Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır - Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib?

Tarix 18.05.17, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar öz əksini tapıb.

AzFakt.com Gununsesi.info-ya istinadən xəbər verir ki, ittihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb.

O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib. Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.

Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.

Elçin Quliyev eyni zamanda, rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də MTN-nin Antiterror Mərkəzinə çağırtdırıb.

Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini bildirib.

Elçin Quliyev Malik və Mətləb Mustafayevlərin barəsində cinayət işi başladacağı, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.

Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapanca aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar. Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.


ATM-in sabiq rəisi, general-mayor Elçin Quliyev

Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib… Mətləb  heç kimə böhtan atmayacağını deyib.

Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

Ləğv olunmuş MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Mustafayev Malik Nəriman oğlunun ləyaqətini mütəmadi alçaltmaqla və ona hədə-qorxu gəlmək yolu ilə özünü öldürmə həddinə çatdırılması epizodunda bildirilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Mustafayev Mətləb Nəriman oğlu ifadəsində qeyd edib ki, kiçik qardaşı Malik Mustafayev 1976-1981-ci illərdə Lvov Politexnik İnstitutunun İqtisadiyyat fakültəsini və 1985-1988-ci illərdə SSRİ DTK-nin F.E.Dzerjinski adına Ali Məktəbini bitirib. Qarabağ müharibəsi veteranı olub, 30 il MTN-də qüsursuz işləyib. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Polkovnik rütbəsində olmaqla “Fəxri çekist” adına layiq görülüb. Son vaxtlar isə MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Mətləb Mustafayev bildirib ki, 1998-ci ilin iyun-iyul aylarında şərab zavodlarının özəlləşməsi ilə əlaqədar ixtisaslı şərabçı qəbul olunması ilə bağlı Əmlak Komitəsində müsabiqə elan olunduqda o, həmin müsabiqədə iştirak edib. Nadir Nəsibovun əmri ilə məsləhətçi vəzifəsinə təyin olunub.

Həmin vəzifədə 2007-ci ilin may ayına qədər işləmiş, 2005-ci ildə yeni yaradılmış Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə Kərəm Həsənov sədr təyin olunduqda isə sonuncunun əmri ilə 04 may 2007-ci ildə o, mərkəzi aparatda tutduğu vəzifədən öz istəyi və razılığı olmadan Komitənin Bakı şəhəri üzrə 2-saylı Ərazi Şöbəsinə, az əməkhaqqı olan baş məsləhətçi vəzifəsinə göndərilib. Həmin vəzifədə 30 iyun 2009-cu ilədək işlədikdən sonra 2009-cu ilin iyul ayında prezidentin sərəncamı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Yeni komitədə hər bir əməkdaşdan o cümlədən, ondan 2 ərizə alınmaqla işə qəbul haqqında birinci ərizədə imza və tarix qoyulsa da, ikinci ərizədə isə imza qoyulmuş, аncaq tarix qeyd olunmayıb.


ATM-in rəis müavini, polkovnik İlqar Əliyev

O, işdən azad olma haqqında ərizənin yazdırılması səbəbini soruşduqda sədrin müavini Rüstəm Şahbazov bildirib ki, bu tapşırıq Prezident Administrasiyasından verilib. Amma bu ona aid deyil. 2011-ci ilin sentyabr ayının 22-dək o, növbəti əmək məzuniyyətində olub, məzuniyyətdən qayıtdıqdan sonra 12.10.2011-ci ildə dövlət qulluğu və kadr işləri üzrə şöbənin rəisi Natiq Məlikov bildirib ki, sədrin tapşırığı ilə o, ərizə yazıb tutduğu vəzifədən getməlidir. Lakin o, bundan imtina edib. Çünki o, 55 yaşında yenidən iş tapmağın çox çətin olacağını fikirləşib.

20 dekabr 2012-ci ildə müsabiqə əsasında o, “Azərsu” ASC-yə iqtisadçı vəzifəsinə işə qəbul olunub. 04 sentyabr 2014-cü ilə qədər bu vəzifədə işləyib. Burada da Kərəm Həsənovun müdaxiləsi və təzyiqi nəticəsində ona kadrlar şöbəsində heç bir səbəb göstərilmədən bildiriblər ki, öz ərizəsi ilə işdən çıxmalıdır. Ona görə də o, məcburən həmin gün ərizə yazıb öz xahişi ilə işdən azad olunub.

O, hüquqlarının Kərəm Həsənov tərəfindən pozulması ilə əlaqədar 01 mart 2012-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib, həmin mülki işə müxtəlif instansiya məhkəmələrində baxılması bu gün də davam edir. Birinci instansiya və apellyasiya məhkəmələrinin işə qəbul və işdən azad olunması ilə bağlı yazdığı ərizələrin ekspertiza tədqiqinə göndərilməsi üçün təqdim olunması barədə verdikləri sorğular Kərəm Həsənov tərəfindən icra edilməyib.

Yalnız Ali Məhkəmə tərəfindən bu məsələ həllini tapdıqdan sonra keçirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyinə əsasən həmin ərizələrin eyni diyircəkli qələm pastası ilə icra olunması təsdiqini tapıb. Buna baxmayaraq, bugünədək məhkəmə tərəfindən yekun qərarın qəbul olunması təmin edilməyib və iddiası ilə bağlı mülki iş hazırda 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin icraatındadır.

Onun qanunsuz işdən çıxarılması ilə bağlı məhkəmələrə inadkar müraciətlərindən narazı qalan Kərəm Həsənov M.Mustafayevi cəzalandırmaq, təhdid edib zərərsizləşdirmək məqsədi ilə ona qarşı təxribat xarakterli müxtəlif vasitələrə əl atıb. 

O, bunu sonradan başına gələn hadisələrdən başa düşüb. Belə ki, 06 sentyabr 2014-cü ildə həftənin şənbə günü saat 15 radələrində qardaşı Malik Mustafayev ona bildirib ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov onu yanına çağırır, səbəbini soruşduqda bilmədiyini deyib. Elə həmin gün o, mərhum qardaşı ilə birlikdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə gedib. Orada MTN-nin inzibati binasının birinci mərtəbəsində yerləşən MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin xidməti otağında o və müavini İlqar Əliyev birlikdə onu qəbul ediblər. Onların söhbətlərində qardaşı Malik də iştirak edib.
Qardaşı təxminən, 20-30 dəqiqədən sonra otaqdan çıxıb gedib, Elçin Quliyevlə İlqar Əliyev Kərəm Həsənovu məhkəməyə verməyinə görə ona irad tutub narazılıqlarını bildiriblər. Elçin Quliyev və İlqar Əliyev ona hədə-qorxu gəlməklə təzyiq etməyə başlayıblar. Elçin Quliyev ona bildirib ki, əgər dediklərinə əməl etməsə, ona və həmin vaxt onlarla bir orqanda Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyən qardaşı Mustafayev Malik Nəriman oğluna problem yaradacaq.

Bundan sonra Elçin Quliyevlə İlqar Əliyev onu təxminən, saat 17-də sərbəst buraxıblar. Lakin sonrakı günlərdə yaşadığı binanın ətrafında hər gün həmin ərazidə yaşamayan kənar şəxslərin gəzişdiyini gördüyündən onların MTN əməkdaşları olmasını və onu izləyib nəzarətə götürdüklərini başa düşüb. Həmin vaxtdan bir neçə gün sonra – 11 sentyabr 2014-cü il tarixdə gündüz saat 14:40-da ona məxsus Abşeron rayonunun Yeni Saray qəsəbəsində yerləşən daş hasara alınmış həyətyanı sahəsində əkdiyi ağacları sulayarkən özlərini “Banditizm” idarəsinin əməkdaşları kimi təqdim edən mülki gеyimdə olan təxminən, 16 nəfər idmançı görkəmli silahlı şəxs heç bir sənəd, xidməti vəsiqə, məhkəmə qərarı göstərmədən həyətə soxulublar. O, sоnradan bilib ki, həmin dəstəyə rəhbərlik edən MTN əməkdaşı Hüseyn Əhmədovdur.

Onlardan biri video-kamera vasitəsiylə çəkiliş aparıb. Həmin şəxslər onun qollarını qandallayıb özləri ilə gətirdikləri markasını bilmədiyi balaca tapancanı onun sağ əlinin şəhadət barmağına toxundurublar. O, başa düşüb ki, bu üsulla onun barmaq izlərini tapancada saxlamaq istəyirlər. Buna etiraz etsə də, müqavimət göstərə bilməyib. Çünki əlləri qandallı olub. Həmin vaxt qonşu həyətdə tikinti işləri ilə məşğul olan işçilərin gözləri qarşısında onu ağ rəngli mikroavtobusa otuzdurub yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 19b, mənzil 46 ünvanına gətiriblər.

MTN-nin İstintaq Baş İdarəsinin müstəntiqi Elşən Murtuzov saat 16:00-da yaşadığı mənzildə axtarış aparılması haqqında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onu tanış edib imzalatdırıb. Həmin zaman bilib ki, qollarını qandallayıb tapancanı sağ əlinin şəhadət barmağına toxunduranlar MTN əməkdaşlarıdır. О, müstəntiq Elşən Murtuzovdan nəyə görə, hansı əsasla saat 14:40-də Yeni Saray qəsəbəsində əllərini qandalladıqlarını soruşduqda sonuncu cavabında belə lazım olduğunu bildirib. Sonra müstəntiq Elşən Murtuzov iki hal şahidi və vidеo çəkiliş aparan şəxsin iştirakı ilə yaşadığı evdə axtarış aparmağa başlayıb.

Əvvəlcə yemək otağında, sonra mətbəxdə və zirzəmidə axtarış olub, müstəntiqin özünün dediyinə görə, bu otaqlarda iş üçün əhəmiyyət kəsb edən şübhəli bir şey tapılmayıb. Мənzilin giriş qapısı açıq olduğundan digər əməlyyatçılar (təxminən 8 nəfər) mənzildə sərbəst hərəkət edərək, özləriylə gətirdikləri Yeni Saray qəsəbəsində onun əl barmağına sürtdükləri tapancanı şkafa əl-üz dəsmallarının arasına qoyub həyətə düşdükdən sonra müstəntiq Elşən Murtuzovun mobil telefonuna zəng edib tapancanın qoyulduğu yeri ona bildiriblər.

O, bunu həmin vaxt müstəntiqin mobil telefonuna 3 dəfə edilən zənglərə verdiyi cavablarında başa düşüb. Belə ki, müstəntiq həmin zənglərə “oldu, başa düşdüm, aydındır” deyə qısa cavab verib. Bu zənglərdən sonra müstəntiq giriş qapısında üzbəüz yerləşən yataq otağında paltar şkafının ikinci hissəsindəki əl-üz dəsmalı saxlanılan yerdən onlara məxsus olmayan və ilk dəfə gördüyü kiçik bir çanta çıxarıb. Elşən Murtuzov əlindəki çantadan əlcəkləri çıxardıb əllərinə keçirərək, çıxarılan çantanı açdıqda oradan bir ədəd tapança, bir ədəd sandıqça və sarı rəngli yağlı kağıza bükülmüş 12 ədəd patron çıxardıb.

O, müstəntiqə bildirib ki, bu tapılan tapança, sandıqca və patronların ona və ailəsinə heç bir aidiyyəti yoxdur. Tapancanı onun göstərişi ilə MTN əməkdaşları Yeni Saray qəsəbəsində barmağına toxundurub mənzilə qoyublar. Murtuzov isə onun dediklərinə əhəmiyyət verməyərək, videokamera ilə çəkilişi davam etdirib. Tapancanı sarı rəngli zərfə qoyub ağzını bağlayıb. Digər otaqlarda və həyətdə, qaraj deyilən sahədə səthi axtarış aparılıb. Sonra müstəntiqin tərtib etdiyi axtarış protokolunu özü və hal şahidləri imzalayıblar.

Onda müstəntiqin аxtarışda iştirak edən hal şahidlərinə 5-6 vərəq ağ kağızın müəyyən hissələrinə imza etdirib özü ilə götürdüyünü görüb. Bundan başqa, müstəntiq evdəki notbuku, planşeti, çoxlu sayda vodeo diski, onun ümumvətəndaş pasportunu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini də özü ilə götürüb. Axtarış qanunsuz aparıldığından və saxtalaşdırıldığından o, həmin protokolu imzalmaqdan imtina edib. Axtarış protokolunun imzalanması zamanı müstəntiq ona “bilirəm, onsuz da imzalamayacaqsan” deyib, qanunda nəzərdə tutulmuş qaydaya əsasən axtarış protokolunun surətini ona və ya ailə üzvlərindən birinə verməli оlduğu halda bunu etməyib, lakin protokolun sonunda surətinin guya ona verilməsi haqqında yalan məzmunlu qeyd yazıb. Bundan sonra onun qollarını qandallayıb mikroavtobusa oturdub MTN-ə аparıblar.

Onun “VAZ-2107” markalı 10 RN 763 dövlət qeydiyyat nişanlı, 2006-cı il istehsalı оlан avtomobilini sonradan adını və soyadını öyrəndiyi əməliyyatçı Mobil Əliyev Yeni Saray qəsəbəsindən götürüb əvvəlcə yaşadığı binanın qarşısına gətirib, axtarış аparıldıqdan və sürücülük vəsiqəsini götürdükdən sonra MTN-nin Zığ qəsəbəsindəki sahəsinə aparıblar. Həmin gün avtomobildə axtarış aparıb heç bir şübhəli əşya tapmadıqlarına baxmayaraq, Zığ qəsəbəsində avtomobili yenidən söküb hər yerini axtarıblar. Mikroavtobusa minəndə müstəntiq ona pıçıltı ilə “qorxma, sənə kömək edəcəyəm” deyib, o, isə cavabında “əvvəlcə tapança qoyub sonra da kömək edəcəksən?” deyə cavab verib.

MTN-nin inzibati binasında o, 2 nəfər əməliyyatçı və müstəntiq Elşən Murtuzov liftlə müvəqqəti saxlama yeri və istintaq təcridxanasının yerləşdiyi 6-cı mərtəbəyə qalxıb. Həmin mərtəbədə müstəntiqin 6037 nömrəli otağına daxil olublar. Müstəntiq çantasından tapanca olan zərfi çıxarıb gözlərinin qarşısında seyfə qoyub və seyfin qapısını bağlayıb. Sonra onu AR CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması barədə tərtib etdiyi protokolla tanış edib.
Müdafiə kimi onun təyin etdiyi vəkil Vaqif Məmmədovun iştirakı ilə onun dindirilməsini aparıb. Мüstəntiq Elşən Murtuzovun kompüterdə yazdığı ifadəni oxuyub qeydlər vermək istəsə də, sonuncu bunа imkan verməyərək bildirib ki, bu, formal bir kağızdır. Dindirmə zamanı o, heç bir cinayət əməlini törətmədiyini, mənzilindən guya aşkar edilərək götürülən tapanca silahını sabdıqcanın və patronların ona heç bir aidiyyəti olmadığını bildirsə də, dediklərini nəzərə almayaraq, şübhəli şəxs qismində saxlanılıb.

Elə ilk gündən anlayıb ki, həbsi sifarişlidir. Ailə üzvləri onun Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tutulması barədə rəsmi xəbəri MTN-nin İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevin 11 sentyabr 2014-cü il tarixdə imzalayıb poçtla göndərdiyi və 18 sentyabr 2014-cü il tarixdə aldıqları məktubdan sonra biliblər. 

Ona hüquqları barədə bildiriş isə bir gündən sonra verilib. Ümumiyyətlə, təcridxanada saxlandığı müddətdə ona ailə üzvüləri ilə telefon əlaqəsi saxlamağa icazə verilməyib. Həbs olunması haqqında müstəntiqin tərtib etdiyi sənədlərdə göstərilib ki, guya o, soyadı, atasının adı, nə vaxt və harada anadan olması, harada qeydiyyatda olması, Azərbaycan Respublikasının dövlət sərhədini nə vaxt və hansı buraxılış məntəqəsindən, gömrük xidmətindən keçməsi barədə məlumat olmayan İİR-nın vətəndaşları Rza və Hüseyn adlı şəxslərlə cinayət əlaqəsinə girib, onlardan odlu silah, onun komplekt hissəsi, döyüş sursatı əldə edib, daşıyıb, gəzdirib və yaşadığı mənzildə saxlayıb.

Sonra isə göstərilib ki, İİR-nin vətəndaşları Rza və Hüseynin şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb. Müstəntiqdən nə üçün DSX-dən və DGK-dən Rza və Hüseyn аdlı şəxslər barədə məlumat almadığını, İnterpola bu şəxslər barədə sorğu göndərmədiyini soruşduqda, bildirib ki, buna ehtiyac yoxdur. 23 sentyabr 2014-cü il tarixdə dövlət tərəfindən təyinat əsasında ona ayrılmış vəkil Vaqif Məmmədovun iştirakı ilə aparılan istintaq hərəkətlərinin heç birində iştirak etməməsi səbəbindən onun xidmətindən imtina edib və həmin tarixdə ailə üzvlərinin bağladığı müqaviləyə əsasən vəkil Eldəniz Alxas Əli oğlunun onunla görüşməsinə 16 gündən sonra, yəni 08.10.2014-cü il tarixdə icazə verilib.

Vəkilin onunla görüşməsinin qarşısı şəxsən İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev tərəfindən alınıb. Müstəntiq Elşən Murtuzovun və İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevin xidməti otaqları eyni mərtəbədə yerləşməsinə baxmayaraq, vəkillə görüşə icazə məktubuna 16 gündən sonra icazə verilib. 08 oktyabr 2014-cü il tarixədək ailəsi ilə yazışmasına imkan verilməyib, müstəntiqə açıq zərfdə təqdim etdiyi 5 ədəd məktubdan heç biri göndərilməyib.

Dəfələrlə təkid etdikdən sonra onun həbsdə saxlanma müddətinin artırılması haqqında Bakı şəhər Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qərarı çıxarıldıqdan 48 gün sonra ona verilib. Ümumiyyətlə, müstəntiq Elşən Murtuzov həm öz təşəbbüsü, həm də öz rəhbərliyinin tapşırığı ilə ona qarşı başladıqları qondarma cinayət işini qeyri-obyektiv, birtərəfli və qərəzli aparıb. MTN-nin İstintaq Baş İdərəsinin rəis müavini, polkovnik-leytenant Təhsin Ağayev ondan təqsirləndirildiyi cinayət işi ilə əlaqədar ifadə almaq əvəzinə, Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Xətai Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi ilə bağlı onu sorğu-sual edib.


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov


Bu da bir daha təsdiq edir ki, tapancanın onun barmağına sürtülməsi və mənzilə qoyulması МTN-nin onu həbs etməkdən ötrü qəsdən təşkil etdiyi əməliyyat olub. Sifarişçi də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olub. 

Sifarişin səbəbi, yuxarıda göstərdiyi kimi 2011-ci ildə heç bir günahı olmadığı, ərizə yazmadığı halda Kərəm Həsənovun onu guya öz ərizəsi ilə, yəni qanunsuz olaraq işdən azad etdiyinə görə məhkəmə orqanlarına müraciət etməyi olub.

Kərəm Həsənovun milli təhlükəsizlik naziri Eldar Mahmudovla isti münasibətinə görə həmin cılız əməliyyatı sonuncunun tapşırığı ilə Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev düşünüb birgə qurublar.

Qardaşı Маlik Mustafayevin MTN-də işləməsi Elçin Quliyevdə əminlik yaradıb ki, qardaşının karyerası naminə sonuncu istədiyi ifadəni qanunsuz tələblə ona imzalatdıracaq. Onun dedikləri əsasında video çəkiliş aparılacaq. 

O, Təhsin Ağayevdən ona qarşı başladıqları qondarma cinayət işi barədə suallar verməsini xahiş edib, məhkəmə instansiyalarına ünvanladığı iddia ərizələrində ona verilən sualların MTN-nin əsasnaməsi ilə tənzimlənən fəaliyyətinə heç bir aidiyyatı olmadığını bildirərək suallarına cavab verməkdən imtina edib. Sifarişlə, saxtakarlıqla və məqsədyönlü şəkildə aparılan axtarışdan tam məlumatlı, bəlkə də təşkilatçısı olan Təhsin Ağayev onun tutulması ilə bağlı 11.12.2014-cü il tarixdə göndərdiyi məktubda göstərib ki, “MTN əməkdaşları tərəfindən keçirilən axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada keçirilib və bu zaman hər hansı qanun pozuntusuna yol verilməyib”.

Müstəntiq Elşən Murtuzov onun barəsində 1173 №-li cinayət işi üzrə 11 fevral 2015-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında göstərib ki, “bu cinayət işi Pərviz Həşimli barəsində olan 1042 №-li cinayət işinin materiallarından 06 fevral 2014-cü il tarixdə ayrılaraq icraata qəbul olunub”.

Qərarın təsviri hissəsində isə MTN-nin ATM-dən daxil olmuş 10 sentyabr 2014-cü il tarixli 1505 nömrəli məktubda guya onun odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olan İİR-nin vətəndaşı Rza adlı şəxslə əlaqələrinin olması göstərilib.

Bundan sonra Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində keçirilən 17 mart tarixli iclasda vəkil vəsatətlə müraciət edib 11 sentyabr 2014-cü il tarixdə çəkilmiş axtarışın aparılması prosesini əks etdirən vidеokasetin gətirilməsini tələb etsə də, MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımov 23 apreldə, yəni 37 gündən sonra məhkəməyə göndərdiyini cavab məktubunda vidеokameranın nasazlığı səbəbindən çəkilişin alınmadığını göstərib. 

Tutulduğu 11 sentyabr 2014-cü il tarixindən barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırıldığını 20 fevral 2015-ci il tarixədək, yəni 5 aydan artıq bir müddətdə ondan cəmi iki dəfə – 11 sentyabrda şübhəli şəxs qismində və 12 sentyabrda təqsirləndirilən şəxs qismində ifadələr alınıb. 29 sentyabrda tapança ekspertizaya göndərilib, 28 oktyabrda o,həmin ekspertizanın nəticəsi ilə tanış olub.

Bundan başqa, onun iştirakı ilə heç bir istintaq hərəkəti keçirilməsə də, MTN-nin bir çox əməkdaşları tərəfindən dəfələrlə müxtəlif formada hədə-qorxu gəlmə, təzyiqlər və təzyiq göstərmə, tələb etmə, vədlər vermə və sair üsullar tətbiq edilməklə, hətta əl barmaqları hansısa aparatın naqillərinə birləşdirib 80-dək sualı cavabandırmaqla sorğu-sual edilib.

Тəcridxanada saxlandığı müddətdə onunla istintaq hərəkətləri təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ətrafında deyil, yuxarıda qeyd etdiyi kimi, ondan yüksək vəzifəli şəxslərə qarşı şər, böhtan, iftira xarakterli ifadələr almaq, bunu nümayiş etdirmək üçün çəkiliş aparmağa məcbur etməklə insanlığa xas olmayan bütün iyrənc vasitələrdən istifadə olunması istiqamətində aparılıb.

Belə ki, 15.09.2014-cü il tarixdə gedişi protokollaşdırılmamış və vəkilin iştirak etmədiyi sorğu-sual zamanı Elşən Murtuzov Mövlan Şıxəliyevin sifarişini ona çatdırıb ki, guya o, qeyri-səmimidir, əgər istədikləri ifadəni versə, ömrünün sonuna kimi yağ-bal içində zəngin yaşayacaq, təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq.

23 sentyabrdan 29 oktyabr 2014-cü il tarixədək Antiterror Mərkəzinin əməkdaşları İlqar Əliyev, Azər Mehdiyev və digərləri tərəfindən saatlarla təhqir, təzyiq, təhdid olunub, əsasən 1003 saylı otaqda, bəzən isə təcridxananın görüş otağında ondan yuxarıda qeyd etdiyi şəxslər haqqında yalan, saxta, şər və iftira xarakterli ifadələr almağa cəhdlər edilib. MTN-nin ATM-in əməkdaşlarının 23, 24, 25, 26, 29 sentyabr 2014-cü il tarixlərində sorğu-sualları və İstintaq Baş İdarəsindəki 15, 16, 17, 18, 19 sentyabr 2014-cü il tarixlərində saatlarla davam edən sorğu-suallarının heç birində vəkilin iştirakına icazə verilməyib və protokollaşdırılmayıb.

01.10.2014-cü il tarixdə onun sol əlinin 3-cü və 4-cü barmaqlarına, sağ əlinin isə 3-cü barmağına naqillər birləşdirib adını bilmədiyi aparata qoşmaqla eksperiment aparılıb. O, eksperimentdə vəkilin iştirakının təmin edilməsini tələb etsə də, İlqar Əliyev «Vəkil kimdir, vəkilə də, sənə də bir təpik vuraram uçarsınız» deyib. Bundan sonra 2 saat ərzində 80-dək istiqamətləndirici, yönəldici, çaşdırıcı, aldadıcı test sualları verilib, detektorla cavablar təhlil edilib, 2 dəfə naqillər ilə başına siqnallar ötürülüb, lakin gözlənilən nəticə alınmayıb.

Qardaşı Malik Mustafayev ATM-in rəisi Elçin Quliyevin yanında olanda ona qarşı aparılan bu ədalətsizliyin dayandırılmasını xahiş etsə də, Elçin Quliyev ona bildirib ki, əgər o, Elçin Quliyevin istədiyi ifadəni verməsə nəinki onu, hətta bütün qohum-əqrabasını da həbs etdirəcək.

Dediklərinin təsdiqi olaraq 17sentyabr 2014-cü ildə gecə saat 22:00-dan sonra 10 nəfər qara maskalı şəxs müstəntiq Elşən Murtuzovun rəhbərliyi ilə kiçik bacısı Hümbətova İradənin həyat yoldaşı və qızı ilə yaşadıqları Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi 13 ünvanına basqın edib, özləri ilə gətirdikləri bir kisə narkotik maddənin və ya silahın mənzilə atılmasına cəhd göstəriblər. Axtarışa rəhbərlik edən Elşən Murtuzov bəd niyyətini həyata keçirməyə cürət etməyib və bu barədə öz rəhbərinə məlumat verib. Bu hadisələrdən sonra onun qardaşı Malik Mustafayevlə son görüşü 01 noyabr 2014-cü il tarixdə MTN-nin ATM-də şöbə rəisi Mübariz Hüseynovun xidməti otağında olub. Həmin zaman qardaşı Malik Mustafayev Elçin Quliyevin yanında olub və oradan İlqar Əliyevlə birlikdə onun olduğu Mübariz Hüseynovun xidməti otağına gətirilib. Malik Mustafayev otağa daxil olub, İlqar Əliyev isə söhbətə qulaq asmaq üçün qapıda durub. Malik Mustafayev çox narahat və həyəcanlı olub. O, qardaşı Malik Mustafayevi belə vəziyyətdə heç vaxt görməyib. Qardaşı möhkəm xarakterli və çox iradəli adam olub.

Malik Mustafayevin həmin zaman ona deməsinə görə о, Elçin Quliyevlə İlqar Əliyevin yanında olub və qardaşının sözlərindən belə başa düşüb ki, adıçəkilən şəxslər məqsədlərinə nail olmasalar onları, yəni bütün ailələrini məhv edəcəklər. Malik Mustafayev onu qolları qandallı görəndə daha da kövrəlib və çox təsirlənib. Onlar sonuncu dəfə təxminən, 30 dəqiqə söhbət edib ayrılıblar.

Bütün bunların nəticəsi olaraq, qardaşı Malik Mustafayev 30 il işlədiyi MTN-nin əməkdaşları tərəfindən özünə, qardaşına, bacısına qarşı bu cür ədalətsizliyə, onların iyrənc hərəkətlərinə dözməyərək 3 noyabr 2014-cü il tarixdə özünü yaşadığı fərdi yaşayış evinin qarajında asaraq intihar edib.

Bu intihar hadisəsi mərhum qardaşını tanıyanları, qohumları, həmyerlilərini sarsıdıb. Ona qardaşının faciəli ölüm xəbərini 18 dekabr 2014-cü il tarixdə, yəni 46 gündən sonra İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımov bildirib. Atası qardaşının dəfn günü, cümə axşamı və qırx məclislərində iştirak etməsi üçün MTN əməkdaşlarının qəbulunda 3 dəfə olub. Onun nəzarət altında qardaşının, həm də öz paqon yoldaşlarının yas məclisində iştirakına icazə verilməsini xahiş etsə də, nə qədər acınacaqlı olsa da rədd cavabı alıb.

Tutulması ilə bağlı MTN-nin Əməliyyat Texniki İdarəsində daha dəhşətli saxtakarlıq edilib. O, cinayət işinin materialları ilə tanış olarkən müəyyən edib ki, ekspert Pərviz Əlizadə tərəfindən tərtib edilmiş, yaşadığı evdə guya aşkar edilərək götürülmüş “Mauser” markalı tapanca, sandıqca və 12 ədəd patronların istifadəyə yararlığı barədə 068 saylı arayışın göndərilməsi barədə həmin idarənin rəisi, general-mayor Natəvan Mirvətovanın İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevə ünvanladığı 11.09.2014-cü il tarixli məktubun tarixi saxtalaşdırılıb.


Ləğv edilmiş MTN-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova

Belə ki, ona təqdim olunan ittiham aktının 3-cü səhifəsinin sonunda və 4-cü səhifəsinin əvvəlində göstərilib ki, axtarış saat 16:00-da başlanıb, saat 17:30-da başa çatıb. Axtarış protokolunun tərtibinə və əllərini qandallayıb onu mikroavtobusla MTN-nə gətirilməsinə sərf olunan vaxtı nəzərə almaqla təxminən, saat 19.00-dan sonra gəlib çatıblar.

Müstəntiq Elşən Murtuzov özləri qoyub, sonra tapdıqları tapancanı qablaşdırdığı kağız paketi onun gözünün qarşısında seyfə qoyub seyfi bağlayıb və həmin gün ifadəsini dindirmə protokolunа əsasən saat 21:50-də başlayıb, saat 22:35-də başa çatdırıb. Bundan sonra Elşən Murtuzov onunla bir vaxtda xidməti otağını tərk edib evinə gedib. O isə müvəqqəti saxlanma yerinə aparılıb. Belə olan halda necə olur ki, ekspertin arayışı və Natəvan Mirvətovanın imzaladığı məktub 11.09.2014-cü il tarixi ilə qeydiyyata alınmış, Əməliyyat Texniki İdarəsində tapançanın markası, nömrəsi, harada istehsal olunması, istifadəyə yararlılığı, patronların sayı, sandıqca haqqında məlumatlar əvvəlcədən haradan və necə məlum olub?

Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2014-cü il tarixli 18597/18598 nömrəli ekspert rəyinin 5-ci səhifəsində göstərilib ki, 1 saylı daktilolentə köçürülmüş “c” əl-barmaq və 2 saylı daktilolentə köçürülmüş əl-barmaq izi Mustafayev Mətləb Nəriman oğlunun əl-barmaqlarından qalmayıb. Lakin bu əl-barmaq izlərinin kimə məxsus оlması nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı araşdırılıb. Onun fikrincə, ikinci əl-barmaq izləri əməliyyatda iştirak edən, tapancanı əlinə toxunduran və ya onu yaşadığı mənzilə gizli qoyan MTN əməkdaşına məxsus olub. 

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iş üzrə şahid qismində dindirilmiş hal şahidləri Rahib Hümbətov və Eşqin Xəlilov bildiriblər ki, MTN-də olmayıblar. Lakin onların iş materiallarında olan dindirmə protokollarından görünür ki, 12 sentyabr 2014-cü il tarixdə həmin şahidlərdən Rahib Hümbətovun ifadəsi saat 9:40-da, Eşqin Xəlilovun ifadəsi isə 10:50-də, hər biri 3 vərəqdən ibarət оlmaqla, kompüterdə müstəntiqin 6037 saylı xidməti otağında alınıb. 24 aprel 2015-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi və dövlət ittihamçısı Nəriman Babayevin iştirakı ilə onun 2 (iki) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. O, həmin cəzanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində çəkib.

28 sentyabr 2015-ci il tarixdə cəzanın ½-ni çəkdiyinə görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilib. O və ailəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan onu qanunsuz, saxta ittihamlarla həbs etdirən, əsassız olaraq məhkum olunmasına səbəb olan, qardaşı Malik Mustafayevi intihar etməyə vadar edən şəxslərin – Elçin Quliyev, İlqar Əliyev və digərlərinin, о cümlədən bu işdə əli olan başqa şəxslərin cəzalandırılmasını xahiş edib.

Qardaşı intihar edən zaman cibində aşkar olunan kağızda yazdığı “Mətləbin yazısı və məhkəmə prosesi haqda qətiyyətlə deyirəm məlumatım olmayıb, yoxsa qarşısını alardım” ifadəsi də onu sübut edir ki, sonuncu dəfə MTN-ə çağırıldıqda Elçin Quliyev ona dediklərindən çəkinmədiyi üçün irad tutub. Belə ki, 1 noyabr 2014-cü il tarixdə onun qardaşı ilə MTN-də baş tutan görüşü zamanı qardaşı ona deyib ki, Elçin Quliyev qardaşından eyni hədələr ilə tələb edib ki, birinci gün gəlib iş materialları ilə tanış olaraq onu başa salsın.

Картинки по запросу Mətləb Mustafayev valideynləri ilə birgə
Mətləb Mustafayev valideynləri ilə birgə




Xəbərin oxunma sayı : 1612




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap