Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sənə gəldim, qapını aç - Qənirə Paşayevanın yazısı

Tarix 13.01.17, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Hər şey öyləcə səssiz,
Möhtəşəm, gözəl –
Keçmiş əsrlərdən bəri...
Bir əl toxunarsa sandıqlarına
Oyanar Xorasan ərləri...

...Sənə gəldim, Mevlana!
 Dost-doğma ruh, düşüncə yaşantılarımın şəkilləndirməsidi ustad Yavuz Bülent Bakilərin bu unudulmaz misraları. Eynən onun kimi deyir, düşünürəm: “Dərgahında kölgəmi görməyimin bəxtiyarlığını yaşamaq üçün gəldim...”, “Pərvanələr kimi bir axşam üstü məni işığında yaxıb-yandırmağının səadətini dadmağım üçün gəldim!”
  Yüzilliklərin o biri başından Özü də “gəl!” deyə səslənmişdi könül aşiqlərinə:
“Necəsənsə öylə gəl” demişdi.

Öyləcə də gəldim. Keçdiyim yollar boyu Şeyx Seyfəddin-i Baharzının oğlu Müzhirüddinin zikr etdiyi etiraf tıpır-tıpır yaddaşımı oyadıb keçdi: “Babam mənə vəsiyyət etmişdi ki, dəmirdən çarıq gey və əlinə dəmirdən əsa al,  Mevlananı aramağa get!..”

 MƏN ARAMAQ ÜÇÜN GETMƏDİM...

  Ruhumda, düşüncəmdə, fəaliyyətimdə ömür edib yaşayanı yenidən aramayacaqdım ki!..
Mən yenidən, yenidən, bir də yenidən dərk etmək, cismani sükutunun, səssizliyinin mənəvi zikrini, şərhini dönüb-dönüb yenidən  anlamaq üçün getdim. Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən biri olan Konyanın mənəvi dünyamızdakı yerini, ərdəmli məqamını “göz – bəbək” deyə anladan Konyanı Hz. Mevlana, Hz. Şəms və Sadreddin Konevi üçlüyü çevrəsində anlatmaq istəyində bulunan insanların isminə, ünvanına dərin sayğılarla səmtimi tutub getdim. Deyilənləri yüzdə-yüz haqlamaqdan özgə nə sözüm, əlavəm olacaq ki: “Təqdir ediləcəyi məqamda məkanların qiyməti daha çox o məqamlarda yaşayıb fəaliyyət göstərən şəxsiyyətlərə bağlıdır. Gözəl məkanlar gözəl, tarixi insanları ilə ayrı bir anlam və məna qazanır”. Eyni fikir ucalığının kutsal, şərəfli qaynağıdı Konya!
Konyaya atılan hər addım Hz. Mevlanaya, Şəms Təbriziyə, Sadreddin Koneviyə doyulmaz sevgi və ehtiramdan keçər. Konyaya aparan yol ümidsizlik yolu deyil. Daha çox ruhla, düşüncəylə, sevgi qanadlarıyla keçilib gedilər. Eyni zamanda da bu yol Ona, böyük Rəbbimizə açılar, Onunla həsbi-hal məqamına dönər... Konyanı “gül gibi kokmak için dikene katlanmak gerek!” 

“SURƏTİNİ KİM GÖRDÜ QILDI
CANA CAN FƏDA...”

 Milli bir düşüncənin hökm sürdüyü Konya həm bu gündü, müasir, çağdaş, modern bir vilayət mərkəzidi, həm də eyni dərəcədə zənginliyi ilə dünəndi, tarixləşmiş bir mənəviyyat, mədəniyyət abidəsidi. Qədimliyinə boylanıb göz yetirdikcə varlığının hər zərrəsindən “müşk-ənbər saçaraq əmrlə əfşan görünür”. Baxdıqca “şükr edirəm, ey gözümün nuru, bu gün, gözüm aydın, gözümə” gör necə aləm görünür. Ona mən göz yetirib doyunca baxdım-baxdım... Mevlana, Şəms, Konevi həzrətlərinin əbədiyyət hücrəsini ruhuma məskən gördüm.
Çağdaş, müasir insanlarını həm bu gündə, həm də dünəndə gördüm. Böyük Əli bəy Hüseynzadənin arzusu, istəyincədi durumları; türkləşmiş, islamlaşmış və çağdaşlaşmış... Qədimlik və çağdaşlıq daşıyıcısı olan Konyanın abad və mistik küçələri boyunca keçib getdiyim bütün məqamlarda XIV əsrin böyük Cağatay şairi Lütvinin unudulmaz bir misrası könlümü alıb aparmaqda idi: “Surətini kim gördü qıldı cana can fəda...”
 ÖYLƏ GƏL Kİ!..
 Varmağın, varıb da Konyaya yetməyin ilk ipucunu “öylə gəl ki, nə “sən” qalsın, nə də “biz” – deyə verir Mevlana. Konyaya varana qədər gərək vilayətlər evinə, Paşa qapısına baxıb keçəsən. Burdan Konyaya 220 km-lik məsafədi. Damlakuyunu, Cihanbəylini keçmək, onlardan da bir az öncə Yenicəobanı adlamaq gərəkdi. Kayı, Kuşca Konyanın 120 kilometrliyindədi. Buranı keçdinmi, Yunus Əmrənin adını daşıyan istirahət mərkəzi qucaq açacaq sənə, Mevlana otelinin bəklədiyini görəcəksən. Yunak şəhər mərkəzinə yol burdan keçir. Mevlana daş emalı müəssisələri yol boyu cərgələnmiş, Cihanbeli səmtdən görünən dağ ustad Səməd Vurğunun misralarını titrədər könül tellərində: “Göründü gözümə Göyəzən dağı!”
Eyni şəkillənmədi – bir almanın iki üzü kimi, bir ananın əkiz övladlarına bənzər; dilimiz,  dinimiz kimi doğma, əziz, kudsal. Ağabəyli, Altunəkin yamacları daha çox bizim Aran ellərini xatırlatmaqdadır; kəhraba rəngli əkin yerləri göz işlədikcə uzanıb gedir. Mal-qara sürüləri bərəkət qoxuludu. Hələ çuğundur terminaları... Bolluq, firavanlıq üzə gülür. Yolların rahatlığını da gəl üstünə. Altunəkin sol üzdədi. Sağda Sarayönü  çəkir nəzəri. Aşağı Pinarbaşını keçirik... Konyanın 58 km-də nəzər çəkən təpələri elə bil daşla üzləyibsən. An-an, addım-addım xatırlayıram; Bir az öncə Konya-Adana yolunun 220 km-də otlaq və əkin sahələrinin növbələşməsi çəkmişdi könlümü. Yol boyu lövhədə yazılan “Arançı” sözü fikrimi alıb aprmışdı. Kulu-Konya-Qırxqala istiqamətini göstərən yol nişanına baxa-baxa bizim Şirvan bölgəsini göz önünə gətirmişdim. Konyanın 159-cu kilometrliyində Dunakdan, sonra Zincirlikuyudan, sonra Düzyaxadan, Tavşançalıdan keçmişdim. 134-cü kilometrdə tam bir aran istisi ana qucağı kimi açılmışdı cismimə. Acgözlüklə, bitib-tükənməz bir sevgiylə keçib getdiyim hər cığırı, izi, dərəni, təpəni, şəhər, kənd adını yaddaşıma köçürə-köçürə irəliləmişdim. Konyaya, Mevlanaya, Şəms Təbriziyə götürən yolun hər qədəminə ehtiram, sayğı olaraq anı qaçırmaq istəməmişdim. Əslində, Konyaya yaxınlaşdıqca iç dünyamda çırpınan kudsal duyğuları bir az sakitləşdirmək, nəfəs dərmək, titrəyişlərimi pərdələmək məqamıydı yol boyu mənzərələrə aludəçiliklə nəzər yetirməyim. Özümü toparlamaq, sayğı, sevgi, ehtiram titrəyişlərimi ram etmək, pünhan tutmaq istəyirdim. Əslində isə iç dünyamda özgə bir halət yaşayırdım.
Türk dünyasının böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadə haqqında bir qələm dostum söyləyərdi: “Füzuli barəsində fikrini söyləməsini istədik. Susub dərindən nəfəs aldı, ağır yük altındaymış kimi durdu, dayandı. Nəfəsini yenidən dərdi. Nəhayətdə, “Füzuli dağdı, zirvədi-dedi, – dağa, zirvəyə yol almazdan əvvəl gərək nəfəsini toparlayasan, gücünü ayağa çəkəsən!”
Konya, Mevlana, Şəms Təbrizi məqamına eyni düşüncələrlə irəliləyirdik və keçdiyim yollara yetirdiyim diqqət, əslində, nəfəs dərmək fürsətiydi. Fikrim, düşüncəm isə “O”na gedən yolun peşindəydi, illər öncəsi yazdığım şerin misraları kıpır-kıpır yenidən oyanmaqdaydı iç dünyamda:
 
Mən “Var”lıqkən bir “Heç”liyə çevrildim,
Mən “Eşq” adlı tək hecaya çevrildim,
“Mən”i atıb, “Sən”ə doğru çevrildim,
Qapını aç bu quluna, ey Rəbbim!
 
Nəfs adında bir şeytanı tərk etdim,
Həyat nədir? – Gec də olsa fərq etdim.
Ən böyük Eşq... O, Sənsənmiş! – dərk etdim,
Qapını aç bu quluna, ey Rəbbim.
 
Mən Eşq adlı bir atəşdə qovruldum,
Göz yaşında çox arındım, duruldum...
Eşqin ilə mən yenidən doğuldum,
Qapını aç bu quluna, ey Rəbbim!
 
Mən Yunusu, Mevlananı anladım,
Mən Şəms adlı o günəşdən od aldım.
Səni bulan aşiqlərdən yol aldım,
Qapını aç bu quluna, ey Rəbbim!
 
Bu, mənim Konyaya 3-cü səfərim idi. Əslində, yazımın hər məqamından keçən doğma, unudulmaz kənd, şəhər, dağ, dərə, düzən adları, mənzərələr çoxdanın tanışıydı mənə; xəyallarımla keçdiklərim vardı, fikrimdə, düşüncələrimdə yaşatdıqlarım vardı. Ancaq qəribəydi ki, hər şey mənə ilk görüş, ilk təmas, ilk ünsiyyət şəklində gəlirdi. Bu yolçuluqda mənimlə bir arada olan yol yoldaşlarımın hansı duyğular keçməsinin fərqində belə deyildim. O-na gedən yolçuluğumun Konya, Hz. Mevlana, Hz. Şəms  Sədrəddin Konevi müstəvisinin, dayanacağının bəxtiyarlığını yaşayırdım. Eyni zamanda, Konyaya ilk səfər təəssüratlarımın anları, saniyələri, qələmə alınmış məqamları yenidən keçirdi qəlb evimdən. O təəssüratlar dipdiri, canlı idi. Beləcə başlayırdı Konyaya ilk gəlişimdə yazdığım bu yazı: 
 
O-NA GEDƏN YOL...
 
-Kimsən? – deyə soruşdular.
-Bu dünyada işi bitənəm! – dedim.
-Eləsə, nədən səfərə çıxmazsan? – dedilər...
-İşi bitməmiş olanlara yoldaşlıq etməm muraddır, - dedim...
                                                      Samiha Ayverdi (Hancı)
 
Konyaya getmişdim - Mevlana yurdu, övliyaların, dərvişlərin könül oylağı Konyaya... Soyuq qış günlərindən biri idi... Öncə onları ziyarət etməli idim – heyranı olduğum Həzrəti Mevlana və Həzrəti Şəmsi...           
Sürücüyə öncə Həzrəti Mevlananı ziyarət edəcəyimi dedim. Qulaqlarımda sanki onun pıçıltılarını eşidirdim... Sanki mənə “gəl” deyirdi, gəl... Deyirdi, gəl görüm hansı mərtəbədəsən... Mənimlə dərdləşməyi çox istəyirsən, bilirəm... Gəl, gəl görüm, hazırsanmı – deyirdi Mevlana həzrətləri... İç dünyama üşütmə doldu birdən-birə. Gerçəkdən, “mən hazırammı onunla danışmağa?” – deyə...
Elə bu tərəddüd içində yenə onun pıçıltılarını eşiyməyə başladım sanki... “Qorxma”, - deyirdi Mevlana, - “gəl”, - deyirdi Mevlana. Deyirdi ki, bu qapı hər kəsə açıqdır. Yetər ki, səmimi ol, eşqlə, inamla, inamla gəl. “Unutma” – deyirdi, – əsas eşq, iman, niyyətdir...
Elə bil söhbət edirdik: - Yolunumu axtarırsan?.. Haqqımı axtarırsan?.. Həqiqətimi axtarırsan?.. Yol yalnızca Eşq, İman və Niyyətdən keçər... Eşqlə, imanla, niyyətlə gəlirsən, bilirəm, qorxma! – Pıçıltıların təsirindən sürücünün sözü ayırdı məni...
- Xanıməfəndi, bəlkə öncə otelə gedək, bir az dincəlib, sonra gələsiz?
- Ehtiyac yoxdur, birbaşa ora gedək, - dedim...
Yolboyu o Böyük Yolu düşündüm...
...Və özümün o Yolun hansı mərtəbəsində olmağımı düşündüm, çək-çevir etdim, özüm-özümü hesaba çəkməyə başladım.
Həqiqətə gedən Yolun yeddi pilləsini düşündüm...
Həqiqətə çatmanın tək yolu bu yeddi pilləni keçməkdir. İnsan yeddi pilləni, mərtəbəni çıxmamış həqiqətə çata bilməz. İnsan həqiqətə yalnız və yalnız bu pillələri, mərtəbələri bir-bir çıxmaqla çata bilər...
Haqq yolundakı məqamların, mərtəbələrin haqqında danışmaq asandır, çətini onu yaşamaqdır...
... Belə nəql edirlər ki, Həzrəti Şəmslə Həzrəti Mevlananın yeni tanış olduqları günlərin birində Həzrəti Mevlana bir ayəni yorumlayırmış, anladırmış insanlara. Həzrəti Şəms ona yaxınlaşaraq “Sən bu ayəni yaşamadın, onu anlada bilməzsən” – deyir... O böyük Allah aşiqi də könül dostu ilə razılaşır.
Yəni, “insan yaşamadığı şeyi həqiqəti ilə anlada bilməz” anlamını verir bu hikmət.
Mən də bu  mərtəbələrdən danışmağa cürət etməzdim, amma...
Yaşamağa başladığım və özümə yolçuluğa çıxma gücünü mənə bağışladığı  üçün  Yaradana şükr edərək ən azı Ona gedən yol haqqında danışmaq istəyirəm. Məni oxumaq istəyənlərə və ya özünə yolçuluğa çıxmaq istəyənlərə maraqlı ola bilər deyə...
Bu yola çıxmağım asan olmadı...
Ağrılardan, acılardan, gözyaşlarından keçdim... Arındım, yuyuldum, duruldum və bundan sonra o Yol açıldı qarşımda...
Nəfs-i Əmmarədən başlayan Böyük Yol(çuluq)...
Həqiqətə gedən ilk mərtəbə məhz belə adlanır...
Bu, daim başqalarını günahlandıran Nəfs mərhələsi də adlanır. Ətrafınızda bu cür adamları gördükdə və ya özünüzün bu “özəlliy”ə malik olduğunuzu görürsünüzsə, bilin ki, hələ həqiqət yolunda ilk mərhələdəsiniz...
Onları ayırd etmək çox asandır...
Bu, o adamlardır ki, o adamlar dünyəvi işlərdən başqa heç bir şey düşünməzlər. Onlar üçün yaşamın anlamı pul, vəzifə, şan-şöhrət (madiyyat vəd edən) məqamdır. Daim, sadəcə, bu şeylərə tamah salarlar. Yaşamlarını, sadəcə, bu şeyləri qazanmağa yönəldərlər, sərf edərlər. Onlara malik olmaq  üçün bəzən ən kutsal dəyərləri belə tapdalayarlar...
Hər zaman “Mən” düşüncəsi ilə yaşayan adamlar bu “məqam”dadırlar.
Bu adamlara fikir versəniz  görərsiniz, həmişə başqalarını günahlandırır, tənqid eləyir, dedi-qodu və iftiranı sevir, bunları qorxmadan, bəzən... hətta zövqlə (!) edirlər. Hər zaman başqalarını günahlandıran, onlarda qüsur, nöqsan axtaran, tapmasa belə, özü uyduraraq danışan, başqalarını çək-çevir etdiyi halda özlərində qətiyyən qüsur tapmayan, davamlı olaraq başqalarını mühakimə edən, şübhə, təkəbbürlə yaşayan insanlar Nəfs-i-Əmmarə mərtəbəsindədirlər. Yəni, həqiqətə gedən yolun ilk mərhələsində...
İnsanlığın faciəsi ondan başlayır ki, belə insanların çoxu ömrünün sonuna qədər elə bu mərtəbədə qalır və irəliləyə bilmirlər...
Bütün insan oğulları Nəfs-i-Əmmarədən keçər... Fərq, sadəcə, kimin ondan qurtula bilib-bilməməsində və kimin nə qədər tez qurtula bilməsindədir... Əsas olan o çuxurdan, bataqlıqdan tez çıxa bilməkdir. Çünki nə qədər zaman itirirsənsə, o bataqlıq səni özünə bir o qədər möhkəm çəkir və bir də görürsən ki, artıq ölürsən...
- Bəs xilas olmaq necə? Mümkündürmü?
- Əlbəttə, mümkündür!
- Asandırmı?
- Xeyr! Asan deyil...
- Xilas olmaq üçün nələr etmək lazımdır? – deyə soruşsanız, cavab var, əlbəttə:
- Həqiqətə gedən yolun ikinci mərhələsi adlanan Nəfs-i Ləvvaməyə gedən yolu niyyət etmək, səmimi olmaq və özünlə mübarizə aparmaq gücünü tapmaqdadır cavab!...
Günahlandırılan və qınanan Nəfs mərhələsinə keçə bilən insan xilas ola bilən insandır...
Nəfs-i Ləvvaməyə keçid, Nəfs-i Əmmarədən xilas olmaq yorulmaz mücadilədən keçir... Hazırsınızmı? Hazırıqmı? Çox az zamanımız var... Çünki həyat bizim düşündüyümüzdən də qısa olur bir çox hallarda və çox sürətlə gəlib keçir...
Məni Nəfs-i Əmmarə barədə düşüncələrdən sürücünün “gəlib çatdıq” xəbərdarlığı ayırır...
Artıq Onun imtahanına gəldim! Sürücüyə tək qalmaq istədiyimi dedim... Həzrəti Mevlananın dərgahı önündə oturdum.
“Gəldim” deyə pıçıldadım... “Sən çağırdın, mən də  gəldim... “Açarmısan mənə son illər yaşadığım ağrı-acının sirrini” dedim...
- Səni O çağırdı bura, - dedi...
- Kim?
- O...
- Niyə?
       - ...
- Niyə buraya?..
- Getmək istədiyin yolda daha çox susacaq, daha çox dinləyəcəksən. Öncə “Mən”dən qurtulacaqsan. Bura ibrət məktəbidir. Səni daha yaxşı anla deyə çağırdı. Hazırsanmı?
- Bilmirəm... 
- Niyə ağlayırsan? Nədir səni belə ağrıdan?
- ...
- ...EŞQ?..
- ...
- Ağlama... Sevin... Həqiqətə gedən yolun işığıdır EŞQ...
- ...
- Sevin... Nəfs-i Ləvvamənin qapısına çatmısan...
- Keçmək istəyirəm, amma qapını tapa bilmirəm... Yardım et mənə...
- Özünü axtar... Özünə yolçuluğa çıx... Özünü bulduğun an o qapıdan keçəcəksən...
- Nə zaman?..
- Hər şey sənin əlindədir... Bir ay, bir il, on il, otuz il... Bəlkə də heç bir zaman...
- ...
... Üşüyürdüm, için-için uçunurdum, elə bil... Üzərimə sanki dağların soyuq qarı yeriyirdi...
Ondan ayrılıb Şəmsə gedirdim... Daxilimə yolçuluqda onun şəfəqlərinə ehtiyacım  var idi, həm də çox!..
Məni  fikirdən yenə sürücünün səsi ayırdı...
- Xanıməfəndi, çox yorğun görünürsünüz, həm də üşüyürsüz, qaliba, bəlkə öncə otelə gedəsiniz.  Bu soyuqda belə yorğun  və üşüyərək bu türbələrdə nə arayırısız?
- YOL, - dedim ona, bircə kəlmə...
O da:
- Pəki, hangi yolu? – dedi.
- Ona gedən Yolu, Ona! – dedim...
- İlk dəfədir  Ona gedən yol arayan müştəriyə rast gəlirəm... Mən böylə şeyləri bilməm, amma nə arayırsızsa, Allah yardımçınız olsun. Çatdıq. Bu da aradığınız Şəms Təbrizi. Mən sizi bəkləyəcəm. Nə deyim?! Yolunuz açıq olsun...
Sürücünün üzündə və səsində elə qəribə huzur vardı ki... Sanki mənə  Nəfs-i Ləvvaməyə gedən yolda xeyir-dua verilirdi... 
SƏNƏ GƏLDİM, QAPINI AÇ...
 “Qapını aç, qapını aç... Sənə gəldim, qapını aç...
Bu dünyadan, o dünyadan aldım boyum ölçüsünü...
Əzəl-əbəd arasında, neçə əyyam gəzib-tozdum...
Sığammadım dü-aləmə, sənə gəldim, qapını aç...
Yoldaşım var, iki nəfərik – günah məndən heç ayrılmaz...
Tək deyilsəm noolur, sanki? – Yer-göy sığmış o qapıya...
Bizi də al... qapını aç, qapını aç, qapını aç...”
                   Samiha Ayverdi
 
Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub çağında... üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq... Səssislik içində sükut danışırdı... Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı... Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm – bir qədər öncəki üşüməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin – Eşq Günəşinin yanında idim – həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin...
Bilirdim, ona nəyisə uzun-uzadı izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım... Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim...
O isə... o isə susurdu, susurdu...
İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş!..
İlahi, sükut da insana huzur verə bilərmiş...
Sükut mənə nələrisə söyləyirdi...
Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan?” – deyə sual edirdi...
Nə qədər belə davam etdi, nə qədər ağladım, bilmirəm. Amma artıq gecə idi, qaş qaralmış, şər düşmüşdü. Sürücünü xatırladım. Bu soyuqda məni gözləyirdi. Elə bir az toxtamışdım ki, onun pıcıltılarını eşitməyə başladım.
- Ağla-deyirdi, – Ağla...
Ağla ki, durulsun, təmizlənsin o ürək...
Ağlayan tək gözlərin deyil... Könlün ağlayır... Ağla!
 – ...
– Nəfs-i Ləvvaməyə keçid daxili etirafdan, etirafla axıdılan göz yaşlarından keçir. Ağla. Özünə yolçuluq üçün təmizlənənə qədər ağla... Bu göz yaşların, cavan ömründə çəkdiyin bütün əzab-əziyyətlər, yaşadığın ağrı-acılar, çətinliklər səni Rəbbinə daha da yaxınlaşdıracaq. Utanma. Qorxma. Ağla. Etiraf et. Səmimi ol. Təmizlən. Durul!
Ağlayırdım... Etiraf edirdim... O-na edirdim... Şahidim isə Şəms idi...
O-na yalvarırdım, şükr edirdim... El sözü ilə desəm, Şəmsin üzü hörmətinə, mənə Həqiqətə gedən yolun ikinci mərtəbəsinin qapısını açdığı, Nəfs-i Ləvvaməyə daxil olma niyyəti, gücü, izni verdiyi üçün...
Çünki oxumuşdum, bilirdim ki, dünyada insanların çox azı bu mərtəbəyə keçə bilir...
Ona görə də göz yaşları ilə dayanmadan O-na şükr edirdim...
Mənə Nəfs-i-Əmmarədən xilas olmağa yardım etdiyi üçün...
Bilirdim ki, İnsan ondan o zaman xilas olmağa başlayır ki, nəfsinin qəzalaırını, çatışmazlıqlaırını, yanlış vərdişlərini ayırd edir və onları düzəltmək niyyətinə düşür. Yalnız bundan sonra daxili yolçuluğa çıxmanın Nəfs-i Ləvvamə mərhələsinə daxil olur. 
Mən özümə yol(çuluğ)a başlamışdım və Şəms mənə çox şey öyrədə bilərdi.
 – Ağır olacaqdı bu Yol... – deyirdi Şəms sükut dili ilə... Dinlə, Daxili Yol(çuluq)  çox ağır bir Yoldur... Dayanmadan özünlə, nəfsinlə amansız mübarizə aparmalısan. Sənin əsl mübarizə Yolun indi başlanır. Yavaş-yavaş, addım-addım. Böyük çətinliklər qorxutmasın səni.
Onun pıçıltı içində səsini eşidirdim – getdikcə daha aydın, daha təsirliydi. O deyir, mən cavab vermədən dinləyirdim:
– Artıq gözlərin bayıra deyil, öz içinə baxmağa başlaşyıb. Nəfs-i Əmmarədən fərqli bir həyata başlamısan...
– ...
– Daim başqalarını günahlandırırsansa, özündə qüsur tapmaq asan deyil...
– ...
– Olub-keçən və ya yaşadığın hər şeydə həmişə başqalarını deyil, özünü ələk-vələk, çək-çevir eləyib tənqidə tutmaq asan deyil...
– ...
– Hər zaman nəfsini qınamaq və günahlandırmaq asan deyil...
– ...
– Yorulmadan özün ilə mübarizə etmək, nəfsin  ilə savaşmaq asan deyil...
– ...
– Qorxma – deyirdi Eşq günəşi... Deyirdi: “Bəzən xətalar, yanlışlıqlar da edəcəksən, amma dərhal üzülüb, Allahın hüzurunda peşiman olub, ağlayarsansa, Nəfs-i Əmmarəyə geri dönməyəcəksən... Qorxma. Bu halları sıx-sıx özündə görməyə başlayacaqsan. Amma Haqqa qarşı məcburiyyət duyub, gözyaşı tökərək həmin xətaları, yanlışları təkrar etməyəcəksənsə Kamilliyə, Həqiqətə, Haqqa gedən yolun digər mərtəbələrinə qalxa biləcəksən...”
– ...
– ...Ona getmək istəyirsənsə, Həqiqəti, Haqqı tapmaq istəyirsənsə  bundan başqa Yolun yoxdur... Gerçək İnsan olmaq istəyirsənsə bundan başqa Yolun yoxdur...
Nəhayət, bir cümləlik sual verdim:
–  Bu Yolu gedə biləcəmmi? – Yalvarırcasına soruşdum...
– Özündən sor... – dedi Eşqin günəşi.
– ...
– Amma heç zaman unutma, haraya dönərsən dön, Allahın üzü ordadır...
– ...
– ...
... Beləcə, sükutla başlayan söhbətimiz sonunda yenə sükutla tamamlandı, sükuta döndü. Ancaq Eşqin günəşi içimdəki buzları əritmiş, küllər altındakı qoru qığılcımlandırmış, alovlandırmışdı...


Ümidsizlik qapısı deyil bu qapı
“SƏN MƏNİM QƏLBİMƏ HAKİM,
SƏNƏ QUL OLDU KÖNÜL...”
 
Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz könül dostuna xitabən belə yazıb.
Heyranlığın, məftunluğun bundan da o yana səmimi ifadəsi varmı? “Sən əzizsən, mən ucuz” – deyib də, sarınmaqdan mutlu nə ola bilər könül aşiqlərinə?
Konyaya ilk gəlişimin şəkillənməsini Nizami babamızın bu misraları qədər heç nə, heç bir söz düzümü ifadə edə bilməz: “Sən mənim qəlbimə hakim!”. O ilk səfərim çərçivəsində Konya Səlcuq Universitetində düzənlənən konfransa dəvətli idim. Çox dəyərli, görkəmli sənətşünas alimimiz İlham müəllim başda olmaqla Səlcuq Universitetinin müəllimləri təşəbbüs göstərmişdilər ki, Azərbaycan – Türkiyə, “Bir millər, iki dövlət“ olan qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsi istiqamətində hər birimizin, gənclərimizin üzərinə düşən vəzifələri bir arada müzakirə edək. Çıxış zamanı gənclərimizin ortaq tariximizi  öyrənməsinin vacibliyini xüsusi vurğuladıq. Eyni zamanda bütün Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın törətdiyi Xocalı soyqırımının dünyada daha geniş tanıdılması və günahkarların ədalət qarşısında cavab verməsinə nail olmamız istiqamətində gənclərimizin daha duyarlı olması, birlikdə səylərimizi daha da gücləndirmənin önəmini müzakirə etdik.  Konyada Qarabağ parkının açılması, Xocalı Soyqırımı qurbanlarına abidənin qoyulması təklifimiz tədbir iştirakçıları tərəfindən dəstəkləndi. O cümlədən qədim Konyanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması barədə fikirlərimiz də müsbət dəstək aldı.

“YAD ET MƏNİ, AŞIQANƏ YAD ET!”
 
Konyaya ikinci səfərimin də öz unudulmaz xatirələri var. Rəsmi görüşlər, Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, sözdə erməni soyqırımı iddiaları ilə bağlı konfranslar bitən kimi həmən Konya ilə yenidən baş-başa qalmaq üçün hər kəsdən ayrılıb Konyanı pıçıltılar arxasınca gəzməyə başladım. Heç unutmuram. Elə, o cür mistik yaşam anı həyatımda nadir hallarda baş verib. Həzrəti Mevlananın qəbrini təkrar ziyarət etdim. Özünün dediyi kimi, susmaqda, dinləməkdə idim. İç dünyama və Mevlana dərgahına çəkilmişdim. Birdən isti, istilikdən də çox məhrəm, nəvazişli bir əlin çiynimə qonduğunu hiss etdim. Sanki Mələk qanadı, göyərçin lələyi idi... Sanki nurdan, şəfəqdən yapılmış xəyal heykəli dayanmışdı önümdə və dilsiz, susqun baxışlarıyla mənə düşüncələrini anladırdı. Mən o sükut heykəlinin anlatmaq istədiklərini sonradan bütün aydınlığı ilə dərk etdim, buldum, anladım...
MƏNƏVİ BİR BORC 
Üçüncü  gəlişimin təfərrüatlarınına keçməzdən əvvəl bəri başdan Məram bələdiyyə başqanının Konyada yeni salınacaq parkda Azərbaycanın 3 tarixi abidəsinin – Şirvanşahlar sarayının, Möminə Xatun Türbəsinin və Qız Qalasının kiçildilmiş modellərinin qoyulacağını söyləyəndə keçirdiyim qürur hissini demək, söyləmək istəyirəm. Məram ilə bizim Şəki şəhəri qardaşlaşıblar. Məramım Alavar məhəlləsində Şəki parkı salınıb. Məram bu baxımdan örnək bələdiyyələrdəndir.
Bələdiyyə başkanı ilə görüşümdə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımın ikinci hissəsini yazmağı planlaşdırdığımı və bu hissədə mənəviyyat dünyamız və ortaq tariximizdə xüsusi yer tutan Konya ilə bağlı geniş yer ayıracağımdan söz açdım: “Konya haqqında yazmaq mənim üçün mənəvi bir borcdur. Bu kitabı yazmaqda məqsədim Türk dünyasını daha geniş tanıtmaq, gənclərdə sahiblik duyğusunu daha da yüksəltməkdir. Gənclərimiz bizim olana “mənim”, “sənin” olaraq yox, “bizim” olaraq sahiblənməlidirlər. Eyni zamanda vurğuladım ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın uğuru isə Türkiyənin və bütün Türk dünyasının uğurudur.
Konyada keçirdiyim o unudulmaz görüşləri, ziyarətləri indi an-an xatırlayır, yenidən yaşayıram. Konyanı andıqca böyük qəlb şairimiz Məhəmməd Füzulinin ölməz misrası öz istəyim, fikrimin əksi kimi şəkillənir yaddaşımda: “Ey, nə xoş günlər idi səninlə həmraz idim”.

“SƏNİN VARLIĞINI VƏSF ETMƏK ÜÇÜN...”

 Yüzilliklərin o biri başında Malatyalı Mevlana Şəmsəddin belə rəvayət edirmiş ki, günlərin gözəl bir günündə Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddin Konyaya təşrif buyurur. Fəzilətli kişilər onun ziyarətinə gəlib layiqincə hörmət göstərirlər. Təsadüfən həmin gün Mevlana Həzrətləri bütün dostlarla birgə Meram məscidinə gedibmiş. Şeyx Müzhirüddin Konyaya gəlişinin Mevlanaya yetməməsindən təəccüblənir. Təbii ki, bir şəhərə gələnin ziyarət edilməsi gərəkdi.  Söz sahibinə çatdırılır. Mevlana halını pozmadan cavab göndərir: “Biri Bağdaddan gəldi, bu biri isə öz evindən və məhəlləsindən kənara çıxdı... Əlbəttə, Bağdaddan gələni ziyarət etmək gərəkdi. Biz həqiqətdə məkansızlıq Bağdadından gəldik. Bu əziz şahzadə isə bu dünyanın bir məhəlləsindən gəlir. O halda ziyarət edilməyə biz daha çox layiqik”.  Cavabı Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddinə çatdırırlar. Dinləyir və durub Mevlananın ziyarətinə gedir. Qəlbinin ən səmimi sözlərini açıb-tökür: “Babam demişdi ki, dəmirdən çarıq gey, əlinə dəmir əsa al, Mevlananı aramaya get. Çünki o ulu kişinin söhbətini dinləmək ən böyük fəzilətlərə yetmək məqamıdı... İndi şahidi oldum ki, babam doğru buyururmuş. Sizin məqamınız babam söylədiyindən də uca imiş. Sənin varlığını vəsf etmək üçün nə söyləsələr də yenə azlıq edər. Sən söylənilənlərdən daha böyük bir kamal sahibisən...”
O böyük kamal sahibinin unudulmaz deyimləri ilə baş-başa daxil oluram yenə Konyaya. Bələd¬çimiz, sabiq millət vəkili, ədəbi-tarixi məxəzlərin ensklopedik bilicisi, gözəl aydın və insan Abdulla Gencer oldu. Sultan Yavuz Camisinə açılan geniş həyətdə unudulmaz bir səmimiyyətlə bizə “Xoş gəldiniz!”  –dedi və Konyada olduğumuz bütün vaxt ərzində bilgilərini əsirgəmədi, sonacan bizimlə oldu.
 
“MƏSCİDLƏR  ALLAHA AİDDİ -
ALLAHLA BƏRABƏR BAŞQASINI DƏVƏT ETMƏYİN!”
 
Belə yazılıb daş kitabədə.
Hz. Mevlana türbəsinin ümumi mənzərəsi önündə dayanıb tarixin bütün müqəddəsliklərini, paklıqlarını və paklarını xəyalımdan keçirdiyim məqamlarda bu koskoca daş kitabə yazısının ehtiva etdiyi düşüncə fikrimdə dolanmaqdaydı. Eyni düşüncələrlə dönüb ətrafıma, gözlərim önündə qədəm-qədəm açılan, hərəsi bir müqəddəs qapıya dəvət edən küçələrə (sokaklara) nəzər salırdım.  Zamanın çox qədimliyində Mevlana Həzrətləri Konyanın bir küçəsiylə gəzə-gəzə köhnə bir evin önünə yetişmişdi. Beş-on köpək o köhnə evin ətrafında şən-şən oynaqlaşır, mehribancasına davranırlarmış. Bu durumu görən tələbələri Mevlanaya dönərək “baxın, bu aşağıladığımız köpəklər biz insanlardan yaxşı davranırlar, qovğa etmədən yaşaya bilirlər” söyləyirlər. Heç bir cavab vermir Mevlana. Tələbələrindən birini göndərib qəssabdan ət aldırır, atır o köpəklərin önünə. Bir tikə ət üstündə köpəklər bir-birini parçalamaq halına gəlirlər. Hz. Mevlana baxıb-baxıb anladır: “İnsanlar da eynən belədi. Arada bir mənfəət yoxkən gözəl-gözəl davranarlar. Ancaq aralarına maddi-mənəvi bir ünsür girincə əski günlərini belə xəyallarına gətirməzlər, bir-birləri ilə dava edib durarlar. O zaman da insanlıqdan çıxıb, bu heyvanların sırasına keçərlər...”
Düşünürəm... Aradan uzun əsrlər keçib. Ancaq nə dəyişib? Təəssüf ki, bu anlamda elə də çox şey dəyişməyib...

ZƏFƏR NƏĞMƏLƏRİ ÖTÜR BÜLBÜLLƏR...
 
Xəyal etməyin yolu yolçuluqdan addım-addım, qədəm-qədəm keçir. Müqəddəs dərgahlara varmayınca ruhən, mənən böyüməyin yolu yoxdu, gərək yolçuluq edəsən. Mənəvi paklaşmanın bir kutsal çevrələnməsi belədi: Konyadakı tarixi Bağdad otelindən Şeyx Sədrəddin Türbəsi və Camisinə 930 metrdi. Buradan Atatürk evinə 220 metr məsafə keçmək gərəkdi. Sonra İncə minarə muzeyinə 400 metr məsafə gözləyir səni. Karatay Mədrəsəsi bir az kənarda - 350 metrlikdədi. 90 addım atdınmı - Alaeddin Camisinə yetişəcəksən. Buradan İplikçi Camisinə 400 metr yol var. Sonra da 250 metrlik yolu keçib Şəms Təbrizi Türbəsinə yetiş. Şərafettin Camisi tam 150 metrlikdədi. Buradan Aziziye Camesinə 270, Süleyman Camisi və Mevlana Muzeyinə 280 m, İstiqlal Hərbi Şehitlik Anıtına 30, Mevlana Kültür Mərkəzinə 100 metrlik yoldur. Yeriyib-yürüsən çox qısa bir zamanda qət edə biləcəyin yoldur. Ancaq bu zaman məsafəsi yüzilliklərin o başını bu başına gətirən anlarla liməlim doludu, hər qədəmdə Onunla başlayan iç söhbətimin ətri, xoş qoxusu duyulur. Gül bağçasından Dərgaha aparan yolçuluğun dönəmləri addım-addım izləyir yaddaşımı; XII-XIII əsrlərin Səlcuqlu dönəmi, XIV-XV əsrlərin Bəylik məqamı, XVI-XVII əsrlərin klassik Osmanlı idarəçiliyi, XVIII-XIX əsrlərin Osmanlı yaşamı, idarəçilik tərzinin qoxusu addım-addım mənimlə olur. Hz. Mevlana türbəsi, muzeyi, dərgahı önündəyəm. Öncə Mevlana dədəmizin kos-koca səsini, nəfəsini duymaqdayam:
 
Ey aşik! Kendine bak da,
insanların işine karışma;
Şu şunu söylüyor, bu bunu söylüyür
deyib durma!
Filan bağa diken diyor,
Filan yasemin diye çağırıyor
düşüncelerine kapılma.
Her söze, her kese aldanma;
Gül gibi kokmaya bak sen.
Filan sana kafir diyor,
Bir başkası da sana
din adamı diyor...
Vazkeç bunlardan, vazkeç,
Gözünü aç!
Allah sana basaret gözü,
Könül gözü vermiş!
Öyle bir göz vermiş ki,
Senin mağmur bakışlarına karşı
Cebrailin kanadı bile secdeye kapanır.
Doğrudan da “səni yüksəklərə uçuracaq qanadların olduğu halda  insanlardan sənə nə qəm var?”. Dayandığım Ahır səkisi, ötdüyüm Turan türküsü, açdığım könül qapısıdı... Hər naxış dil açıb, hər daş dillənib sanki “qədəm basıb asta-asta sən bu diyara xoş gəldin” - deyə önümdə durur. Bu, o yerdi ki, İbn Bibi “Oradakı ağacların meyvəsi ikbal meyvəsi idi, oradakı bülbüllər zəfər nəğmələri söylərdi” deyə təsvir etmişdi. Əlavəsi belədi: “Oranın bütün meyvələri dünyanın iksiri, ağaclarının kölgəsi sevgilərin dinləndiyi yer idi”.
Bir anlıq nəfəsimi dərmək üçün dayanıram. Gücümü-qüvvətimi toparlayıram. Dünyanın ən gözəl dualarını vird edirəm dodaqlarım alltında...
Və O qapını açmaq üçün könlümə “buyur” deyirəm. Qulaqlarıma Mevlananın “Mehrem və mum gibi ol”, “dost ol, heç kimsənin kinini ürəyində tutma” səslənişi gəlməkdədi. Oğlu Sultan Vələdə öyüdü, nəsihəti beləydi:
 
Kötü söyləyici,
Kötü öyrədici,
Kötü düşüncəli olma!
 
Atdığım hər qədəm, aldığım hər nəfəs Mevlananın o gözəl səslənişilə həmahəng, həmniyətdi...
Ayrı cür gəlməkmi olar bu məqama? Necə arzulanmışsa eləcə qədəm basıram Mevlana türbəsinə. Tək qalmaq, Onunla bir arada olmaq, Onunla pünhan həsbi-halda olmaq üçün. Bilirəm ki: 

ÜMİDSİZLİK QAPISI
DEYİL BU QAPI

 Mevlana dərgahının qərar tutduğu məkan Səlcuqlu sultanının gül bağçası olub. Sultan Alaeddin Keykubad tərəfindən Mevlananın babası Sultanül-Uləma Bahaəddin Vələdə hədiyyə edilmişdi. Bu, o Bahaəddin Vələddi ki, indiki Əfqanıstanın Bəlx şəhərində yüksək mənsəb sahibi olmuşdur. 1214-1217-ci illər arasında köçmüşdü Səlcuqluların paytaxtı olan Konya şəhərinə. Bu hesabla Mevlana həzrətləri 7-10 yaşlarında olmuşdu o tarixi köç günlərində. Cənnətlik Bəhaəddin Vələdi 1231-ci ildə haqq dünyasına qovuşunca burada dəfn olunmuşdu. Zaman ötmüş, onun mübarək cisminin bir parçası olan Mevlana həzrətləri də burada əbədiyyət yuxusuna dalmışdı. İki könül və irfan adamı eyni yerdə dəfn olunmuş, təbrizli memar üzərlərində türbə ucaltmışdır. Daha sonra yapılan əlavələrlə böyük bir külliyə halına gətirilən indiki Mevlana Muzeyi 1926-cı ilə qədər dərgah olaraq fəaliyyət göstərib. Dərgahın, muzeyin giriş qapısından bir qədəm atıram. İç dünyamda yüzilliklərin o başında tarixləsən unudulmaz bir məclisin gedişatı aydınlaşır: 

BELƏ NAĞIL EDİLİR

 Bahaeddin Veled Sultanın məclisində vəəz verməkdədi... Dinləyənlər arasında uzun boylu, bilik-mərifət sahibi və sarayın ustalarından Əmir Bedreddin Göhertaş da var. O, Bahaeddin Veledin üslubuna, zəka və bilgisinə heyran olanlardandı. Ustaddan “Aşır” oxumasını istəyir. O da “Müminlər felah buldular” anlamında Qurandan “Mümin” surəsini oxuyur, açıqlamasını söyləyir. Heyranlığını gizləyə bilməyən Bedreddin Göhertaş ustadın əllərini öpür və ona mürid olur. Bahaeddin Veled də bu halın şükranlığı olaraq “oğullarım üçün bir mədrəsə yapdır” deyir. Beləcə, “Xudavendigar” mədrəsəsinin özülünə daş qoyulur. Həyatının son illərində ricası mədrəsə yapdırmaq olmuşdu Sultanül-Ulema Bahaeddin Veledin. İndi həmin mədrəsənin yapıldığı mübarək məkanda uyumaqdadılar. Bu dərgahda ilk sərdabə Həzrəti Mevlanaya məxsusdur. Fanilikdən çox əbədilik dərsi keçməkdədi. Böyük söz ustadımız Seyid Əzim Şirvani elə bil Həzrəti Mevlananın dilindən yazıb heç vaxt unutmadığım misralarını:
 
Mövfti, cisman ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
 
NECƏ ÇIXSIN QARANLIQLAR AYDINLIĞA?
 
“Aləmdə səsi olanlara salam olsun” ehtiramı ilə yad edir, ən pünhan dualarımı zikr edirəm Mevlananın sərdabəsi önündə... Gördüklərimə birər-birər nəzər yetirirəm. Dəfələrlə ziyarət etsəm də, yenə hər şey mənə təzə, ilkin görünür. Elə bil bu gördüklərim yüzilliklərin o tərəfinin xatirələri deyil, bir çimir yuxu daxilində gördüklərimin gerçəkliyidi...Bu, Mevlananın oğlu Sultan Veledin sərdabəsidi... Yanında, söykəyində atası Bahaeddin Veledin uyuduğu sandıqça. Şəmsəddin Abib Çələbi, Ulu Arif Çələbi, Zahid Çələbi, Şeyx Kerimeddin və Vacid Çələbi həzrətləri burada uyuyurlar; Mevlananın ailəsilə bir arada, eyni məkanda. Həzrəti Mevlananın sərdabəsi oğlu Sultan Vələdlə eyni örtü altında yan-yanadı. Ağac oymalı naxışları olan sərdabədə isə atası Bahaeddin Veled uyumaqdadı. Mevlana soyundan və onun müridlərindən olanların qəbirləri də bu aradadı. Bu mübarək zatların çoxu vaxtilə Bahaeddin Veledlə bərabər gələn Xorasan ərləridi. Behiştlik, cənnətlik insanlardı. Layiq olduqları torpağa gömülüblər. Mevlananın atasına və özünə aid olan cübbələrə nəzər yetirirəm. Elə bil sahibləri dəstəmaz alıb, namazlarını qılıb, dualarını oxuyub indicə dönəcəklər, sonra bu cübbələri ədəbi-ərkanla üstlərinə alacaq, yan köşədə taxçaya qoyulmuş “Məsnəvi”nin ilk əlyazma nüsxələrinə, “Divani-Kəbir”ə doğru qədəm basacaqlar... Mevlananın 5 mükəmməl əsərinin 5-nin də əlyazması, cildləri qorunur burda. Bələdçimiz dərin hörmət və sayğıyla Mevlanaya aid əşyalar haqqında məlumat verir; qızıl və gümüş işləmələrlə süslənmiş Nisan tası hər baxışda ötənlərin pozulmaz qanunlarını yenidən göz önünə gətirməkdədi. Toplanan nisan yağmurları bu tasda süzüldükdən sonra Mevlananın sar¬ğısının ucu bu suya batırılır, sonra həmin su sifa niyətilə paylanırmış...
Hər şey qədimlik, tarix qoxuyur. 10-12 dəqiqəlik yolu qət edib Şəms Təbrizinin əbədiyyət yuxusu tapdığı məkanın ziyarətinə yetirsən. Ancaq bu 10-12 dəqiqəlik yol məsafəsi adamı 750-780 illik bir zaman məsafəsinin olaylarından keçirib gətirir. O tarixi zamanlardan ki, Sultanül Ulema Bahaeddin Veled Konyaya gəlişində İplikçi Caminin güney səmtində yerləşmişdi, İplikçi Mədrəsəsində dərs vermişdi. Burada oğulları üçün Bedreddin Göhərtaşdan bir mədrəsənin yapılmasını istəmişdi, lakin burada işləməyə ömrü çatmamışdı. Mevlananın vəfatına qədər evi ilə bitişik olan bu öyrətim qurumu uzun illər boyu ayrı-ayrı adlar altında fəaliyyətini davam etdirmişdi.
Səlcuqluların dilində bu qədimliklə nəfəs-nəfəsə “Mevlana” anlamında “Xudavendigar” sözü işlənirdi və bu xitab da Baheddin Veledin özünə aid idi. Çünki Baheddin Veled heç zaman oğlunu adıyla çağırmamış, həmişə “Xudavendigar” deyə xitab etmişdi. Hz. Mevlana bu mədrəsəyə xüsusi bir duyğuyla bağlı idi və “bizim mədrəsəmiz vəlilərin mədrəsəsidi” deyə anladarmış. Bu mübarək məkanın bir köşəsini o, könül dostu, ruhdaşı Şəms Təbrizi üçün ayırmışdı. Şəms Təbriziyə olan heyranlığı, mənəvi bağlılığı bütün zamanların dostluq örnəyi olaraq tarixə köçmüşdü. Bu sevgi və sayğı o qədər ucalmışdı ki, Mevlana oğlu Sultan Veledi Şəms Təbriziyə mürid etmişdi.
Nə yazıqlar ki, asilərin, ruh¬suzların bulandırdıqları sular daşıb-daşıb da məcrasını aşa bildi...
 Nə yazıqlar ki, bu mənəvi bağlılıqları qıran qaranlıqlar hələ də aydınlığa çıxa bilmir...
           
“MƏN BAŞIMI GƏTİRMİŞƏM...”
 
Mevlana dərgahından Şəms Təbrizi məqamına yolçuluq etdiyim o 10-12 dəqiqəlik zaman müddətində xəyal məni yüzilliklərin o biri başına götürməkdəydi. Elə bil hər şeyi apaydın görürdüm. Eləcə də həmin o İplikçi mədrəsəsini... Şəms Təbrizi, bax, həmin mədrəsənin qapısı ağzında oturub hücrədə əyləşmiş Mevlananı soruşanlara deyərmiş: “Mevlananı sənə göstərməyimin əvəzində mənə nə gətiribsən?”
Biri də bu sualın müqabilində “bəs sən özün nə gətiribsən ki, bizdən nə tələb edirsən?” – deyə soruşub.
Cavabında “mən özümü gətirmişəm,-deyib Şəms Təbrizi. – Başımı onun yolunda fəda etmişəm...”.
Könül dostları Mevlananın ciyərparası Sultan Veledin dilindən qələmə alıblar bu söylənilənləri. Bir deyil, beş deyil ki, bu xatirələr. Yenə də Sultan Veledə istinadən yazıya alınanlardandı... Günlərin gözəl bir günündə bir az öncə ziyarət etdiyimiz mədrəsədə Mevlana həzrətləri sevimli oğlu Sultan Vələdə Şəms haqqında, onun fəzilətləri barədə könül dolusu danışırmış. Həyəcana gələn gənc qalxaraq birbaşa Şəmsin hüzuruna gəlib təzim edərək deyir: “Atam indicə mənə sizin uca xislətiniz barədə çox yaxşı təriflər söylədi”.
Şəms köks ötürürərək deyir: “Allaha and olsun ki, atanın haqqımda söylədiklərindən min qat artıq olsam da, mən sənin atanın ucalıq dəryasında bir damla da deyiləm”.
Gənc Sultan Vələdin öz könül dostuna söylədikləridi: “Yenidən qayıtdım atamın yanına, Şəmsin söylədiklərini sözbəsöz ona çatdırdım. Atam “Şəms öz nurunu da tərif edib, böyüklüyünü də göstərmişdir - dedi. – Həqiqətən də o, haqqında söylənilənlərdən yüz qat artıqdır...”
Bu, o Sultan Vələddi ki, fars dilində qələmə aldığı bir divanı və üç məsnəvisi hələ də qiymətli sənət örnəkləri olaraq tədqiq olunur. Onun türkcə yazdığı sətirlər anadilli şeirimizin unudulmaz örnəklərindən hesab edilməkdədi:
 
 
Gözümdən çıxma kim, bu ev sənindir,
Mənim gözüm sənə yaxşı saraydır.
Tamaşa çün bəri gəl kim, bu ev sənindir,
Necə gözüm yaşı irmacü çaydır.
Vələd yoxsuldu sənsiz bu cahanda,
Səni buldu, bu gözdən bəyü baydır...
 
EY, NƏ XOŞ Kİ...
 
Bu gün sevərək konuşduğumuz, ortaq dəyərlərimizin başlıca qaynağı olan Türk dilinin Türkiyədə dövlət dili olaraq XII əsrdə yenidən hakim mövqe qazanması üçün ilk növbədə Karamanoğullar soyadına borcluyuq. Fikir babalarımızdan olan Əhməd Yəsəvinin poeziya müstəvisində haqqını qoruduğu türkcə rəsmi dairədə məhz Konyanı qısa vaxt müddətində idarə edən Kahramanoğlu Məhmət bəyin göstərişiylə rəsmiləşib. Onun ölkənin hər yerinə xüsusi olaraq verdiyi göstərişində “bundan sonra dərgahda, sarayda, məclisdə və meydanda türkcədən başqa dil işlənməyəcək” deyilirdi.
Səlcuqlu bəyliklərində Yəsəvi yetirmələri hörmətlə qarşılandığından onların yaydığı türkcə tezliklə bütün bəyliklərdə rəsmi şəkildə işlənməyə başladı.
Karamanoğlu Məhmət bəy bu qərarı ilə Konyadan, Səlcuqluların baş şəhərindən başlayaraq Anodoluda türk dilinin rəsmi dil kimi yayılmasında müstəsna xidmətlər göstərib.
Ey, nə xoş ki, Karamanoğullarının soy-kökü, kökəni gözəlimiz Azərbaycana bağlı olmuşdur. Azərbaycandan Sivasa köç edən Xoca Saadettinin oğlu Nuri-Sufi bu soy-kökün təməl daşlarından biri idi.
  Karamanoğulları Oğuzların Avşar boyundandır. Nuri-Sufinin oğlu Kəriməddin Karaman bəy XIII əsrdə Konya da daxil olmaqla böyük bir bölgəyə  sahiblik etmişdir. 

DƏRVİŞ KİMİ YAŞAR, PADŞAH KİMİ UYUYARAM!..
BİR KONYA ZİYARƏTİNDƏ
 
“Nə zaman bu şəhərə gələcək oluramsa, içimdə bir həyəcan duyuram. Həzrəti Mevlana düşüncəsiylə mənliyimi sarır...” Mustafa Kamal Paşanın bir Konya ziyarətində söylədiklərindəndi. Konyaya hər gəlişi coşqun sayğıyla qarşılanarmış o böyük insanın. O da deyərmiş ki, Konyanın qonaqpərvərliyi məni həddindən artıq mütəəssir edir. Konya Atatürkün İstanbul və İzmirdən sonra ən çox ziyarət etdiyi şəhər olmuşdur. Üst-üstə 13 dəfə Konyaya gəlmiş, toplam olaraq 33 gün burada müsafir olmuşdur.
39 min kvadratmetr bir əraziyə sahiblik edən Konya toplam olaraq 31 qəzanı özündə birləşdirir. 130 ölkəylə ticarət əlaqələri var.
 
SƏKKİZ SULTAN YATIR
BİR TÜRBƏDƏ
 
1220-ci ildə Konyada Anadolu Səlcuqlu dövlətinə başçılıq edən Sultan I Alaeddin Keykubad tərəfindən yaradılmış eyniadlı təpə üzərində inşa etdirilımiş camidə səkkiz Anadolu Səlcuqlu sultanı uyuyur. I Alaeddin Keykubadın, I Rükneddin Məsudun, I Qılınc Arslanın, IV Qılınc Arslanın, II Süleyman şahın, I Qiyasəddin Keyxosrovun, II Qiyasəddin Keyxosrovun, III Qiyasəddin Keyxosrovun qəbri bir yerdədi... Ziyarət edib, ruhlarına dualar oxuduq.
 
ƏBƏDİYYƏT ARXAYINLIĞI
 
Deyirlər ki, İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:
- Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq?
Tayyip Ağa halını pozmadan soruşur:
       - Nə var, oğlum, bu dünyanın halında?
- Nə olacaq, Tayyip Ağa, baxsana, dünyanın hər tərəfi yıxılıb gedir.
Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:
- Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..
Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədi. Tayyip Ağa əmin-arxayın idi.  Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadı. Keçmişindən və gələcəyindən arxayındı.
 
MƏNƏ DOSTLARIMLA ƏZİZDİ KONYA
 
Xəyal, fikir dostlarım haqqında ilk kəlmədən, ilk sözdən bəhs etmişəm; Hz. Şəms Təbrizi, Cəlaləddin Rumi, Konevi, Sultan Vələd...
Gerçək həyatda sıx təmasda olduğum dostlar da əzizdi, doğmadı mənə. Xüsusilə Konyanın millət vəkilləri, bələdiyyə yetkililəri, dəyərli aydın dostlarım...
Türkiyənin Baş naziri Əhməd Davudoğlu da məhz bu qədim bölgədə dünyaya göz açıb. Zaman-zaman onunla, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sabiq rəhbəri M.Kabakçı, millət vəkili Ayşə Türkmənoğlu və bir sıra digər dostlarla görüşüb, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş söhbətlər etmişik. Bu tarixi şəhərdə eyni zamanda bir çox azərbaycanlı elm, sənət xadimlərimiz çalışır, qardaşlıq, tarixi əməkdaşlıq, dostluq ənənələrimizə öz töhvələrini verirlər. Sıx-sıx görüşürəm hər Konyaya gəlişimdə. Eyni zamanda hər səfərimdə mütləq Konya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizlə də mütləq görüşür, fikir mübadiləsi aparıram.
 
HƏR QƏZA DOĞMAMDI,
HƏR KƏND ƏZİZİM
 
Hər il orta hesabla iki milyon turistin ziyarət etdiyi Konyanın ən böyük qəzası Səlcuqludu. Yaşı 3 min illik vaxt-zaman məsafəsi ilə ölçülür buradakı məskunlaşmanın. Möhtəşəm tarixi əsərləri, muzey və sarayları ilə önəmli bir turizm mərkəzidi Səlcuqlu. Tarixi Sille məhəlləsi burada yerləşir.

Böyük Səlcuqlu İmperatorluğunun hökmdarı Sultan Alp Arslan zamanında belə səsləniş edirdi ərzin səs çatıb-ün yetərinə: “Biz türklər təmiz müsəlmanlarıq və bidət bilmərik. Buna görə də Allah xalis türkləri əziz tutur”.

Tarixi həqiqətdir ki, bəzən bəyliklər çox böyüyür, genişlənir və böyük bir imperatorluğa da çevrilə bilirdi. Məsələn, “bir Səlcuq bəy, bir Osman bəy çıxır, öz adları ilə anılan bəylikləri yenə öz adları ilə anılan bir imperatorluq halına gətirirdilər”. Böyük Səlcuqlu İmperatorluğu 1040-cı ildən başlayaraq, 117 il idarəçiliyini sürdürmüşdü. Bu imperatorluqdan 29 il sonra qurulan Suriya Səlcuqlu İmperatorluğu 118 il ömür edə bilmişdi. Girman Səlcuqlu imperatorluğunun hökmranlığı isə daha az, 95 il olmuşdur. İraq Səlcuqlu dövləti ondan daha az – cəmi 35 il tarixə yoldaşlıq etmişdi. Anadolu Səlcuqlu dövlətinin ömrü isə 215 illik bir zaman məsafəsiylə ölçülməkdədi. O böyük, tam bir yüksəliş dövrü olan dövlətin xatirəsini Səlcuqlu bələdiyyəsi özündə yaşatmaqdadı. Ənənə bu gün də davam edir. Sille bələdiyyəsinin ərazisinə nəzər salmaq bəhs edər; Karadaş camisi, Məzarkayası camisi, Ak cami, Məzarlıq, Kızıl, Mağara kilsələri, Hacı Əli Ağa, Subaşı, Karadaş tarixi  çeşmələri, qədim Sille qonaq evi Sille məhəlləsində yer alıb. Konyaya yolunuz düşsə bu gözəl tarixi məkanları görmədən dönməyin...

Sultan Alaeddin Keykubad tərəfindən Səlcuqlu sarayı yaxınlığında ucaldılan cami Səlcuqlu memarlığının ən möhtəşəm abidələrindən biri kimi hələ də diqqət çəkməkdədi.
1264-cü ildə İkinci İzzəddin Keykavus tərəfindən yapdırılmış İnce Minarə muzeyi hələ də tarixə yoldaşlıq edir.

Karatay çini əsərləri muzeyi, Zazadin hanı burdadı.
Tarixi Alaeddin Təpəsi Səlcuqlu qəzasında yer alıb. Eləcə də Ak Monastr, İnce Minarə. Bu minarə Konyada turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir.
 
BURASI AHIRLIDI
 
Ahırlı qəzası isə ən çox bağçılıq, taxılçılıq təsərrüfatı ilə məşhurdu. Burada bol-bol noxud yetişdirilir. Mərkəzi Seydişəhər – Bozkır şosse yolu üzərində yer alıb.
 
BU DA KARATAY QƏZASI
 
Bütövlükdə 24 kəndi birləşdirən Karatay, 8 kəndi əhatə edən, torpaqları May Barajının sularından barınan Ağörən qəzalarını gəzib-dolanmağa zamanmı yetər? Hələ bir Ağşəhər qəzası gözləyir səni; batısından Sultan dağları, Ağşəhər gölüdü əl edən sənə... “Gəl məni seyr et” deyir Adıyan çayı. Bu qəza Xoca Nəsrəddinin yaşadığı bir yer kimi tanınır. Hər il ənənəvi Nəsrəddin Hoca şənlikləri başlanır burda.
 
HƏR BİRİ ƏZİZDİ, DOĞMADI MƏNƏ...
 
Altunəkin, Bəyşəhər qəzalarından söz açım sizə... Bəyşəhərin quzeyi Sultan Dağları, doğusu Ərənlər, güneybatısı Dədəgöl dağları ilə çevrələnib. Böyükkörpü və Böyük çayları burdan axıb keçər öz nəğməsiylə. Burada mədən sularının qaynağı boldur.
Bozkır qəzası 10 kəndi bağlayır bir-birinə. Yıldızlı dağları bu səmtdən baxar, güney batısında Esenler dağı... Çerşenbe suyundan içəsən gərək...

Cihanbəyli qəzası Cihanbəyli obası, İnsuyu dərəsi, Duz gölüylə çevrələnib. Çəltikli, Dərbənd qəzaları göz çəkir elə. Dərbənd Aladağın ətəyindədi. Dərəbucuq qəzası Dədəgöl, Geyik, Geytan dağlarına söykənib durur. Bağ-bağat yeridi ilkdən, əzəldən. Doğanhisar qəzası səbzə və meyvə məskənidi. Burda mal-qara bəslənər bütün fəsillər.
Əmirqazi, Ərikli qəzaları fabrik, zavod yatağıdı.

Hadim qəzası zəngin meşəsiylə, Göysuyuyla tanınar. Eləcə də Güneysınır, Halkapinar qəzalarında dədə-babadan arpa, buğda, şəkər çuğunduru əkilib-biçilər.
Konyanın İlğın, Kadınhanı, Kulu, Sarayönü qəzalarının hər birinin öz gözəlliyi var. Dəyirmanözü və Bizarözü dərələri, Samsam, Köpek və Kiçik göllər Kulu qəzasının yavrularıdı. Daşkənd qəzası Geyik dağlarına sahiblik edir. Qoyun-keçi sürüləri barı-bərəkəti sayılır hər vaxt. Duzluqçu xəfif düzəngahlar məkanıdı. Mal-qara bəslənir bu gözəl eldə.
 
KONYA MƏTBƏXİNDƏN SÖZ AÇIM SİZƏ
 
Süfrələrdən Ərəbaşı, Bamya şorbaları kəm olmaz ki! Tirid bişirərlər, düyün plovu dəmlərlər. Ətrəkmək, Fırın kababı, Sacarası, yoğurt (qatıq) şorbasından dad ki, dadasan... Gözəl mətbəxi var Konyanın.

BURASI BİR ELM OCAĞIDIR
 
Konyada Səlcuq, Nəcməddin Erbakan, Karatay, Mevlana, Qida və Tarım Universitetləri kimi tanınmış elm-təhsil ocaqları var. Hər birində müəllimlik edən çoxlu dəyərli dostlarım var. Bu elm-təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin də sayı hər il daha da artır ki, onlar bu gün də, gələcəkdə də qardaş ölkələrimiz arasında bağların daha da möhkəmlənməsinə xidmət edəcəklər.
 
KONYANIN GÖZ-BƏBƏYİ MERAM
 
Yetkililər Meramı Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib.  İbn Battütadan tutmuş Evliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər Meramla bağlı ən səmimi ürək sözlərini söyləmişlər. Evliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı  Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

Meram kəlməsi “Amac, arzu, hədəf, qayə, mövzu” anlamındadı. Meram şəhər mərkəzindən 8 km-lik məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdı. Əsl gözəlliyini Səlcuklular zamanında əldə edib. Bu gözəlliklər Karamanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Meramın Mevlanalı və Mevlevili zamanları Səlcuklu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkardır ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. IV Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, “Cedidiyye”, “Hadika-i Maarif”, “Sefiyye” adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mevlananın özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən...
 
ÜÇ YOLLA GƏLƏRSƏN GƏLSƏN MERAMA
 
“Meram bir az məkandır, bir az da insan!” söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədi!” səslənişimi  boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mevlana Hüsaməddin Çələbinin bağında qonaqmış... Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər.  Yəni, iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəhcəhi Mevlananın xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər...” Ancaq Meramda xatirələr birər-birər ötməkdədi və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar” deyilməkdədi... Ən qədimi Əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni  yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi...
Məncə, Meramın bir əbədi, dəyişməz yolu da var ki, o da Könül, Qəlb yoludu.
 
«SƏNMİ YAŞLISAN, SAQQALINMI?»
 
Bir gün Mevlana Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mevlana ona ötəri bir nəzər salıb sorur: “Sənmi yaşlısan, saqqalınmı?”

Rahib “Mən saqqalımdan iyirmi il böyüyəm-deyir, - o, daha sonra çıxdı”.

Həzrət Mevlana bu cavabı alınca belə deyir: “Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; qaranlıq və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!”
Meramın öz kutsal, pirani keşmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mevlana nəsihətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Mecidiyye Camisi səmtindən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tapıb Yeniyol Caddesi boyunca yolçuluq edəsən gərək...Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdı. Çələbi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xamırı, mayası eşqlə yoğrulub Meramın” söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşbaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli “Nə yapalım?” deyə Mevlanadan soruşur. O da cavabında ayaqlarını qazanın altına salıb yemək bişirən aşbazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mevlana durumu görərkən “vay, atəşbaz, vay!”  deyərək gülümsünür. Aşçı Vəli Şemseddin Yusufun adı o gündən-bu günə “Atəşbaz Vəli” olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Meram yolu üstündədi. O səmtin adı “Aşıklar” deyə anılmaqdadı. Burası bir huzur köşəsidi. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mevlana xatirəsi oyanmaqdadı. Cemal Ali dede Türbəsinin qədim-qayımlığı şahiddi ki, bu deyilənlər doğruların doğrusudu. Cemal Ali Dədənin Mevlananın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanül-Ulemanın könüldaşları ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürüst səmtindədi. Bu tərəflər 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dere səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uyumaqdadı. Cemal Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididi. Bir az yorğun-arğın görünməyi var. Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddi.
 
MERAMI MERAM EDƏN ÇAY
 
Adını anmamaq imandan deyil... Meramı  məram edən, “Yaşıl olur bu Konyanın Meramı” dedirdən çayın haqqına sayqısızlıqmı göstərmək olar? Minillərdi axmasına ara verməyən, Konya ovasına həyat verən ölümsüz su qaynağıdı Meram çayı. Ruha lətafət verən dadlı bir məlhəm kimidi. Bir su ki, gül-çiçək, çəmən ətri daşıyar, ciyəri təmizlər, ömrü təzələr. Meram vadisinə quzey yaxasındakı Kadıyoxuşundan daxil olub, güneyə çıxar. Tavusbaba türbəsi ilə Hasbeyoğlu məscidinin quzey ətəyindəki Cənnət qayalarını yalayaraq ətrafa həyat bəxş edir, sonra ovalara yan alıb gedir. Burdan baxanda könül qanadlanır Şahanə körpüsü səmtə, Xatunsaray yolu üstünə marağın qov kimi qovur cismini.

Körpü üzərindən axışına baxdıqca ulu çinarların şəkillənməsi bəhsləşər kölgənlə. Böyüklü-kiçikli körpülər arasında ən önəmli olanı Meram körpüsüdü. Səlcuklular dönəmindən salındığı və ya Karamanoğulları zamanında yeniləndiyi bilinməkdədi...

Gedavet parkı bu gözəl məkanda seyr etməli ən gözəl yerlərdən biridir. Məram ən gözəl günlərini Səlcuklu və Karaman dönəmində yaşamış, bağlar, bağçalar arasına məscidlər, külliyələr yapılmışdır.
 
HƏR ƏSRİN ÖZ ŞAHİDİ
 
Sahib Ata Camisinin var olma tarixi 1253-cü ildən hesablanır. İplikçi 1201-dən öncə yapılıb, Hoca Hasan XIII əsrdə. Daş məscid 1215-ci ilin yadigarıdı. Erdenşihın yaşı 1220-ci ildən, Abdul Əzizinki 1253-cü ildən hesablanır. Ondan 4 il sonra Abdulmömün inşa edilib. Aksinne və Bulgür təkkəsi XIII əsrə. Azizeyə 1876-cı ilə aid abidələrdir. Meramda  Sərçəli Mədrəsəsi  Bedreddin Mühlisə aiddi, 1242-ci ilin abidəsi olaraq qorunur. (1264), Atəşbaz Vəli (1285), Serhavan (XIII əsr.), Turqutoğlu Türbələri (1432) koskoca ərdəmliyi ilə tarixə yoldaşlıq edir. Hələ bir Qızılörən (1206), Quruçeşmə (1205), Pambıqçı (XIV əsr) sarayları... Hansından söz açım, hansından danışım? Bəlkə Meramdakı külliyələrdən başlayım? Ən öncə Sahib Ata Külliyəsi gəlir, kitabəsinə görə 1258-ci ildə memar Kəlük bin Abdullah tərəfindən yapılıb. Mərmər işləmələri göz çəkir. Çini mehrabı öz dönəminin ən yaxşı örnəklərindən biridi. Mehrab çini sütunlarla çevrələnib. Füruzə rənginin kölgələnməsi ən müxtəlif çeşidlərlə bir araya gəlib. Caminin güney səmtində Sahib Ata Hanegahı yer alıb. Kitabəsinə görə 1279-cu ildə Allahın mömin qullarına mənzil və takva sahibi sufilərə məskən olaraq inşa edilmişdir. 1283-cü ildə Hanegahın quzey eyvanına türbə yerləşdirilmişdir. Sonra gəlir Sahib Ata Türbəsi... Türbənin üzərindəki yazıya görə türbə Səlcuqlu vəzirlərdən Sahib Ata Fəxrəddin Ali tərəfindən yapdırılıb. Ortasındakı çini sərdabələr üzərində qabartma yazılar yer alıb. Sərdabələrin ən böyüyü Sahib Ataya aiddi. Digərlərində oğlu Taceddin Hüseyn, Nəsrəddin Hasan, qızları Seyidə və Məsumə Məlikə Xatun və yaxınlarından Şəmsəddin Məhəmməd uyumaqdadırlar. Hər birinin sərdabəsi önündə ayaq saxlayır, fatehə verir, dua oxuyuram. Yazılması, ifadə edilməsi mümkünsüz olan bir sükut düşüncələrimi çəkib, aparır.
Xalq arasında Sultan hamamı kimi tanınan Sahib Ata Sultan hamamı burdadı. Səliqə-səhmanı bircə baxışdan hiss edilir, sadə görünüşlüdü.

Və nəhayət Sahib Ata Çeşməsi. XIX əsrin abidəsi olaraq qorunur. Topraklı su çeşməsi Üçler məzarlığının sol tərəfindədi. Məzarlığın Kərimlər səmti Koyuntoğlu muzeyi, İstiqlal şehitliyi, Üçler mərkəzinin sağ tərəfini çevrələyib. Aslanlı qışlası səmtində Konya mədəniyyət Mərkəzi göz oxşayır. Buradan Mevlana Kültür mərkəzinə 10-15 dəqiqəlik bir məsafə var. Şehit Nazim bəy camisi Mevlana muzeyinin sol səmtindədi. Buradan Körpübaşına, Makiboğlu camisinə aparan yollar keçir. Sahib Ata camisindən, Sahib Ata külliyyəsindən keçən yolların bir ucu Yavuz Səlim camisinə aparır. Konya Dövlət Teatrının möhtəşəm binasına yol burdan keçir. Atatürk Anıtına buradan yol ayrılır. Eləcə də Qazi liseyinə, Amber Reis camisinə, Şeyx Sedreddin Konevi Türbəsi və camisinə. Qazi liseyi səmtindən Atatürkün ev muzeyinə aparan yol bir göz qırpımı qədərdi. Hacı Hasan Camisi sol tərəfində, Abdulmömin məscidi sağda... Ondan da sağ səmti Tahir Paşa camisi çevrələmiş... Bir az da sağda Sərçəli mədrəsəsi öz kutsal, mistik durumu ilə gəlişimizə qucaq açır. Bu səmtdən Alaeddin bulvarı, Alaeddin türbəsi və camisi apaydın görünür. Az əvvəl bizi götürən arabalar bu ətrafı dolanıb keçmişdi. Ziyarət etdiyimiz camilərin,  anıt mərkəzlərinin paklığını, tarixi vüqar, fəxarət duyğularını qəlbimizdə sıx-sıx tutaraq döndük. Daş pillələrdən qalxan xəfif ayaq səslərimizi içimizə çəkə-çəkə döndük. Yığın-yığın xatirələrin, çeşidli tarix dönəmlərinin yuxusunu qaçırmamaq, ancaq nəfəsini, gerçəkliyini qoxumaq amacıyla yürüdük. Ayaqlarımızla yox, qəlbimizlə irəlilədik, duyğularımızın gül ətri götürdü bizi.
 
DƏRVİŞ KİMİ YAŞAR,
PADŞAH KİMİ UYUYARAM!..
 
Konyada göz önündə olanlardan çox abidələşib tarixə  gömülənlərin xatirəsi çəkir adamı. Alaeddin türbəsinin özündə ehtiva etdiyi tarix atdığım hər qədəmdə “mənə dön, ruhumu oyat” səslənişi edirdi. Böyük şairəmiz Məhsəti xanımın rübaisindən deyimlər keçir yaddaşımdan: “Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım...” Konya tarixinin qızıl səhifələrində yer almış bir çox tarixi şəxsiyyətlərin ruhu Alaeddin camisində bir arada uyuyur. Xəyal məni yenə Mevlana, Şəms, Konevi böyüklüyünün iç dünyasına çəkir. Bu cami önündə dayanıb da Şəms, Mevlana, Konevi düşüncəsinin dərkinə varmamaq mümkün deyil. “Dərviş kimi yaşar, padşahlar kimi uyuyaram...” – bunu Mevlana həzrətləri vəsiyyət olaraq buyurub. Konevi isə bir başqa tərzdə, ancaq eyni əxlaq ucalığıyla ifadə edib münasibətini: “Padşahlar kimi yaşar, dərviş kimi uyuyaram...” Hər iki halda ruhun əbədi paklığına sığınır bu dahi şəxsiyyətlər. Biri o birini təkzib etmir. Sadəcə olaraq eyni müstəvinin fərqli tərəflərindən bəhs edirlər.

Alaeddin təpəsi və camisi önündə dayanıb bu eyni anlamlı, fərqli biçimli deyimləri dönə-dönə xəyal edirəm...  Bu təpənin lap əlyetərində II Kılınc Arslan köşkü yer alıb. İnce minarə mədrəsəsi sol üzdədi. Kültür parkı, kitabxana, Ak cami də buralara yaxındır... Karatay Mədrəsəsi, Sakahani Xızır İlyas məscidi, Tarixi Dədə Bağçası, Hacı Veyiszadə camisi və külliyyəsi, Tacül Vəzir türbəsi, Fatma Hatun Ferhudə Süt təkkəsi, Yazarlar Birliyi Evi, Selimiyə çörəkxanası, Algav zaviyəsi və Mahmudiyyə mədrəsəsi bir aradadı. Zindanqala bir az aşağıda, solda yer alıb. Hacı Veyiszadə camisindən bir az solda Konya Böyük Şəhər Bələdiyyəsi qərar tutub. Buradan Xalçaçı camisinə keçən yol İstanbula aparır. Necə ki, Hacı Hasan camisindən sol tərəfə aparan yol Kazım Karabekir camisi istiqamətində Tarixi Meram Körpüsünə aparır. Konya Böyük Şəhər Bələdiyyəsinin sol səmtindən az məsafə var ki, Beyşehir, Hoca Cihan, Quruçeşmə və Qızılörən sarayları səmtinə yetə biləsən. Alaeddin təpəsinin və camisinin sağ çevrəsini Qazi Mustafa Kamal ilk öyrətim məktəbi, Mərkəzi Bank, Sənaye məktəbi, Şərafəddin camisi, İplikçi cami, Ziyarət Bankı, Konya valiliyi, Əski Osmanlı Bankı, Şəms camisi, Zenburi məscidi qapayır. Xınaçı məscidi, Əmir İshaak bəy, Seyfeddin Karasüngür türbələri, Kiçik Karatay mədrəsələri də bu səmtdədi. Yan tərəfində də Qız məktəbi. Dönüb bir də yenidən baxıram; Tacül Vəzir, Piri Mehmet, Kadı Mürsel, Kanı, Selimiyye, Cıvıloğlu, Senhevan, Ahu Baba Kadılar, Kürkçü, Abdulazaz, Asri camilərini ehtiramla ziyaret ettimmi? Ettim! Tarixi Dədə  Bağçasını seyr etdimmi? – etdim... Yusufağa kitabxanasına baş çəkdimmi? Ayrı cür ola bilərmi? Balıqlı, Fuar, Buğday Bizarı, Mehmet Ağa, Devri Cedid çeşmələrinin dupduru, abi-kövsər suyundan içdimmi? - içdim...

İxtiyarəddin, Karaeli, Çuxur Məhəllə, Sarı Çimilli, Nuh Əfəndi, Hasan Əfəndi, Hacı Veys camilərini göz, könül, düşüncə yaddaşıma köçürdümmü? – köçürdüm.

Bütün bunlar öz tarixi məqamında unudulmaz, doyulmaz və əzizdi. Ancaq Sadreddin Konevi Camisi və türbəsinin yaddaşımda oyatdığı unudulmaz duyğunu ayrıca qeyd etməyə bilmirəm... 

BU O SADREDDİN KONEVİDİ Kİ...

 Ömrünün son anlarına qədər Mevlana həzrətlərinin qəlbi bu mömin şəxsiyyətə qarşı səmimi bir məhəbbət hissiylə dopdolu olmuşdu! Mevlananın ən ağır durumlu vaxtlarında ona Allahdan sağlamlıq təmənnası umanların ilki, birincisi Sədreddin Konevi idi. Mevlananın son nəfəsində göz yaşı tökənlərə məhz Sədreddin Konevi səslənmişdi: “Nurun Nura qovuşmasını,  Ona yetməsini istəmirsinizmi?!”
Çələbi Husameddin Həzrəti Mevlananın vəfatına yaxın ondan sormuşdu ki, cənazə namazını kimin qılmasını istərdiniz... “Şeyx Sədreddin hepisindən evladır” söyləmişdi Mevlana.
Mevlananın vəsiyyəti üzrə bu özəl lütf Sadreddin Konevi həzrətlərinə nəsib olmuşdu. Vaxt yetdi, zaman çatdı. Konevi cənazə namazına başlamaq üçün irəli yeridi... Bir-iki qədəm atdı və... hıçqıraraq özündən getdi. Gecdən-gec toparlandı, vəsiyyəti yerinə  yetirdi. Rəvayətə görə o məqamda huşunu itirməsinin səbəbi cənazə namazında önündə mələklərin sıraya düzülməyi, məxsusi olaraq Həzrəti Peyğəmbəri görməsi olmuşdu. Digər bir rəvayətə görə isə Həzrəti Mevlananın cənazə namazı zamanı Sadreddin Konevi huşunu itirdiyindən onun əvəzinə Mevlananın cənazə namazını Kadı Siracəddin qılmışdır. İmam Əbu Hənifənin buyurduğu kimi, saleh, alim və arif insanların yad edildiyi yerə rəhmət və bərəkət enər. Bu ölümsüz düşüncələrlə baş-başa ziyarət edirəm Sadreddin Konevi Camisini. Necdeddin bəy Anadolu Selcuqluları dövləti xidmətində olmuş, bir neçə dəfə diplomat olaraq Bağdada getmiş, Mosul və Cizrədə tanınmış elm və din xadimləri ilə ünsiyyətdə olmuşdur. Belə bir şəxsiyyətin tərbiyəsini almış Konevi uzun müddət Şamda yaşayan hocası İbnül-Arabinin yanında qalmış, onun  yetişdirdiyi ən tanınmış tələbələrindən olmuşdur. 1274-cü ildə vəfat etdikdən sonra vəsiyyətinə görə bugünkü türbəsi yapdırılmışdır. Manzumə içərisində zaviyə, məscid, kitabxana, türbə, çeşmə və şadırvan yer alıb. Mənbələrə görə bu məkanı Sadreddin Koneviyə xəstə bir uşağı sağalda bildiyi üçün Selcuqlu dövlət xadimi Hoca Cihan bağışlayıb.  Bilirəm ki, Konyada Selcuqlu kitabxanalarının ən önəmlisi 1274-cü ildə Daş qalanın Çeşmə Qapısı yaxınlığında qurulan Şeyx Sadreddin Konevi kitabxanası olub. Özündən və babasından qalan kitablar bu məqamda bir araya gətirilib. Sadreddin Konevinin babası Malatyalı Hoca Fakih türbəsi və məscidi isə Konyada şəkər fabrikasının arxa qapısının qarşısında, əski  Bəyşəhər yolu ilə Meram-Yaka yolunun ayrıldığı yerdə qərarlaşıb.

Mənbələr qeyd edir ki, Hoca Fakih Ahmed Mevlananın babası Bahaeddin Veledin həm tələbəsi, həm də müridlərindən biri olub və onun haqqında bilgi verən Hacı Bektaşi Vəlinin “Vilayətnamə”sində də bu barədə qeydlər var. Bektaşiyə görə Ahmed Fakih Emir Cem Sultanın xəlifəsidir. Konyada uyuyan evliyalar haqqında o qədər tarixi məxəzlər, bilgi və qaynaqlar var ki! “Konyada haqlarında bilgi bulunan-bulunmayan yüzlərcə elm adamı olan Vəli və Nəbiyi bağrında barındıran üç mərkəz qəzadan birisi Meramdır”.
Bu kudsal məkanla bağlı olan tarixi şəxsiyyətlərin təkcə adlarını sayası olsaq gərək cild-cild kitablar bağlayaq. Türbəsi Meram təpəsi yamaclarındakı yaşıllıqlar və Karamanoğlu dönəmi tarixi abidələri arasında yer tutan Tavus Baba (Hatəmi Dədə) haqqında ayrıca bəhs edimmi? Nə yazıqlar ki, zaviyəsinin dəqiq yerini göstərməyimiz imkansızdı... Müridi Pirevi Sultan sağ olaydı kaş! Halıncı Baba, Şeyx Osman Rumi, Hasan Dumi sağ olaydı kaş! Bu unudulmaz, dadlı nağılı yenidən, birər-birər dilə gətirəydilər, söyləyəydilər yerli-yataqlı: “Sultan Əhməd Yəsəvinin ağacdan bir qılıncı vardı. Gətirib hörmətlə Hacı Bektaşi Vəlinin belinə qurşadı. Və sonra ocaqda yanan tut ağacının bir budağını götürüb qovzayaraq Anadoluya doğru tulladı. “Rumda bunu tutarlar” dedi. O yanan budağı Konyada Sultan Xoca Fakih əl atıb tutdu və  hücrəsinin önünə sancdı. O yanan tut budağı Allahın qüdrətindən göyərdi, bitdi, bar gətirdi”.

Bütün tarixi abidələr mübarək bir zatın mübarək əlləriylə dünəndən bu  günə ünvanladığı o yanan, od tutan tut budağı kimidi. Həmişə müqəddəs məkanlara doğru ox kimi süzür. Gərəkdi ki, onu saxlaya  bilən pak əlin ola, hücrənin qapısına saf niyətlə sanca və göyərdə biləsən. Göyərdə bildinsə tarixinin barını gətirəcək, nəslin, nəcabətin, millətin barınacaq, sahib çıxacaq bu ömür ağacına...  Kiçik Karatay Məscidi belə səsləniş edir öz tarixi yaşantılarıyla... Mecidiyye caminin minarəsindən yüksələn azan səsi bu həqiqəti anlatmaqdadı! Sahib Ata türbəsinin  naxışları eyni düşüncəni daşıyır. Erdenşah, Kömürçülər, Nuriye və Sarı Cimili camilərində zikr edilən dualar belə qoxuyur...

SU GƏLƏN ARXA SU BİR DƏ GƏLƏR 

Konya 1097-ci illərdə Selcuqluların baş şəhəri olaraq tanındı, yüksəliş dövrünü yaşadı. XII-XV əsrlərin siyasi qovğaları sonucunda dövlət mərkəzi olmaq durumuna  son qoyuldu, əvvəlki qüdrətini itirdi. Ancaq qos-qoca tarixi zaman-zaman Meramın ən ünlü əfsanələrinin mövzusu olan Qızlar qayası kimi ərdəmli, Daş Məscid kimi kutsal, Meram çayı qədər şəffaf qaldı. Yenə də müsafirləri sım-sıx gəlir. Yetər ki, Evliya Çələbinin məhrəm, doğmadan-doğma nəzərləriylə baxa biləsən, Şəms Təbrizi, Həzrəti Mevlana, Sadreddin Konevi əxlaqıyla ziyarət edəsən. O da eyni doğmalıqla gəlişinə könül aça, “bəri gəl!” deyə:

Beri gel, daha beri, daha beri...
...Sen bensin işte, ben senim işte!
 
Şair Mühlisə məxsus olan sözlərdi; Mevlana muzeyindəki bir lövhə üzərində həkk olunub. Ən doğru olanı budu. Fərmanı daşa təsir edənlərin izi əbədiyyət səhifəsinə düşər.  Konya bir əbədiyyət səhifəsidi – onu ruhən, tam mənasıyla, anlamıyla yaşaya bilənlər üçün!.. Yenə də Mevlana həzrətlərinin ruhunca səslənməkdədi: “Eğer dâima cennette olmak istersen, herkesle dost ol, hiç kimsenin kinini yüreğinde tutma! Fazla bir şey isteme ve hiç kimseden de fazla olma! Merhem ve mum gibi ol, iğne gibi olma. Eğer hiç kimseden sana fenalık gelmesini istemezsen fena söyleyici, fena öğretici, fena düşünceli olma! Çünkü bir adamı dostlukla anarsan, daima sevinç içinde olursun, iste o sevinç Cennetin tâ kendisidir. Eğer bir kimseyi düşmanlıkla anarsan, dâima üzüntü içinde olursun, işte bu gam da Cehennemin tâ kendisidir. Dostlarını andığın vakit içinin bahçesi, çiçeklenir, gül ve fesleğenlerle dolar. Düşmanları andığın vakit, için dikenler ve yılanlarla dolar, canın sıkılır, içine pejmürdelik gelir. Bütün peygamberler ve velîler, böyle yaptılar, içlerindeki karakteri dışarı vurdular. Halk onların bu güzel huyuna mağlup olup tutuldu, hepsi gönül hoşluğu ile onların ümmeti ve müridi oldular.”



Xəbərin oxunma sayı : 463




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap