Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kənd təsərrüfatı ilə bağlı siyasət – qara torpaq üz ağardırmı...

Tarix 17.03.18, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Heyvandarlıq, bitkiçilik gücləndirilir,  aqroparklar yenidən qurulur; nəticə isə...

Azərbaycanda qeyri-neft sektorunun inkişafı həmişə diqqət mərkəzində olub. Neftin dünya bazar qiymətinin düşməsi ilə ölkə iqtisadiyyatında yaranan çətinliklər isə qeyri-neft sektorunun inkişafını zərurətə çevirdi. Bu zərurətin ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi ilə qeyri-neft iqtisadiyyatının, xüsusilə də onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafını əsas prioritetlərdən biri səviyyəsinə qaldırdı.

Bunun nəticəsidir ki, son illərdə Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində çox böyük tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahəyə dövlət tərəfindən hərtərəfli dəstək təmin olunmaqdadır.

Texniki təminat güclənir

Keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Bunun üçün dövlət büdcəsindən on milyonlarla manat vəsait sərf olunub. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. Belə ki, dövlət başçısının fevralın 23-də imzaladığı sərəncama görə, son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılıb: “Bununla belə, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir”.

Image result for “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yeni traktorlar

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, dövlət başçısının sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, indi əsas diqqət ona yönəlib ki, tələb olunan texnikalar vaxtında gətirilsin və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməsin. Belə ki, ilk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Artıq pambıqyığan kombaynların alınması üçün müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda pambıq əkini planlaşdırılır.

Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq.

Bundan əlavə, Gəncə Avtomobil Zavodu ilə 1000-dən çox traktorun alınması ilə bağlı müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılması nəzərdə tutulur. Belə ki, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırsa, bu məbləğ 150 manatadək artırılacaq.

Ölkədə şəkər istehsalını yerli xammal əsasına keçirmək istiqamətində böyük işlər görülür. Nəticədə əgər 2016-cı ildə şəkər çuğunduru sahəsi 7 min hektara yaxın idisə, keçən il 14 min hektara çatdırılıb. Bu sahənin inkişafı üçün kifayət qədər vəsait ayrılıb, yeni texnikalar gətirilib.

Azərbaycanda diqqət mərkəzində olan bitkiçilik sahələrindən biri də çəltikçilikdir. Hökumət nəzərə alır ki, 2017-ci ildə düyünün alınmasına 36 milyon dollar vəsait xərclənib. Ölkə üzrə düyüyə tələbat 40 min tondur və qəbul olunmuş Dövlət Proqramına əsasən bu həcmdə yerli istehsal 2025-ci ilədək təmin ediləcək. Bunun üçün cənub regionunda istehsalçılara lazım olan bütün şərait yaradılır.

Baramaçılığın inkişaf etdirilməsi də prioritet sahələrdəndir. Bu sahəyə dövlət dəstəyi həm toxumun-qurdun alınıb kümçülərə pulsuz paylanması, həm onların yemlə - tut yarpağı ilə təminatını, həm də təhvil verilən yaş baramaya görə subsidiyanın verilməsini nəzərdə tutulur. Bu tədbirlər sayəsində keçən il Azərbaycanda 245 ton barama istehsal olunub. Bu il isə istehsalın 400 ton çatdırılması planlaşdırılır. Baramaçılığa dair Dövlət Proqramında hədəf 6 min tondur. Bu sahənin inkişafı ilə əlaqədar Çin mütəxəssislərinin iştirakı ilə tinglər gətirilərək əkilib. İlin sonunadək daha 3 milyon ting əkilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz xətti ilə tinglərin əkinini həyata keçirir. Bütün bunlar baramaçılığın yem bazasının təşkilində mühüm rol oynayacaq.

Azərbaycanda həmçinin sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli təbii iqlim şəraiti mövcuddur. Bir neçə həftə əvvəl dövlət başçısı tərəfindən sitrus meyvəçiliyinin inkişafı ilə bağlı Dövlət Proqramı təsdiqlənib.

Heyvandarlığa diqqət artırılır

Kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata görə, ölkə rəhbərliyinin tapşırığı ilə bu il 10 min baş damazlıq heyvan alınmalıdır: “Bu zərurət nədən irəli gəlir? Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar. Ona görə də böyük miqdarda vəsait ayrılır ki, damazlıq heyvanları alıb gətirək. Düzdür, maldarlığın təşkili, onun idarə olunması çətin işdir. Lakin qarşıya vəzifə qoyulub və onu həll etməliyik. Buna nail olmağın üç yolu var: süni mayalanma, cins heyvanlar gətirilməsi və embrion köçürülməsi. Süni mayalanma işi təşkil olunub, doğulan hər buzova görə 100 manat subsidiya verilir. Ötən il süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb”.

Nazirin dediyinə görə, heyvandarlığın və taxılçılığın inkişafı ilə bağlı qısa müddətdə Dövlət Proqramı hazırlanaraq hökumətə təqdim olunacaq.

Image result for Aqropark

Aqroparklar yaradılır

Azərbaycanda aqroparklar ölkə başçısının 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli 2015-ci ildə Şəmkirdə qoyulub.

İqtisadiyyat Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Şəmkir və Yalamadan əlavə, hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. İndiyədək 13 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98,6 milyon manat güzəştli kredit ayrılıb.

Aqroparkı aqrar sektorun digər təsərrüfatçılıq formalarından daha üstün edən əsas cəhət budur ki, istehsal-emal-logistika-marketinq qapalı zənciri yaranır, qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin rəqabətə davamlılıq qabiliyyəti təmin olunur. Aqroparklarda müasir texnika və metodların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün şərait yaranır, ortaq xərclər minimuma endirilir. Həmçinin nəqliyyat xərcləri və enerji sərfi azalır, ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir. Bu təsərrüfatçılıq formasının daha bir üstün cəhəti peşəkar kadrlara tələbat yaratmaqla kənd təsərrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığını stimullaşdırmasıdır.

Bundan əlavə, Azərbaycanda istixanalar sürətlə artırılır. Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi çoxsaylı iş adamlarını istixana yaratmağa həvəsləndirib. Rəsmi məlumatlara görə, Azərbaycanda 12 min hektardan yuxarı istixana var ki, bunun da 4 min hektardan çoxu modern, ən müasir üsulların tətbiq olunduğu, 8 min hektara qədəri isə ənənəvi istixanalardır. Son məlumatlara görə, hazırda ölkədə 400 hektara qədər ərazidə yeni istixana kompleksləri salınır.

İstixanalara dövlət dəstəyi bir neçə istiqaməti əhatə edir. Belə ki, indiyədək İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 312 hektar ərazidə 58 müasir istixananın tikintisinə 200 mlyon manat güzəştli kredit ayrılıb. Bunlardan 49 istixana artıq istifadəyə verilib, 9-nun tikintisi davam edir.

Bundan əlavə, istixanalar digər kənd təsərrüfatı istehsalçıları kimi, bütün vergilərdən azaddır. Onlarda istifadə olunan motor yağları və gübrələrə sərf olunan vəsaitlərin bir hissəsi dövlət tərəfindən ödənilir.

Əgər indiyədək istixanalarda yalnız tərəvəz yetişdirilirdisə, son illərdə örtülü torpaqlarda meyvə istehsalının təşkilinə də başlanıb. Artıq on hektarlarla ərazilərdə istixanalarda meyvə yetişdirilməsi işi qurulub.

Həyata keçirilən tədbirlər bəhrəsini verməkdədir. Belə ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 mlrd. 538 mln. ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib. 

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151,6 milyon dollar). Bu siyahıda ikinci yeri qızıl (125,4 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 milyon dollar) tutub.

Ümumiyyətlə isə ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon dollar təşkil edib. İl ərzində pambığın ixracı 52 milyon dollar, şəkərin ixracı 39 milyon dollar, çayın ixracı 10 milyon dolları təşkil edib.

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2,1 dəfə, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz artıb.

“Yeni Müsavat”





Xəbərin oxunma sayı : 337




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap