Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İran elitası intizarda: İbrahim Rəisi üçün “varis ssenarisi” hazırlanırmı? – TƏHLİL

Tarix 02.04.17, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Mərhum Ayətullah Haşimi Rəfsəncanin ölümündən bəri Yaxın Şərq üzrə ixtisaslaşmış bir sıra analitiklər bir mövzu ətrafında ciddi müzakirəyə aparırlar: Xamneinin vəfatından sonra onun varisi kim olacaq?

Əslində, mövzu köhnədir və müxtəlif media, strateji araşdırma və təhlil mərkəzlərində siyasi möhtəkirlik niyyəti ilə neçə-neçə ildir ki, dartışdırılır. Lakin son dönəmlərdə “Iran after Khamenei” (“İran Xamneidən sonra”), “Post-Khamenei Iran” (Post-Xamnei İranı”) və “Who will lead Post-Khamenei Iran? (“Post-Xamnei dövründə İrana rəhbərlik edəcək?) başlıqlı analitikada say artımı eynəksiz görülür.

“İks saatı”nda siyasi trio

ABŞ-la kəskin polemika, İranın cəlb olunduğu Suriyadakı vətəndaş müharibəsi, Körfəz ölkələri ilə düşmənçilik, Yəmən və Bəhreyndə təəssübkeşlik, habelə qonşu Türkiyə ilə münasibətlərdə iti bucaqlar işığında həqiqətən Vilayəti-fəqihin (Rəhbər) rolu çox önəmlidir. Bu mənzərəyə qarşıdakı prezident seçkilərini də əlavə etdikdə, işdi-şayəd, fənalıq yetişərsə, nə baş verəcək?

Nəzəri olaraq, daha doğrusu, İran Konstitusiyasının 111-ci maddəsinə görə, lider vəfat etdikdə, “prezident, məhkəmə hakimiyyətinin başçısı, Nəzarətçilər Şurasının bir fəqihindən ibarət” üçlük müvəqqəti olaraq Rəhbərin bütün səlahiyyətlərini öz üzərinə götürür.

Bu şəxslər kimlərdir?

İran Konstitusiyasında qeyd olunan ardıcıllığa əsasən, Həsən Ruhani, Ayətullah Sadiq Laricani, Ayətullah Əhməd Cənnəti. Onların hər biri İranın siyasi səhnəsində real gücə malik aktyorlardır.

Yeni lideri seçən isə Ekspertlər Şurasıdır (Məcles-e Xobreqan), zəruri hallarda ali dini lideri kənarlaşdırmaq da bu qurumun səlahiyyətidir.

Bununla belə, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin eksperti Məsumə Torfenin fikrincə, istənilən halda qanuni varisliyin seçimində əsas sözü “Sepah” (İslam İnqilabı Keşikçiləri Korpusu – İİKK) deyəcək. Lakin onun gələcək liderin şəxsiyyəti ilə bağlı təxminləri gerçəkdən çox uzaqdır.

1972-1979-ci illərdə nüfuzlu “Keyhan” qəzetinin sabiq baş redaktoru olmuş Əmir Tahirinin “Asharq Al-Awsat” nəşrində paylaşdığı rəyə görə, Ayətullah Xamneinin varisinin seçimi prosesinə artıq başlanılıb. O, Ekspertlər Məclisi üzvlərindən ibarət on nəfərlik heyətin "növbəti Rəhbəri seçməsi” barədə Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Əhməd Xatəminin “mətbuat konfransındakı açıqlaması”na istinad edir.
 
Mənbəyi olmayan “bulaqdan süzülən” beşlik

Bu məlumatı ilk yayan “Al-Arabiya” hətta mümkün namizədlərin siyahısını açıqlayıb (Doğrudur, onun istinad etdiyi mənbədə – “İSNA”da (İranian Students News Agency) nə qeyd edilən, nə də ondan əvvəlki tarixlərdə həmin məlumat yox idi – dezinformasiya):

Ayətullah Seyyid İbrahim Rəisi (56 yaş, sabiq baş prokuror, Ekspertlər Şurasının üzvü);

Ayətullah Seyyid Mahmud Şahrudi (68 yaş, Ekspertlər Şurasının üzvü);

Ayətullah Seyyid Müctəba Xamnei (48 yaş, Xamneinin ikinci oğlu, İİKK-yə yaxın ruhani, vaxtilə Mahmud Əhmədinejadın dəstəkçisi);

Ayətullah Sadiq Laricani (58 yaş, Ali Məhkəmənin sədri, parlament sədri Əli Laricaninin qardaşı) və…

Həsən Ruhani (68 yaş, İranın hazırkı prezidenti).


"Al-Arabiya"nın "varis siyahısı"ndakı Müctəba Xamnei və general Qasim Süleymani

 
“İqtisadi mücahid” xalq arasında
 
Arəş Kərəmi bu siyahıdan bir nəfəri xüsusi ayırır – İbrahim Rəisi.

“Al-Monitor”un müxbirinin fikrincə, 14 ay əvvəl Astan-e Qods-e Rəzəvinin – Məşhəddə İranın ən varlı və nüfuzlu xeyriyyə təşkilatının rəhbəri təyin edilmiş bu şəxsin adı gələcək Rəhbər kimi yox, mayın 19-da olacaq növbəti prezident seçkilərində islahatçılara qarşı mühafizəkarların ən güclü namizəd kimi nəzərdən keçirilir.

“Tasnim News”un təxminən bir ay öncə ona namizədliyini irəli sürüb-sürməyəcəyi barədə sualına İbrahim Rəisi belə cavab vermişdi: “Hələ ki Astan-e Qods-e Rəzəvinin xidmətçisiyəm”.

Bununla belə, Ayətullah Xamneinin qərarı ilə Astan-e Qods-e Rəzəvidə Ayətullah Abbas Vaez Təbəsinin yerini tutmuş sabiq baş prokurora (2014-16) artıq İran mediasında daha aşağı dərəcəli höccətül-islam kimi deyil, ayətullah kimi istinad olunur.

Bu gözlənilməz dəyişikliyin arxasında nə durur?

Martın 29-da Rəisi Xorasanda, Məşhəd yaxınlığındakı yoxsul bir kəndi ziyarət edib. Uçuq-sökük evlərin arası ilə yeriyən qaşqabaqlı və zəhmli simalı şəxs, kəndlilərlə onların başa düşəcəyi dildə söhbətləşən potensial varis barədə məlumat mühafizəkar mediada geniş müzakirə olunur. Həm də cəmiyyətin ən aşağı zümrələrinin həyatına göstərilən maraq xüsusi vurğulanmaqla.

Xamneinin builki Novruz bayramında məhz Məşhəddə kütlə qarşısında, ilk dəfə bütün nitqi boyu ABŞ barədə bircə kəlmə danışmaması, vurğunu yalnız və yalnız “iqtisadi müqavimətə” endirməsi işığında, İ.Rəisinin məlum addımı Rəhbərin ona etimadı kimi yozulur. Onunla müqayisədə, nüvə sazişinin imzalanmasından sonra iqtisadi geriliyin əsaslandırılmasında çətinlik çəkən Həsən Ruhanin üzərindəki kölgə daha da qatılaşır.


Ayətullah Seyyid İbrahim Rəisi və general Qasim Süleymani

Rəisinin ABŞ-dakı prezident kampaniyalarında olan “dinləmə turları” təcrübəsindən istifadəsi onun rəsmi olaraq namizədliyini elan etməyə hazırlaşdığı təəssüratı yaradır. Amma bu, daha yüksək məqama hazırlıq kimi də təfsir oluna bilər.

Təkrarlanan təcrübə

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Mehdi Xələci diqqəti Novruz bayramında, Məşhəddəki nitqində Ayətullah Xamneinin açıq şəkildə səsləndirdiyi bəyanata yönəldir: "Mən heç vaxt seçkilərə müdaxilə etməmişəm və mən insanlara kimə səs verməli olduqlarını, kimə səs verməmələrini buyurmuram, lakin bəzi şəxslər problemlər yaradaraq, xalqın [sərbəst] səsverməsinə qarşı çıxsalar, mən müdaxilə edəcək və onlara müqavimət göstərəcəyəm”.

Artıq bu da məlumdur ki, ali dini lideri seçən Ekspertlər Şurasının 88 üzvündən əllisi İbrahim Rəisinin namizədliyinə dəstək ifadə edən məktub imzalayıb. Namə müəlliflərinin soyadları bilinmir, amma şayiələrə görə, təşəbbüs nüfuzlu mühafizəkar ruhani, Məşhədin imam-cüməsi və Rəisinin qayınatası Ayətullah Seyyid Əhməd Aləmolhodadan gəlib.

Bəzi analitiklər hesab edir ki, İbrahim Rəisi üçün “hazırlanan” siyasi bioqrafiya Xamneinin öz yüksəlişinə oxşayacaq: əvvəlcə iki dönəm prezidentlik, sonra Rəhbər məqamı.

“Atlantic Council”in daimi yazarı Sina Azodi, Rəisinin prezident seçkilərində iştirakını şübhəli sayır. Onun fikrincə, bu marafonda H.Ruhaniyə məğlubiyyət gələcək varisin nüfuzuna xələl yetirə bilər.

Həqiqətən də, başa şah tacı qoymaq fürsəti var ikən, vəzir xələtini geyinmək İbrahim Rəisinin nəyinə lazımdır?!


 



Xəbərin oxunma sayı : 244




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap