Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dinin əsli amilləri

Tarix 10.03.17, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Bismilləhir-Rahmənir-Rahim!

İnsanın gündəlik həyatında mübarək dinimizin buyuruşları yaşatması - Allah Təalanın ümmət üçün nemət olaraq göndərdiyi 14 Məsumun (ə) amalları ilə, duyğuları ilə həmahəng olmaq deməkdir. Uca Allahdan duamız budur ki, bütün iman əhlinə həyatlarını Peyğəmbər (ə) və Əhli-Beytinə (ə) uyğun keçirmək, nəcib Əhli-Beyt (ə) mirasına sadiq qalmaq tövfiqini qismət etsin, inşəallah!

Namaz qılmalı və haramlardan çəkinməli

Məsumlarımızın (ə) getdiyi və bəşəriyyət üçün miras qoyduğu yol hansısa mücərrəd kateqoriyalara söykənmir. Dinimiz səlis və aydın tərzdə insanın kamala doğru gedişatını şərtləndirən amilləri göstərir. Bu sırada önəmli yeri insanın, Allah Təala tərəfindən vacib olaraq müəyyən etdiyi əməlləri yerinə yetirməsi tutur. Həzrət Əlidən (ə) nəql edilir: "Dində əsil və əsaslı məsələ odur ki: birincisi - möminin vacib namazlara əhəmiyyət verməsi; ikincisi - günahi-kəbirələrdən çəkinməsi. Və heç zaman (bir anlığa belə) özünü bu 2 əsildən (vaciblərə əməl və haramların tərki) kənarda görməsin. Və əgər (bu ikisindən) məhrum olsa, həlak olar. Və əgər (bunları) qoruyaraq fiqh (din tanıma) və ibadətə yetişsə - həqiqi həzzə nail olmuş olar".
Diqqət edək, Əmirəlmöminindən (ə) nəql edilən hədisdə bir sıra məsələlərin əhəmiyyətliyi vurğulanır. Burada insanın elm öyrənməsi, dini bilgilərə yiyələnməsi, tanımada yüksək dərəcəyə çatması təqdir edilir. Lakin bundan öncə, bütün müstəhəb, bəyənilən əməllərdən öncə, ən çox əhəmiyyətli bilinən əməl - vacibi namazları yerinə yetirməkdir, onlara əhəmiyyət verməkdir. Bu olmasa, digər işlərin əsası yoxdur, onlar köksüzdür, əsilsizdir, vücudi baxımdan insanı heç bir müsbət nəticəyə çatdırmayacaqdır.


Demək, iman gətirən çalışmaqdan, ticarətdən, tədris almaqdan, digər işlərdən öncə, mütləq gündəlik vacib namazlarını qılmalıdır. İmam Əli (ə) məntiqi öyrədir ki, dində, imanda olmaq iddiasında olan bir adam iki minimal zərurətə riayət etməlidir - vacibi namazlara əhəmiyyət vermək və haramlardan çəkinmək. Əgər insan görsə ki, bu iki məsələdə süstlük edir, zəiflik təzahür edirsə, bu iki mühüm mövzuda geriləyirsə, deməli, öz durumu ilə bağlı ciddi təbil çalmalıdır. Hətta nəzər edib gördükdə ki, günahi-kəbirələrin sərhədlərinə bir az yaxınlaşıb, təcili surətdə öz vəziyyətini təftiş etməli, zəif nöqtələrini müəyyən edərək, bunların köklü islahına səy etməlidir. Yəni bunlara riayət edilməsi - dinin köklü, əsaslı, fundamental amillərindəndir. Dinimiz istəyir ki, insan bir anlığa belə, vacib namazların əhəmiyyətliyindən və haramların tərk olunmasından özünü kənarda qoymasın. İnsan bilməlidir ki, onun mövcudiyyəti, imanı, dindarlığı, bəndəliyi bu iki əslə bağlıdır. İslam bəlli edir ki, bu əsaslı məsələləri nəzərdən qaçırmayaraq maariflənsə və ibadətə yetişsə - həqiqi ləzzətə nail olar.

Namazdan muğayat olmaq

Mübarək hədisdə göstərilmiş "ibadət" məfhumu, dinimizin nəzərində hər nə Allaha görə edilirsə, hamısına şamil olunur. İnsanın istər halal ruzu qazanması, istər elm öyrənməsi, istər ailə üzvlərilə mehriban dolanması, valideynlərinə ehtiram qoyması, qonşuları ilə yola getməsi - hər bir işi ki, Allaha görə edilir - ibadətdən sayılır.


Eyni zamanda mübarək hədisdə həqiqi ləzzətin konsepsiyası da açıqlanır. Məlum olur ki, həqiqi ləzzət - bəndənin Rəbbinə tərəf, kamala tərəf can atmaqla, pisliklərdən qaçmaq və yaxşılıqlara meyil etməklə səciyyələnən bir haldır. Öz ruhiyyəsini islah edən adama, Allah Təala da həqiqi ləzzəti inayət edər.

Ümumiyyətlə, diqqət yetirsək, Peyğəmbərimizdən (s) və Əhli-Beytindən (ə) nəql edilən hədislərdə bu iki məqama: vacibi əməllərin simvolu olaraq namaza və haramlardan çəkinməyə son dərəcədə böyük əhəmiyyət verilmişdir. Namaz - insanı gün ərzində gözəl duruma yönəldən, çirkablardan yan gəzməyə yardım edən, Allahı xatırladan və yüzlərlə digər faydası olan bir əməl kimi dinimiz tərəfindən təqdir olunur. İnsan bu iki bünövrə üzərində hər hansı işini qursa, nəticə, inşəallah, çox gözəl olar. Rəsuli-Əkrəmdən (s) buyurulur: "İnsanın dindarlığı üçün, namazlarından çox muğayat olmaq - kifayətdir".

Yəni bir kəs ki, dindarlığından xatircəm olmaq istəyir, imanının vəziyyəti barədə real durumu öyrənmək istəyirsə - namazlarına diqqət yetirməlidir. O biri işlər bunun üzərində, bunun bazasındadır. Və əgər insan namazlarından muğayat deyilsə, bu, dindarlığı üçün kifayət etmir, insan üçün əslində təhlükəli bir vəziyyət yaranır.

Merac hədisində gəlmişdir ki, Peyğəmbərimizə (s) Rəbbi tərəfindən buyrulmuşdur: "Ey Əhməd! 3 bəndəyə təəccüb edirəm: "bunlardan biri" namaza duranda, əllərini kimə tərəf uzatdığını və kimin qarşısında dayandığını bilən və bununla belə yuxulu və süst olan bəndəyə..."

İnsan namaza durduqda fərqinə varmalıdır ki, Aləmlərin Rəbbinin dərgahına müraciət durumundadır və bunun mərifəti əsasında qəlbində bir oyanış, diqqət, cəmləşmə, iradənin yönəlməsi baş verməlidir.

Öz binanı uçurma

Namazla bağlı çoxlu çoxlu ayıldıcı hədislər nəql edilmişdir. Bu sırada İmam Muhəmməd Baqirdən (ə) nəql edilən hədis xüsusən diqqət çəkir: "Namazı yüngül sayma! Çünki Allahın Peyğəmbəri (s) dünyadan köçəndə: "Namazı yüngül sayan məndən deyil!" - deyə buyurmuşdur".

Hər bir imanlı insan üçün nəzərdə saxlanılmalı məsələdir ki, Rəsuli-Əkrəm (s) dünyadan köçdüyü məqamda ümməti üçün ən vacib məsələ kimi, namaza məsuliyyətli yanaşmanı vurğulamışdır.

Nəql edirlər ki, İmam Cəfər Sadiq (ə) dünyadan köçməyindən öncə qohumları və yaxınlarını yanına yığmış və onlara buyurmuşdur: "Heç zaman bizim şəfaətimiz namazı yüngül sayana çatmaz".

Əhli-Beytin (ə) şəfaəti, insan üçün Allahdan bağışlanma diləməsi olmasa, insanın vəziyyəti necə olar? Çox acınacaqlı! Və bu şəfaəti əldə etmək istəyən, gərək namazına qarşı diqqətli, sayğılı olsun.

Qeyd olundu ki, namazla yanaşı toxunulan ikinci məsələ - günahlardan çəkinməklə bağlıdır. Əhli-Beytdən (ə) nəql olunur: "Əgər xeyir əməl etmirsinizsə, çalışın və səy edin ki, (heç olmasa) günah da etməyin. Çünki binanı tikən və onu uçurmayanın binası, hərçənd kiçik də olsa, ucalar. Amma binanı tikən və sonra onu uçuran şəxsin binası əsla ucalmaz".

Elə olur ki, insanın əlindən gəlmir nə isə əhəmiyyətli, gərəkli bir iş görsün. Dinimiz buyurur ki, belə olan təqdirdə, heç olmasa günah etmə ki, az əməlin də olsa, nə isə ərsəyə bir şey çıxarmış olarsan. Amma günahdan çəkinməyən insan, xeyir iş görmüş olsa belə, öz abadlıq durumunu törətdiyi günahla məhv etmiş olur.

Həzrət Əli (ə) buyurur: "Bu insanlara heyrətlənirəm. Sağlamlıqlarına zərər dəyəcəyəindən qorxaraq pəhriz saxlayırlar, amma onları cəhənnəm əzabına atan günahlardan necə də çəkinmirlər!"

Çox maraqlıdır ki, elmi-texniki inkişaf getdikcə, insanlar bir çox məsələlərə diqqətini artırır: havanın, ümumilikdə ətraf mühitin keyfiyyətinə, qidanın tərkibinə və bir çox digər əhəmiyyətli mövzulara. Amma bununla yanaşı, ən əhəmiyyətli olan mövzulara - öz ruhi durumuna, öz daxili aləminə insan qətiyyən diqqət yetirmir.

Salavat günahı aradan aparar

Dinimiz günaha bir mərəz olaraq münasibət bəsləyir. Həzrət Əlidən (ə) nəql edirlər: "Günahlar - xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar diləmək və şəfası isə bir daha o günahı təkrar etməməkdir".

Günah - insan ruhunun xəstəliyidir. Və onun müalicəsi da məhz bu müstəvidə - Allahdan tövbə və bağışlanma istəməkdədir. Bu mərəzdən qurtulmanın yolu isə günaha ikrah dolu münasibət bəsləməkdən, günahı təkrarlamamaqdan keçir. 
Günahın mövcudiyyəti digərləri üçün də bir imtahan şəraiti yaradır. Belə ki, Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki əgər onu eyib tutarsa - ona düçar olar (günah etmiş olar), əgər onun qeybətini edərsə - günahkar olar və əgər ona razılaşarsa - ona şərik olar".

Günah o qədər zərərli bir şeydir ki, hətta günah etməyən, amma yanında günah baş verən üçün də problem kəsb edir. Belə ki, insandan prinsipiallıq, dəqiq vətəndaş mövqeyi tələb edir, günah etmiş şəxsi qınamağı, onun əməllərinə qarşı mövqe sərgiləməyi istəyir. İnsan laqeydlik edəndə də, rişxənd edəndə də, qeybət edəndə də günaha qol qoymuş olur. Bəs nə etməlii? İnsan günahkarın durumuna sevinməkdən, lmən belə deyiləm» deyərək təkəbbürə qapılmaqdan çəkinməli, günahkarı yaxşı işlərə dəvət edib, pisliklərdən çəkindirməlidir. Axı münbit şərait yarandıqda, bir günah toplumda digər günahların da yayılmasına, tirajlanmasına gətirib çıxarır, xüsusən də günaha razı olmaq məqamında. İnsandan tələb olunan odur ki, günahın ayaq tutub yeriməsinə biganə qalmasın, bacardıqca bunun qarşısını alsın.

Günahdan qurtulmaqla bağlı İmam Rzadan (ə) nəql edirlər: "Kim günahlarının silinməsi üçün bir iş görə bilmirsə, Həzrət Muhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə) salavat göndərsin. Çünki bu əməl, günahların kökünü kəsər".

Çox əhəmiyyətli məqamdır. Rəsuli-Əkrəmə (s) və Əhli-beytinə (ə) salavat göndərmək - mənəvi mühitin bərqərar olunması üçün önəmli vasitələrdən biridir. Salavat vasitəsilə yaranan bu mənəvi ab-hava, günaha mürtəkib olunmanın qarşısını alır, insanda günaha qarşı mənfi münasibəti formalaşdırır, ruhunda təmizləyici, islahedici təsir qoyur. Bu təmizləmə də günahın qoyduğu yaraları, ləkələri aradan aparır. Allah Təala cəmi bəşəri salavat əhlindən qərar versin, inşəallah!

Yeri gəlmişkən, milli-mənəvi bayramları yaşatmağın əhəmiyyətliyinə də qısa toxunaq. Qarşıdan həyatın təzələnməsini, təbiətin oyanmasını simvolizə edən Novruz bayramı gəlir. Dinimizin bu bayrama münasibəti çox gözəldir. Çünki Novruzun yaşatıdığı dəyərlər: mehribanlıq, şəfqət, səxavətlilik, qohum-əqrəba ilə ünsiyyət, küsülülərin barışması və digər gözəl adətlər bu bayramın silinməz atributlarındandır. Zaman-zaman bu bayramı məhv etmək istəyənlər olub və indi də bu yöndə çalışanlar var. Amma xam xəyaldır - Novruz xalqımızın daxilinə elə hopmuşdur ki, onu heç bir vəchlə aradan aparmaq, inşəallah, mümkün olmaz!

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə olanlardan qərar ver!
Allahım, bizləri və cəmi insanları namaza diqqətli olanlardan, haramlardan çəkinənlərdən qərar ver!
Allahım, müşküllərin həllini, toplumlarda günahlara qarşı dözümsüzlük ab-havasının yaşanmasını inayət et!
Allahım, işğal altında olan torpaqların, ilk növbədə Qarabağ və Qüdsün azad olunmasını, əsirlərin azad olmasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

 



Xəbərin oxunma sayı : 136




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap