Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rus nazirin müəmmalı həbsi:«Rosneft» uğrunda savaş, yoxsa «Tramp effekti»?

Tarix 16.11.16, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya tarixində ilk dəfə olaraq nazir postunu tutan şəxs barədə korrupsiya ittihamı üzrə həbs qərarı çıxarılıb. Ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev «Rosneft» rəhbərliyindən rüşvət almaqda ittiham edilərək saxlanılıb.

Məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ulyukayevi bir ildən artıqdır izləyir və bütün danışıqlarını dinləyirmiş.

Nə baş verib?

Noyabrın 15-də Rusiya İstintaq Komitəsi FTX-nin topladığı faktlar əsasında Ulyukayev barəsində külli miqdarda (2 milyon dollar) rüşvət alma maddəsi üzrə cinayət işi başladıb.

İstintaq Komitəsindən bildiriblər ki, nazirə vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə də ittiham irəli sürüləcək. İttihama görə, nazir 2 milyon dollar rüşvəti «Başneft» şirkətinin dövlət səhmlərini (50 faizini) ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb. 

Bu il oktyabrın 12-də «Rosneft» «Başneft»in dövlət səhmlərinin alınmasına dair saziş bağlayıb. Dövlət büdcəsinə 329,7 milyard rubl köçürməklə «Rosneft» saziş üzrə öhdəliklərini yerinə yetirmiş olub.

İlin sonuna qədər isə «Rosneft»in özünün dövlət səhmləri özəlləşdiriləcək. Səhmlərin 19,5 faizindən dövlət 700 milyard rubl əldə etməyi planlaşdırır.

«İnterfax» agentliyi adı çəkilməyən mənbənin məlumatına əsasən bildirir ki, Ulyukayev rüşvət aldığı vaxt həbs olunub. Rüşvət pulları nazirə istintaq eksperimenti zamanı verilib. «Rosneft» rəhbərliyinə qarşı isə heç bir tədbir görülməyib.



«Başneft» müamması…

«Başneft»lə bağlı məsələ 2014-cü ildən gündəmdə idi. Vaxtilə rusiyalı oliqarx Vladimir Yevtuşenkova məxsus olan bu şirkət sonradan onun əlindən alınmış və səhmlər dövlətin hesabına keçmişdi. Elə həmin mərhələdə elan olunmuşdu ki, şirkət 2016-cı ilə qədər özəlləşdiriləcək. 

İlk vaxtlar əsas real alıcı «Lukoyl» şirkəti hesab olunurdu. Lakin sonradan səhnədə «Rosneft» görünməyə başladı. Elə bununla da mübahisələr yarandı və sazişin qanuniliyini şübhə altına alanlar etiraz etməyə başladı. Əsas narazılıq isə o idi ki, bu halda bir dövlət şirkəti başqa bir dövlət müəssisəsini almış olur.

«Rosneft»ə qarşı çıxanlar arasında Aleksey Ulyukayev də var idi. Nazir «Başneft»in səhmlərini almaq üçün «Rosneft»in uyğun şirkət olmadığını deyirdi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi.

Ulyukayev hesab edirdi ki, «Rosneft»i «Başneft»in özəlləşdirilməsi prosesinə yaxın buraxmamaq üçün müxtəlif üsullar var. 

Bütün bu mübahisələrin fonunda Rusiya hökuməti bu ilin avqust ayında «Başneft»in özəlləşdirilməsini təxirə saldı. Lakin sentyabrın 30-dan proses yenidən bərpa olunmağa başladı. 

Okytabrın 10-da baş nazir Dmitri Medvedev «Başneft»in səhmlərinin 50,08 faizinin satışı ilə bağlı xüsusi sərəncam imzaladı. Və oktyabrın 12-də prezident Vladimir Putin açıqlama verərək «Başneft»in satışını «səliqəli özəlləşdirmə» adlandırdı.

Bəs, belə olan halda nazir Ulyukayevin həbsinə hansı əsas və zərurət var idi?



Ekspertlər nə deyir?

Rusiya Sənayeçilər Birliyinin sədri Aleksandr Şoxin baş verənlərin absurd olduğunu deyir: "«Başneft»lə bağlı razılıq əldə olunandan, prezident Putinin bu məsələ ilə bağlı müsbət qiymətləndirməsindən bir ay sonra Ulyukayev «Rosneft»i necə hədələyə və ondan rüşvət tələb edə bilərdi?!  Nə qədər ağılsız olmalısan ki, hüquqi və siyasi müstəvidə hər şey yekunlaşandan bir ay sonra «Rosneft»i hədələyəsən və 2 milyon alasan. Özü də ölkənin ən nüfuzlu şəxslərindən olan İqor İvanoviç Seçindən". 

Ekspert Sergey Tsıplyayev bütün bunları «Rosneft» uğrunda savaşın tərkib hissəsi adlandırır: «Bu, maraqlı şəxslər arasında «Rosneft»in hər «tikəsi» uğrunda mübarizədir. Zaman-zaman bu mübarizə palaz altında davam edəcək və oradan cəsədlər çıxacaq. Ulyukayev bu mübarizənin ilk qurbanıdır».

Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Şvetsov Ulyukayevin korrupsioner olmasına inanmadığını deyir: «Aleksey Valentinoviçə böyük hörmətim var. Rüşvət, ona qarşı irəli sürülə biləcək ən son ittihamdır. Mətbuatın yazdıqları absurddur. Hələ ki heç nə məlum deyil».

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Ulyukayevin həbsini «Tramp effekti» adlandırıb: «Bu adam Rusiyada liberalizmin dayaqlarından biridir. Onun həbsi «Tramp effektidir». Liberalların qlobal şəbəkəsi daxildən qırılıb. Kobud desək, onların «damı» uçurulub. Putin tamamilə haqlıdır. Hələ ki imkanlar pəncərəsi açıqdır, qətiyyətlə irəliləmək lazımdır. Ulyukayevin təmsil etdiyi «altıncı kalon» ABŞ-ın hakim dairələrində təmsil olunan liberalların təzyiqi sayəsində mövcud idi. İndi onların heç bir mənası qalmayıb. İndi Putin üçün 16 il əvvəl başlatdığı vətənpərvərlik islahatlarını tamamlamağa heç bir maneə yoxdur. «Altıncı kalon»u indi dağıtmasa, Putin öz legitimliyini təhlükəyə atmış olacaq. Ulyukayev daxili siyasətdə «Tramp effekti»nin ilk qaranquşudur. Bir sözlə, «altıncı kalon», əşyalarınızla çıxışa doğru!».

Naziri hansı cəza gözləyir?

Ulyukayevin ittiham olunduğu maddə üzrə bir neçə cəza nəzərdə tutulur. Nazirə 3-5 milyon rubl cərimə də kəsilə bilər, ona 8 ildən 15 ilədək həbs də verilə bilər.

Vəkili Timofev Qridne bildirib ki, Ulyukayev həbsini təxribat adlandırıb və günahsız olduğunu deyib: «O bildirir ki, dünən «Rosneft»in ofisində baş verənlər dövlət məmuruna qarşı təxribatdır».

Son məlumata görə, Ulyukayev ev dustaqlığına buraxılıb və o, 2 aylıq istintaq müddətində azadlıqda olacaq. Lakin ona evdən kənara çıxmağa icazə verilməyəcək. Ulyukayev istintaqla maksimum əməkdaşlıq edəcəyini bildirib.

Kremldən açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin məsələ barədə məlumatlandırıldığını deyib: «Məlumatı var. Ona bütün informasiyalar çatdırılıb. Bunlar çox ciddi ittihamlardır. Və yekun qiyməti ancaq məhkəmə verə bilər». 

Baş nazir Dmitri Medvedev bunun hökumət üçün olduqca ağır hadisə olduğunu bildirib: «Baş verənləri idrak edə bilmirəm. Korrupsiyaya yol verən hakimiyyət təmsilçilərindən heç birinə – nə qubernatorlara, nə deputatlara, nə nazirlərə güzəşt oluna bilər». 


Ulyukayev kimdir?

60 yaşlı Ulyukayev iqtisadi inkişaf naziri postuna 2013-cü ilin iyununda təyin olunub. O, bu postda hazırda prezidentin köməkçisi işləyən Andrey Belousovu əvəzləyib. 

1979-cu ildə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1982-ci ildən ixtisası üzrə elmi fəaliyyətlə məşğul olub. 88-91-ci illərdə özünü jurnalistikada da sınayıb – «Kommunist» jurnalında şöbə müdiri olub. 

1991-ci ildə Rusiya hökumətində iqtisadi məsələlər üzrə müşavir təyin edilib. 93-94-cü illərdə baş nazirin birinci müavini Yeqor Qaydarın köməkçisi olub. 2000-ci illərin əvvəllərində  maliyyə nazirinin müavini postunu tutub. «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.

Ulyukayev korrupsiyaya qarşı çıxışları ilə dəfələrlə medianın gündəminə gəlib. Nazir korrupsiyanın ölkənin normal inkişafına zərərləri barədə açıqlamalar verib.

«Korrupsiyanın səviyyəsi yüksəkdir. Lakin bu barədə bəyanatlar verməklə iş bitmir. Nəsə eləmək lazımdır. Şəffaflıq vəziyyəti dəyişməyin ən yaxşı yoludur», – deyə Ulyukayev korrupsiya əleyhinə çıxışlarının birində qeyd edib.

Qeyd edək ki, bu dəqiqələrdə prezident Vladimir Putin Ulyukayevin nazir vəzifəsindən uzaqlaşdırılması barədə sərəncam imzalayıb.

Strateq.az



Xəbərin oxunma sayı : 190




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap