Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kərkükdə bayraq böhranı: hərbi gücü olmayan türkmənlər və ərəblər “Haşdi-Şəabi“ni köməyə çağıra bilər

Tarix 04.04.17, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


İraqın Kərkük şəhərində regional Kürd Rəhbərliyi bayrağının dövlət idarələrinə aşılması ilə başlayan böhranın arxasında nə durur? Böhranın mümkün nəticələri nə ola bilər? 

10 sual və cavabda Kərkük böhranını bu cür təsvir etmək mümkündür:

1. Kərkükün əhəmiyyəti nədir?

Kərkük – neft şəhəridir. ABŞ-ın Enerji Nazirliyinin məlumatlarına görə, Kərkükün neft ehtiyatları 8,7 milyard barreldir. 

Türkiyənin birgünlük xam neft ehtiyacı isə 700 min barrel.

Beynəlxalq Enerji Agentliyinin rəyinə görə, İraq neftinin mövcud istehsalının 40 faizi Kərkükün payına düşür. Ölkənin sabit neft ehtiyatlarının 6 faizi də Kərkükdə cəmləşib.

2. Şəhərdə kimlər yaşayır?

Kərkükün, ətraf kəndlərlə birlikdə, əhalisi 1,4 milyon nəfərdir. Şəhər mərkəzində isə 900 min nəfər yaşayır. Kərkükdə türkmən, ərəb və kürd əhalinin birlikdə yaşadığı şəhərdir. Ancaq kürdlər Kərkükün sırf kürd şəhəri olduğunu iddia edirlər. İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) başçısı Məsud Bərzani Kərkükü "kürdlərin Qüdsü" adlandırır.

Səddam Hüseyn dövründə kürdlər şəhərdən çıxarılmışdı, Səddamdan sonra şəhərə böyük kürd köçü başladı. 

Beynəlxalq Amnistiya Təşkilatı kürd qruplarının şəhərdəki digər etnik qrupları köçə məcbur etdiyini və demoqrafik quruluşu dəyişdirdiyini söyləyir.

3. Kərkükün statusu nədir?

İşğalçı güc olan ABŞ-ın təşəbbüsü ilə hazırlanan İraq Konstitusiyasının 140-cı maddəsi Kərkükün statusu ilə bağlı referendum keçirilməsini tələb edir. Bu maddəyə əsasən, Səddam Hüseyn dövründə Kərkükdən zorla çıxarılanlar ocaqlarına dönməli, sonra Kərkükdə siyahıyaalma keçirilməli və bu istiqamət əsas alınaraq Kərkükün statusunu müəyyən etmək üçün 2007-ci ilin dekabr ayında referendum keçirilməli idi. Ancaq bu baş vermədi və Kərkükün statusu müəmmalı qaldı.

Kürdlər şəhərin İKRR-nin nəzarətinə verilməsini istəyir, türkmənlər buna qarşı çıxır, Kərkükün xüsusi bir statusa sahib olmasını istəyirlər.

4. Türkiyənin Kərkük siyasəti nədir?

Ankara çoxetnikli quruluşu əsas gətirərək, Kərkükdə bircə ünsürün üstün olmaması fikrini müdafiə edir, bölgədəki fərqli etnik qrupların rəhbərliklə əlaqədar bir razılaşmaya əldə etməsini istəyir. Kərkükdəki kompakt türkmən əhali də Türkiyənin əhəmiyyət verdiyi məsələlər siyahısının başında durur. 

Türkmənlər Türkiyənin bölgəyə yönəlik xarici siyasətinin əhəmiyyətli bir hissəsini təşkil edir. Ankara türkmənlərin təhlükəsizliyi və türkmən əhalinin yaşadığı bölgələrdə sabitliyin təmin edilməsinə böyük əhəmiyyət verir.

Türkiyə üçün həyati əhəmiyyətə malik digər məsələ Kərkük-Ceyhan neft boru kəməridir. 1977-ci ildə ilk nəqlin reallaşdığı və illik nəql həcmi ümumən 70,9 milyon ton olan boru xətti İraq neftini Türkiyəyə çatdırır.

5. Hazırda Kərkükdə durum necədir?

2014-cü ilin iyun ayında İŞİD Mosula hücum etdi, İraq mərkəzi hökumətinə bağlı ordunun 12-ci briqadası döyüşmədən şəhəri tərk etdi. Kərkükdə təhlükəsizlik Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) və Cəlal Talabaninin Kürdüstan Vətənpərvər Birliyinə (KVB) bağlı asayiş qüvvələri tərəfindən təmin edilməyə başladı. 

KVB İrana yaxınlığı ilə tanınırkən, Bərzaninin də son illərdə Türkiyə ilə əlaqələri yaxşıdır.

Bərzani İraq mərkəzi hökumətinin təhlükəsizlik qüvvələrinin bir daha şəhərə geri dönməsinə izn verməyəcəyini söyləyib.

Peşmərgələrdən başqa, şəhərdə KVB-nin əməkdaşlıq etdiyi PKK da varlığını göstərir. Şəhərin mərkəzində olmasa da, ətrafında və yaxınlarında olan başqa bir silahlı qrup iraqlı şiə milislərdən ibarət "Haşdi-Şəabi"dir. İraq daxilində sayı 130 minə çatan bu milislər zəif İraq ordusunun yaratdığı boşluğu doldurur. "Haşdi-Şəabi" milisləri iranlı komandirlər tərəfindən təlimləndirilir. İran bu milislər vasitəsilə İraq üzərində nəzarətini təmin edir.

6. Kərkükdə siyasi vəziyyət necədir?

Kərkükün demoqrafik quruluşunun dəyişdirilməsindən sonra şəhərin qubernatorluğuna 2011-ci ildə KVB-li kürd olan Nəcməddin Kərim gətirilib. 2005-ci ildə keçirilən seçkilər də Məclisdə kürdlər əksəriyyətini təmin edib. 41 Məclis üzvünün 26-ı kürd, 9-u türkmən, 6-ı ərəbdir. Qruplar arasındakı anlaşılmazlıq ucbatından yerli məclisə seçkilər 2005-dən bəri keçirilmir. 

İraq konstitusiyasına görə, Kərkük yeli Məclisi büdcənin təyin olunması, əyalətin federal bölgəyə çevrilməsini təmin etmə qərarı alına biləcək qədər bir çox səlahiyyətlərə malikdir.

7. Son böhran necə ortaya çıxdı?

Kərkük qubernatoru N.Kərim martın 14-də şəhərdəki bütün dövlət təşkilatlarına İraq bayrağı ilə yanaşı, İKRR-nin bayrağının da asılması təlimatı verdi. Martın 28-də ərəb və türkmən Məclis üzvlərinin boykot etdiyi iclasda 26 kürd deputat bu qərarı təsdiqlədi.

8. Türkiyə böhrana necə təpki verdi?

Xarici İşlər Nazirliyi 2017-ci il martın 28-də açıqladığı bəyanatla yerli Məclisin qərarının İraq konstitusiyasına zidd olduğunu vurğuladı, sağlam düşüncəyə çağırışı etdi.

9. Bayraq böhranından əvvəlki neft böhranın mahiyyəti nə idi?

Şəhərdə neft gəlirlərinin bölüşdürülməsi və neftin necə ixrac ediləcəyi ilə əlaqədar müzakirələr bitmir. Çünki neftin çıxarılması və satılması ilə əlaqədar əməliyyatlar mərkəzləşdirilməyib. 

Yaxın Şərq mütəxəssisi Serhat Erkmenin dediyi kimi, istehsal, emal və paylama mərhələlərinin hər birində "qara bazar" və qanundan kənar tətbiqlər mövcuddur. Buna görə də, neftin kimin bölgəsində çıxarıldığı əhəmiyyətlidir.

İraq ordusunun geri çəkilməsi ilə Kərkük neftinin satışına da nəzarət etməyə başlayan KDP-İKRR Bağdaddan müstəqil bir şəkildə nefti Türkiyə vasitəsilə ixrac edir. Bağdad rəhbərliyi isə bunun konstitusiyaya zidd olduğunu bildirir. 

Bu böhran müzakirələr nəticəsində həll olunmuşdu. Razılaşmaya görə, Bağdad neft satışı gəlirlərinin bölüşdürülməsi qarşılığında İKRR-nin payına büdcədən düşən qisimi ödəmək şərtini qəbul edib.

KDP-nin rəqibi KVB isə Kərkük neftinin Türkiyə yox, İran vasitəsilə ixrac edilməsi seçənəyini müdafiə edir.

Martın əvvəlində KVB-nin gücləri Bağdad rəhbərliyinin "Şimali Neft Şirkəti"nə basqın təşkil etdi və neft nəqli dayandırıldı. KVB peşmərgələri Bağdaddan bölgədə yeni bir emal qurğusu inşa etməsini istədi. Çünki mövcud neftayırma zavodları KDP-nin əlindədir.

Ölkənin neft naziri Cəbbar Lueybi isə Kərkükdəki neft neftayırma zavodunun tutumunun 10 min barrel artırıldığını açıqladı. Bu istehsal artımı Kərkük neftinin daxili bazara satışından gəlir əldə edən KVB-nin maraqlarını qoruyacaq.

Bağdadın bu vədi ardınca neft nəqli yenidən başladı.

10. Böhran İraq daxilində və bölgədə tarazlığa necə təsir edəcək?

İraqdakı bütün kürd qruplar Kərkükün bütünlüklə Bağdadın nəzarətindən çıxmasını və İraq Kürdüstan Regional Rəhbərliyinə bağlanmasını istəyir. Ancaq bu günlərdə Kürdüstan Regional Rəhbərliyinin siyasi gələcəyinə dair iki böyük partiya – KDP və KVB arasında problemlər yaşanır. 

Regional rəhbərlikdə üçüncü partiyanın – "Goran"ın ortaya çıxması da kürd qruplar arasındakı iqtidar döyüşlərini və siyasi böhranları dərinləşdirib. Bərzaninin Kürdüstanın müstəqilliyi üçün referenduma hazırlanma əmri verməsi, bunu davamlı gündəmdə gətirməsi, digər partiyaların KDP qarşısında əlini zəiflədir. 

Kürd partiyalar arasındakı münaqişə ilə bərabər, KDP ilə PKK arasında Şimali İraqın Sincar bölgəsinin idarəçiliyi uğrunda zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır. 

PKK ilə əlaqələri yaxşı olan və İranın dəstəklədiyi KVB də kürdlər üçün rəmzi əhəmiyyətə sahib Kərkükdəki gücünü artırmağa çalışır. Çünki bu il İKRR-də seçkilərin keçirilməsi gözlənilir.

İŞİD-in bölgəyə gəlişi və mərkəzi ordunun çəkilməsindən sonra KDP-nin dominant olduğu bölgələr genişləndi. Bu genişləməni tarazlamaq üçün KVB-nin əlindəki ən əhəmiyyətli alət Kərkükdür.

İki kürd qrup arasındakı iqtidar mübarizəsi və iqtisadi mənfəət savaşı qızışarkən, şəhərdə yaşayan və silahlı gücü olmayan türkmənlər və ərəblər,  Yaxın Şərq mütəxəssisi Erkmenin rəyinə görə, özlərini qorumaq üçün "Haşdi- Şəabi"yə üz tuta bilərlər. Bütün bunlar isə şəhəri uzun müddətli və daha dərin böhranlara və qarşıdurmalara sürükləyəcək.

Ayşe Karabat
"Al-Jazeera"

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 304




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap