Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi
Axtar
 
  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

Kəşfiyyatçı qadın: “Ermənilər bilmirdilər ki, mən azərbaycanlıyam”

Tarix 18.02.17, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağda döyüşmüş kəşfiyyatçı qadın: “Ermənilər bilmirdilər ki, mən azərbaycanlıyam”

Azərbaycan xanımları zərif olduqları qədər cəsarətli və mərdliyi ilə seçilirlər. Vətən uğrunda döyüşlərə qatılan kapitan xanım Gülarə Musayeva kimi. 

AzFakt.com modern.az-a istinadən onunla  müsahibəni təqdim edir. 

Əslən Akstafa rayonundan olan kapitan Gülarə Musayeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə V.İ.Lenin (indiki N.Tusi) adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, 1976-cı ildə oranı bitirib. 1976-cı ildən 1984-cü ilə qədər Lenin (indiki Sabunçu) rayonundakı 84 nömrəli fəhlə gənclər məktəbində riyaziyyat müəllimi işləyib. 1984-cu ildə Kosmik Tədqiqatlar Elmi-İstehsal Birliyində baş işçi kimi çalışıb. 1989-cu ildə Tədqiqatlar Elmi-İstehsal Birliyinin baş direktoru Tofiq İsmayılovun təqdimatı ilə Qarabağa Xalq Komitəsinə təqdim olunub. 18.09.1990-cı ildən komitə tərəfindən Respublika Təşkilat Komitəsinə (keçmiş Stepakert, indiki Xankəndinə) göndərilərək xüsusi təyinatlı nümayəndə kimi Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlarda (Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Fizuli, Ağdam), həmçinin Qazax və Akstafa bölgələrində fəaliyyət göstərib. 
Həmin illərdə Qarabağa Xalq Yardımı Komitəsində Rəyasət Heyətinin, komitənin orqanı olan “Azərbaycan” qəzetinin ştatdankənar xüsusi müxbiri və redaksiya heyətinin üzvü olub.

07.12.1992-ci ildə Bakı şəhəri Nizami rayonu hərbi komissarlığı tərəfindən döyüşən orduya həqiqi hərbi xidmətə çağırılaraq, Qarabağdakı fəaliyyətlərim nəzərə alınaraq Müdafiə Nazirliyi Kəşfiyyat idarəsi rəisinin sərəncamına göndərilib. 16.01.1993-cü ildən 707 nömrəli hərbi hissəyə göndərilərək, 01.10.1994-cü ilə kimi gənclərlə iş üzrə təlimatçı, 1994-cü ildən 1998-ci ilə qədər 171 nömrəli hərbi hissədə, 2-ci tabor komandirinin müavini, 1998-ci ildən 2002-ci ilə qədər 251 nömrəli hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifələrində çalışıb. 31.05.2002-ci ildən Azərbaycan Respublikası müdafiə nazirinin 0303 saylı əmrinə əsasən, ehtiyata tərxis olunub. 

1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə (2-ci ali təhsil) qəbul olunub. Döyüş bölgəsində həqiqi hərbi xidmətdə olduğu üçün diplom müdafiəsində (1994) iştirak etməyib. 1997-ci ildə diplom müdadiəsində iştirak edərək, ali təhsilli hüquqşünas ixtisasına yiyələnib.
 
-Gülarə xanım, necə oldu ki, elmi işçi birdən-birə müharibəyə qatılmağa verdi?

-1989-dan 1992-ci ilə qədər Kosmik Tədqiqat İnstitutunda fəaliyyət göstərmişəm. 1992-ci il dekabrın 7-də Nizami rayon hərbi komissarlığından həm evə, həm də Kosmik Tədqiqatlar İnstitutuna çağırış gəldi. 1992-ci dekabrın 7-də həqiqi hərbi qulluğa çağırdılar. Mən riyaziyyat fakültəsində oxuyanda orada mülkü müdafiənin ehtiyatda olan tibb bacısı diplomu vermişdilər. Həmin o diploma görə, ölkədə müharibə başlarsa, ehtiyatda olan tibb bacısı kimi müharibəyə çağırılmalıydım. O vaxt mövcud olan Milli Şura bəyan etdi ki, ehtiyatda olan tibb bacıları vətəni qorumaq üçün çağırılsınlar. Hərbi komissarla söhbət zamanı bildirdim ki, mən tibb bacısı olaraq insanları bədbəxt edə bilmərəm. Universiteti 1976-ci ildə bitirmişdim,  diplomu isə 1973-cü ildə vermişdilər. Diplomu alandan sonra bu sahə üzrə heç bir təcrübəm olmamışdı. Amma onlar mənim Qarabağdakı fəaliyyətimdən xəbərdar idilər. Hər dəfə gedəndə onlara məlumat verilirdi. Onlar dedilər ki, bir halda ki, tibb bacılığı ilə bağlı hansısa təcrübən yoxdur, səni Müdafiə Nazirliyinin sərəncamına göndəririk. Məni birbaşa Kəşfiyyat idarəsinin rəisi Rasim Ələsgərovun sərəncamına göndərdilər. Rasim Ələsgərova görüşdükdən sonra məni  göndərdilər 472 saylı hərbi hissəyə, oradan da Qazaxdakı 707 nömrəli hərbi hissəyə göndərildim.

-Ölkəmizdə xanımların hərbiyə qatılması birmənalı qarşılanmır. Bəs sizin hərbi xidmətə qatılmağınıza ailəniz əngəl törətdimi? Ümumiyyətlə, o zaman sizin ailə durumunuz necə idi?

-Ailə deyəndə mənim həyat yoldaşım 1976-ci ildə dünyasını dəyişib. Bir oğlumla, valideynlərimlə birlikdə yaşayırdıq. Mənim üçün çağırış vərəqəsi həm evə, həm də Kosmik Tədqiqatlar İnstitutuna gəlmişdi. Tofiq İsmayılov da məəttəl qalmışdı ki, bu necə ola bilər, həm evə, həm də iş yerinə çağırış vərəqi gəlir? Rəsmi çağırış olduğu üçün ailəm də heç bir etiraz etmədi. Bundan əlavə də 1989-cu ildə Qarabağda fəaliyyətlərim olduğu üçün heç nə demədilər. 1989-1992-ci illərdə xeyli işlər də görmüşük. 1992-ci ildən mən “polkovnik Qalina İsaqovna Tişinka” adı altında Qarabağ döyüşlərinə qatıldım. Ermənilər bilmirdilər ki, mən azərbaycanlıyam, özümünüzkilərin də əksəriyyəti bilmirdilər.  Elə bilirdilər ki, Sovet İttifaqının Moskvadan xüsusi şöbədən Dağlıq Qarabağ üzrə göndərilmiş əməkdaşıyam. O vaxt Moskvadan Qarabağda işləməkdən ötrü xüsusi əməkdaşlar göndərilirdilər. 

-Sizin adınızın dəyişdirilməsinə səbəb nə oldu? 

- Qarabağ komitəsində çalışdığımız vaxt bizi Respublika Təşkilat Komitəsinə ezam etdilər. Həmin Təşkilat Komitəsi Xankəndində - Vilayət Komitəsinin binasında yerləşərdi. Oradakılar sırf azərbaycanlılar deyildi, təşkilatın sədri Viktor Petroviç Polyaniçko idi. Həmin Polyaniçko  respublikanın ikinci katibi idi, çox yaxşı kəşfiyyatçı idi, Şərq üzrə mütəxəssis idi. 

Bizim qrupda mən, Dadaş Rzayev, Əlif Hacıyev, Mirvaleh Tağıyev, Etibar Hacıyev və sürücümüz Vahid Abbasov vardı. Xocalı aeroportunda xoşagəlməz hallar baş verirdi. Aeroportun rəisi Valentina adlı bir qadın idi, ermənilər evində ona sui-qəsd etmişdilər. Ondan sonra qərara gəlindi ki, Əlif Hacıyev Xocalı aeroportuna komendant təyin olunsun. 

Əlif Hacıyev rəsmən bizim təşkilatdan ayrıldı və Xocalı aeroportunun  komendantı təyin olundu, amma yenə də bizimlə idi. Ermənilər Əlif Hacıyevi tanığı üçün onun adının dəyişdirilməsi mümkün deyildi. Dadaş Rzayevin adı gedirdi “polkovnik Dimitri Qriqoyeviç Poyeski”. Bizə də erməni kəndlərində, erməni icmasının içərində işləmək üçün, tanınmamaq məqsədilə adımızı dəyişdirmişdilər, xüsusi vəsiqələr vermişdilər. Mən polkovnik Qalina İsaqovna Tişinka, yarıxaxol yarı yəhudi qismində türk dilləri üzrə mütəxəssis kimi qeyd olunurdum ki, müəyyən bir yerdə Azərbaycan dilində danışanda başqa şübhələr oyanmasın. 

-Polkovnik Tişinka kimliyi sizə hansısa təhlükə yaratdımı?

-Bəli çox təhlükələrlə qarşılaşmışam, mühasirəyə də düşmüşük. Bir dəfə bizə siqnal gəlmişdi, onu yoxlaqmaqdan ötrü bizim qrup mən Dadaş Rzayev, Etibar Hacıyev və Mirvaleh Tağıyevlə birlikdə Goranboyun Dəliməmmədli qəsəbəsinə yollandıq. Geri qayıdanda qərara gədik ki, Ağdərənin içərisindən keçib Şahbulağa çıxaq, oradan da Ağdama, ya da Xankəndinə qalxaq ki. eşitdiyimiz məlumatın doğru olub-olmadığı barədə məlumat verək. 

Avtomobilimizin nömrəsi hərbi nömrə idi, qarşıdan gələn “Jiquli”nin içərisindəkilər bizim maşına diqqətlə baxdılar, amma heç nə etmədən getdilər. Biraz getdikdən sonra qoşqulu traktor  gördük. Dadaş Rzayev dedi ki, bundan heç xoşum gəlmədi, diqqətli olmaq lazımdır. Maşın gedə-gedə Dadaş Rzayev sürücümüz tatar balası Rafizə dedi ki, sən keç arxaya, özü sükanın arxasına keçdi. Maşının sürətini artıranda gördük ki, ətrafdan adamlar çıxdı. Həmin traktorun yanına çatanda bizim maşını mühasirəyə alacaqdılar, Dadaş Rzayevin maşına ani sürətləndirməsi nəticəsində biz xilas olduq. Biz Ağdamın ərazisinə keçəndən sonra onlar arxamızca gəlmədilər.

-Moskvadan gələn bir nümayəndə, polkovnik Tişinka olaraq ermənilərlə görüşlər keçirirdiniz... Hansısa sülhməramlı söhbətlər olurdumu?

-O vaxtlar Qarabağda yaşayan əhalinin sayını dəqiqləşdirmək üçün pasport rejimi var idi, pasportları yoxlayırdılar. Xaricdə yaşayan ermənilər onlara köməyə gəlirdilər. Biz keçmiş Hardrut rayonunun Axullu kəndinə getmişdik. Əvvəl ora kolxoz olub Axullu və Edilli sovetlikləri birliyi. Hadisələr başlayandan sonra sovetlikləri ayırmışdılar. Edillidə ermənilər yaşayırdılar, Axullu da isə azərbaycanlılar. Danışdığım bu hadisə 1991-ci ildə baş verib. Biz sənədlərə baxış keçirdiyimiz zaman gördük ki, bəzi azərbaycanlıların kimliyində doğulduqları yer “Ermənistan SSR, Hardrut rayonu Axullu kəndi” olaraq qeyd edilib. Azərbaycanlı kəndlərin sakinlərini  Ermənistan vətəndaşı olaraq yazmışdılar. Biz o sənədəri götürüb Dağlıq Qarabağın komendantı və daxili işlər üzrə müvəkkil general Kovalyova təhvil verdik. Dadaş Rzayev dedi ki, baxaq görək Axullu və Edilli kəndinin sakinlərinin fikri nədir? 

Axullu kəndinin sovet sədri dedi ki, o kəndlə bu kəndin arasında sərhəd bir dənə daşdı. Bilirik ki, daşın bir tərəfi Edilli, digər tərəfi isə Axulludur. Həmin Axullu kəndində o vaxt ən müasir avadanlıqla təmin olunan 2 mərtəbəli məktəb tikilmişdi. Qarabağa Xalq Yardımı Komitəsi tərəfindən vəsatət qaldırılmışdı və Təhsil Nazirliyi tərəfindən tikilmişdi. 
Edilli kəndinin sədri Novosarkyan xahişə gəlmişdi ki, “icazə verin bu il sentyabr ayından bizim 1-ci sinfə gedəcək şagirdlərimiz də bu məktəbdə oxusunlar, biz barışıq elan edirik, aradan da o daşı götürürük, Axullu və Edilli kəndləri Sovet dövründə olduğu kimi birlikdə əmin-amanlıqda yaşayırıq”. Həmin Novosarkyan öz maşınında Xankəndinə gedən yolda sui-qəst nəticəsində avtomobil qəzasında həlak olmuşdu. Onun öldürülməsindən sonra hamının gözü qorxdu və heç kim barışıqla bağlı addım atmadı.
 
-Azərbaycan tərəfində barışığa necə baxırdılar?

-Onda SSRİ-nin tərkibində olduğumuz üçün əsas tapşırıq Moskvadan gəlirdi ki, barışıq olmalıdır. O vaxt plan var idi ki, erməni icmasından olanlar tədricən, könüllü olaraq Dağlıq Qarabağı tərk etməlidiydilər. Necə ki Ermənistanda yaşayan azərbaycanlılar oradan qovuldular, ermənilər də buradan getməliydilər. Çox erməni getmək üçün ərizələr yazırdı. Onda qərara alındı ki, erməni camaatı ilə görüş keçirilsin, görək onların fikri nədir? Məlum oldu ki, kişilərdən heç kim onlarla görüşə getmək istəmir, amma görüş lazım idi. Mən könüllü olaraq görüşə getməyə razılıq verdim. Axulludakı məktəbin müəlliməsi Rəhilə müəllimə dedi ki, səni tək qoymaram mən də gedəcəm. Həmin müəllimə ilə birlikdə tarlada işləyən ermənilərlə görüşə getdik. Onlarla söhbət etməyə başladıq, birdən yaşı təxmini 70 olan bir kişi atla bizim yanımıza gəldi. Mən də görüşə gedəndə Dadaş Rzayevə demişdim ki, əgər hansısa təhlükə görsəniz məni vurun, onların əlinə sağ düşməyim. Görüşdən qayıtmağımız yubananda Mirvaleh Tağıyev bizim yanımıza gəldi. Onun gözü təsadüfən yaşlı kişinin qolundakı saata sataşdı və sual verdi ki, sənin saatın işləmir? O da cavab verdi ki, işləyir. Mirvaleh Tağıyev dedi sənin saatın Azərbaycan vaxtını göstərmir axı.. Kişi də cavabında biz Azərbaycanda deyilik ki, saatım Azərbaycan vaxtını göstərsin. 

Mirvaleh heçnə demədi. Daha sonra bir qadın yaxınlaşdı və rusca dedi ki, “axçi olar səni?”. Mən kənara çəkiləndə dedi ki, “sən məni tanımadın?”. Mən də tanımadığımı dedim. O dedi ki, “mən Nataşa xalayam, Sumqayıt ermənisiyəm, Sumqayıtda Boru-prokat zavodu ətrafında sən xalan qızıgilə gələndə səni görmüşəm, çalış sən buralara gəlmə”. Mən “yaxşı” dedim və ona oradakı vəziyyət barədə sual verdim? Dedi “sən Azərbaycan hökumətinə çatdır ki, biz burada nə şəraitdə yaşayırıq”. 

Dedim axı mən burda sizin cavan qızlarınızı görmürəm, cavab verdi ki, “biz cavan qızlarımızı mağaralarda gizlətmişik, burada olan saqqalılar bizdən hər gecə yemək-içmək və cavan qızlar tələb edirlər”. Mən sual verdim ki, o saqqallılar kimdir, yerli camaatdır? Nataşa dedi ki, onlar Suriyadan, Livandan, Fələstindən və başqa ölkələrdən gələn ermənilərdir, guya bura köməyə gəliblər. Mirvaleh işarə verdi ki, yaxınlaşanlar var, getmək lazımdır. Mühasirəyə düşməməyimizin qarşısını Mirvaleh aldı.

-Oradakı ermənilər Azərbaycandan kömək istəyirdilər?

-Bəli onlar kömək istəyirdilər. Biz erməni kolxoz sədri Novosarkyanla danışanda o dedi ki, “biz erməni icması Azərbaycan hökumətindən kömək istəyirik”. Bununla bağlı erməni icmalarından çoxlu məktub gəlirdi ki, “biz Azərbaycan tərəfindən kömək istəyirik”. Moskvaya da yazmışdılar ki, “əgər Azərbaycan hökuməti bizə yiyə durmursa, heç olmasa Moskva bizə yiyə dursun”.
 
-Xanım olaraq hərbi rejimə öyrəşmək sizə çətin olmayıb ki?

-Bəlkə də səmimi qarşılamayacaqsınız, amma həmin illərdə mənim və bəlkə də əksəriyyət çətinliyi gözümüzün qarşısına almırdıq. Əlbəttə, çətinliklər, təhlükələr olurdu. Hər dəqiqə girov götürülmək, ölümlə üz-üzə idik. 

- Bir övladınız var idi, bir ana olaraq övladınızı qoyub getdiyiniz üçün narahat olurdunuzmu? 

-Həyat yoldaşım vəfat edəndən sonra ailə həyatı qurmamışam, bir oğlum var. Mən gedəndə onu da özümlə aparırdım. Xalamqızı Ağdamda ərdə olduğu üçün oğlumu onlarda qoyurdum. O hərəkətimə görə, mənim Qarabağa getməyimə 1 ay qadağa qoydular. Oğlumla Ağdama getdik və oradan da Xankəndinə getməliydik. Mən oğlumu da özümlə apardım. Orada Vilayət Komitəsi sədrinin yanına qalxdım və oğluma dedim ki, bax gör bunlar nə danışır, öz yaşıdın olan uşaqlarla söhbət apar. Onda 15 yaşı var idi oğlumun. Oğlum dedi ki, onların 10-12 yaşında uşaqları “türklər bizim düşmənimizdir, biz hər an onların başlarını kəsməyə hazırıq” söyləyirlər. Oğlum sarışın olduğu üçün onun azərbaycanlı olduğunu bilməmişdilər. Bu məlumatları da mən yuxarıya çatdırdım. Məni cəzalandırdılar ki, uşağı icazəsiz təhlükəyə atmışam. 

-Yəqin ki, döyüş yoldaşlarınızdan yanınızda yaralanan, şəhid olanlar və əsir düşənlər olub. Bir qadın, bir ana olaraq nə hislər keçirirdiniz? 

- Goranboy rayonunun Ağcakənd kəndi əvvəl keçmiş Şaumyan rayonuna tabe idi. Şaumyankənd ermənilərdən təmizlənəndə orada böyük döyüş getdi. Onda döyüşü Daxili Qoşunlar aparırdı, komandiri də general Xosrov Məmmədov idi. Biz də döyüşdə iştirak edirdik. Xəbər verdilər ki, təhlükəsizlik komitəsinin kəşfiyyatçıları mühasirəyə düşüblər, onlara kömək lazımdır. Dadaş Rzayev gneral Şerbaka zəng elədi və “Krokodil” deyilən helikopterlər havaya qalxdılar. Dadaş Rzayev, Azərbaycan Ali Sovetinin deputatı Cümşüd Nuriyev və mənim olduğum hepikopter havaya qalxdı. Məlumat var idi ki, Ermənistandan bir nəfər gəlib döyüşlərə nəzarət edir. Onun koordinatlarını da Dadaş Rzayevə bildirmişdilər. Ora çatanda Dadaş Rzayev onun oturduğu komanı məhv elədi. Dadaş Rzayevin atdığı qumbara ilə həmin döyüşü idarə edən ölmüşdü. Bizim helikopterin pilotları komandir Kazım Abbasov və Bayram idi. Kazım Abbasov yaralanmadı. Bayram yaralandı, biz onu xəstəxaya çatdırdıq, geri qayıdanda gördüm ki, daxili qoşunların 18 yaşlı bir əsgəri yaralanıb. Cümşüd Nuriyev dedi ki, təcili xəstəxanaya çatdırmaq lazımdı. Birdən əsgər gözünü açdı və məni görəndə əlini uzadıb dedi ki, ana qoyma ölüm. Biz onu Gəncə magistralında dayanan təcili yardıma çatdırdıq. Pilotumuzun vəziyyətini yoxlamaq üçün hospitala gedəndə həkimdən o əsgərin vəziyyəti barədə məlumat aldım. Həkim dedi ki, əsgər elə təcili yardım maşınında keçindi. 
1989-cu ildən döyüşlərdə olanda və hərbi hissələrdə komandir müavini kimi fəaliyyət göstərdiyim zaman da mənə ən ağır təsir bağışlayan həmin əsgərin ölümü oldu. Sonradan məlum oldu ki, həmin əsgər əslən Gürcüstandan olub, amma Bakıda doğulub. 

-Sizin silahdaşınız Dadaş Rzayev qısa müddətlik, 5-ay müdafiə naziri oldu. Siz onunla işlədinizmi? Ümumilikdə Dadaş Rzayev necə hərbçi idi?

-Dadaş Rzayev müdafiə naziri olanda onunla işləməmişəm. O vaxt mən Qazaxda qulluq edirdim. Onunla Dağlıq Qarabağda döyüşlər zamanı bir qrupda olmuşuq. O, çox vətənpərvər insan idi, heç nədən qorxmurdu.
 
-Torpaqlarımız işğal olunanda hansı hisslər keçirdiniz?

-Ürəkağrısı... 2007-ci ildə Polad Bülbüloğlu, Kamal Abdulla, Fərhad Bədəlbəyli və digərləri Şuşaya səfər etmişdilər. Mən bilirdim ki, 2-ci dəfə səfər olacaq. Ona görə Sabir Rüstəmxanlının yanına getdim. Sabir Rüstəmxanlını hərəkat zamanından və Qarabağa Yardım Komitəsinin  “Azərbaycan” qəzetinin baş redaktoru olduğu zamandan tanıyırdım. Mən Sabir Rüstəmxanlıya dedim ki, bütün tanışlıqlarını işə sal, ikinci səfər olanda mən də gedim. Onlar mənə “bəyim”  deyirdilər, Gülarə xanım demirdilər. Hərəkat zamanı rəhmətlik Əbülfəz Elçibəy mənə “bəyim”  dediyi üçün hamı “bəyim” deyirdi. Sabir Rüstəmxanlı dedi ki, “bəyim mən səni öz əlimlə ölümə göndərmərəm”. 

Dedim Sabir bəy, kimdir orada məni öldürən, Şuşa həmişə getdiyim yerdi.
Dedi ki, “elə deyil, sən mənəvi öləcəksən. Bəlkə də sənin orada ürəyin partlayacaq, sən orada gördüklərinə dözə bilməyəcəksən”.

Mən ehtiyata buraxılandan sonra bir neçə dəfə qisas almaq üçün yenidən orduya qayıtmaq istədim. Amma hər dəfə məni yaşıma görə qəbul etmirlər.  
2014-cü ildə döyüşlər olanda biz xeyli jurnalistlə Beyləqan, Qazax zonasına getmişdik. Mən onda ordumuzda xeyli dəyişikliklər gördüm. Öz qulluq etdiyim illərlə indiki hərbini müqayisə etdikdə yaxşılığa doğru dəyişiklikləri gördüm. İstər maddi təchizatda, istər əsgər, zabitlərin mənəvi psixoloji durumunda irəliləyişlər var. Hərbçlərimiz bircə himə bənddirlər ki, sərhədi ayaqlayıb keçsinlər. Mənim qulluq etdiyim müddətdə də hər şey yaxşı idi, amma indiki dərəcədə deyildi.
 
- Sizin qulluq etdiyiniz dönəmdə sizdən başqa xanımlar var idimi?

-Əvvəllər çox idi. Daha sonra Müdafiə Nazirliyində komandanlıq dəyişdikdən- Səfər Əbiyev nazir olandan sonra bütün hərbi hissələrə əmr getdi ki, orduda olan qadınlar azad olunsun. Mən döyüşən orduda yeganə qadın zabit olduğum üçün o əmr mənə şamil olunmadı. Kadrlar idarəsinin rəisi Məmməd Beydullayev Gədəbəydə olduğum vaxt bizim briqadaya gəlmişdi. Batalyonun ərazisinə daxil olan kimi mənə dedi ki, “biz bütün qadınları ordudan qovmuşuq, necə olub sən qala bilmisən?” Mən də ona baxıb dedim ki, “siz qadınları necə qova bilərsiniz axı, qadın da insandı”. Dedim mən zabitəm, ona görə orduda qalmışam. Orduda məndən başqa da qadınlar var idi, amma onlar döyüş bölgəsində deyil, nazirliyin özündəydilər. Bəlkə də döyüş bölgəsində də qadınlar var idi, amma mənim bundan məlumatım yox idi.
 
-Hərbçi xanım olduğunuz üçün sizi qısqanan, sizin işlərinizə əngəl törədən kişilər olubmu?
 
-Bəli olub. Mənim rütbələrim vaxtında verilməyib. Leytenantı 6 ay gec almışam, baş leytenantı, kapitanı gec almışam, mayoru ümumiyyətlə vermədilər. O zaman nazir müavini Mehman Səlimov idi, o özü mənə dedi ki, “razı ola bilmərəm mülkidən gəlmiş, elmi işçi olan bir qadına rütbə, vəzifə verilsin,  amma mənim peşə məktəbini bitirən zabitlərim kənarda qalsın. Mən sənə rütbə, vəzifə versəm, sən sabah deyəcəksən ki, Mehman Səlimov nazir müavini olmağa mən layiqəm, çünki mənim 2 ali təhsilim, bu qədər də döyüş təcrübəm var”.

Mən də dedim ki, “Mehman Səlimov əgər sən özünü o yerə layiq bilmirsənsə onda xahiş edirəm nazirə de, elə bəribaşdan dur oradan”.
Mənim rütbə almağımda vəzifəli, rütbəli məmurların qısqanclığı olub. Mən Gədəbəydə, Şınıxda qulluq edəndə komandirim var idi, biz ildə iki dəfə imtahan verirdik. Yekun yoxlama imtahanı vardı, o imtahan zamanı mən həmişə “5” almışam, komandir də “5” alıb. Bir dəfə başqa bir batalyonda komandir “4”, onun müavini isə “5” almışdı. Hərbi hissədə mənə “komissar”  deyirdilər. Mənim komandirim dedi ki, “komissar, mən “4”, sən isə “5” alsan, o vaxt mən səninlə işləmərəm, bunu özümə sığışdıra bilmərəm. Təqdimat yazaram ki, səni başqa hərbi hissəyə göndərsinlər”. İstər Qarabağa Yardım Komitəsində, istərsə də hərbi hissədə yüksək nailiyyət göstərəndə yanımda olan kişilərdən qısqanclıq görmüşəm. Mən onların hər zaman qısqanclığını hiss edib, arxadan zərbəsini duymuşam. 



Xəbərin oxunma sayı : 334

loading...

Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda