Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Rusiyanın gücü olsa, bütün Qafqazı ələ keçirər...” - Etibar Məmmədov

Tarix 14.05.22, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağda “rus icması” qurmaq mümkün deyil”

Azərbaycan və Ermənistan arasında iki platformada sülh danışıqları aparılır. Brüsseldə aparılan danışıqlar daha səmərəli təsir bağışlayır. Rusiyanın vasitəçiliyi ilə gedən digər proses isə, sanki Moskvanın hazırkı status-kvonu uzun müddətə saxlamaq niyyətinə xidmət edir. Ən azı ona görə ki, müharibənin başa çatmasının ikinci ilinin bitmək üzrə olduğuna baxmayaraq, Rusiya vasitəçi kimi nə regionda kommunikasya xətlərinin açılmasına, nə də Qarabağdakı qanunsuz birləşmələrin tərk-silah edilməsinə dair heç bir ciddi addım atmır. Əvəzində, Qarabağdakı ermənilərə himayədarlıq mesajları və hətta orada hansısa “rus icması”nın yaradılması istiqamətində açıqlamalar eşidirik.

“AzPolitika.info” bu mövzunu Azərbaycan Milli İstiqalal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla müzakirə edib.

- Etibar bəy, Qarabağ ətrafında aktiv danışıqlar fazası müşahidə edilir. Bu, həm Brüssel xəttində, həm də Moskva platformasında özünü göstərir. Buna paralel olaraq isə Ermənistanda müxalifətin davamlı etiraz aksiyaları baş verir. Siz hazırda yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

- İndiki vəziyyətdə Rusiya qarışdurmaqda maraqlıdır. Çünki Ermənistan və Azərbaycan Avropa İttifaqı ilə razılaşmışdı ki, sülh prosesinə başlasınlar, sülh müqaviləsini hazırlasınlar. Rusiya isə maraqlıdır ki, onun iştirakından kənar sülh müqaviləsi imzalanmasın. Odur ki, Rusiya prosesi qarışdırmaq üçün öz qüvvələrini işə salıb. O cümlədən də Ermənistan daxilində çevrilişə hazırlaşırlar, buna cəhdlər edirlər.

- Düşünürsünüz ki, Nikol Paşinyan Moskvanın xeyir-duası ilə devriləcək?

- Qənaətimcə, Paşinyanı yıxmaq o qədər də asan məsələ deyil. Məncə, ermənilərin əksəriyyəti müharibənin tam başa çatmasını və tərəflər arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Amma digər qüvvələr də var ki, məğlubiyyətlə barışmaq və ya razılaşmaq istəmirlər. Revanşist mövqedən çıxış edən bu qüvvələr Rusiya tərəfindən dəstəklənir və müdafiə olunur.

- İndi Rusiyanın planlarına xidmət edən başqa proseslər də müşahidə olunur. Məsələn, vaxtı ilə Bakıda yaşamış və BDU-nun məzunu olan Stanislav Tarasov erməni mediasına bildirib ki, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılarkən Azərbaycan dövləti ümumiyyətlə olmayıb. Bu cür açıqlamalar nəyə xidmət edir?

- Tarasovun fikirləri ilə tanışam. Amma, əgər söhbət 1806-cı ildən gedirsə, o zaman Azərbaycan dövləti olmadığı kimi Ermənistan dövləti də yox idi. Azərbaycan ərazisində xanlıq var idi, üstəlik indiki Ermənistan ərazisində də İrəvan xanlığı ilə Naxçıvan xanlığı mövcud idi. Sonradan bunun bazasında əsas olmadan Ermənistan vilayəti yaratdılar. Yəni bu kimi fikirlər heç bir şeyi dəyişmir. Əgər o zaman Azərbaycan dövləti yox idisə, digər dövlətlər də yox idi.

İkincisi, belə fikirlərlə heç kim iddia edə bilməz ki, Qarabağ Rusiyanındır. Zamanında Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən Qarabağ xanlığı Rusiyanın himayəsinə keçirdi. Xanlıq strukturu da mövcudluğunu saxlayırdı. Amma o dövrdəki Rusiya imzaladığı bu müqaviləni pozdu və İbarahim Xan ailəsi ilə birlikdə məhv edildi və Qarabağ xanlığı ləğv olundu. Başqa sözlə, o zaman da Rusiya öz öhdəliyini yerinə yetirməyib. 

- Məsələnin tarixi aspektlərini izah etdiniz, bəs bunu siyasi dilə çevirsək, onlar nə demək istəyirlər?

- Əslində, onlar çox şey demək istəyirlər. Mən də deyirəm ki, bu halda Rusiya ərazisi də monqollara aid olmalıdır. Çünki bu ərazilər Qızıl Orda dövlətinin tərkibində olub. O zaman Rusiya dövləti ləğv edilməlidir. XVII əsrə qədər onlar Qızıl Ordaya, hələ sonra da Krım xanlığına xərac veriblər. Onda bunların hamısı geriyə, əvvəlki vəziyyətinə qaytarılmalıdır. Hesab edirəm ki, bunlar məntiqsiz və absurd fikirlərdir.

- Amma belə fikirlərin və iddiaların, hətta hədə-qorxuların arası kəsilmir. Bundan əvvəl Dumanın deputatı Delyagin Bakının bombalanmasını təklif etmişdi. Hələ müharibə dövründə Rusiya hakim partiyasının deputatı Vitali Milonov tez-tez Xankəndində peya olurdu və rus icması haqqında danışırdı. İndi isə bu işi qondarma “rus icması”nın rəhbəri Aleksandr Bordov aparır...

- Qarabağda zamanında 5-10 rus yaşayıb. Bununla Qarabağda “rus icması” qurmaq mümkün deyil. Məqsəd diqqəti əsas fikirdən yayındırmaqdır. Rusiyanın rəsmi mövqeyi hələki Azərbaycanın ərazi bütövlüyünü və müharibədəki qələbəsini tanıyır. Bu birilər isə məncə, Azərbaycana təsir etmək naminə ortaya atılan adamlardır. 

-Sizcə, hazırda Rusiyanın Qarabağ siyasətinin mahiyyəti nədir, nəyə nail olmaq istəyirlər?

- Mahiyyəti çox sadədir. Rusiya regionu öz təsiri altında saxlamaq istəyir. Qarabağın bir hissəsində hansısa separatçı strukturun olması onlara imkan yaradır ki, burada mövqelərini möhkəmləndirsinlər. Başqa fikir yoxdur. Gücü olsa bütövlükdə Qafqazı ələ keçirərdi. Amma indiki halda təsir nöqtələrindən biri də Qarabağın yuxarı hissəsidir.

- Rusiyanın yaratdığı və idarə etdiyi bütün konfliktlər eyni ssenari üzrə idarə olunur: əvvəl yerli separatçılar dəstəklənir, sonra saxta rejim qurulur, az sonra “rus icması” yaradılır, daha sonra referendum məsələsi ortaya atılır. Biz bunu Abxaziya, Osetiya, Donbas, Krım və Dnestryanı ərazilərdə gördük. Belə ssenarilər bizim üçün də təhlükəli deyilmi?

- Bunlar tamam başqa məsələlərdir. Donbasda və Krımda yaşayanlar doğrudan da ruslardır. II Dünya Müharibəsi zamanı Krımdan tatarları sürgün ediblər. Sonradan Ukrayna hökumətinin böyük səhvi o oldu ki, tatarları tarixi vətənlərinə qaytarmadı. Əgər Krım tatarlarını zamanında öz vətənlərinə qaytarmaq siyasəti aparılsaydı, tatarlar müqavimət hərakatı formalaşdıra bilərdi. Son illər Krımda kifayət qədər rus yaşayırdı və onlar Rusiyaya meyl edirdilər. Donbasda da vəziyyət təxminən buna oxşar idi. Bu regionda da yaşayan çoxluq ruslar idi. Qarabağ isə tamam başqa bir məsələdir. Burada rus yoxdur və ya orada barmaqla sayıla biləcək qədər rus olub ki, onların da Rusiyaya heç bir aidiyyəti yoxdur. 

- Demək istəyirsiniz ki, Qarabağda hər hansı bir “rus icması” yaradıla bilməz? 

- Adını qoya, yarada bilərlər. Amma bu nəyi dəyişir? Digər tərəfdən, bu halda Azərbaycandakı rus icması səsini çıxarmalıdır. Rus icması müharibə dövründə Azərbaycan tərəfindən çıxış edib və bunu davam etdirməlidir. 

- Danışıqlar davam edir, növbəti raunddan nə gözləyirsiniz, Azərbaycan hansı addımları atmalıdır?

- Danışıqlar öz yerində, amma hesab edirəm ki, bu saat Azərbaycan hökumətinin vəzifəsi sürətlə Qarabağda məskunlaşdırma siyasəti aparmaqdır. Yəni oradan məcburi köçkün düşən insanları öz yerinə qaytırmağı təmin etməlidir. Fikrimcə, biz, bu məsələdə gecikirik. Əlbəttə, işğaldan azad edilən ərazilərimizdə infrastruktur yaratmaq lazım idi, hərbi baxımdan strukturları qurmaq lazım gəlirdi. Çox yaxşı haldır ki, bu proseslər sürətlə gedir. Amma eyni zamanda əhalinin oralara köçürülməsində gecikmə var. Mənim fikrimcə, bunu sürətləndirmək lazımdır. İnsanlarımız orada məskunlaşmalıdırlar. Hesab edirəm ki, bu, oradakı real vəziyyəti kökündən dəyişəcək. Yəni ermənilər ətrafında boşluq görəndə daha çox ürəklənirlər. Lakin ətraflarında azərbaycanlıları görəndə onların dili qısalacaq. Yəni bunun böyük təsiri var. Oralar boş qalmamalı, əhali ora köçürülməlidir. Məncə bu, vacib istiqamət olmalıdır.




Xəbərin oxunma sayı : 751




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap