Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

Daxili İşlər naziri Ramil Usubov: “Ölkədə xaos yaratmaq istəyənlər qarşılarında Azərbaycan polisini görəcəklər“

Tarix 01.07.17, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Son illər dünyanın müxtəlif ölkələrində baş verən xaotik böhranlar, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil.

İctimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri var. Ötən dövrdə Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirmişdir. Taleyüklü anlarda – dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq. “Mənim polisim məni qoruyur” deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir. 

Daxili işlər naziri, general-polkovnik Ramil USUBOVla Polis Günü ərəfəsində həmsöhbət olduq.

Daxili işlər orqanlarının fəaliyyətindən, mövcud vəziyyətindən, nailiyyətlərindən və perspektiv vəzifələrindən bəhs edən müsahibimiz vətəndaşları tam əmin edir: Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil!


– Cənab nazir, Azərbaycanın daxili işlər orqanları fəaliyyətinin 99-cu ildönümünü qeyd edir. Bu əlamətdar tarixi şəxsi heyətiniz hansı əhvali-ruhiyyədə qarşılayır?

– Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdiyi müsbət nəticələrlə qarşılayır. Əlbəttə ki, qeyd etdiyiniz kimi, 99 il keçilmiş böyük və şərəfli tarixi yoldur. Şəxsi heyətimiz bu əlamətdar gündə müstəqil Azərbaycanın memarı Heydər Əliyev dühasını da dərin ehtiramla yad edir, onun əbədiyaşar xatirəsinə bir daha sonsuz sədaqətini bildirir. 

Çünki polisin peşə bayramı məhz ümummilli liderin bizlərə bəxş etdiyi böyük töhfədir. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan milli liderimiz Heydər Əliyev hələ 19 il öncə – 1998-ci il 24 may tarixdə imzaladığı fərmanla iyulun 2-ni “Azərbaycan Polisi günü” elan etmişdi. 

Bir məqamı unutmayaq ki, Azərbaycan polisinin keçdiyi yol dövlətçiliyimizin tarixi ilə sıx bağlıdır. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının fəaliyyətini bir neçə tarixi mərhələyə təsnif etmək olar. İlk tarixi dövr – 1918-1920-ci illərdə sələflərimiz böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynamışlar. 

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf etmiş, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanmışdır. Azərbaycan milisi xüsusilə İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar nümayiş etdirmiş, 800-ə yaxın milis əməkdaşı bilavasitə ön cəbhədə faşizmə qarşı vuruşmuşdur. 

Onların minlərlə həmkarı isə yetərincə çətin və mürəkkəb şəraitdə respublikada ictimai asayişin mühafizəsi, arxa cəbhədə əzmlə çalışan insanların təhlükəsizliyinin qorunması üçün böyük şücaət göstərmişlər. Asayiş keşikçiləri müharibədən sonrakı illərdə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində səylərini əsirgəməmiş, üzərlərinə düşən vəzifələri qətiyyətlə, layiqincə yerinə yetirmişlər.

Xüsusən, ulu öndərin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük irəliləyişlərə nail olduğu 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ kimi qeyd edilməlidir. Strukturumuzun bizim yaş nəslini təmsil edən heyəti Heydər Əliyev dühasının yetirmələridir və bununla hədsiz qürur duyuruq. Həmin dövrdə milli liderimiz böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycanın daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

Sovet rejiminin müdafiəçisi olan bir strukturda azərbaycançılıq məramını, Azərbaycan təəssübünü yaymaqla, yeni nəsil milli kadrlar yetişdirməklə ulu öndər müstəqillik dövrünün daxili işlər orqanları üçün də təkmil təməl, möhkəm bünövrə formalaşdırırdı. Bu mövzuda yüzlərlə fakt söyləyə bilərəm. Amma hesab edirəm ki, yalnız bir faktı xatırlatmaq kifayətdir: şəxsi heyətin, məhz Heydər Əliyev ideyaları, dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə – milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü. 

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaşımız və hərbi qulluqçumuz həlak olmuş, 2640 nəfər xəsarət almışdır.

– Azərbaycan polisinin fəaliyyət dövrünü bir neçə tarixi mərhələdə təsnifatlandırdınız. Bəs, müstəqillik dövrü bu salnamədə hansı məqamlarla əlamətdardır?

– Bu dövr Azərbaycan tarixinin bir hissəsidir və dövlətimizin, xalqımızın yaşadığı bütün proseslərə, – istər böhran, xaos, tənəzzül, istərsə də, qurtuluş, inkişaf, quruculuq prosesləri olsun, – daxili işlər orqanları da məruz qalıb.

Tarixi faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyi nəticəsində yaşanan siyasi və ictimai böhran, hərc-mərclik və özbaşınalıq, torpaqlarımızın işğalı və separatizm Azərbaycanın bir dövlət kimi mövcudluğuna təhlükə yaratmışdı. Eyni zamanda, çoxsaylı qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların əhalimizin azad və təhlükəsiz yaşamaq hüququnu tez-tez pozması respublikada kriminogen durumu kritik həddə çatdıraraq, vətəndaş müharibəsini reallaşdırmışdı. 

Azərbaycanın böyük təhdidlərlə üz-üzə qaldığı belə bir ağır vəziyyətdə, xalqın təkidli dəvəti ilə 1993-cü ilin iyununda respublikaya siyasi rəhbərliyə qayıdan Heydər Əliyev müdrikliyi, sarsılmaz qətiyyəti, böyük idarəçilik istedadı ilə ölkəni vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükələrindən xilas etdi. Dövlətin konstitusion quruluşu əsaslarının möhkəmlənməsinə, əmin-amanlığın bərpasına nail oldu. Bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənləşdirdi. 

Bilavasitə onun rəhbərliyi ilə daxili işlər orqanlarında da hərtərəfli islahatlara başlanıldı. Qısa bir müddətdə xidməti fəaliyyətin təşkili, hüquqi əsaslarının yaradılması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. 

Ulu öndər təcrübəli dövlət xadimi kimi çox gözəl bilirdi ki, ölkədə sabitlik olmayacağı halda, Azərbaycanın müstəqilliyi XX əsrin əvvəllərində yaşadığı tale ilə yenidən üzləşə bilər. Ona görə də 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla müvafiq sahədə görüləcək işlərin başlıca istiqamətlərini təyin etdi. 

Heydər Əliyevin nəzarəti altında həyata keçirilən tədbirlərlə yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. Əllərdə qanunsuz saxlanılan on minlərlə odlu silah yığıldı. Bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. 

Ulu öndərin bərqərar etdiyi sabitlik və milli birlik nəticəsində dövlətçiliyin əsasları yaradıldı, Azərbaycanın gələcək iqtisadi tərəqqisinin qarantı olan “Əsrin müqaviləsi” imzalandı. Ölkəmiz beynəlxalq təcriddən, informasiya blokadasından çıxdı və bütövlükdə bu günədək davam edən inkişaf dövrünün əsası qoyuldu.

Ümummilli liderimiz sonralar həmin tarixi reallıqları dəyərləndirərək, qeyd edirdi: “Məhz ictimai-siyasi sabitliyin yaranması, Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların zərərsizləşdirilməsi – bunlar hamısı Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə aparılmasına şərait yaratdı”. 

Sadəcə, bir faktı xatırlatmaq istərdim: Artıq 2002-ci ildə ölkədə qeydə alınmış cinayətlərin açılması 1992-ci illə müqayisədə 28 faiz artaraq 95 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı.

– Cənab nazir, Azərbaycan tarixinin son 14 illik dövrü – sürətli inkişaf və qüdrətli dövlətçilik mərhələsi daxili işlər orqanlarının fəaliyyətində hansı müsbət dəyişikliklərə rəvac verib?

– Cənab İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə keçdi, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. 

Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü. 

İlk növbədə qeyd edim ki, ötən 14 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə 445 fərman və sərəncam imzalanmışdır. O cümlədən, nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi. 

Bu illərdə məhz ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində daxili işlər orqanları və Daxili Qoşunlar üçün 405 sosial obyekt tikilmiş, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılmış, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlmiş, nəqliyyat parkı tam yenilənmişdir.

Ötən həftə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti belə bir infrastrukturun – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışını etdi. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Burada yaradılan yüksək şərait Ali Baş Komandan tərəfindən daxili işlər orqanlarına göstərilən davamlı diqqət və qayğının parlaq təcəssümüdür. Qeyd edim ki, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri olan Daxili Qoşunlar istər döyüş qabiliyyəti, istər maddi-texniki təchizat, istərsə də hərbi-texniki avadanlıqlara görə ən müasir hərbi birləşmələrdən biridir. 

Dövlət başçısının tövsiyələri əsasında və İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Milli Fəaliyyət proqramlarına müvafiq olaraq, vətəndaşların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi məqsədilə 2007-ci ildə “102” Xidməti – Zəng Mərkəzi Sistemi yaradılmışdır. Hüquq qaydasına riayət edilməsi vəziyyətinin canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə “Təhlükəsiz Şəhər” Avtomatik İdarəetmə sistemi istifadəyə verilmişdir. 

Bu gün 112 mindən çox videomüşahidə kamerası ilə respublikada asayişə fasiləsiz nəzarət həyata keçirilir və həmin texniki vasitələrin sayı ilbəil artırılır. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismar olunur.

– Prezident tərəfindən dövlət orqanları qarşısında fəaliyyətin təkmilləşdirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin formalaşdırılması və vətəndaşlarla səmərəli ünsiyyətin möhkəmləndirilməsi kimi məsul vəzifələr müəyyənləşdirilib. Bu sahədə daxili işlər orqanlarında hansı islahatlar aparılıb?

– Prezident İlham Əliyevin tövsiyələri, tapşırıqları əsasında qeyd etdiyiniz məqamlarla bağlı, ümumilikdə isə DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün son illərdə mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. İstər şəhər, rayon polis orqanları səviyyəsində, istərsə də daha yüksək instansiyalarda bu yeniləşmə, müasirləşmə, işin yeni şəraitə uyğun qurulması, operativ idarəçilik mexanizmlərinin işə salınması, daha professional, enerjili əməkdaşların rəhbər vəzifələrə irəli çəkilməsi prosesi davam edir. Bu dəyişikliklərin, islahatların məqsədi isə daxili işlər orqanlarının qarşısında qanunla qoyulmuş mühüm və çox məsuliyyətli vəzifələri layiqincə həyata keçirməkdir. 

Ən mühüm istiqamətlərdən biri üzrə – korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planları çərçivəsində orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi üzrə sistemli iş aparılır. 

Belə ki, cənab Prezidentin tapşırığı əsasında istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, idarəetmə sistemləri, dövlət rüsumlarının və cərimələrin real vaxt rejimində ödənilməsi imkanlarının yaradılması, informasiya əldə olunmasının asanlaşdırılması və həyata keçirilən digər innovativ təşəbbüslər dövlət-vətəndaş münasibətlərində birbaşa ünsiyyəti istisna edən yeni yanaşmanın əyani təzahürüdür. 

Eyni zamanda, əməkdaşlarımız tərəfindən şəxsiyyəti təsdiq edən sənədlərin, sürücülük vəsiqələrinin, məhkumluq haqqında arayışların “ASAN xidmət” mərkəzlərində də verilməsi vətəndaş məmnunluğunu təmin edən ictimai xidmətlərin ən mütərəqqi modelidir. 

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” dövlət başçısının 2003-cü il 24 noyabr tarixli Fərmanına və “Korrupsiyaya qarşı mübarizəyə dair” Milli Fəaliyyət planlarına uyğun olaraq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası ciddi nəzarətdə saxlanılır və planlı surətdə yerinə yetirilir. 2016-cı ildə və cari ilin ötən dövründə 27 minə yaxın şikayət araşdırılmış, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda, respublikanın müxtəlif şəhər və rayonlarında 5 minə yaxın vətəndaş qəbul edilmişdir. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüş, əksəriyyəti yerində həllini tapmışdır. 

Möhtərəm Prezidentin fərman və sərəncamlarına uyğun həyata keçirilən sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu daha da möhkəmləndirmişdir. Daxili nəzarət qaydasında görülmüş tədbirlərlə insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan halların və digər neqativ təzahürlərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olunmuşdur.

– Cənab nazir, daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı vəziyyəti necədir?

– Qeyd etdiyiniz istiqamətə fəaliyyətimizdə xüsusi diqqət ayırırıq, daha doğrusu, bu, bizim üçün ən əsas prioritetlərdəndir. Müvafiq sahədə həyata keçirdiyimiz iş ardıcıl xarakter daşıyır və davamlı olaraq təkmilləşdirilir.

Müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına böyük önəm veririk. 

Son 5 ildə BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların, həmçinin 40-dan artıq ölkədən olan xarici tərəfdaşlarımızın təşkil etdiyi forum, müşavirə və treninqlərdə 4 minə yaxın əməkdaş iştirak etmiş, təcrübə mübadiləsi aparılmışdır. 

Hər il onlarla gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Bu gün ali hüquq təhsili tələb olunan orta və böyük rəis heyəti vəzifələrində xidmət aparanların demək olar ki, hamısı müvafiq ixtisası olan əməkdaşlardır. 

Yeri gəlmişkən, məmnuniyyətlə qeyd etmək istərdim ki, daxili işlər orqanları üçün xüsusi təhsilli kadrların hazırlanmasında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rolu olduqca böyükdür.

Hazırda bu ali təhsil müəssisəsində 2211 nəfər, o cümlədən əyani tədris forması üzrə 709 kursant, qiyabi şöbədə isə 1502 dinləyici təhsil alır. Beynəlxalq təcrübəyə uyğun daim təkmilləşən akademiya ölkəmizin yüksək reytinqə malik təhsi  müəssisələrindəndir. Onun professor-müəllim heyəti dərin nəzəri biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə malik polis zabitlərinin hazırlanması kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlir.

– Müstəqillik dövründə Azərbaycan polisi və onun missiyası, fəaliyyət fəlsəfəsi tamamilə dəyişib, burada digər yönümlərlə yanaşı, insan və vətəndaş amilinə də həssas, qayğıkeş münasibət ön plana keçib. Ölkə vətəndaşı artıq Azərbaycan polisinə güvənir, onun əzmkar fəaliyyəti olmadan cəmiyyətin hansı böyük fəlakətlərə, faciələrə sürüklənə biləcəyinin fərqinə varır. Bəs, Siz özünüz müasir Azərbaycan polisini, onun fəaliyyətini necə dəyərləndirərdiniz? 

– Hesab edirəm ki, bu məsələdə xalqın, dövlətin və Prezidentin verdiyi qiymət daha önəmlidir. Bu gün vətəndaşlarımız dinc, təhlükəsiz, sabit ölkədə yaşadıqlarına, özlərinin və yaxınlarının həyatı üçün hansısa narahatlıq duymadıqlarına görə ulu öndərin əsasını qoyduğu milli inkişaf siyasətinə minnətdardırlar, bu nailiyyətlərin daha geniş miqyasda davamlılığının təminatçısı olan Prezident İlham Əliyevin müdrik fəaliyyətini birmənalı dəstəkləyirlər. Eyni zamanda, bu siyasətin əsas icraçılarından olan daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini də rəğbətlə qarşılayır, təşəkkürlərini bildirirlər. Nazirliyimizə ünvanlanan çoxsaylı məktublar, müraciətlər bunu söyləməyə əsas verir. 

Sualınızın digər hissəsinə keçərək qeyd edim ki, müasir Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi, peşəkar kadr korpusu, güclü maddi-texniki bazası olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. 

Möhtərəm Prezidentin əvəzsiz diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə fəaliyyətimizi ardıcıl olaraq təkmilləşdirməyə, vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olmuş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 1300 cinayətkar qrup zərərsizləşdirilmiş, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulmuşdur. Əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılmış və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır. 

Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir. Əldə etdiyimiz müsbət nəticələrdən biri də respublikamızda əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır.

– Cənab nazir, respublikamız bu günlərdə böyük məsuliyyət və təşkilatçılıq tələb edən İslamiada və “Formula-1” kimi möhtəşəm yarışları uğurla, yüksək təhlükəsizlik, sabitlik şəraitində yekunlaşdırdı. Bu nailiyyətin əldə olunmasında digər güc strukturları ilə yanaşı, Azərbaycan polisinin də böyük fədakarlığı, əzmkarlığı vardı…

– Azərbaycanın inkişafının, dünyada etiraf edilən sabit ölkə imicinin nəticəsi olaraq, artıq uzun illərdir ki, respublikamız ən mötəbər beynəlxalq tədbirlərlərə evsahibliyi edir. Qeyd etdiyiniz beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoyuldu. Bu, Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi.

Ümumiyyətlə, 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin müxtəlif yerlərində keçirilmiş 1200-ə yaxın kütləvi tədbirdə, habelə IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” Avropa Qran-pri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunmuşdur. 

Azərbaycan Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanıldı. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldildi. 

Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilən daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradıldı. Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər oldu. Onlardan da 252-si qadın əməkdaşlarımız idi.

Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin edilirdi. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırıldı, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparıldı. 

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edildi. Hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırıldı. Möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edildi. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edildi. 

Bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bütün tələb və tapşırıqları daxili işlər orqanları tərəfindən tam yerinə yetirildi, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorundu. 

IV İslam Həmrəyliyi Oyunlarında daxili işlər orqanlarının əməkdaşları yalnız asayişin və təhlükəsizliyin təminatında fərqlənmədilər. Onların eyni zamanda, Azərbaycanın idman şöhrətinin yüksəldilməsində də rolu oldu. Milli komandanın tərkibində ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına layiqli töhfələr verən əməkdaşlar, həmçinin məşqçilər, idman mütəxəssisləri mükafat qaydasında xüsusi və hərbi rütbələrə, DİN-in “Fəxri fərman”larına, döş nişanlarına layiq görüldülər.

– Fəaliyyətinin 99-cu ildönümü tamam olan Azərbaycan polisi artıq möhtəşəm yubiley dövrünə qədəm qoyur. Bu əlamətdar məqamda Daxili işlər naziri olaraq, cəmiyyətə hansı çağırışınız var?

– Bütün vətəndaşlarımız əmin olsun ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, əhalinin və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Xalqımız bilsin ki, onun təhlükəsizliyinə heç bir təhdid yaranmayacaq. Azərbaycan Prezidentinin siyasi iradəsindən və qətiyyətindən güc alaraq bildiririk ki, heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, respublikamızı 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil. Buna cəhd edənlər həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.

Bütün şəxsi heyətimiz öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərir və bunu fəaliyyətinin əsas prioriteti sayır. 

Ümumilkdə, müstəqillik illərində qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiklərinə və xüsusi xidmətlərinə görə, daxili işlər orqanlarının 1272 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülmüşdür. Bu peşə bayramı ərəfəsində də möhtərəm Prezidentin sərəncamları ilə 35 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilmiş, rəhbər vəzifəli 4 şəxsə ali xüsusi rütbə verilmişdir.

Bizi xidməti vəzifələrin icrasına daha məsul yanaşmağa və daha yaxşı işləməyə sövq edən bu mükafatları bütün şəxsi heyətin əməyinə verilən ali dəyər kimi qəbul edir və daxili işlər orqanlarının çoxminli kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm. 

Cənab Prezidenti və xalqımızı əmin edirəm ki, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub saxlanılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulmuş digər mühüm tapşırıqlar tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetirləcək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətimizin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcəkdir.

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”



Xəbərin oxunma sayı : 181

loading...

Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda