hər şey kadrlardan və onların nə cür işləməsindən asılıdır. 

Adamlar var ki, hər biri min adamı dolandırmaq imkanına malikdirlər, amma cəmiyyətdə olan şərait onun özünün yaşaması üçün problem yaradır. Təəssüf ki, bu, ümumi cəmiyyətin bəlasıdır və bizdən də yan keçməyib.

- Ədalətdən danışdınız, sizcə, ədalət bir qədər nisbi anlayış deyilmi? Sizin üçün ədalət sayılan şey başqası üçün ədalətsizlik hesab oluna bilər...

- İlahi ədalət də var, elə meyarlar var ki, onlar ümumidir. Biz Müsavat Partiyasıyıq, müsavat bərabərlik deməkdir. Ədalətli olmaq hər kəsə bərabər imkanlar yaratmaq deməkdir. Elə insanlar var ki, heç orta məktəbi düz-əməlli bitirə bilməyiblər, sahənin mütəxəssisi deyillər, lakin konyukturaya, qohumluğa, yerlibazlığa, şəxsi sədaqət prinsiplərinə görə çox bacarıqlı adamlara rəhbərlik edir, onlara tapşırıqlar verirlər. Bu da göz qabağında olan məsələdir, ədalət prinsipləri bu baxımdan pozulub. 

“Mənim oğlum da xaricə getmişdi”

Bundan başqa Azərbaycanın bütün problemləri, dərdləri, yolunda şəhid olmaq kimi məsələləri hamıya aid olduğu kimi, onun sərvətlərinə də bütün vətəndaşlar şərik olmalıdır. Amma bu gün belə deyil, ədalət prinsipi orda pozulur ki, vətənin problemlərini başqaları həll edir, sərvətlərini isə başqaları bölüşdürür. Azərbaycan cəmiyyətində çox böyük təbəqələşmə var. Azərbaycan əhalisinin təxminən 10 faizi qeyri-adi sərvətlər içərisində yaşayır, amma əhalinin yarısından çoxu gündəlik dolanışıq, yemək barədə, övladlarının geyimi, təhsili barədə, onların sağlamlıq qayğıları içərisində yaşayır, bütün həyatını belə keçirir. Ədalət prinsipinin ən böyük pozuntusu budur.

- Təhsildən, uşaqların böyüməsindən danışdınız, sizin də iki övladınız var. Onları istədiyiniz kimi böyüdə, təhsil verə bildinizmi?

-  Hər halda onlar istədikləri təhsili alıblar. Onların istəyi elə mənim istəyimdir. Baxmayaraq ki, mən özüm sovet dövründə böyümüşəm, amma bizim ailəmizdə o vaxt da azadlıq olub. Təhsil istiqamətimizi biz özümüz seçmişik. 

Böyük bacım həkimdir, o çox istəyirdi ki, mən də həkim olum, anam da bunu istəyirdi, ancaq mən 7-8-ci sinifdən jurnalist olmaq barədə qərar qəbul etmişdim. Hətta o vaxt jurnalistika fakültəsinə qəbul olunmaq üçün bir neçə mətbu orqanda məqalələrinin dərc olunması şərti var idi, bundan başqa iki il əmək stajın olmalı idi, yoxsa sənədlərin qəbul olunmurdu. Mən bu qaydalara əməl edərək, jurnalistika fakültəsinə qəbul oldum. 

Böyük qardaşım hüquqşünasdır, kiçik qardaşım politologiyanı bitirib. Hərəmiz öz istədiyimiz sənəti, sahəni seçmişik. Övladlarımda da həmçinin belə olub, mən onlara xüsusi bir istiqamət verməmişəm, onlar özləri öz seçimlərini ediblər.

- Övladlarınız Azərbaycandadırmı?

- Oğlum Azərbaycandadır, bu yaxınlarda hərbi xidmətdən qayıtdı. Bir il yox, iki il hərbi xidmətdə oldu. Müharibə dövrü olduğu üçün belə oldu. O da çalışır, müəyyən işlər görür.

- Döyüşlərdə iştirak etdimi?

- Yox, birbaşa döyüş əməliyyatlarında iştirak etmədi, lakin mühüm bir postda idi. Sərhəd Xidmət Qoşununda sahil mühafizə xidmətində çalışırdı. O, informasiya texnologiyaları mütəxəssisidir və xüsusilə Xəzər dənizinin qorunması istiqamətində olan sahədə xidmət edirdi.

- Azərbaycanda siyasətçilərin əksəriyyətinin övladları xaricə çıxıb gedir, hətta vətəndaşlığını dəyişənlər də var...

- Mənim oğlum da xaricə getmişdi. Polşada təhsilini alıb geri döndü. Qızım hazırda Amerikadadır, o  təhsilini Bakıda Xəzər universitetində alıb. Gənclərin xaricə getməsi ilə əlaqədar onları, valideynlərini günahlandırmaq olmaz. 

“Bu yaxın müddətdə 1100 həkim Azərbaycandan Almaniyaya gedib”

Bütün dünyada düşünən beyinləri öz ölkəsinə cəlb etmək kimi bir siyasət var. Məsələn, ABŞ kimi bir dövlət harada ki, dünyanın çox qüdrətli universitetləri həmin ölkədə yerləşir, onlar bütün ölkələrdən, bütün dünyadan düşünən beyinləri, bacarıqlı gəncləri, mütəxəssisləri öz ölkələrinə dəvət edir, onlara stimul yaradırlar. Təəssüf ki, Azərbaycanda belə deyil.

Mən bu yaxınlarda məlumat aldım. Təkcə bu yaxın müddətdə 1100 həkim Azərbaycandan Almaniyaya gedib. Onların əksəriyyəti gənclərdir və əksəriyyəti Türkiyədə, başqa ölkələrdə yüksək təhsil almış həkimlər, uzmanlardır. Yəni Azərbaycanın həkimlərə ehtiyacı var və güclü həkimlərə çox ehtiyacı var, amma həkimlər və başqa mütəxəssislər üçün burada xüsusi şərait yaradılmadığına görə, onlar Azərbaycanı tərk etməli olurlar. Bizim əsas sərvətimiz, elə düşünən beyinlərimizdir.

Azərbaycan hakimiyyətinin Azərbaycan cəmiyyəti qarşısındakı ən böyük günahlarından biri də elə bu sahəyə diqqət yetirməməsi, bu gənclərin vəzifələrə cəlb edilməsi, gənclərin müəyyən işlərə cəlb edilməsi məsələsində də siyasi konyekturaya əsaslanması, orada da kadr siyasətini digər xoşagəlməz prinsiplər əsasında kadrları seçməsi ilə bağlıdır.

Əslində, dövlətlərin inkişafı üçün ən mühüm cəhət ölkədə düşünən beyinlərin olmasıdır. Dünyada elə şirkətlər var ki, onların gəlirləri böyük-böyük dövlətlərin, məsələn, Rusiyanın illik gəlirlərindən daha çox olur.  ABŞ-da, Almaniyada, Cənubi Koreyada, Yaponiyada və s. ölkərlərdə bu var. Baxmayaraq ki, Azərbaycanda da kifayət qədər mütəxəssislər var. Elə Lütfizadə yeni texnologiyaların kəşfində mühüm rol oynayan şəxslərdən biri idi. Azərbaycanda Rafiq Əliyev kimi mütəxəssis var ki, o, faktiki müəyyən işlərdən kənarda qalıb. Bizim tanımadığımız çoxsaylı gənclər var ki, onlar Azərbaycanda bu tipli işlərlə məşğul olmaq, belə şirkətlər yaratmaq, yeni texnologiyaların tətbiq olunması ilə bağlı olan sahələrdə çox ciddi nailiyyətlər əldə edə bilərlər. Ancaq onların burada normal fəaliyyəti üçün imkan yoxdur deyə Azərbaycanı tərk etmək, gedib başqa ölkələrdə yaşamaq, hətta Azərbaycan vətəndaşlığından çıxıb başqa ölkələrin vətəndaşlığını qəbul etmək məcburiyyətində qalırlar.

Bizim cəmiyyətə verdiyimiz əsas mesajlardan biri də ondan ibarətdir ki, Azərbaycanda Müsavat Partiyası hakimiyyətə gələndə ilk növbədə bu sahəyə diqqət yetirmək və Azərbaycandan getməyə məcbur olmuş çoxsaylı mütəxəssislərimizi, xüsusilə də gənclərimizi, Avropada, Türkiyədə və başqa ölkələrdə təhsil almış mütəxəssis olan şəxslərə yüksək stimul verməklə Azərbaycana gətirmək niyyyətimiz var. Söhbət təkcə mütəxəssislərdən də getmir. Azərbaycanı çox bacarıqlı adamlar tərk edib. Rusiyada da Azərbaycanın yüz minlərlə vətəndaşı müəyyən fəaliyyət göstərmək məcburiyyətində qalıb. Onlar Rusiyada olan ağır bir şəraitdə, bərabər hüquq və rəqabət şəraitinin olmadığı bir vəziyyətdə, rus hakimiyyəti, eləcə də, rus şovinistləri tərəfindən daim təqib olunaraq, var-dövlətləri əlindən alınaraq Rusiyanın bir çox şəhərlərində yaşayıb, orada pul qazanıb Azərbaycana da müəyyən vəsaiti göndərə bilirlər. 

“Dövlət Gömrük Komitəsində olan 20-30  general bir kənddəndir”

Amma bu adamların, öz ölkələrində, öz dövlətlərində sərvətlərini artırmaq, burada iş qurmaq, burada pul qazanmaq, ailələrini dolandırmaq, cəmiyyəti inkişaf etdirmək üçün onlara şərait yaradılmır. O adamların da, yəni passionar təbəqənin Azərbaycana qayıtması, gəlməsi və Azərbaycanın inkişafı üçün öz bacarıqlarını sərf etmələri həddən artıq vacib məsələdir.

- Vacibdir və əslində o qədər də çətin deyil...

- Stimul verilməlidir, şərait yaradılmalıdır. Yəni bərabərhüquqlu rəqabət şəraiti olmalıdır. Əgər qohumbazlıq varsa, siyasi motivlərə, siyasi konyukturaya görə, adamların vəzifələrə təyin edilməsi varsa, siyasi konyuktura və siyasi davranışlara görə, adamların vəzifədən çıxarılması kimi hallar varsa, korrupsiya və rüşvətxorluq varsa, azad məhkəmələr yoxdursa, təbii ki, normal şəkildə burada iqtisadi fəaliyyətin qurulması mümkün olmayacaq.

Burada söhbət təkcə siyasi rəqabətdən getmir. Ən böyük problemlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda hazırda iqtisadi sahədə də bərabərhüquqlu imkanlar, şərait mövcud deyil. Qohumbazlıq, başqa bu tipli proteksiyalara əsaslanan siyasət yeridilir. Şirkətlər, nazirliklər var ki, nazirin qohumları burada yüksək səviyyədə vəzifələr tuturlar və ya yerliləri vəzifələr tuturlar. 

Mənim eşitdiyimə görə, Dövlət Gömrük Komitəsində olan 20-30  general bir kənddəndir. Yəni Azərbaycanda başqa kənddən gömrük mütəxəssisi çıxmırmı? Başqa bölgədən bacarıqlı bir gömrük işçisi çıxmırmı? Yaxud da yüksək dövlət vəzifəsində işləyən bir adam Azərbaycanın ayrı-ayrı bölgələrindənmi çıxır? 

Yəni kim hansı bölgədən olan bir nazirdirsə, öz bölgəsindən olan admaları, öz qohumların həmin əraziyə toplayır. Şirkət rəhbərləri də öz qohum-əqrəbasını. Yəni bu dövlət şirkətidirsə, dövlət müəssisəsidirsə, dövlət idarəsidirsə, artıq qohumların, yerlilərin, tanışların oraya toplanması əsasında, əgər kadr siyasəti aparılırsa, təbii ki, Azərbaycanda normal mütəxəssis olan, qabiliyyəti, öz bacarığı ilə nələrəsə nail olmaq imkanına malik olan adamlar üçün hər hansı bir normal şərait mövcud olmayacaq.

“Müsavatda başqanlıq fəaliyyətim yekunlaşdıqdan sonra...”

- Problem ondadır ki, bəzən özəl şirkətlərdə də eyni prinsiplər tətbiq olunur. Yəni o baxımdan ki, bu şirkət özəldir, gəlir gətirməlidir və bacarıqlı mütəxəsislə işləməlidir. Amma əksini görürük.

- Özəl şirkətlərdə, özəl müəssisələrdə bunu hansısa şəkildə izah etmək mümkündür. Dövlət şirkətində bunların edilməsi tamamilə anlaşılmaz və ziyanlıdır. Əslində, təbii ki, inkişafda maraqlı olan hər hansı bir rəhbər, istər siyasi, istər iqtisadi, istərsə də adicə bir biznes sahəsi olsun, ilk növbədə oraya bacarıqlı adamları və düşünən beyinləri toplamalıdır. Amma təəssüf ki, Azərbaycanda ən çox nəzərə alınan prinsip, qohumbazlıq, sədaqət prinsipi və yerlibazlıqdır.

- Arif bəy, “tarix 100 ildən sonra tarix olur” deyə bir deyim var. Sizcə 100 ildən sonra Müsavat və yaxud Arif Hacılı haqqında nə  yazılacaq, nə deyiləcək?

- 100 ildən sonra dünyanın nə cür olacağını biz deyə bilmərik. Bilirsiniz, bəşəriyyət milyard illərdir ki, inkişaf edir. Bəzi mülahizələrə və elmi araşdırmalara görə, Yer kürəsinin 5 milyard il tarixi var, amms bu inkişaf içərisində son 25 və ya 50 ildə gedən inkişaf elə bil ki, ondan əvvəlki milyon illərlə gedən inkişafa bərabərdir. Yəqin bundan sonra da inkişaf sürətlə artacaq və 100 il sonra dünya və düşüncələr nə cür olacaq, onu indidən müəyyən etmək qeyri-mümkündür.

- Sualı o baxımdan verdim ki, indiki araşdırmaçılar AXC dövrünü, Müsavat tarixini araşdırarkən Rəsulzadənin və digər AXC liderlərinin əsərlərinə müraciət edirlər. Sizin yazdığınız bir əsər varmı və ümumiyyətlə, yazmaqla aranız necədir?

- Bizim həyatımız, özümüz haqqında yazdığımız əsərdir. Bizim bütün yaşayışımız, bütün davranışlarımız, müsahibələrimiz, sizinlə söhbətimiz bunlar hamısı tarixdir. 

Mən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olmuşam. Yazdığım kitablar da var. Onları hələ heç yerdə çap etdirməmişəm. Müsavatda başqanlıq fəaliyyətim yekunlaşdıqdan sonra o kitablar üzərində son işlər aparıb, çap etmək niyyətindəyəm. Bəzi yazılarım var ki, onları çap etməyə macal tapmasam belə, qalacaqlar.

Ümumiyyətlə hər bir insanın özü haqqında memuarı onun yaşadığı həyatıdır. Mən qalması üçün yazmayacam. Başqaları yazsın. Çox fəal həyat yaşamışam. 26 yaşım olanda Zaqatala kimi bir yerdə hərəkata rəhbərlik etmişəm. 28 yaşında Azərbaycanın millət vəkili seçilmişəm. Azərbaycanın istiqlalçı millət vəkiliyəm. Xalq Cəbhəsi Azərbaycanın ən böyük təşkilatı olanda, 100 minlərlə bəlkə də milyon üzvü olduğu dövrdə və bütövlükdə Azərbaycan siyasətini Xalq Cəbhəsi müəyyən etdiyi dövrdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin sədri olmuşam. Ən mühüm qərarlar orada qəbul olunurdu. Uzun müddət Müsavat partiyasında əvvəl katib, müavin oldum. 10 ilə yaxın müavin kimi fəaliyyət göstərdim. Artıq 8 ildir ki, Müsavatın başqanıyam.

Dəfələrlə həbs olunmuşam. 2 dəfə Amnesty International tərəfindən vicdan məhbusu elan olunmuşam. Bunlar hamısı tarixdə qalan faktlardır. İndiyə qədər bəşəriyyətin inkişaf etdiyi məntiqlə davam edəcəksə, tarixdə qalmaq baxımından hər hansı bir problem olmayacaq.

“Niyə Şuşaya getməyimə qadağalar qoyulur?”

- İşğaldan azad olunan ərazilərə getmisinizmi?

- İşğaldan azad olunan ərazilərə Azərbaycan xalqı buraxılmır. Xalqın ora getməsinə qadağa qoyulub. Bu heç bir qanunla tənzimlənmir. Azərbaycan ərazisində sərbəst hərəkət etmək, hər bir Azərbaycan vətəndaşının hüququdur. Bu hüquq heç bir qanunla məhdudlaşdırılmır. Bu bizim konstitutsiya hüququmuzdur. 

İnsan Haqları baxımından da ölkə daxilində sərbəst hərəkət azadlığı ən mühüm azadlıqlardandır. İndi Azərbaycanda müharibə, fövqəladə, hərbi vəziyyət yoxdur. Müharibənin, hətta münaqişənin bitdiyi elan olunub. Ərazi bütövlüyümüzün təmin olunması bəyan edilib. Lakin öz ərazilərimizə getmək üçün xarici ölkəyə gedəndə keçilən prosedurlardan daha ağırını keçiririk. Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var. 1-dən artıq olmaz. Niyə? Bu hansı qanunla tənzimlənir. Hansı konstitutsiyanın maddəsi buna imkan verir ki?

Xatırlayırsınızsa, Sovet dövründə Biləsuvarda bir sərhəd var idi. Bir də Füzuli tərəfdə bir blok post var idi. Orada sərhəd bölgələrinə gedən adamların sənədlərini yoxlayırdılar. Amma bu orada yaşıyanlara aid deyildi. Biləsuvardan Astaraya qədər yaşayan heç kəsə aid deyildi. Sənədin göstərib gedirdi. Digər insanlar daha yüngül prosedurlardan keçməklə gedə bilərdilər. İldə neçə dəfə istəsələr gedə bilirdilər. Bu qayda Azərbaycan müstəqil olmamışdan əvvəl, yenidənqurma başlayan kimi əvvəl yavaş-yavaş zəiflədi, sonra aradan qalxdı.

İndi niyə Şuşaya getməyimə hansısa qadağalar qoyulur? Niyə 1 dəfədən artıq gedə bilmərəm. Niyə gündə 95 nəfərdən çox insan  gedə bilməz. Bu hansı qanunla tənzimlənir? Əvvəl bəhanə edirdilər ki, ərazilər minalanıb. İndi axı rəsmən elan etdilər ki, Şuşa minalardan tam təmizlənib. Bəs niyə getmək qadağadır?

Şuşada dəfələrlə olmuşam. Ora göydən bomba yağanda, mina olan zaman, həyat təhlükə altında olanda belə orada olmuşam. Bəs indi niyə getmək qadağam edilir? Bu konstitutsiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan cəmiyyətinə, xalqına qarşı hörmətsizlikdir.

Qarabağı Azərbayan xalqı azad edib. Azərbaycan xalqı illər uzunu kasıblığa, yoxsulluğa dözüb. Hər dəfə problem qaldırlanda deyiblər ki, bizim Qarabağ kimi dərdimiz var.   

Azərbaycan vətəndaşları öz övladlarının şəhid olmasına razı olub. Qarabağın Şuşanın işğaldan azad olunması üçün yalnız 44 günlük müharibədə biz 3 minədək şəhid vermişik. Bundan əvvəlki dövrlərdə də Şuşa, Qarabağın digər əraziləri uğrunda döyüşüblər. Bizim ümumi şəhidlərimizin sayı 20 mindən çoxdur. 30 minə yaxın şəhdimiz var. Bunlar hamısı Qarabağ uğrunda şəhid olmuş insanlardır. Kasıblığa, yoxsulluğa, ədalətsiz mövqeylərə dözüb, övladlarının şəhid, qazi olmasına razılaşıb. Həyatın çətinliklərinə sinə gərib. İndi ora niyə getməkdən ötrü kimdənsə icazə almalıdır?

“Yenə də Qarabağlılar həyatını itirən zaman Bakıda dəfn olunur”

Niyə xaricə getmək Şuşaya getməkdən asan olub? Getdiyin vaxtda bir neçə saata qalmağa icazə verilir? Bu çox ciddi bir məsələdir. Bu qaydalar dərhal dəyişdirilməlidir. Bu davranışa son qoyulmalıdır. Azərbaycan xalqı, cəmiyyəti ilə belə davranmaq olmaz. Yanlış davranışdır.

Əslən Qarabağdan olan, orada doğulmuş, boya-başa çatmış sakinlər üçün bu böyük bir həqarətdir. Atamın məzarına getmək üçün niyə kimdənsə, icazə almalıyam? Və yaxud da niyə rəhmətə gedən valideynimi başqa yerdə dəfn etməliyəm? Niyə Cəbrayıla, Füzuliyə digər ərazilərə aprıb, dəfn etmək olmaz?

2020-ci ilin noyabr ayında təklif verdik. Hakimiyyət nümayəndələrinə də təklifimizi çatdırdıq ki, qəbirstanlıqlarda minalardan təmizlənmə işi sürətləndirilsin. Həyatını itirən yaşlı insanların dəfn mərasimi orada keçirilsin, orada dəfn olunsunlar. Onların ən böyük arzuları doğma torpaqlarında dəfn olunmaqdır. Bu həyata keçirilsin. Bizə dedilər ki, bu çox yaxşı təklifdir həyata keçiriləcək. Lakin artıq 1 il 2 ay keçib müharibənin başa çatmasından, hələ də bir xəbər yoxdur, məsələ həll olunmayıb. Yenə də Qarabağlılar həyatını itirən zaman Bakı ətrafında olan ucqar qəbristanlıqlarda dəfn olunurlar. Heç olmasa bu məsələni həll etmək lazım idi.

Ümumiyyətlə, Azərbaycan vətəndaşlarını, xüsusən yerli əhalini ərazilərin bərpasından kənarlaşdırmaq olmaz. Onları bu prosesə cəlb etmək lazımdır. Getsinlər, ev tiksinlər, ağac əksinlər, insanlar bu prosesə  cəlb olunmalıdır. Bu proses çətin deyil. Qarabağın bütün rayonlarının icra strukturları yerindədir. İndidə Bakıda otururlar. Şuşa İcra Hakimiyyətinin başçısı bu gün də Bakı şəhərində oturur, 4 mərtəbəli binaları var. Şuşanın işğaldan azad olunmasından 1 il 2 ay keçib. Niyə Şuşaya gedib ora yerləşmirlər, niyə Şuşa polisi Bakıda olmalıdır?

Fövqəladə Hallar Nazirliyinin strukturu, digər strukturlar niyə Bakıda olmalıdır? Dövlət strukturlarında çalışan adamlar azad olunmuş ərazilərə tapşırıqla getməlidirlər və orada məskunlaşma işini təşkil etməlidirlər. Lakin bu proseslərə imkan verilmir. Sanki həmin ərazilər monopoliyaya çevrilib və əraziyə kiminsə buraxılması icazə ilə həyata keçirilir. Müharibə zaman güllə səsi eşidiləcək məsafəyə getməyə cəsarət etməyən adamlar orada post qurublar iştirak edənlərin valideynlərini, özlərini, onların övladlarını həmin əraziyə buraxmırlar. Bu ədalətsizlikdir. Bu torpaqları bütövlükdə Azərbaycan xalqı azad edibsə, hüquq da bütün Azərbaycan xalqına məxsus olmalıdır.

“Biz heç vaxt elə avtobuslara minməmişik”

- Belə anlaşıldı ki, azad edilmiş ərazilərə hələ getməmisiniz?

- Xeyr, nəinki, mən, mənim qardaşım Mustafa Şuşa döyüşlərində iştirak edib, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, orada ağır yaralanıb və birinci Qarabağ müharibəsinin əlilidir. Dəfələrlə müraciət edib, onunla birlikdə döyüşdə iştirak edib şəhid olan əsgər yoldaşlarının ailə üzvləri var onlar da getmək istəyirlər. Mustafa həmin əraziləri tanıdığı üçün ona müraciət ediblər. Bu səbəbdən Mustafa Hacıbəyli müxtəlif strukturlara müraciət edib. Bu günə qədər ona müsbət cavab verilməyib.

Mən özüm də müraciət etmişdim ki, Şuşada Müsavat Partiyasının yerli təşkilatına heç olmasa 1 otaqlı ofis versinlər. Xankəndiyə getmək arzusunda olduğumu da bildirmişəm. Ermənistanın siyasi partiya rəhbərləri, parlamentinin üzvləri Xankəndiyə gələ bilər. Mən Azərbaycanın ən nüfuzlu, qocaman partiyasının rəhbəriyəm. Mən niyə gedə bilmirəm? Niyə Şuşada Müsavat Partiyasının binası olmamalıdır? Bu cür müraciətlərim olub, lakin heç birinə müsbət cavab verilməyib.

- Amma bir ara partiya sədrlərini Ağdama, Şuşaya apardılar.. Hətta “avtobus müxalifəti” ifadəsi yarandı.

- Sədr, lider sözünün mənası elə “aparıcı” deməkdir. Niyə lideri ora kimsə aparmalıdır? Mən özüm kimlərisə apara bilərəm ora. Əgər müharibə, fövqəladə vəziyyət, hərbi vəziyyət yoxdursa, münaqişə bitibsə, niyə partiya sədri ora müşayiət altında gedib-gəlməlidir?

- Niyə minmədiniz o avtobusa?

- Biz heç vaxt elə avtobuslara minməmişik. Biz sərbəst şəkildə fəaliyyət göstərən siyasi partiyayıq. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti də bu məsələni pis qarşılayıb. Azərbaycan cəmiyyəti “avtobus müxalifəti” ilə bağlı çox lətifələr qoşub. Cəmiyyətin qəbul etmədiyi, mənim və mənim partiyamın qəbul etmədiyi addımı mən niyə atmalıyam?

- Yubileyinizlə bağlı hakimiyyətdən təbrik gözləyirsinizmi?

- Belə bir təbrikin olacağını gözləmirəm və təbii sayıram. Azərbaycanda hakimiyyət və müxalifət münasibətləri elədir ki, təbrik gözləmirəm.

-  Siz İlham Əliyevin yubleyini təbrik etmişdinizmi?

- Xeyr, təbrik etməmişdim. İqtidar və müxalifətə aid olan minlərlə daha mühüm olan məsələlər pozulubsa, bunu yalnız ad günü təbriki sahəsində saxlamaq qeyri-mümkündür.

Normal cəmiyyətdə, siyasi qüvvəllərin cəmiyyətin inkşafında maraqlı olduğu cəmiyyətlərdə iqtidar-müxalifət ümumi siyasi sistemin tərkib hissəsi olmalıdır. Azərbaycan hakimiyyəti, müxalifəti ümumi siyasi sistemin tərkib hissəsi kimi qəbul etmir. Hakimiyyət istəyir ki, müxalifət onun tapşırığı ilə xidmət göstərən, ona tabe olan struktura çevrilsin. Bu isə cəmiyyətin maraqlarına, bizim ümumi siyasi əqidəmizə, dünya görüşümüzə uyğun deyil. Eyni zamanda cəmiyyətin və partiyanın mənafeinə uyğun deyil və biz bu cür yol tuta bilmərik.(yenisabah.az)



Xəbərin oxunma sayı : 856




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap