Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bizi çökdürmək istəyirlər!“ – İş adamı həyəcan təbili çalır

Tarix 11.06.17, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın tanınmış iş adamlarından olan Mürvət Həsənli ovqat.com saytına maraqlı müsahibə verib

O, quşçuluq sektorunun qarşısında dayanan problemlərdən tutmuş, ölkəmizin ərzaq təhlükəsizliyi strategiyasına və kənd təsərrüfatının inkişaf perspektivlərinə qədər bir çox vacib məqamlara toxunub, maraqlı faktlar açıqlayıb.

AzFakt.com iş adamının həmin müsahibəsini təqdim edir:

- Mürvət müəllim, bu yaxınlarda Azpolitika.info saytında Azərbaycanda toyuqçuluq sektorunun qarşılaşdığı ciddi problemlərlə bağlı bir xəbər diqqətimi cəlb etdi. Xəbərdə iddia olunurdu ki, xarici şirkətlərin səyi nəticəsində yerli istehsalın inkişafının qarşısı alınır. Bu xəbər nə qədər doğrudur?

– Təəssüf ki, doğrudur. Ölkə başçısının müxtəlif islahatlarla qeyri-neft sektorunu inkişaf etdirmək səyləri bəzi işbazların xarici şirkətlərlə cinayət əlaqələrinə girərək, Azərbaycana toyuq məhsulları, o cümlədən damazlıq yumurtalar gətirməsi nəticəsində heçə uğradılır. Bu isə, Azərbaycanın iqtisadi inkişafını sabotaj etməklə qalmır, həmçinin qida təhlükəsizliyini də ciddi şəkildə təhdid edir.

Bilirsiniz ki, quşculuq məhsulları gündəlik qida rasionunda mühüm yer tutur. İstər müxtəlif yeməklərin hazırlanmasında istifadə edilən süfrə yumurtaları, istərsə də ucuz və keyfiyyətli qida hesab olunan toyuq əti ərzaq təhlükəsizliyi siyasətlərinin ən ümdə məsələsi kimi ortaya çıxır. Hər bir dövlət özünün ərzaq təhlükəsizliyini təmin etmədən gələcəyə bel bağlaya bilməz. Məhz bu zərurəti nəzərə alan Azərbaycan hakimiyyəti də ölkəmizdə quşçuluq sektorunun inkişafı üçün mühüm addımlar atıb. Əhalimizin ərzaq məhsullarına olan tələbatını tam ödəmək üçün daxili istehsalı gücləndirmək dövlətimizin və ölkə başçısının ən mühüm siyasətinə çevrilib, yerli iş adamlarımıza münbit investisiya mühiti yaradılıb.

Məsələn, sahibkarlara güzəştli kreditlər verilib, kənd təsərrüfatı sektoru vergilərdən azad olunub və s. Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinə həsr olunmuş konfransdakı çıxışında quşçuluğun inkişafına xüsusi yer ayırması, quş əti və yumurta istehsalını artırılması, ölkə tələbatının yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialı əldə edilməsi barədə tapşırıqlar verməsi bu sahəyə göstərilən dövlət qayğısının ən bariz sübutudur.

Həqiqətən də bu müşavirədən sonra Azərbaycanın yerli istehsal potensialı xeyli yüksəlib, tələbatımızı tam təmin etmək imkanı qazanıb. Çünki tapşırıqlar havadan asılı qalmayıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 43 quşçuluq təsərrüfatına 121 milyon manatdan artıq kredit verilib.

“Xarici şirkətlər yerli təsərrüfatları batırırlar”

- Sahibkarlara verilən bu kreditlər nə dərəcədə təyinatı üzrə sərf olunub? Axı bizdə bir qəribə xasiyyət var: krediti istehsal sahəsi üçün alırıq, amma onu ya maşın, ya ev almağa, ya da çayçı, restoran açmağa xərcləyirik…

– Xeyr, artıq o dövr arxada qalıb. Kreditlərin kimə və necə gəldi verilməsində bir vaxtlar doğrudan da siz dediyiniz problemlərə rast gəlmək olurdu. Azərbaycan bu bədxərcliklərin ağır nəticələrini gördü. Kreditləri təyinatından kənar yerlərə xərcləyənlər indi ya həbsdədirlər, ya da həbs olunacaqları günü gözləyirlər. Azərbaycan hakimiyyəti iqtisadi böhranla üzləşəndən sonra kredit siyasətində xeyli korrektələr etdi. İndi kreditlər həqiqi işgüzarlara verilir.

Quşçuluğa ayrılan kreditlərin artıq nəticə verdiyi ortadır. Görülən tədbirlər nəticəsində Respublikamız nəinki quş əti və əmtəəlik yumurta tələbatını tam ödəyə bilmək səviyyəsinə gəlib çatıb, həmçinin özünün damazlıq yumurta tələbatını da 100% təmin edə bilir. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, süfrələrimizə gələn toyuqlar yumurtadan son məhsula qədər öz istehsalımızdır.

- Yəni məşhur Azərbaycan kinosunda deyildiyi kimi, öz fermamızın toyuğudur?

– Bəli, tamamilə elədir. Sizdə tam təsəvvür yaranması üçün bəzi statistik məlumatlara nəzər salaq. Hazırda Azərbaycanda damazlıq yumurta illik tələbatı, təxminən, 110-120 milyon arasında dəyişilir. Yəni Azərbaycan xalqı bir ildə bu qədər toyuq yeyir. Bu sahədə istisaslaşmış təsərrüfatların illik istehsal gücü isə 140 milyon ədədə çatır. Konkretləşdirmək üçün bir neçə təsərrüfatın illik istehsal gücünə baxaq:

“Giləzi Quşçuluq” MMC – 32 milyon,

“Xəmsə” MMC – 22 milyon,

“Araz Damazlıq Quşçuluq” – 20 milyon,

“Azərquşçuluq” – 20 milyon,

“Aqropol” – 20 milyon,

“Nəzər Quşçuluq” – 12 milyon ədəd.

Nə qədər etdi? – 126 milyon ədəd. Bura bir də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərilə yaradılan nisbətən kiçik təsərrüfatları da əlavə etsək, görərik ki, bu sahədə idxala heç bir tələbatımız qalmır.

- Onda nə probleminiz var ki? Nədən gileylisiniz?

– Gileyimiz dövlətin ərzaq təhlükəsizliyi proqramının bəzi işbazlar tərəfindən sabotaj edilməsinədir. Təəssüf ki, bu sahədə yerli istehsalçılarımızın maraqları tam qorunmur. Azərbaycana damazlıq yumurta satan xarici şirkətlərin idxalı əvvəlki illərdə olduğu kimi davam edir və onlar Azərbaycan bazarını əldən buraxmaq istəmirlər. Nəticədə yerli təsərrüfatları batırırlar…

“Azərbaycan yem maddələrini tam istehsal edə bilmir”

- Amma gəlin, razılaşaq ki, iqtisadiyyatda azad və fürsət bərabərliyinə söykənən rəqabət anlayışı var. Kim bu rəqabətdə qabağa çıxırsa, o da qazanır. Uduzan tərəf gileylənməkdən çox, bu rəqabətdə niyə zəif olduğunu müəyyənləşdirməli və müvafiq tədbirlər görməlidir…

– Elədir. Amma bizim xarici şirkətlərlə rəqabətimizdə məhz sizin qeyd etdiyimiz fürsət bərabərliyimiz yoxdur. Əvvəla ona görə ki, həmin şirkətlər bizdən xeyli böyük imkana sahibdirlər və onlar Azərbaycan bazarını əldə saxlamaq üçün dempinq siyasətinə gedirlər. Bizim isə o siyasətə ayaq uydurmaq imkanlarımız yoxdur.

Üstəlik, nə qədər güzəştli verilsə belə, aldığımız kreditləri qaytarmalıyıq.

O da istisna deyil ki, xarici şirkətlər Azərbaycan bazarını əldə saxlamaq üçün öz dövlətləri tərəfindən subsidiyalaşdırılırlar. Belə bir vəziyyətdə hansı fürsət bərabərliyindən söhbət gedə bilər? Azərbaycanın yeni yaranan və maliyyə imkanları zəif olan damazlıq yumurta istehsal edən quşçuluq təsərrüfatları xarici rəqiblərinin dempinq siyasətinə qarşı uzun müddət ayaqda dayana bilməzlər.

- Dempinq siyasəti nə deməkdir?

– Dempinq iqtisadi termindir; yəni bir malı öz maya dəyərindən aşağı satmaq. Xarici şirkətlərin zərəri faktiki olaraq öz dövlətləri tərəfindən qarşılandığından onlar ucuz satışdan belə, qazana bilirlər. Biz isə iflasa doğru sürüklənirik.

Üstəlik, bizdə bu sektor yeni yarandığından təsərrüfatların inkişafı və fəaliyyəti üçün tələb olunan yemin böyük qismini xaricdən alırıq. Bilirsiniz ki, quşçuluqda yem elə məhsulun özü deməkdir. Bir quş nə qədər yem yeyərsə, bir o qədər inkişaf edər, böyüyər, yumurta verər. Bizim xammalı xaricdən almağımız nəticə etibarilə məhsulumuzun da xarici şirkətlərdən daha bahalı olmasına gətirib çıxarır.

- Bayaq bir söz demişdiniz: “yumurtadan toyuğa qədər hər şey öz fermamızın məhsuludur”. Yem – quşçuluğun əsas xammalıdırsa, yəni toyuq elə yemin özüdürsə və o da bizdə istehsal olunmursa, deməli, hələ heç nə öz fermamızın məhsulu deyil. Səhvmi deyirəm?

– Əslində, hardasa, haqlısınız. Amma hər şey birdən-birə yaranmır. İstənilən sahədə inkişaf tədrici surətdə, yavaş-yavaş gedir. Beşinci mərtəbəyə çıxmaq üçün gərək mütləq birinci, ikinci və sair mərtəbələri keçəsən. Sıçrayaraq beşinci mərtəbəyə qalxmaq olmaz. Heç bir ölkə iqtisadi inkişafda sıçrayış etməyib, tədricən böyüyüb. Bu gün Azərbaycan da bu inkişaf mərhələrini pillə-pillə adlayır. Mən inanıram ki, cənab İlham Əliyevin başlatdığı İnkişaf Proqramı ardıcıllıqla davam etsə, biz qısa müddətdən sonra nəinki öz tələbatımızı tam ödəyə biləcəyik, hətta qarşıya qoyulduğu kimi, bir müddətdən sonra öz məhsullarımızı ixrac edəcəyik. Necə ki, hazırda Azərbaycan bir çox kənd təsərrüfatı məhsullarını Rusiyaya satır. Azərbaycanın qarşısında Rusiya kimi böyük bazar var və istənilən təsərrüfatın ən böyük hədəfi o bazara çıxmaq olmalıdır.

- Bəli, tükənməz bazar var, amma yem yoxdur. Yem yoxdursa, deməli, quş da yoxdur. Axı özünüz bunu dediniz. Necə bilirsiniz, Azərbaycanın torpaq mühiti yem ehtiyacımızı təmin etməyə imkan verir və bu sahədə hansısa addımlar atılır?

– Bilirsiniz ki, quşların əsas qidaları bunlardır: soya, qarğıdalı, buğda və günəbaxan yağı. Toyuqlar gün ərzində bu dörd qidanı yeyərək böyüyürlər. Azərbaycan, təəəssüf ki, hələ quşçuluq üçün tələb olunan yem maddələrini özü tam istehsal edə bilmir. Quş yeminin böyük hissəsini xaricdən alırıq. Toyuq ətinin maya dəyərinin 65-70%-ni isə yem təşkil edir. Bununla belə, Azərbaycan öz yem tələbatını ödəmək üçün müəyyən addımlar da atır. Artıq bir çox yerlərdə böyük qarğıdalı sahələri salınıb. Azərbaycanın təbii şəraiti, torpaqlarının potensialı bu xammalların yetişdirilməsi üçün tam imkan yaradır. Dediyim kimi, məsələ inkişaf prosesinin addım-addım irəliləməsindən qaynaqlanır. Zamanla hər şey öz yerini tapacaq. Sadəcə, biz bu gün əldə etdiklərimizi qorumalı, yaratdıqlarımızın məhv olunmasının qarşısını almalıyıq. Əks halda bu inkişaf proqramı yarımçıq qala bilər.

“Devalvasiyadan sonra inkişaf başladı”

- Mənim üçün bir məsələ maraqlıdır. Bir halda ki, quşçuluğun maya dəyərinin 60-70%-in yem təşkil edir, onda Azərbaycan bu sektorun inkişafına niyə məhz yemdən başlamayıb?

– Bilirsinizmi, iqtisadiyyatda prioritetləri müəyyənləşdirən əsas amil rentabellilikdir. Bu zamana qədər Azərbaycan manatı dollardan qiymətli idi. Xaricdən alınan mallar iş adamlarımıza bahalı gəlmirdi. Lakin devalvasiyadan sonra iş adamlarımızın da məsələlərə münasibəti dəyişdi. Artıq bir çox regionlarda quşçuluğun yem tələbatını qarşılamaq qüçün mühüm işlər görülür. Həm qarğıdalı, həm buğda, həm də soya əkilir. Yəqin ki, bu yatırımların quşçuluq sektorunun inkişafına müsbət təsirləri zaman-zaman özünü göstərəcək. Fəqət iqtisadi investisiyalar bir günün içərisində nəticə vermir -xüsusilə kənd təsərrüfatı sahəsində. Hər hansı bir kənd təsərrüfatı məhsulunun tam arzu olunan səviyyədə istehsalı üçün müəyyən zamana ehtiyac var. Zaman bu sahədə inkişafın ən ümdə müəyyənləşdirici amilidir.

Məncə, bu sahədə əsl nəticə yem təlabatı yerli istehsalçılarımız tərəfindən tam ödəndirkdən sonra ortaya çıxacaq. Məsələn, belə deyək, Azərbaycanın 250 min ton qarğıdalıya ehtiyacımız var. Bu ehtiyac öz gücümüzlə tam ödənəndən sonra biz qarğıdalının xarici bazarla özümüzdəki qiymətini müqayisə etməyəcəyik. Ordakı qiymətlər bizim təsərrüfatlara mənfi təsir göstərməyəcək. Sizin bayaq qeyd etdiyiniz fürsət bərabərliyi də o zaman yaranacaq və xarici şirkərlər Azərbaycan bazarını ələ keçirmək üçün uğraşmayacaqlar. Necə ki, bu gün Azərbaycanda toyuq əti və süfrə yumurtası qiymətlərini daxili istehsalımız tənzimləyir. Amma indi deyək ki, 250 min ton qarğıdalı ehtiyacımızın sadəcə 50 min tonunu yerli təsərrüfatlar istehsal edir, biz bu vəziyyətdə xarici bazardan asılılıqdan qurtula bilmərik.

"Erməni şirkəti Azərbaycandan 100 milyon dollar qazanıb"

- Bayaqdan sizə qulaq asdıqca, qlobal neft şirkətlərinin Çin bazarını ələ keçirmək uğrunda rəqabəti barədə oxuduğum bir fakt yadıma düşür. Tələbə vaxtı bir araşdırma yazısında oxuduğuma görə, neft şirkətləri bir-birini batırmaq üçün hətta əhaliyə hədiyyə etdikləri benzinin üzərində hansısa məişət əşyasını da qoyub müştərilərinə müftə verirdilər. Bu rəqabətə tap gətirməyən şirkətlərdən biri iflas bayrağını qaldırınca, digər şirkət qiymətləri anidən artırmışdı. Nəticədə uzun müddətdən bəri itirdiyi kapitalı bir ildə qazana bilmişdi. Deyəsən, xarici şirkətlər də dempinq dediyiniz həmin siyasətlə eyni təcrübəni bizdə tətbiq edirlər…

– Tamamilə doğru bir məqama toxundunuz. Azərbaycanda bu gün dempinq siyasəti yürüdən istər İran, istər Türkiyə, istərsə də Ukrayna və Rusiya şirkətlərinin tam hədəfləri budur: Azərbaycanın yerli təsərrüfatlarını çökdürmək və yenidən bir neçə il əvvəlki bazar şəraitini təmin etmək. Siz bilirsinizmi, 60% erməni ortaqlığı olan “Emre Piliç” şirkəti Azərbaycandan indiyə qədər nə qədər pul qazanıb? Mənim dəqiq bildiyimə görə, 100 milyon dollardan artıq. Təsəvvür edin, 2008-ci ildən bu yana həmin erməni şirkəti Bakıya, hardasa, 180-200 milyona yaxın damazlıq yumurta satıb. Bu olduqca böyük rəqəmdir.

- Yumutanın birini neçəyə satırdılar?

– 50 sentdən yuxarı. Hardasa, 50-55 sent arasında. Hesablasaq, 100 milyon dollardan artıq pul bu ölkədən damazlıq yumurta üçün xaricə gedib. Üstəlik, getdiyi şirkət də erməni şirkətidir. Biz bu qədər pulun ölkədən çıxmasının qarşısını almaq üçün damazlıq təsərrüfatı yaradandan sonra onlar yumurtanın qiymətini 30, hətta 22 sentə qədər saldılar. Səbəbi də məhz sizin dediyinizdir: bizi çökdürmək və yenidən Azərbaycan bazarına yiyələnmək, təsərrüfatlara istədikləri qiymətə damazlıq yumurta satmaq.



Xəbərin oxunma sayı : 772




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap