Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Milyarder YAP-ı niyə Kommunust Partiyasına bənzətdi? – “Bu, hakimiyyətə demarşdır”

Tarix 12.12.19, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada yaşayan azərbaycanlı milyarder, "AzNar" QSC-nin sahibi Fərhad Əhmədov bugünlərdə özünün "facebook" səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair "yol xəritəsilə" çıxış edib. 

“Yeni Sabah” xəbər verir ki, kifayət qədər böyük həcmli yazıda milyarder əvvəlcə Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları" ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı: 

"Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin "cib deputatları" vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi "kuklaoynadanlardan" qurtulmuşuq..."

Milyarder MSK-nın buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklərin edilməsini təklif edib

Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan Fərhad Əhmədov Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edib. Hakimiyyətin bir neçə deputatı parlamentə "konstruktiv müxalifət" adı altında yerləşdirməsinin isə lazımı effekt vermədiyini bildirib. 

O, hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: "Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır..." Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan Fərhad Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edib və təklif edib ki, növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılmalıdır. Milyarderin fikrincə, məhz həmin müstəqil namizədlər gələcək əsl "konstruktiv müxalifətin" özəyini təşkil edə bilər.

Bundan sonra konkret təkliflər irəli sürən iş adamı öz "yol xəritəsində" növbədənkənar seçkilərlə bağlı "mütləq atılmalı olan" addımları sadalayıb. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının (MSK) buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var: 

"Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən formalaşdırmaq, bu orqanın rəhbərliyinə yeni nəslə aid idarəçi gətirmək; rayon seçki komissiyalarını yenidən formalaşdırmaq; seçki haqqında qanuna yenidən baxmaq; seçkini proporsional sistem üzrə keçirmək..." 

Hətta milyarder bir qədər də uzağa gedərək hakim Yeni Azərbaycan Partiyasını (YAP) SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu vurğulayıb: "YAP-ın aparatını yenidən formalaşdırmaq, Kommunist Partiyasının kollektiv üzvlük modelindən, artıq kadr yükündən, cəmiyyətlə işdə formal-plakat üslubundan uzaqlaşmaq... Partiyanın orientasiyasını parlamentdə mütləq yox, adi çoxluğu təmin etməyə yönəltmək".

"Həqiqətən də Azərbaycan parlamentində müxalifət də olmalıdır ki, fərqli fikirlər olsun, bu, inkişafa da xeyirdir"

Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu milyarder Fərhad Əhmədovun ölkəsinə bağlı biri olduğunu, hər il Azərbaycana gəldiyini və müəyyən istehsal sahələri açdığını vurğulamaqla yanaşı, onun son statusunun müəyyən suallar doğurduğunu da qeyd etdi: 

"Məsələn, illər uzunu Azərbaycandakı siyasi proseslər barədə mövqe bildirməyən soydaşımız nədən növbədənkənar parlament seçkiləri ilə bağlı mövqe bildirməyi lazım bildi? Onu da deyim ki, onun tezislərinin çoxu düzdür, haqlıdır. Həqiqətən də Azərbaycan parlamentində müxalifət də olmalıdır ki, fərqli fikirlər olsun. Bu, inkişafa da xeyirdir. 

Lakin onun parlament seçkiləri ilə bağlı geniş və maraqlı təhlilini oxuduqdan sonra bu qənaətə gəldim ki, bu hərtərəfli təhlilin hazırlanmasında ya bir qrup peşəkar analitik iştirak edib, ya da bu yazı hansısa beyin mərkəzinin məhsuludur. Özü də elə bir beyin mərkəzidir ki, Azərbaycandakı siyasi prosesləri öyrənib, analiz edib sonra bu yazını ortaya qoyub. Bununla demək istəmirəm ki, Fərhad Əhmədov belə bir analiz hazırlaya bilməzdi. Sadəcə, böyük şirkətləri olan milyarderlər vaxt azlığı ucbatından adətən analitik yazılar yazmırlar, tezisləri peşəkarlara verirlər və daha sonra son məhsula imza atırlar. Bu cür yazını hazırlamaq üçün günlər lazımdır. 

Ən maraqlısı odur ki, bugünə qədər Azərbaycandakı daxili siyasi proseslərə o qədər də qarışmayan varlı həmyerlimiz analitik yazısında "parlamentdə müxalifət niyə lazımdır" tezisini ən kiçik detallarına qədər elmi surətdə geniş izah edib. Əgər Fərhad Əhmədovun əvvəllər də müəyyən məsələlərə münasibəti olsaydı, o zaman onun son yazısı ilə bağlı bu qədər sual ortaya çıxmazdı. 

Bildiyiniz kimi, bu gün Türkiyədə də milyarder soydaşımız var. Əgər bu yazını Mübariz Mənsimov yazsaydı, məndə təəccüb doğurmazdı. Çünki o, ara-sıra siyasi proseslər haqqında fikirlərini bildirir, bu barədə status yazır".

"Rusiyada yaşayan azərbaycanlı milyarderlər ya seçki ərəfəsində "birliklər" yaradırlar, ya da analitik yazılar yazmağa başlayırlar"

Fərhad Əhmədovun məlum statusunun 2013-cü ili xatırlatdığını deyən politoloqun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı milyarderlər nə hikmətdirsə, seçkidən seçkiyə siyasi baxımdan fəallaşır: "Belə ki, ya seçki ərəfəsində "birliklər" yaradırlar, ya da analitik yazılar yazmağa başlayırlar. 

Məlumunuzdur ki, 2013-cü il prezident seçkiləri öncəsi "milyarderlər klubu" yaradıldı. O zaman bizdə sual yarandı ki, bu adamlar illər boyu siyasətlə maraqlanmadıqları halda birdən-birə nədən belə bir ittifaq yaratdılar? Burda kimin və nəyin marağı var? Müəyyən şübhələrimiz də oldu ki, bəlkə Rusiyadakı hansısa mərkəzdə Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək istəyirlər. Sonra Rusiya prezidenti Bakıya gəldi və bu məsələyə nöqtə qoyuldu. Bir də gördük ki, Fərhad Əhmədovun ardınca Rusiyada yaşayan başqa bir milyarder soydaşımız da bu tip status yazdı. Bu da ola bilər. Ancaq bundan sonra bizdə belə bir qənaət yaranacaq ki, bu, artıq siyasi mərkəzdən idarə olunan prosesdir".

Azərbaycanlı milyarderin tezislərinin əleyhinə olmadığını bildirən Elxan Şahinoğlu hesab edir ki, onların çoxu haqlı və yerində yazılmış fikirlərdir: "Sadəcə, sual doğur ki, niyə məhz indi bunu yazmağa ehtiyac duydu? Bəlkə də bunun səbəblərini özü açıqlayar. O da ola bilər ki, vətəni üçün ürəyi ağrayır, buna görə də Azərbaycanda siyasi proseslərin daha normal olmasını, parlamentin monoloq mühitindən dialoq mühitinə keçməsini arzulayır. 

Əgər həqiqətən də belədirsə, o zaman gərək bunun ardınca başqa statuslar da yazsın, digər fikirlər də söyləsin. Yoxsa, ildə bir dəfə bu cür status yazmaq, siyasi proseslərə dair fikir bildirmək ciddi suallar doğurur. Bir daha onun geniş təhlilinə müraciət etsək, məlum olacaq ki, heç bizim siyasi partiya liderləri belə təhlillər hazırlamır, ya da hazırlamaqda çətinlik çəkir. Hiss olunur ki, həmin yazını bir nəfər yazmayıb. Mümkündür ki, Fərhad Əhmədov belə bir yazının hazırlanması üçün kiməsə tezislər verib və son məhsulu gördükdə imzasının atıb. Düşünürəm ki, əgər o, yaxın günlərdə yenidən bu mövzuya qayıtsa, onda məsələyə aydınlıq gətirilə bilər. Yox, əgər bir statusun ardınca sussa, o zaman sualların sayı artacaq".

Fərhad Əhmədovun Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə dəyişikliklərin edilməsiylə bağlı təklifinə gəlincə, politoloq qeyd etdi ki, onun bu təklifləri real səslənmir: "Əslində, onun bu fikirləri praktikist və bir qədər radikal mövqedə olan müxalifətçilərin fikirləri ilə tam üst-üstə düşür. Hakimiyyət isə bunun əleyhinədir. Bu cür açıqlamalar bir az da hakimiyyətə demarş mənasına gəlir. Çünki seçkiyə az bir müddət qalmış hakimiyyət nə seçki komissiyalarını buraxacaq, nə də referendum keçirib konstitusiyanı dəyişəcək. Yəni majoritar seçki sistemindən proporsional sistemə keçid təmin olunmayacaq. Fərhad Əhmədov isə bunları bilə-bilə belə bir təkliflə çıxış edir. Məhz bunun özü çox ciddi suallar doğurur".

 



Xəbərin oxunma sayı : 616




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap