Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mir Cəlal Paşayevin doğulduğu kəndlə bağlı maraqlar faktlar ortaya çıxdı: Əndəbilin axtarışında tapılan “Qəribə bir arzu“

Tarix 04.09.20, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkədə müzakirə zamanı bir nəfər “qulağıma pıçıldadı” ki, “Azərbaycan” qəzetində (9 iyun 2018-ci il) yazıçı Mir Cəlal Paşayevin doğum yeri ilə bağlı bir məqalə dərc olunub. Rövşən Novruzoğlunun iranlı alim Hüseyn Siyamiyə istinadən yazdıqlarını oxuduqda, bilmədim gülüm, ya ağlayım. Ən yumşaq tərzdə ifadə eləsəm, ömrüm boyu çox təhriflər görmüşəm, amma “Əndəbil kəndinin Mir Cəlal məhəlləsi” məqaləsinin təhrifləri yanında indiyədək gördüklərim toya getməlidir.

Rövşən Novruzoğlunun kimliyini araşdırmağa ehtiyac yoxdur, onun istinad etdiyi Hüseyn Siyami (Tikmədaşlı) isə Xəstə Qasımın yaradıcılığını tədqiq etmiş və Azərbaycanda geniş tanınan folklorşünasdır.

Düzünə qalsa, “Viki”-də də Mir Cəlal Paşayevin doğum yeri ilə bağlı fərqli qeydlər var: rus versiyasında – Ərdəbil vilayətində, Xalxal şəhəri yaxınlığındakı Əndəbil, Azərbaycan versiyasında – Şərqi Azərbaycan vilayəti, Şəbüstər mahalının Sufiyan (Sufilər) şəhəri yaxınlığındakı Əndəbil kəndində doğulduğu göstərilib.

Mövzunu araşdırarkən, İran mənbələrində Əndəbillərdən hansının Mir Cəlal Paşayevə aid olduğunu aydınlaşdırmaq asan olmadı. Yalnız bir mənbə az-çox etibar doğurdu – Seyyid Məhəmmədəli Səfəvinin bloqu.

O yazır:

“Bəzi insanlar Şərqi Azərbaycanın Əndbil (Əndəbil-Sufiyan) kəndini Xalxalın Əndəbil kəndi ilə ad oxşarlığına görə səhv saldığından, Mir Cəlal Paşayevin şəxsiyyəti ilə bağlı tərcümeyi-halından bir neçə sətir xatırlamağı lazım bildim.

Əhalisinin əksəriyyəti İmam Səccadın (ə.) nəslindən olan tarixi Əndbil kəndinin sakinləri deyirlər ki, Mir Əli Əşrəfin oğlu və Mir Paşanın nəvəsi olan Mir Cəlal Paşayev onlardan biridir və əcdadları kəndin “Seyyidlər” adlı qədim qəbristanlığında dəfn olunublar.

Mir Əli Əşrəfin beş oğlu və bir qızı var idi: Mir Xəlil, Mir Cəlil, Mir Ağa, Mir Əbufəth, Mir Cəlal, Rüqiyə xanım.

Altmış beş il əvvəl (qeyd 10 il əvvəl yazılıb – Ə.R.) Mir Xəlil Azərbaycan Demokrat Firqəsinin “Fədailər” adlı hərbi qüvvələrinin yüksək səviyyəli komandirlərindən biri kimi tanınırdı və bölgə xalqı arasında son dərəcə populyar idi. Əvvəlcə rus olan arvadı Aliyanı Əndəbil xalqı hələ də unutmayıb. O, İkinci Dünya müharibəsi zamanı rus qoşunlarının komandiri ilə danışaraq kəndə, onun sakinlərinə və təsərrüfatlara zərər vermək fikrindən daşındırıb, bu, həqiqətən, baş verməyib. Səriyyə xanım və Mir Ağa onun övladlarıdır.

Mir Xəlil Paşayev 21 azər 1325-ci ildə, soyuq bir gündə dostları ilə birlikdə Əndəbildən Bakıya yola düşüb. Bacısı oğlu cənab Mir Maqsud Cavanmərd deyir ki, sanki dünən göz yaşları içində dayımı kəndin şimalındakı yolla su mənbəyinə (yəqin ki, Araz çayına doğru – Ə.R.) doğru yola saldım.

Onun ailəsi bu hadisədən sonra Tehrana köçüb, Aliya xanım rus konsulluğuna pənah tapıb və orada özünə iş tapıb.

Mir Cəlalın başqa bir qardaşı Mir Cəlil inqilabdan əvvəl (1979-dan – Ə.R.) Miandab şəkər şirkətinin baş direktoru idi, təxminən bir il əvvəl Tehranda vəfat edib. Onun qızı Əfsanə xanım Mir Əli Əşrəfin nəvəsi olan doktor Mir Yəhya Fərəczadə ilə nikahda olub. İndi Urmiyədə yaşayırlar.

Mir Cəlalın bacısı xanım Ruqiyə Paşayeva kəndin aşağı qəbiristanlığında dəfn edilib. O, Mir Ağa Rzanın arvadı idi. Mir Ağa Rzanın Mir Əli, Mir Hüseyin və Mir Həsən adlı üç oğlu vardı və hamısı vəfat edib. Onların övladları: Mir Hüseynin – Mir Maqsud Cavanmərd, Mir Əlinin – Mir Əli Əkbər və Mir Əli Əsgər Əndəbildə yaşamış və hələ də sağ qalan şəxslərdir.

Mir Cəlal 1287-ci ildə Əndabildə anadan olub və 1301-ci ilə qədər Əndbildə yaşayıb. 16 yaşında qardaşları ilə birlikdə təhsil almaq üçün Bakıya mühacirət edib. Mir Cəlalın doğulub boya-başa çatdığı həyət indi də durur və kəndin məşhur küçəsi “Əşrəf küçəsi” adlanır. Mir Cəlalın bacısı nəvəsi Mir Maqsudun yaşadığı ev də həmin küçədə yerləşir.



O, Mir Cəlalın bütün kitabları və onun ailə şəkillərini saxlayır. Bu fotolar Mir Cəlalın iki qonşusu sayəsində əldə olunub, onun həmyaşıdları olmuş bu qonşuları da sağdır, onlardan biri Sahib adlı bir qadın, digəri isə hər zaman Mir Cəlal Paşayev ailəsinin sevgisini vurğulayan Reyhanəlidir.

Mir Arif və Mir Hafiz Paşayevlər Mir Cəlalın oğullarıdır. Mir Hafiz bir vaxtlar Əndbil kəndini ziyarət edib və qohumlarının qonağı olub, həmçinin, Azərbaycan Prezidentinin xanımı Mehraban xanım Mir Cəlal Paşayevin nəvəsidir”.

Yanınızda yalançı olmaq istəməzdim, bu qeydlərə müəyyən şübhələrim vardı, ancaq gənc iranlı rejissor Möhsün Hadi köməyimə çatdı. Qarabağ ağrımıza dair “Arazın dayaz günü” adlı sənədli film çəkmiş rejissor, demə, keçən il Mir Cəlal Paşyev haqqında “Qəribə bir arzu” adlı 20 dəqiqəlik sənədli filmi ərsəyə gətirib.

Möhsün Hadi də yazıçı Mir Cəlal Paşayevin əslən Şəbüstər mahalının Əndəbil kəndindən olduğunu təsdiqləyib və qeydlərinə əsaslandığım Səfəvini də şəxsən tanıdığını sözlərinə əlavə edib.

“Qəribə bir arzu” filminin nümayişinə gəlincə, kinorejissor “Bu məsələ festivallara bağlıdır”, – deyib.

P.S. Bu video isə Əndəbil kəndi haqqında həvəskar çəkilişdir və kəndin tarixi haqqında məlumatla zəngindir.


Əziz Rzazadə

“Strateq”, 04.09.2020








Xəbərin oxunma sayı : 8203




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap