Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Sonadək bankla mübarizə aparmaq lazımdır!” - Kredit borcu olanların əmlakı təhlükədə

Tarix 29.03.17, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Regionlarda borclulara məhkəmə qərarları paylanır

Azərbaycanda bank sektorunun ən böyük bəlası hesab olunan problemli kreditlərin həlli yolu hələ də müəyyən olunmayıb. Nəticədə banklar çıxış yolunu vətəndaşları kütləvi şəkildə məhkəməyə verməkdə görüblər.

Son aylarda banklar tərəfindən məhkəmələrə müraciətlər olunub və məhkəmələrdə borclunun iştirakı olmadan birtərəfli qaydada qərarlar çıxarılıb ki, borc ödənilmədiyi halda onların adlarında olan əmlaka həbs qoyulsun. Bu barədə məhkəmə qərarları demək olar ki, kredit borcu olan əksər vətəndaşlara göndərilib. Hazırda vətəndaşlar bu məhkəmə qərarları ilə bankların onlara qarşı hansı addımları ata biləcəyindən narahatdırlar.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirib. O vurğulayıb ki, bankların vəziyyəti ağırlaşdıqca onlar borclulara qarşı amansız olurlar: “O cümlədən məhkəmə, icra məmurları və hətta polisdən də müxtəlif yollarla istifadə edərək əhalidə xof yaratmaq istəyirlər. Sadəcə olaraq, onlardan qorxmaq lazım deyil. Təcrübəmiz göstərir ki, haqqını bilən və tələb edəndən dərhal əl çəkirlər. Bilməyənin isə üstünə gedirlər. Ona görə də bir neçə məsələni xüsusi qeyd etmək istərdim. Əvvəla, hamı bilsin ki, borc hər kəsin rəsmi əmlakı və gəliri hesabına qaytarılmalıdır. Əmlak yoxdursa, borcun qaytarılmamasına görə borclunu heç bir məsuliyyət gözləmir. Əmlak dedikdə nə başa düşülür? Torpaq, ev, avtomobil və digər əşyalar. Vətəndaşın yalnız bir evi varsa, onu əlindən ala bilməzlər. Bu zaman yaşayış üçün zəruri əşyalar istisna təşkil edir: paltar, çarpayı, soyuducu və s. Hər hansı əşyanın vətəndaşın evində olması mütləq ona mənsub olması demək deyil. Qohumları ilə birgə yaşayırsa, icra məmuru əşyanın məhz borcluya məxsus olmasını sübut etməlidir. Məsələn, tutaq ki, kişiyə məxsus evdə arvadı, oğlu və gəlini yaşayır. Evdə bahalı mebel var. Gəlin iddia etsə ki, mebel onun cehizliyidir, təbii, qayınatasının borcu üzrə həmin mebelə tutma yönəldilə bilməz. Yaxud evdə zərgərlik məmulatları var. Kişinin arvadı və gəlini həmin məmulatlarını onlara məxsus olduğunu iddia edə bilər. Evdə kompüter varsa, oğlu deyəcək ki, kompüter onundur və s. Yəni əmlakın mənsubluğunu sübut etmək vəzifəsi dövlət orqanının üzərindədir”.

Hüquqşünasın sözlərinə görə, vətəndaşın yalnız yaşayış minimumu təmin edildikdən sonra onun gəliri borc üçün tutula bilər: “Gəlir dedikdə nə başa düşülür? Əmək haqqı, pensiya və bu kimi gəlirlər. Həmin gəlir borclunun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etdikdən sonra nə isə qalırsa, həmin artıq məbləğdən borc tutula bilər. Özü də maksimum həmin aylıq gəlirin yarısı tutula bilər. Hazırda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğindədir. Məsələn, ər-arvad və yetkinlik yaşına çatmayan iki uşaqdan ibarət ailədir. Onların cəmi yaşayış minimumu 602,2 manat təşkil edir. Yalnız kişi işləyir və əmək haqqı 500 manatdır. Bu əmək haqqından borc üçün heç nə tutula bilməz. Tutulsa, şikayət etmək lazımdır. Bəzən bankların sifarişi ilə borclu kişiləri İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən 10 günlük inzibati həbs edirlər. Əslində həmin maddəyə görə, məhkəmə qərarını üzrsüz icra etməyən şəxs həbs edilə bilər. Konstitusiya Məhkəməmizin bu barədə qərarı var, orada deyilir ki, məhkəmə qərarının qərəzli icra edilməməsi ittihamı üçün şəxsin imkanının olması sübut edilməlidir. Şəxs pulsuzluq ucbatından məhkəmə qərarını icra edərək borcunu qaytara bilmirsə, bu, şübhəsiz, üzrlü səbəbdir. Azərbaycanın qoşulduğu İnsan Haqları və Azadlıqları üzrə Avropa Konvensiyasına görə də borcunu ödəyə bilməyən həbs edilə bilməz. Buna baxmayaraq, ötən il bir neçə dəfə belə həbslər olmuşdu. Təbii, bankların sifarişi ilə. Çünki əhalidə xof yaratmaq istəyirlər. Təbii, əksər icra məmurları və məhkəmələr belə şərəfsizliyə getmir. Belə hallarla bağlı Avropa Məhkəməsinə də şikayətlər yollamışıq, onlar icraata qəbul edilib. Buna görə də belə hallardan da heç kəs qorxmasın. Bununla üzləşənlər mütləq şikayət etməlidir”.

Ekspertin sözlərinə görə, vətəndaşın iştirakı olmadan çıxarılan məhkəmə qərarlarından qorxmaq lazım deyil: “Bəzən vətəndaşın iştirakı olmadan məhkəmələr borc üzrə qərar qəbul edir və borclular bundan sarsıntı keçirir. Qətiyyən qorxmaq lazım deyil. Həmin qərarlar əmr adlanır və qiyabi çıxarılır. Amma onu almış borclu 10 gün ərzində heç bir əsas gətirmədən hakimə yazılı etiraz yollayıb əmri ləğv etdirə bilər. Hakim mütləq ləğv etməli və əyani məhkəmə prosesinə başlamalıdır. Bəzən belə əmrləri vətəndaşa heç göndərmirlər. İcra məmuru peyda olub deyir ki, əmr var, ya ödə, ya da həbs edəcəyəm və s. Bu halda da soyuqqanlı olmaq lazımdır. İcra məmurundan və ya məhkəmədən əmri tələb edib ona etiraz vermək lazımdır. Xatırladıram ki, etiraz müddəti yalnız onu aldıqdan sonra 10 gündür. İcra məmuru nə deyirsə, özü üçün deyir”.

Əkrəm Həsənov bütün borclulara məhkəmə proseslərində mütləq iştirak etməyi tövsiyə etdi: “Ən azı borcun həqiqi məbləğini müəyyənləşdirmək üçün hakimdən mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsinlər. Təcrübə göstərir ki, əksər hallarda banklar şişirdilmiş rəqəmlər təqdim edir və ekspertlər borc məbləğini azaldır. Daha sonra cərimə məbləğlərinin də azaldılmasını hakimdən xahiş etmək olar. Dollar krediti üzrə isə Konstitusiya Məhkəməsinin qərarına əsasən güzəşt tələb etmək, hətta şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək olar. Yəni sonadək bankla mübarizə aparmaq lazımdır. Ümumiyyətlə, borclular nə qədər çox mübarizə aparsa, haqqını tələb etsə, qanun pozuntuları bir o qədər az olacaq və banklar çarəsizlikdən güzəştə getməyə məcbur olacaq. Son vaxtlar banklar güzəştlərə getməyə başlayıb. Sadəcə, regionlarda əhalinin hüquqi və maliyyə savadı daha aşağı olduğu üçün onların üzərlərinə daha çox gedirlər ki, qohum-qonşuların hesabına qorxudan krediti qaytarsınlar. Borclulara tövsiyəm odur ki, mətanətli olsunlar, bir-birinə dəstək olsunlar. Bir-birilərinin məhkəmə proseslərində iştirak etsinlər, bir-birilərini müdafiə etsinlər”.




Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap