Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi
Axtar
 
  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

Bəxtiyar Vahabzadənin oğlu:“Heydər Əliyev gülüb dedi ki, atan həmişə soveti söyüb, sən kimə çəkmisən?”

Tarix 14.08.17, 0:40

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 16-da mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin 92 yaşı tamam olur.
 
Əslində, həqiqi şair, yazıçı, rəssam, müğənni, bir sözlə, yaradıcı insan bütövlükdə xalqa məxsusdur. Hələ Bəxtiyar Vahabzadə kimi ömrünü, həyatını dövlətə, millətə həsr etmiş insanları xalq özününküləşdirər, onlara sahiblənər. 

Bəxtiyar Vahabzadənin doğum günü ərəfəsində filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadə  525-ci qəzetə müsahibə verib. İsfəndiyar müəllimlə söhbətin məğzini atası ilə bağlı xatirələri, düşüncələri təşkil edir. 

AzFakt.com müsahibəni təqdim edir: 

“Vətən anadır, millət atadır” 

– Bəxtiyar Vahabzadə ağlı kəsəndən dünyasını dəyişənə qədər “millət”, “vətən”, “dil” deyib. Elə məqamlar var, deyə bilərəm ki, millət onu yetərincə tanıyır, elə məqamlar var ki, deyə bilərəm tanımır. O, övladlarını da millətin yolunda qurban verməyə hazır idi. Onun millət azarına demək olar ki, mən də tutulmuşam. Atam həmişə deyirdi ki, “oğul, mənə baxma, mənə keçərlər, sənə keçməzlər”. Ancaq ona baxmayaraq, mənimçün də birinci yerdə vətən və millət durur. Bəxtiyar Vahabzadəni də bu mənada millət həm tanıyır, həm də tanımır. Bəlkə də sağlığında layiq olduğu yeri də almayıb.

Atamın həmişə mənə dediyi bir söz vardı: “Vətən anadır, millət atadır, onların heç birini bir-birindən ayırmaq olmaz”. Ancaq birinci yerdə ata, ikinci anadır, yəni birinci millət, sonra vətən. Bu, mənim özümdə də belədir. Mənimçün də birinci atam olub həmişə. Mən onu ata kimi sevməmişəm, ilahi biri kimi, peyğəmbər kimi sevmişəm. İllər öncə mən çox pis xəstələnmişdim, həkimlər xərçəngdən şübhələnirdilər. Hamı təlaş içində idi, mənsə, arxayın idim ki, atam onsuz da məni ölməyə qoymaz. Ona bu dərəcədə güvənirdim, inanırdım.

“İndi də yuxularımda onunla dərdləşirəm, məsləhət alıram”

– Mən içimə qapalı insanam, dostum da, demək olar ki, çox azdır. Ancaq həmişə atamla yaxın olmuşam, onunla dərdləşmişəm, ondan məsləhət almışam. İndi də yuxularımda onunla dərdləşirəm, məsləhət alıram. Hətta yuxularımda çox vaxt mübahisə edirik. Heç zaman yadımdan çıxmaz, ay yarım bundan öncə yenə də yuxuda gördüm onu. Gördüm ki, yolla getdiyim yerdə dərin bir quyuya yıxılıram. Nə qədər çalışıram, çıxa bilmirəm. Bir də gördüm quyunun başından atam çağırır ki, tut əlimdən çıxardım səni. Deyirəm ki, axı sənin gücün çatmaz məni çıxartmağa. O isə deyir ki, əşşi, ver əlini çıxardım. Əlimi uzadıram və o, məni çox asanlıqla quyudan çəkib çıxarır. Quyudan çıxdıqdan sonra istəyirəm onu qucaqlayım, baxıram ki, yoxdur.

Atamın mənə ilk hədiyyəsi 5 yaşımda aldığı şahmat olub. Özü şahmatı mükəmməl bilməsə də, mənə gedişləri öyrətdi. O zaman verdiyi tövsiyəni heç zaman unutmuram. Mənə dedi ki, əgər qarşındakını məğlub etmək istəyirsənsə, çalış onu hiss et, hər zaman rəqibinin üzünə bax, onda həyatda sənin bəxtin gətirəcək. Ondan sonra mən şahmatı davam etdirdim və Bakı şəhərində azyaşlılar üzrə şahmat yarışında ikinci yerə çıxdım, məhz atamın həmin tövsiyyəsi ilə. Atam siyasəti bilmirdi, özü də bunu etiraf edirdi, ancaq o, qarşısındakını hiss edirdi. Mən Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsində işləyəndə bu, daha çox köməyimə çatırdı. Çıxışım zamanı kim təbəssüm edir, kim əsəbiləşir, kim narahat olur, bunları duya bilirdim və bu da mənə insanları tanımaqda dostumu, düşmənimi seçməkdə yardımçı olurdu.

Sonuncu hədiyyəsi isə saatdır. Atam dünyasını dəyişəndə mən Azərbaycanda deyildim. Mənə xəbəri verəndə tələsik Bakıya gəldim. O zaman həmin saat onun qolunda idi. Sonradan saata baxanda gördük ki, yaxşıca işləyən saat yatıb, kiçik əqrəb səkkizin, böyük əqrəb isə üçün üstündə dayanıb. Atam səksən üç yaşında dünyasını dəyişmişdi. O vaxtdan həmin saatı mən taxıram.

“Atam məmur olmağımı heç zaman istəməyib”

– O, həmişə deyərdi: “Bu həyatda bəxtin gətirməsini istəyirsənsə, üç şeyə əməl et: heç vaxt heç nədən, heç kimdən qorxma, heç kimə inanma, heç nədən utanma”.

Məktəb illərimdə atam bütün klassik ədəbiyyatı, universitet illərində isə müasir ədəbiyyatı rus dilində mənə oxudurdu. Artıq ali təhsilimi bitirəndə mən dünya ədəbiyyatını kamil bilən bir adam idim. Ona görə də həmişə kitabların içərisində olduğumdan mənim normal uşaqlığım olmayıb.

Onun ən böyük arzusu həkim olmağım idi. Bunun üçün həmişə evdə mübahisə düşürdü. O zamanlar Şərqşünaslıq fakültəsi dəbdə idi. Mən də dəbə uyub bu fakültəyə daxil oldum. Doğrudur, sonradan iki dəfə sənətimi dəyişdim: Politologiyanı və Türkiyədə Diplomatik Akademiyanı qurtardım. Ancaq nəticədə məmur oldum. Atam isə məmur olmağımı heç zaman istəməyib.

Mən komsomol və partiya sahəsində işləyirdim. O, həmişə mənim orada işləməyimə gülürdü. Deyirdi, bu nədir işləyirsən, get özünə əməlli iş tap. Mən isə bu sahəyə ona görə getmişdim ki, atamı və atam kimi millətsevərləri o orqanlarda qoruyacaq bir adam olsun. Çünki orada bizdən birinə ehtiyac var idi.

Hətta o zaman yeni təyinatım zamanı mərhum prezidentimiz Heydər Əliyevin qəbulunda olarkən o, mənim sənədlərimlə, əvvəl işlədiyim yerlərlə tanış olanda gördü ki, partiyada rəhbər vəzifələrdə işləmişəm, güldü, dedi ki, sənin atan həmişə Soveti də, partiyanı da söyüb, bəs sən kimə çəkmisən? Əslində mən partiyaya inanmırdım, ancaq dövr məndən bunu tələb edirdi. Atam həmişə mənə deyirdi ki, milli məsələlərdə mən birəmsə, sən beşsən.

“Məndən bir övlad kimi razı deyildi”

– Atamın fikrincə, mən qeyri-adi uşaq idim, başdan-ayağa istedad bilirdi məni. Orta məktəbi zəif oxusam da, onun təkidilə bədii ədəbiyyatı oxuyurdum, özü də rusca. Sonra o məni məcburən musiqi məktəbinə yazdırdı. Mən istəməsəm də, deyirdi ki, məndə musiqi duyumu var, ona görə də mütləq bunla məşğul olmalıyam. Müxtəlif fənlərdən mənlə məşğul olmaq üçün 7-8 müəllim evə dəvət edirdi. Universiteti bitirəndən sonra mənə dedi ki, get elm sahəsinə, davam et, mən ona da getmədim. Uzun illər işimlə bağlı olaraq ondan ayrı qaldım. Bütün bunlara görə də düşünürəm ki, o, məndən bir övlad kimi razı deyildi. Ancaq mən yenə də həyatda nə qazanmışamsa, hamısını atamın könlünü xoş etmək üçün etmişəm.

Uşaqlığımdan xatırlayıram ki, atam evə gec gələrdi. Gələndən sonra da öz otağında yazılarıyla, işləriylə məşğul olardı. Ancaq gecə də olsa, məni yuxudan oyadıb dərslərimi, oxuduğum kitabları soruşardı.

Uşaq idim. Atam bir gecəyarısı gəldi evə, məni yuxudan oyatdı, soruşdu ki, dərslərini hazırlamısan? Dedim, hazırlamışam. Açdı gündəliyimi, gördü, ilk dərsim kimyadır. Dedi, danış. Mən də düşündüm ki, atam nə bilir kimya nədir. Başladım bildiyim-bilmədiyim hər şeyi danışmağa. Məni yarıda saxladı, dedi, sulfat turşusunu yaz görüm. Yaza bilmədim. Əsəbiləşdi. Sonra da həmin formulu mənə öyrətdi, hələ də unutmamışam.

Biz əvvəllər, Hüsü Hacıyev küçəsində yerləşən Yazıçılar binasında yaşayırdıq. Azərbaycana qayıdandan hələ də o küçədən keçə bilməmişəm. O binada Əhməd Cəmil, İsa Muğanna, Bayram Bayramov, Hüseyn Arif, Abdulla Şaiq və başqaları yaşayırdı. Həmin bina XX əsr Azərbaycan ədəbiyyatına böyük töhfələr bəxş edib. Oranın ən böyük otağı 18-19 kvadrat metrdir. Ancaq orada yaranan əsərlər bütün dünyaya yayılırdı. İndi çoxları təmtəraqlı evlərdə yaşayırlar, ancaq bir cümləni belə yaza bilmirlər.

Yazıçıların binası ilə Bəstəkarların binası qonşu idi. Orada Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova və başqaları yaşayırdı. Hərdən olurdu ki, Emin Sabitoğlu gəlirdi bizə, atamla bir yerdə mahnı yazırdılar. O mahnıların çoxunun yaranması mənim gözümün qabağında olub.

“Mən əslində atamı 21 yaşımda itirmişəm”

– Hikmət Ziyanın belə bir misrası var:

Qatlayıb dizinin altına qoyar
Alim Bəxtiyarı şair Bəxtiyar…

İstər elmi, istərsə də diplomatik istiqamətlərdə ən yüksək statuslara malik olsam da, hələ də Bəxtiyar Vahabzadənin oğlu kimi tanınmağım və təqdim olunmağım məni əsla narahat etmir. Çünki nə etsəm də, bilirəm ki, mən Bəxtiyarın oğluyam və bununla fəxr edirəm. Qazandığım bütün uğurlarda atamın rolu böyükdür. Daşıdığım soyadla hər zaman fəxr etmişəm. İnsan yaşa dolduqca daha çox atasına ehtiyac duyur. Məncə, Bəxtiyar Vahabzadənin oğlu olmaq asandır, İsfəndiyar Vahabzadə olmaq isə çətindir. O sağ olanda hər şey daha asan idi. Mən uzaqda, yad insanların içində işləyirdim. Orada kim idi Bəxtiyar Vahabzadəni tanıyan? Yəni, mənim onun adından istifadə etmək şansım yox idi. Ancaq həmişə arxayın idim ki, arxamda atam var. Xaricdə erməni diplomatları ilə üz-üzə gələndə çox zaman onları müdafiə edənlər olurdu, mən təklənirdim, səsimi çıxara bilmirdim. Tək təsəllim atama yazdığım məktublarım olurdu. Hər şeyi ona danışırdım, ondan məsləhət istəyirdim. O da sözləri ilə həmişə mənə dayaq olurdu. Ata nəvazişini çox görməsəm də, onun oğlu olmaq, onun varlığını hiss etmək daha asan idi, nəinki İsfəndiyar Vahabzadə kimi tək yaşamaq. Mən əslində atamı 21 yaşımda itirmişəm, 54 yox. Çünki mən onun yanından gedəndə 21 yaşım vardı.

Atamdan uzaq olduğum illərdə ən çox sənət seçimimə təəssüflənmişəm. Çünki yanında ola bilməmişəm. Onun məni yönləndirdiyi sahəyə getmədiyim üçün çox peşmanam. İndi də ağ xalat görəndə ürəyimdən qəribə hiss keçir…

 

 



Xəbərin oxunma sayı : 1516

loading...

Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda