Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ölümündən sonra şəhid anasına göndərilən şəkil ... - FOTO

Tarix 08.02.21, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində itkin düşən MAXE Tural İsayevin nəşinin tapılmasına görə anasının qurban kəsməsi çox dəhşətli mənzərə idi, həmin anın fotosunu görüb sarsılmışdım. Şəkli sosial şəbəkədə paylaşdıqdan sonra dostum Səbuhi mənə zəng etdi. Dedi ki, sənin keçirdiyin hissin oxşarı bu gün mənim də başıma gəlib.

Soruşdum ki, nə məsələdir? 

Dedi: “Müharibə vaxtı Cəbrayıla getmişdim. Döyüşlərin qızğın vaxtında Dostluq bulağının yaxınlığında üç əsgər dayanmışdı. Xahiş etdilər ki, onların şəklini çəkim. Onların heç birində smartfon telefon yox idi, buna icazə də verilmirdi. Üçünün bir yerdə fotosunu çəkəndən sonra əsgərin biri yaxınlaşdı ki, məni tək də çəkə bilərsiniz? Dedim, əlbəttə. Çəkdim, hərəsi öz yaxınının nömrəsini verdi ki, onlara göndərim. O vaxtdan şəkli hər dəfə göndərmək istəyəndə çəkinirdim, özümdən asılı deyildi, qorxurdum ki, birdən uşaqların başına nə isə iş gəlmiş olar. Özümü birtəhər toparlayıb gecə şəkilləri göndərdim, ikisindən cavab gəlmədi, birinin anası zəng etdi ki, Allah sizdən razı olsun, bu şəkil haradandır sizdə? Soruşdum ki, oğlunuz artıq gəlib, evdədir? Dedi ki, yox, bayrağa bükülü tabutu gəldi...”

Bunu eşitdikdən sonra həmin gecə özümə gələ bilmədim. Şəklinin tək çəkilməsini xahiş edən o əsgərin adı Bayram idi - Vətən müharibəsi şəhidi, 2001-ci il təvəllüdlü Orucov Bayram Çərkəz oğlu.

Dostluq bulağının yanında çəkilmiş sözügedən şəkil...

Dostum Səbuhini Bayramın dayısı Göyçaya, şəhidimizin doğma kəndi Alpouta dəvət etmişdi. Belə qərara gəldim ki, mən də onunla gedim. 

Bütün şəhid evləri bir-birinə oxşadığı üçün Bayramgilin evini tapmaq elə də çətin olmadı. Evin darvazasından həyətə daxil olanda yas mağarı gördüm. İstər-istəməz öz-özümə düşündüm ki, Bayram oktyabrın 22-də şəhid olub, 40 mərasimi də keçib, görəsən, bu mağar nə üçündür?

Məlum olur ki, Bayramın atası Çərkəz kişi də vəfat edib. Neft daşlarında çilingər işləyən şəhid atasının ürəyi oğlunun yoxluğuna cəmi 84 gün dözə bilib. Çərkəz dayı bu ilin yanvarın 18-də işdə olarkən qəfil ürəktutmadan 55 yaşında dünyasını dəyişib. Atasının vəfatından 11 gün qabaq isə Bayramın özündən bir yaş balaca olan qardaşı Orxan da hərbi xidmətə yollanıb.

Atası rəhmətə gedəndə Orxanı aldadıb Göyçaya gətiriblər. Orxan günlərlə özünə gələ bilməyib...

Bunu vaxtilə öz evində üç kişiyə qulluq edən, indi isə tək qalan evin xanımı Yaqut ana deyir:

“Biz əvvəl Sumqayıtda kirayədə qalırdıq. Uzun illər uşağımız olmayıb. Bayramın yolunu düz 10 il gözləmişik. 10 ildən sonra Bayramın gəlişi bizim üçün əsl bayram olub. Onu əl üstündə saxlamışdıq. Atası onu o qədər çox istəyirdi ki... Hər gün öpürdü. Qohumlar deyirdi ki, uşağı Çərkəzin əlindən al, yoxsa Bayramı yeyəcək. Bayrama toya bərabər ad günü keçirirdi. Bayram oktyabrın 9-da Cəbrayıldan zəng etdi. Səsində narahatlıq hiss etdim. Dedi ki, ana, ola bilsin, bayrağa bükülü gəldim. Ağlamağa başladım, dedi ki, ana, qurban olum, ağlama, sən ağlayanda mən pis oluram. Əslində, oktyabrda evə gəlməli idi. Növbəti danışığımızda soruşdum ki, Bayram, nə vaxt gəlirsən? Sənin üçün nə alaq, nə bişirək? Qayıtdı ki, nə almaq, biz burada torpaq alırıq e, getdik qabağa... Axırıncı dəfə oktyabrın 17-də danışdıq. Hal-əhval tutandan sonra dedi ki, özünüzdən muğayat olun, mən getdim. Axırıncı sözü də elə bu oldu, ondan sonra zəng etmədi. Oktyabrın 22-də də bayrağa bükülü tabutunu gətirdilər. Bayram getməyi ilə bizi kökündən baltaladı. İndi Sumqayıta qayıtmaq istəmirəm. Buranı qoyub hara gedim? Bayram da burdadır”.

Bayramın müharibə vaxtı çəkilmiş tək şəkli olmadığından onun məzar daşına orta məktəbdən məzun olduğu zaman lentə alınmış fotosu vurulub. Həmin vaxt Bayramın əynində ağ köynək olub. Şəhid olduqdan sonra həmin foto üzərində işlənilib, Bayramın əynində olan ağ köynək hərbi forma ilə əvəz edilib. Amma o şəkil də əvəzlənəcək. Bayramın artıq müharibə vaxtı çəkilmiş şəkli var. Şəklin əvəzlənəcəyini bizə Bayramın dayısı Tehran bəy dedi.

Bayramın yanındakı məzarda isə Vətən müharibəsi şəhidi, onun həmkəndlisi Mikayılov Elvin Nizami oğlu uyuyur. Elvin Bayramdan iki gün sonra şəhidlik zirvəsinə ucalıb. 

Köz düşdüyü yeri yandırar. Bu ifadənin nə qədər doğru olduğu, yanğının dəhşəti Yaqut ananın sel axan gözlərindən o qədər aydın görünür ki:
“Şəhid anasının oğlunun nəşinin tapılmasına görə qurban kəsildiyini görəndə mən öldüm də... Gör valideyn nəyə məcbur olur ki, oğlunun tabutunun qabağında qurban kəsir. Açığı, şəhid anası sözü mənə əvvəlcə çatmırdı. Ancaq Bayramın yoxluğunu fikirləşirdim. Səkkiz aydır mən onu görmürdüm. Martın 12-si yanına getmişdim, sonra pandemiya oldu, gedə bilmədim. İnana bilmirəm, hələ də elə bilirəm oğlum əsgərlikdədir. İndi özüm də bilmirəm şəhid anası olmaq nə hissdir. Kimsə gəlib Bayramın qəhrəmanlığından danışanda qürurlanıram. Amma onun yoxluğu çox çətindir. O gün Səbuhinin göndərdiyi şəkli görəndə elə bildim Bayram gəlib. Telefonuma yad nömrədən zəng gələndə elə bilirəm ki, zəng edən Bayramdır. Nə bilim...”

Bayram Orucov Ağcabədidə yerləşən “N” saylı hərbi hissənin əsgəri olub. Döyüş vaxtı Milli Qəhrəman Şükür Həmidovun rəhbərliyi altında vuruşub. Göstərdiyi qəhrəmanlığa görə “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilən şəhid əsgər Orucov elə Şükür Həmidovla birgə eyni yerdə, Qubadlıda şəhidlik zirvəsinə ucalıb.

Bayram sözünün nə olduğunu az qala yeni doğulan uşaq da bilir. Amma çətin ki, bir şəhid anası üçün bundan sonrakı bayramların bir mənası qalsın. Şəhid anası Bayramsız bayramı neyləsin ki?

Yaqut xanım üçün bundan sonrakı bayramlar qara bayramlar olacaq..




















Xəbərin oxunma sayı : 592




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap