Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputatları narazı salan qanun layihəsi - parlamentlə bağlı nə baş verir?

Tarix 01.11.18, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Fazil Mustafa: “Bu, cəmiyyətdə Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq”; Siyavuş Novruzov: “Burada parlamentə heç bir təhlükə yoxdur”

Milli Məclisin 30 oktyabrda keçirilən plenar iclasında “Milli Məclisin deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlara təklif edilən dəyişikliklər geniş müzakirələrə və mübahisələrə səbəb oldu.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə baxılması qaydası) dəyişiklik təklif olunur. Dəyişikliklərə görə, konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir.  Pozuntu halları rəydə öz əksini tapdıqda Milli Məclisin sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatdan imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına  göndərir.

Mövcud qanunvericilik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunla nəzərdə tutulmuş başqa hallarda onun səlahiyyətləri itirilir. Daxili Nizamnamədə və “Milli Məclisin deputatının statusu haqqında” Qanunda nəzərdə tutulmuş hallarda Milli Məclisin İntizam komissiyasının rəyinə Milli Məclisin növbəti iclasında baxılır.

İntizam komissiyası bu məsələyə baxarkən deputatın səlahiyyətlərinin itirilib-itirilməməsi barədə öz qənaətini söyləyir.

Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat səlahiyyətlərinin itirilməsi məsələsi qaldırılan deputatın iştirakı ilə baxır. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və İntizam komissiyasının üzvlərinə suallar verə bilər, deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Deputatların bir çoxu seçicilərin səsverməsi ilə mandat əldə etmiş deputatların taleyinin İntizam komissiyasından asılı olmasına etiraz ediblər.

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə isə göstərilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər. Qanunun 10-cu  (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.  Əlavə edilən 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Birinci vitse-spiker deputatları narahat olmamağa çağırıb və bu qanunların onların əleyhinə olmadığını əminliklə deyib. Amma bir sıra deputatlar, hətta hakim partiyanın üzvləri bu dəyişiklikləri parlamentin səlahiyyətlərinin azaldılmasının əlaməti olaraq dəyərləndirir.

Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik də təklif olunub. Təklif edilən dəyişikliklə  İntizam komissiyası üzvlərinin sayı 7-dən 9-a artırılıb.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev modern.az-a bildirib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək. A.Abiyev İntizam komissiyasının üzvlərinin artırılması məsələsinə də toxunub: “İntizam komissiyasının işi çoxalıb. İş çox olduğuna görə 7 nəfər çatdırmayacaq. Ona görə də İntizam komissiyasının üzvlərinin sayı 7-dən 9-a qaldırılır. Komissiya üzvlərinin sayının artırılması bununla bağlıdır”.

Payız sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib. Deputat onu da bildirib ki, hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyasının tərkibinə yenidən baxılır. “2019-cu ilin yaz sessiyasında da Milli Məclisin birinci iclasında komissiyanın tərkibinə yenidən baxılacaq”.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əslində deputatların statusu ilə bağlı kifayət qədər aydın müddəalar mövcuddur: “Orada hər hansı bir şəkildə inzibati tənbeh tədbirləri, mandatdan məhrum edilmənin şərtləri var. Sadəcə, bir vaxtlar konstitusiyaya etik davranış qaydaları ilə bağlı maddə salındı.  Ona görə də onu əsaslandırmaq üçün belə bir addım atıldı. Əslində deputatın etik davranış qaydalarını bura salmaq doğru deyildi. Çünki bunlar ayrı bir prosedurla seçilən təmsilçilər olduğuna görə bu formada təqdimat doğru deyil. Amma konstitusion normanı əsaslandırmaq üçün qanun qəbul olundu”. F.Mustafanın fikrincə, İntizam komissiyasında deputatın davranışına rəy verilmə proseduru ola bilər: “Amma bütün hallarda Milli Məclis bunu həll etməlidir. Çünki əks halda, Milli Məclisin iradəsinə zidd hansısa addımlar atıla bilər. Həm də son mərhələ olaraq məhkəmə proseduru unudulmamalıdır. Söhbət sıradan bir vəzifə sahibindən getmir, müəyyən əhali kontingentini təmsil edən şəxsdən gedir. Ona görə də bu məsələyə həssas yanaşılmalıdır və burada məhkəmə proseduru aydın göstərilməlidir. Elə-belə deputatın mandatdan məhrum edilməsi mümkün olmamalıdır. Məsələn, deputat tutaq ki, mandatdan imtinasını bəyan etdisə, stenoqrama düşdüsə, vəssalam, bu, getdi. Hansı formada bəyanetmədən söhbət gedir? Biri hirslənib deyə bilər ki, mən bir də burada oturmayacağam, yaxud iclasa gəlməyəcəyəm. Stenoqrama düşdüsə, deməli, mandatdan məhrum olmalıdır? Yox. Bunun yazılı forması var. Əgər kimsə deputat olmaq istəmirsə, yazılı formada imtina etdiyini yazır və müraciət edir. Yəni bir sıra məqamlar var ki, orada məsələnin daha doğru, optimal həllini tapmaq mümkündür. O baxımdan bu məsələ mübahisə doğurdu. Amma indi yəqin ki, ikinci oxunuşdan sonra bir cilalanma olacaq, məsələyə aydınlıq gələcək”.

F.Mustafa bu dəyişikliklərin hansı zərurətdən ortaya çıxdığı barədə danışarkən bunları bildirdi: “Açığını deyim ki, son vaxtlar bəzi məsələlərin bu qədər açıq qabardılmasının heç bir məntiqi izahı da yoxdur. Durub deputat fəaliyyəti ilə bağlı məsələnin bu qədər geniş şərh olunmasına mən zərurət görmürəm. Yəni adi bir hədiyyə məsələsi, yaxud başqa məsələlərdən söhbət gedir. Tam şəkildə aydınlıq yaranmalıdır. Tutaq ki, deputata hədiyyə verilir. Maddi imtiyaz yaradan hədiyyələrdən söhbət getməlidir. Amma kimsə araşdırma aparan deputata qiyməti 100 manat olan hansısa bir kitab verirsə, bunun pulunu almırsa, onda nə edək? Deputat kitabı gətirib Milli Məclisin Aparatına verməlidir? Belə məsələlər bir az yaxşı görünmür. Burada söhbət korrupsiyanın qarşısının alınmasından gedirsə, onsuz da Cinayət Məcəlləsində, korrupsiyaya qarşı olan qanunlarda kifayət qədər müddəalar var, bunu tətbiq etmək mümkündür. Odur ki, bu məsələlərin bu qədər gündəmə gəlməsi, deputat fəaliyyətinin məhdudlaşdırılması kimi anlaşılacaq. Məsələn, əlavə və dəyişikliklər məsələsinə yanaşmada olduğu kimi. Deputat əvvəl qanunvericilik təşəbbüsü ilə çıxış edə bilirdi. İndi qanunvericilik təşəbbüsü üçün mütləq ekspertiza rəyi olmalıdır. Deputat öz pulu ilə ekspertiza rəyini necə keçirsin? Elə ona görə də son beş ildə heç kim qanun layihəsi təqdim etmir. Bu, təşəbbüsün müəyyən dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır. Halbuki maraqlı olmalıdırlar ki, deputat həm qanunvericilik təşəbbüsü ilə çıxış etsin, həm komitələrdə aktiv iştirak etsin. Heç bir sözün, heç bir fikrin təsir gücü yoxdursa, deputat susacaq, yayınacaq, aktiv iştirak etməyəcək. Bu, cəmiyyətdə də Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq. Halbuki nə qədər deputatlar fəal olursa, bu, həm də Milli Məclisin nüfuzunun qalxması deməkdir”.

Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə qanunlara edilən dəyişikliklərlə bağlı narahatlığın olmadığını bildirdi: “Etik davranış qaydası belədir ki, kim özünü etik qaydada aparmayacaqsa, o narahat olsun. Öz davranışlarına nəzarət edən insan narahat olmamalıdır. Əgər qanun qəbul olunubsa, başqa fikirlər bəhanədir. Ay səlahiyyət alınır, nə bilim nə olur, yox, belə deyil. Mən 5 il parlamentin İntizam komissiyasının sədri olmuşam və bu işlərin siftəsini elə biz başlamışdıq. Bütün dünya ölkələrinin təcrübəsini öyrənirdik ki, hansı formada deputat adına xələl gətirən hərəkətlərin qarşısını alaq. Düzdür, bizim Daxili Nizamnamə var. Amma bu, ancaq Milli Məclis daxili ilə bağlıdır, oradakı qaydaların parlamentin kənarına təsir gücü yoxdur. Etik davranış kodeksində deputatın parlament xaricindəki fəaliyyətindən bəhs olunur. Ola bilər deputat elə bir hərəkət edər ki, nəinki özünə, digər deputatlara da hörmətsizlik gətirər. Onda biz bunu hansı qaydada həll edək? Burada məsələlər çoxdur. Təkcə ondan danışmaq olmaz ki, kiməsə hədiyyə verildisə, gətirib parlamentə təhvil versin. Yox, burada söhbət təkcə bundan getmir. Mətbuatda haqlı-haqsız deputat haqqında yazırlar ki, bu işə girişdi, oradan kredit götürdü, orada nə etdi. Bütün bunların aradan qaldırılması üçün etik davranış kodeksi lazımdır və təsdiq olunmalıdır. O adam başa düşsün ki, əgər qanunu pozacaqsa, düşünsün ki, daha onun üçün geniş sfera yaradılmayıb və digərlərindən fərqlənməyəcək, çünki qanun qarşısında hamı bərabərdir”.

S.Novruzov qeyd etdi ki, bu qanunlara dəyişikliklər edilməsi zərurəti yeni ortaya çıxmayıb: “Məsələ bu günün məsələsi deyil. Hələ mən İntizam komissiyasının sədri olan dövrdə görürdüm ki, müəyyən deputatlar Milli Məclisin iclasında iştirak etmir, yaxud günün birinci yarısı gəlir, ikinci yarısı gəlmir. Siyahılarını götürürdüm, bir gün özləri ilə söhbət aparırdım. Bunları ictimailəşdirmirdik, amma Daxili Nizamnamənin tələbləri qaydasında məsələyə qiymət verirdik. İndi isə bu, zərurətə çevrildi və dünya təcrübəsində olan qaydalar bizdə də təsdiq olunur”.  Komitə sədri bir daha bildirdi ki, burada parlamentə heç bir təhlükə yoxdur: “Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur”.



Xəbərin oxunma sayı : 229




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap