Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Özü-özünü yandıran atəş – Mikayıl Müşfiq niyə öldürüldü? (ARAŞDIRMA)

Tarix 05.11.18, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Ramazan SİRACOĞLU,
Professor
siracoglu


Ədəbiyyat aləminə gəldiyi andan diqqət mərkəzində olan unudulmaz şairimiz Mikayıl Müşfiq əbədiyyət dünyasına köçəndən sonra unutdurulmağa çalışılsa da, bir an olsun belə, unudulmadı və unudulmur. İctimai həyatımızda  bu qədər məşhurlaşdırılan, populyarlaşdırılan, fəxri titullara qərq etdirilən, “bəh-bəh”lə təriflənib göylərə qaldırılan, cəmiyyətimizə “ilahi nemət” kimi təqdim olunan yüzlərcə adın içində Müşfiq ismini bizə daha doğma və munis qılan, özümüzünkü edən, bizim düşüncəmizdə onu ülviləşdirən səbəb nədir, görəsən?

Azərbaycanın fitrəti şeiriyyətdən yoğrulmuş əbədiyaşar şair oğlu Müşfiq poeziya kəhkəşanının parlaq dan ulduzudur. O kəhkəşanın ki, orada Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid və Vahid kimi dirəxşan səyyarələr bərq vurur.

Son günlərdə mərhum şairin nəşinin qalıqlarının aşkarlanması xəbəri ilə bağlı kütləvi informasiya vasitələri sensasyon xəbərlə  çalxanmaqdadır. Nə qədər təskinləşdirici informasiya olsa da, bu xəbər, istər-istəməz, beyinlərdə şübhələr də yaradır: görəsən, o tapıntı, doğrudanmı, Müşfiqə aiddir?

Mikayıl Müşfiq musavat ile ilgili görsel sonucu

Bu yazı şair Mikayıl Müşfiqi gənc yaşında məhv etmiş, adı xalqı vahiməyə salan məşum NKVD-nin— Xalq Daxili İşlər Komissarlığının- 1937-1938-ci illərdəki fəaliyyəti  və o quruma yardım etmiş “proletar şairlər” haqqındadır.

10 iyul 1934-cü ildən  15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş NKVD ( Народный Комиссариат Внутренних Дел ) 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də,  tüğyan etmiş kütləvi repressiyanın  birmənalı şəkildə təşkilatçısı və icracısıdır.

NKVD-yə ilk olaraq  Henrix Yaqoda  başçılıq etmişdir. 26 sentyabr 1936-cı ildə Nikolay Yejovun NKVD-yə baş komissar təyin edilməsi ilə bu komissarlıq tədricən dövlət içində dövlətə, fövqəlsəlahiyyətli quruma, qorxunc repressiya maşınına çevrildi. Nikolay Yejovun NKVD-yə rəhbərlik etdiyi iki il iki ay ərzində  (26.09.1936— 25.11.1938 ) NKVD-nin, demək olar ki, nüfuz etmədiyi ailə, vahiməyə salmadığı şəxs qalmadı. Tam mənada qaniçən, insanlara ürəyində zərrə qədər mərhəmət hissi olmayan, tabeliyində olanlardan ziyalılara qarşı xüsusi amansızlıq və qəddarlıq göstərməyi tələb edən, istintaq altında olanlara ağlagəlməz işgəncələr tətbiq edilməsini  əmr edən 1 metr 49 sm boylu Nikolay Yejov 8 iyul 1937-ci il tarixində 57788 saylı direktiv imzalamışdı.



Bu direktiv “Sovet İttifaqında antisovet türk-tatar milliyətçi təşkilatlar üzrə operativ iş” adlanırdı (Bax: Директива НКВД СССР № 57788 об оперативной работе по антисоветским тюрко-татарским националистическим организациям, от  8 июля 1937г.).

1937-ci ilin mart ayından bütün Sovet İttifaqında sözdə antisovetizmə qarşı start götürən kampaniya bu direktivdən sonra geniş vüsət aldı. Bütün təşkilatlarda, idarə və müəssisələrdə, orta və ali məktəblərdə, elmi qurumlarda antisovetizm izləri axtarılmağa, “xalq düşmənləri”nin ifşasına başlanıldı. “Yuxarı”lara və əlaqədar təşkilatlara hər gün “aşağı”lardan çuval-çuval “tələbnamə”lər, “zəhmətkeş siqnalları” daxil olur, “dəmir komissar”dan təkidlə lazımi ölçü götürməyi, “kommunizmə getməyə mane olan siyasi avantüristlərdən bizi xilas etməyi” xahiş edirdilər. “Zəhmətkeşlərin haqlı tələbləri”nə biganə qala bilməyən NKVD-nin baş komissarı N. Yejov 30 iyul 1937-ci ildə“Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat” haqqında  00447 saylı əmr imzaladı (Bax: Об операции по репрессированию бывших кулаков, уголовников и др. антисоветских элементов).

Bu əmrə görə, siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə  zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsni təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında “üçlüklər – troykalar” yaradıldı. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – “troyka”nın – tərkibi Xalq Daxili İşlər Komissarı Y. Sumbatov- Topuridzedən– sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi.

Sonrakı dövrdə  respublika “troyka”sının fəaliyyətini Xalq Daxili İşlər Komissarı M. Rayev – sədr, Ağahüseyn Hüseynovvə Teymur Yaqubov davam etdirmişlər.  Tutulanları iki kateqoriya üzrə – birinci və ikinci kateqoriya üzrə – istintaqa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar  güllələlənirdilər, “bəxti gətirib” ikinci kateqoriyaya düşənlərə isə 8 -10 il həbs cəzası təyin edirdilər.

Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən “üçlüklər”ə  SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1500, II kateqoriya ilə -3750 məhbus, cəmi- 5250 nəfər cəzalandırılmalı idi. 

Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, o illərdə bütün Sovet İttifaqında “staxanovçuluq” adlı gülünc bir kampaniya da başlamışdı (Donbas kömür mədənində işləyən A. Staxanov adlı bir fəhlə, guya, bir iş növbəsində 7 ton əvəzinə 102 ton kömür çıxararaq, planı 15 dəfə artıq yerinə yetirmişdi).

Bütün sahələrdə olduğu kimi, NKVD işçiləri də “vətənə normada nəzərdə tutulduğundan daha artıq cinayətkarı yaxalayıb zərərsizləşdirmək, kommunist əməyi zərbəçisi” adını almaq üçün canfəşanlıq göstərir, müstəntiqlər daha qısa müddət ərzində “etiraf”lar əldə etməyə səy göstərirdilər. İnsani dəyərlər, əxlaq, humanizm, ədalət onlar üçün heç nə idi. Ona görə də NKVD-yə gətirilənləri nəyin bahasına olursa-olsun “danışdırmağa”, “sındırmağa”, “cinayət əməllərini etiraf”a məcbur edirdilər.

SSRİ prokuroru A. Vışinskinin yorulmadan, pafosla təkrarlamağa ərinmədiyi “etiraf bütün dəlillərin şahıdır” ifadəsi NKVD müstəntiqlərinin devizinə çevrilmişdi. Qeyd olunmalıdır ki, bütün təşkilat, idarə, müəssisə və iş yerlərində cani-könüldən NKVD-yə bacardığı “köməyi” əsirgəməyən titullu və ya titulsuz adamlar mövcud idi. Onlar NKVD tərəfindən barəsində həbs qəti-imkan tədbiri seçilən şəxslər haqqında dərhal “ifşaedici” məlumatlar yazır, mətbuata çıxış imkanı olanlar isə, qəzetlərdə uzun sicilləmə yazaraq dünənə qədər dostluq etdikləri şəxsi ən ağlagəlməz ifadələrlə təhqir edən yazılarla, barəsində ən ağır cəza hökmü çıxarılmasını tələb edirdilər.











Azərbaycanda siyasi motivlərlə şübhəli bilinənlərlə NKVD-nin dördüncü şöbəsi məşğul olurdu. Həmin şöbənin rəisi Tsinman  Lev Abromoviç adlı bir cəllad idi.  Bu şöbə SPO (Секретно-политический отдел) –Məxfi Siyasi Şöbə adlanırdı. Bu Məxfi Siyasi Şöbə müstəntiqlərinin arsenalında onların fantaziyasından asılı olan hər cür işgəncə şəkilləri vardı.

Qeyd edək ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Bəkir Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Abbas Mirzə Şərifzadə və çox sayda  digər dəyərli şəxslər məhz bu şöbədə, onun qəddar müstəntiqləri tərəfindən istintaq edilmişlər. Anası gürcü, atası erməni olan Yuvelyan Davıdoviç Sumbatov-Topuridzenin (Kutaisi quberniyasının Qapana kəndindən idi) başçılıq etdiyi Azərbaycan NKVD-nin SPO adlanan şöbəsində xüsusi qəddarlığı ilə seçilən iki müstəntiqi vardı:Qalustyan Konstantin Boqdanoviç və Platonov Geogiy Aleksandroviç.

Hüseyn Cavid və Mikayıl Müşfiq daxil olmaqla bizim dəyərli şəxsiyyətlərimizi məhz onlar dindirmişlər.

Hər iki NKVD müstəntiqinin sınanılmış istintaq taktikası vardı. Gecə yarısı şöbəyə gətirilənləri ilk öncə bir neçə saatlığına divardakı  qutu kimi çox dar, oturmaq mümkün olmayan qaranlıq, dəmir qapılı bokslarda saxlayırdılar. Növbəti gecəyə qədər onlar “unudulurdu”. Sonra boksun qapısı açılır və onlar NKVD  nəzarətçilərinin müşayiəti ilə müstəntiqin hüzuruna gətirilirdilər. Bu zaman xüsusi diqqət edilirdi ki, saxlanılanlar dəhlizdə heç kimlə qarşılaşmasınlar.

Müstəntiqlər Qalustyan və Platanov şübhəli bilinənləri sirayətedici “komissar” nəzərlərlə süzür, sonra da onların oturmasına icazə verərlərmiş. Ənənəvi “kimsiniz, nəçisiniz, neçə yaşındasınız, ailə tərkibiniz nədir, iş və yaşayış yerinizin ünvanı necədir?” suallarından sonra əsas mətləbə keçər, əzbərlədikləri ifadəni xüsusi vurğuyla söyləyərlərmiş:

“Расскажите о своей контрреволюционной деятельности, но знайте, что нам все известно. Вы арестованы как участник контрреволюционной организации. Признаете в этом себя виновным? – Öz əksinqilabi fəaliyyətinizdən danışın, lakin bilin ki, hər şey bizə məlumdur. Özünüzün bu işdə müqəssir olduğunuzu etiraf edirsinizmi”?

Platonov və Qalustyan növbə ilə “qəddar – nəcib” müstəntiq rolları oynayarlarmış. Başqa sözlə, biri şübhəli şəxs qismində dindirilənə işgəncə verirmiş, o biri yox. Bu üsulla şöbəyə gətirilən şəxsin rəğbətini qazanıb onu etirafa təhrik edirlərmiş. Müstəntiqlərin işgəncələrinə dözmək nə nəzəri, nə də təcrübi baxımdan qətiyyən mümkün deyil. Onlar nələr törətməmişlər ki?  Tutulanları uzun müddət ayaq üstə saxlamaq, yatmağa qoymamaq, ac saxlamaq,  su verməmək, döymək, xlorlu suda saxlamaq, əl və ayaq dırnaqlarına iynə yeritmək, dırnaqları çıxartmaq, dişlərini qırmaq, bədən üzvlərini qapı arasında və məngənədə sıxmaq, “lastoçka” adlanan vəziyyətə gətirmək (şübhəli bilinən şəxsi üz üstə yatırdıb əllərini burub arxadan qandallayaraq ağzına ip keçirib ayaqlarının ucuna  bağlamaq), başıaşağı asmaq, papirosla vücudunu yandırmaq, məhrəm yerlərinə zərbələr endirmək və etik baxımdan yaza bilmədiyimiz bir çox alçaldıcı işgəncələr vermək (bunların arasında ailə üzvlərinə qarşı təhqiramiz hərəkətlər edilməsi, şübhəli qismində olanların analarına, bacılarına, qızlarına və həyat yoldaşlarına qarşı törədilən insanlıqdan uzaq əclaflıqlar da vardır).

Müstəntiqlər əvvəlcədən müəyyən olunmuş planı yerinə yetirməyə çalışırdılar. Bu iş onların  həm də rütbələrinin artmasına stimul idi.














Müstəntiqlər irəli sürdükləri ittihamlarının  qətiyyətlə təkzib edildiyini gördükdə, istintaq işinə “fasilə” verirdilər. Əslində isə onlar bu vaxt şübhəli qismində gətirdikləri şəxslərin iş yerlərinə rəsmi müraciət edir, şöbədəki tutuqluların “ifşa”sı üçün əlavə materiala ehtiyac duyduqlarını bildirirdilər. Bu zaman həmin iş yerlərinin “ştatlı işverənlər”inə yerli mətbuatda geniş imkanlar yaradılırdı. Onlar da bağlayıb gözlərini açırdılar gül ağızlarını. Şöbədə tutuqlu qismində saxlanılanlar haqqında lazımı əlavə materiallarla silalanmış müstəntiqlər bir müddətə “unutduqlarını” təkrar sorğu-suala çəkirdilər. Bu dəfə daha qəddar, daha amansız şəkildə.

Müstəntiqlər öz qurbanlarını, sadəcə, iki kateqoriya üzrə istintaq edir və onların sənədlərini təsdiq üçün respublika “troyka”sına – üçlüyünə göndərirdilər. NKVD nəzdində OSO(Osoboye soveşaniye) adlanan  Xüsusi Müşavirə fəaliyyət göstərirdi. NKVD rəhbəri ilə SSRİ baş prokuroru ikilikdə respublika “üçlük”lərinin güllələnmə hökmlərini təsdiq və ya rədd edirdilər. N. Yejov və A. Vışinskiy  1937-1938-ci illərdə ikilikdə 21 min 222 məhbusun taleyini həll edən hökmü imzalayıblar.

Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi  səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan  keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka – toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. NKVD-nin başçısı N. Jejovun 00447 saylı əmrinə görə, I kateqoriya üzrə (yəni, güllələnmə) üzrə hökmlər NKVD komissarının əvvəlcədən müəyyənləşdirdiyi yerdə, qaydaya uyğun olaraq, güllələnmə yeri və  vaxtı tam məxfi saxlanılmaq məcburiyyəti ilə  ilə yerinə yetirilirdi.

Məhkumları gecənin qaranlığında üstü brezent örtüklü “ZiS-105” maşını ilə dörd silahlı nəzarətçinin müşayəti ilə sahildə dayanmış  gəminin yanına gətirib, oradan Böyük Zirə (Nargin) adasına daşıyırdılar. Oradakı silahlı nəzarətçilər məhkumları təhvil alıb onları NKVD-nin xüsusi atıcı dəstəsinin hazır vəziyyətdə gözlədiyi yerə aparırdılar. Məhkumları üzüstə yerə yatırdıqdan sonra hökmün icrasına başlanırdı. Sonra məhkəmə həkimi qətlə yetirilənlərin gözlərini nəzərdən keçirib, ölüm aktını imzalayırdı. Əksər hallarda məhkumların cəsədlərinə ağır daş bağlayıb dənizə atırdılar. “Bəxti gətirən”ləri toplu halında basdırırdılar. Qətlə yetirilənlərin yaxınlarına isə yalandan məhkumun sürgün olunduğunu və on il məktublaşmamaq cəzası aldığını söyləyirdilər. 





























Mikayıl Müşfiq haqqında çıxarılmış hökmün dəqiq olaraq harada icra olunduğunu müəyyənləşdirmək üçün “Son dərəcə məxfi” qrifli arxiv sənədlərinin hamısının açılmasına ehtiyac var.

Xalq arasında parlaq şəxsiyyət və nadir istedad sahibi Müşfiq haqqında çox əfsanələr gəzir. Bəzi rəvayətlərə görə, guya, 1938-ci ilin yanvarında L. P. Beriya Müşfiqlə bağlı M. A. Bağırova zəng edib, o da “artıq gecdir”  söyləyib.

Xatırladaq ki, L.P. Beriya 22 avqust 1938-ci ilə qədər NKVD sistemində işləməyib və N. Yejovun zamanında fövqəlkomissarlıq olan NKVD-yə heç kim, həm də L. P. Beriya, müdaxilə edə bilməzdi. M. Bağırov və L. Beriya  subordinasiyanı yaxşı bilirdilər.

Başqa bir rəvayətə görə, Mikayıl Müşfiqi  şəxsən M. A. Bağırov özü güllələyib. Guya, Mikayıl Müşfiq ərköyün xasiyyətli, dəliqanlı adam imiş, istədiyi cür hərəkət edərmiş, yazıçı və şairləri hətta döyməkdən də qalmazmış. Onun bu cür hərəkət erməsi xəbəri M. Bağırova çatmış, o da əsəbiləşib  “onu gözümün önündən yox edin” deyib. Çekistlər də əmri yanlış anlayıblar və Müşfiqi güllələyiblər.  Tamamilə cəfəng fikirdir. Ali təhsilli, dərin savadlı, ictimai mühitin qayda-qanunlarını gözəl bilən, mərifət və ədəb sahibi Müşfiqi  sıradan bir “cayıl” kimi təqdim etməyə çalışanlar nə qədər də dayaz düşünürlər?!  Bu iddianın hüquqi və məntiqi əsası, demək olar ki, yox dərəcəsindədir.Zənnimizcə, bu versiya 1956-cı ildən sonra N. S. Xruşşov, R. Rudenko və onun satrapı A. Çeptsovun göstərişi ilə cəmiyyət arasında  M. A. Bağırova qarşı ikrah doğurmaq, onu alçaltmaq və xalqın nəzərini əsl günahkarlardan yayındırmaq məqsədilə uydurulmuşdur.  

Mikayıl Müşfiq gənç olmasına baxmayaraq, cəmiyyətdə baş verən  dəyişiklikləri, siyasi orientasiyanı, dövrün tələblərini çox  yaxşı görür və bütün təfərrüatı ilə dərk edirdi. Onun sosializm realizmi müstəvisində, xalqlar dostluğu zəmnində, o dövrün ictimai-siyasi tələbləri ilə səsləşən çox şeiri var. Müşfiqin qələminə məxsus olan “Stalin” poeması o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunurdu:


Bu yeni dünyanın məhvəri sənsən,

Fəcri Lenindirsə, səhəri sənsən !

Əsrin qan qırmızı alovlarından

Qurtaran bu yazıq bəşəri sənsən…


Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatı idi. M. A. Bağırovun ona xüsusi rəğbəti olmasaydı,  çətin ki, cürət edib Müşfiqi bu mükafata layiq görərdilər. Mikayıl Müşfiq “Azərnəşr” kimi çox ciddi bir nəşriyyatın direktoru idi. Respublikada nəşr olunan bütün ciddi siyasi-ictimai əsərlər məhz orada nəşr olunurdu. M. A. Bağırov Müşfiqə etibar etməsəydi, kim onu o vəzifəyə irəli sürərdi?

Bizcə, Müşfiqi NKVD qurbanına çevirənlər onun poetik istedadını, gündən-günə artan şöhrətini qısqananlar, paxıllığını çəkənlər, özlərini ona dost kimi tanıdıb ailə sirrini öyrənənlər, “partiya və vətən qarşısında  proletar borcunu yerinə yetirməyə çalışanlar”, “orden-medal həvəsinə düşənlər”, “o getsə, daha rəqibim qalmaz” düşüncəsiylə hərəkət edənlərdi. Axı NKVD rəsmiləri hardan bilirdilər ki,  Müşfiqin həyat yoldaşı Dilbər xanım Əhməd Cavadın qardaşı qızıdır? NKVD-nin iki-üç sinif təhsili olan soldafon müstəntiqləri “Azadlıq dastanı”ndan, “Səadət nəğməsi”ndən, “Göy göl”dən, “Duyğu yarpaqları”ndan, “Küləklər”dən nə anlayırlardı axı? Məgər onların Müşviqi oxumaq qabiliyyətləri vardı?  “Bizimkilər” isə Müşfiqi NKVD-yə,  Moskvaya  “Müsavat” ideoloqu  Əhməd Cavadın yaxın qohumu, ideoloji varisi kimi tanıtmışdılar.

Yeri gəlmişkən, M. A. Bağırov Əhməd Cavad birinci dəfə həbs olunanda xəbər tutub onu həbsdən azad etmişdi. Bu hadisə M. A. Bağırovun ÇK-da (Fövqəladə Komissiyada)  işlədiyi vaxt olub.














Bir  məqamı da xatırlatmaq lazımdır ki, M.A. Bağırov bir dəfə NKVD-yə müdaxilə etmək işinə görə Stalindən xəbərdarlıq alıb. NKVD şefi Sumbatov-Topurudze M. A. Bağırovla görüşəndə, necə olursa, sözarası Cavid əfəndinin bir neçə gün öncə NKVD tərəfindən saxlanıldığını söyləyir. M.A. Bağırov sakit tərzdə, “ailəsinə toxunmayın” deyir. Sumbatov-Topurudze də bu sözləri M. Rayevə çatdırır. M. Rayev az sonra Azərbaycan SSR NKVD-nin şefi olanda bunu Moskvaya, baş komissar N. Yejova xəbər verir.  SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan NKVD-nin yeni şefi M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında vaxtaşırı donoslar çatdırır, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış. Nəticədə M. Bağırov 1938-ci ilin avqust ayının ortalarında 10 gün respublika NKVD-nin şefi M. Rayevin  şəxsi nəzarətində  qalıb. N. Yejov Kremldə  M. A. Bağırov barədə tədbir görülməsi üçün İ. V. Stalinə müraciət edərkən  İ.V. Stalin, “bu gedişlə sən, yəqin,  mənim də  haqqımda  kompromat yığırsan” -deyə istehza edib.  Stalin  də Bağırovla görüşəndə “Yejova bəhanələr verməyin”deyib. 1938-ci ilin 22 avqustunda L. Beriyanın SSRİ NKVD-nin birinci müavin vəzifəzinə gətirilməsi M. A.  Bağırovu faktik olaraq ölümdən xilas ədib.

Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa  nə savadları, nə  də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə  Moskvaya göndərənlər də özgəsi deyildi.

Müşfiqin “Küləklər” şeirindəki –

Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!

bəndinə irad tutmuşdular:  “Müşfiq dağlara qaçmaq, ürəyindəki gizli fikirləri orada söyləmək istəyir. Əgər onun gizli qara niyyətləri yoxsa, nə səbəbə dağlara qalxmaq istəyir?”

Müşfiqin romantik səpkili  “Kimidir” şeirində şifrəli  məlumat olduğu iddia olunurdu:

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir-

“Nədən Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu  rəngin islam dininin rəmzi olması məlum deyilmi? Əcəba, başqa rəng yoxdurmu?”

Bədxahları Mikayıl Müşfiqin məharətli  təbiət təsviri verilmiş lirik “Buludlar” şerinə əksinqilabçı çağırış mənası “tapmışdılar”:

Çünki keyfim kökdür, damağım çağdır,

Şimşək çaxdırmaya mən də hazıram,

Buludlar başında partlayacaqdır,

Könlümdə qıvrılan böyük ildırım.

“Uzun müddət maskalnaraq sıralarımıza daxil olmağı bacarmış Müşfiq öz oxucularını “Buludlar” şeirində silahlı üsyana səsləməyə  də cəsarət bulmuşdur”.

Təsadüfi deyil ki, Müşfiqi tanıyan bəzi “vətənpərvərlər”in yorulmaq bilmədən “dəniz kənarına” ( adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri  üçün oranı belə adlandırırdılar ) ünvanladıqları məlumatlar (oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşviqin həbsi üçün  artıq “hüquqi zəmin” yaradılmışdı.

Müşfiqin M.Bağırov tərəfindən həbs etdirilməsi inandırıcı görünmür. Zənnimizcə, respublikanın siyasi rəhbəri o qədər iş-gücün arasından imkan tapıb NKVD-nin kimləri həbs etməsi barədə xəbərdar ola bilməzdi. Bəziləri düşünürlər ki, Bağırovun Müşfiqə antipatiyası varmış. Sual yaranır:  M. Bağırov qeyri-adi qabiliyyəti ilə könülləri fəth etmiş Müşfiqə qarşı niyə ədavət bəsləməliydi ki? 1936-cı ildə M. A. Bağırovun sədr olduğu dövlət komissiyası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən şeir müsabiqəsinə Mikayıl Müşfiqin təqdim etdiyi “Səhər”poemasını  “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görmüşdü.



Göründüyü kimi, M. A. Bağırovun  Mikayıl Müşfiqə  qarşı heç bir narazılığı ola bilməzdi.  

Digər tərəfdən, M. A. Bağırov hər gün yüzlərcə partiya, təsərrüffat, sovet fəalları ilə görüşdən, müşavirələr, danışıqlar, iclaslar keçirməkdən vaxtı var idimi ki, ədəbi əsərlər oxusun? Mərkəzi Komitənin ideoloji iş üzrə katibliyi ona çıxışlar üçün mətn hazırlayırdı. Mətn hazırlanan zaman müxtəlif sahələrin rəhbərlərindən yazılı məlumatlat tələb olunurdu. Müvafiq qurumların rəhbərliyi də tələb olunan məlumatları Mərkəzi Komitəyə təqdim edirdi.  Təbii olaraq, yazıçı və şairlərin fəaliyyəti barədə məlumatları da Yazıçılar İttifaqının rəhbərliyi hazırlayırdı. Kimin hansı mövzuda, nə yazdığını, necə yazdığını Yazıçılar İttifaqından daha yaxşı  kim biləcəkdi ki?

Müşfiqin şairlik qabiliyyəti qarşısında, söz meydanında aciz qalanlar, çağlayan təbinə duruş gətirə bilməyənlər NKVD-yə göndərdikləri məlumatlarla – “donos”larla onu təcrid edə bildilər. Təsəlliverici tərəf budur ki, Müşfiqin günahsız qanı yerdə qalmadı. Cavidi, Müşfiqi, Mümtazı, Sanılını, Nəzərlini, Çobanzadəni, Xuluflunu və başqalarını xüsusi qəddarlıqla istintaq etmiş Qalustyan K.B. 22.04.1938-ci ildə, Platonov Q.A. 26.08.1938-ci ildə güllələndi; Tsinman L.A. 28.11. 1937-cildə  tutuldu, 20 il həbs cəzası aldı, 1952-ci ildə dəlixanada öldü; Azərbaycan SSR “üçlüyü”nə 10.01.1938- 11.11.1938-ci il tarixində başçılıq etmiş NKVD şefi Rayev Mixail Qriqorieviç  (əsl familyası və adı Kaminskiy Yakov Semyonoviç imiş, uzun müddət saxta sənədlərlə çalışıb ) 12. 11. 1938-ci ildə həbs olundu və  04.03.1939-cu ildə güllələndi.  

1936-cı ilin mayında oxucularla görüşündə Mikayıl Müşfiqdən soruşmuşdular ki, onu ən çox qorxudan nədir? Müşfiq də bir anlığa susmuş, sonra da bu misraları söyləmişdi:

Bağdadda xurmalıqlar,

Su dibində balıqlar.

Ölüm Allahın əmri,

Olmaya ayrılıqlar…

4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijni Priyut, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi ) ünvanında yerləşən mənzilindən  alıb gedən “çornı varanok” (“черный воронок”- Qaz-M1. Həbslər bu maşınla gerçəkləşdirildiyindən ona “qara qarğa” adı verilmişdi) istedalı şairi xalqdan cismən ayırsa da, mənən heç ayıra bilmədi. Qədirbilənlərin qəlbində Müşfiq sevgisi özünə yer tapdı. Onun adını unutdurmağa çalışanların özləri tarixin dolanbaclarında unudulub getdilər. Yazdıqları kitablar maklaturalıq oldu, məddahlıq etdikləri rejimlə bərabər özləri də tarixin tozlu arxivinə gömüldülər, ciblərində “şairlik knijkası” gəzdirsələr də, şair ola bilmədilər, qafiyəli söz yığınından ibarət olan “ədəbi irsləri” oxucusuz qaldı. Müşfiq isə hər gün daha da doğmalaşdı, daha da  məşhurlaşdı.  İllər nə qədər gəlib keçsə də, özünün “Səməndər” şeirinin qəhrəmanı kimi, yanıb külə döndükdən sonra yenidən öz külündən ehya edən gur saçlı, şux baxışlı Müşfiq elə 29 yaşında, dodaqlarında donmuş təbəssümlə qalacaq, onu sevənlərlə bərabər daha firavan, daha məsud günlərə addımlayacaqdır.

Müşfiqi əndişələndirən ayrılıqlar, inşallah, bir daha olmayacaqdır.





Xəbərin oxunma sayı : 379




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap