Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Aprel döyüşündə Şoyqu mənə zəng edib dedi ki... - General

Tarix 14.07.17, 3:07

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com Sputnik-ə istinadla Müdafiə naziri, general Zakir Həsənovun "RİA Novosti"yə müsahibəsinin tam mətnini təqdim edir:

- Son zamanlar Dağlıq Qarabağdakı təmas xəttində bir neçə insident baş verib. Artıq ekspertlər Azərbaycanla Ermənistan arasında yeni ciddi gərginlik barədə danışmağa başlayıblar…

— Mülki insanların həlak olduğu Füzuli rayonunun Alxanlı kəndində, son insidentin baş verdiyi yerdə oldum. Bu kənd cəbhədən təxminən üç kilometr aralı məsafədə yerləşir. Özlərinə bəraət qazandırmaq üçün ermənilər deyirlər ki, orada bizim hansısa bölmələrimiz yerləşir. Lakin bölmələr sadəcə olaraq küçədə qərar tuta bilməzlər, onlara infrastruktur lazımdır ki, o da orada yoxdur.

Buna heç ehtiyac da yoxdur. Qoşunların yerləşmə taktikasına və müdafiənin təşkili sisteminə görə bu kəndin heç bir hərbi əhəmiyyəti yoxdur. Buna baxmayaraq, kənd hədəfə alınaraq SPQ-9 tankəleyhinə dəzgahlı qumbaraatandan atəşə tutulub. Bu silahdan, əsasən tank və zirehli texnika ilə mübarizə aparmaq üçün istifadə olunur, lakin onun qəlpəli mərmiləri də var. Daha sonra isə minaatanlardan da iki dəfə atəş açılıb.

Əminəm ki, bu, əvvəlcədən planlaşdırılmış bir cinayətdir. Bu müddətdə orada intensiv atışma olmayıb. Eyni zamanda, bu hadisədən bir neçə gün əvvəl, rayon üzərində ermənilərə məxsus kəşfiyyat pilotsuz uçuş aparatı müşahidə edilmişdir. Ermənilər görürdülər ki, bu, dinc əhalisi olan adi bir kənddir. Lakin iki gün keçəndən sonra oraya zərbə endirdilər. Bu, cinayətdir!

- Əgər bu təxribat idisə, bəs onun mənası nə idi?

— Biz bilirik onlar nəyə güvənirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla Ermənistan qurumun digər ölkələrini də öz təxribatlarının əsirinə çevirir. Onlar yaxşı bilirlər ki, əgər heç kəs vəziyyətə qarışmasa, o zaman heç üç gün belə, tab gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində artıq bu baş verdi. Əgər bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq qırılacaqdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xəttini biz 40 dəqiqə ərzində yardıq.

- O zaman Qarabağ müharibəsinin artıq yenidən alovlanmasından danışmağa başlamışdılar…

— Elədir, ən böyük qarşıdurma 2016-cı ilin aprelində baş verdi. Onun da səbəbi mülki əhalinin atəşə tutulması oldu. O zaman, aprelin 1-də Ermənistan tərəfinin Tərtər rayonuna endirdiyi artilleriya zərbəsi nəticəsində bütün bir ailə avtomobilin içində həlak olmuşdu. Təbii ki, mənə bu barədə məruzə etdilər. Bu, təxminən saat on — on bir radələrində baş vermişdir. Və bu atəş nöqtələri yüksəklikdə yerləşdiyindən, bütün kəndi və ətraf əraziləri hədəfə ala bildiyi üçün düşmənin atəş nöqtələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Bu göstəriş tammiqyaslı müharibənin başlanılması tapşırığı deyildi.
Bunu icra etmək üçün ordumuzun, təxminən 15-20 faiz qüvvəsi cəlb olunmuşdu. Mən hətta mərkəzi tabelikdə olan ehtiyat qüvvələrini və artilleriyanı belə cəbhəyə göndərmədim. Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrimizdən geriyə ataraq Ordumuz bu tapşırığı yerinə yetirdi. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini cəlb etdilər. Yerevandan ehtiyat qüvvələri də cəbhəyə göndərildi. Üç gün onlar bizim mövqelərə hücum etdilər. Amma artıq ikinci günü Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər.

Məsələn, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu mənə zəng etdi. O dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəisinə zəng etdi.

Sonra məlum oldu ki, Ermənistan tərəfi bununla vaxt udmaq, yenidən qruplaşaraq zərbə endirmək istəyirdi. Lakin bu da alınmadı. Prinsip etibarı ilə qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik – cəbhədə böyük əməliyyat-taktiki əhəmiyyəti olan iki strateji yüksəkliyi azad etdik. Bunlar Cəbrayıl istiqamətində olan Lələtəpə və Talış yüksəklikləridir.

Ümumilikdə qeyd edim ki, son illər ərzində Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginlik getdikcə artır. Yeganə səbəb Azərbaycan torpaqlarının işğalıdır. Geridə qalanı isə onun nəticəsidir. İşğal olunmuş ərazilər azad olunmur, danışıqlar heç bir nəticə vermir. Təbii ki, qoşunların qarşıdurma xəttində vəziyyət gərginləşir, hərdən isə lokal döyüş əməliyyatlarına keçir ki, bu da normal haldır. Nə qədər ki, iki düşmən ordu bir-birinə qarşı dayanır, bu, baş verəcəkdir. Lakin zərbə məqsədyönlü şəkildə mülki əhaliyə endirilirsə, bu, artıq cinayətdir.

- Münaqişə nə qədər davam edəcək?

— İqtisadi, demoqrafik və hərbi potensialına görə Ermənistan Azərbaycanla bəhsə girə bilməz. Azərbaycan istər iqtisadi, istər demoqrafik, istərsə də hərbi cəhətdən hər il güclənir. Baxmayaraq ki, hazırda bütün dünyada böhran yaşanır, hansıki bizdən də yan keçməmişdir, lakin o, bizə ciddi zərər vurmamışdır. Ən azından məni, bir müdafiə naziri kimi, ordunun maliyyələşdirilməsi maraqlandırır ki, o da keçən il artmışdır.

Bu il 17-20 faiz rəqəmi səsləndirilib. Odur ki, Prezident, Ali Baş Komandan başda olmaqla Azərbaycan rəhbərliyi ordunun güclənməsinə, onun ən yeni silahlarla təchiz edilməsinə böyük diqqət yetirir. Biz keyfiyyətcə yeni səviyyəyə keçmişik. Son illər ərzində ordunun modernləşdirilməsi və gücləndirilməsi barədə tapşırıq qoyulmuşdu.

- Siz hesab edirsiniz ki, Qarabağ məsələsi hərb yolu ilə həll ediləcək?

— Mən siyasətçi deyiləm. Bizim ölkə məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin bu, o demək deyil ki, danışıqlar sonsuz olmalıdır, onlar onsuz da həddən artıq uzanıb. Danışıqlar xatirinə danışıqlar heç kimə lazım deyil. Bir ətrafa baxın. Beynəlxalq qanunlar artıq işləmir, hamı gücə istinad edir. Təbii ki, biz buna reaksiya verməliyik. Lakin bir daha təkrar edirəm ki, mən siyasətçi deyiləm, hərbçiyəm.

- Onda hərbi məsələlərə qayıdaq. 2010-cu ilin əvvəlində Azərbaycan ilə Rusiya arasında bağlanan böyük müqavilə hazırda nə yerdədir. O vaxtlar söhbət ümumilikdə dəyəri 5 milyard dollar olan 100 ədəd T-90 tanklarının, 100 ədəd PDM-3 zirehli texnikasının, ÖAQ 2 C19M1 "Msta-S", YARS "Smerç" Azərbaycana tədarükü və bir çox digər məsələlərdən gedirdi. Bu məbləğ Azərbaycan tərəfindən ödənilib və texnika alınıb?

— Bu müqavilə demək olar ki, 90% icra olunub. Biz ödənişi etmişik. Xırda hissəsi qalıb. Sizin sadaladıqlarınızın hamısı artıq çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən, 2016-cı ilin aprelində, o cümlədən bu silahların hesabına uğur əldə etdik. Bütün bunlar bizim mənimsədiyimiz və istifadə etdiyimiz müasir silahlardır.

- Başqa hansısa bir yeni silah növləri Sizi maraqlandırır?

— Maraqlandırır, lakin bu barədə mən danışmayacağam.

- Rusiyanın Suriyadakı əməliyyatı Azərbaycanın ehtiyac duyduğu hərbi texnika nümunələrini Sizə nümayiş etdirdimi?

— Biz hər zaman vəziyyəti təhlil edir və ən yaxşısını seçirik. Bizim Rusiya ilə hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığımız var. Biz Rusiya Federasiyasından ən son silah növləri alırıq. Əsas diqqəti silahların manevrlilik, güclü zərbə endirmək və daha dəqiq vurmaq kimi xüsusiyyətlərinə yönəldirik. Təfərrüata varmaq istəmirəm.

Ümumilikdə isə, bütün dünyada uğurla və ya əksinə, uğursuzluqla nəticələnən və problemləri üzə çıxaran hərbi münaqişələrin öyrənilməsi üzrə hərbçilərdə qəbul olunmuş bir təcrübə var. Təbii ki, biz Rusiya Federasiyasının Suriyada keçirilən hərbi əməliyyatlardakı təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparırıq. Biz dəfələrlə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq. Və bizim müvafiq komandanlar da söhbətləşiblər. Sağ olsun Rusiya tərəfi ki, bizə material təqdim edib. Biz bunu öz bölgəmizə uyğunlaşdırırıq. İndi hər şey çox tez inkişaf edir. Deyək ki, 4 il əvvəl pilotsuz uçuş aparatlarına nadir hallarda rast gəlmək olurdu, indi isə ən aşağı rütbəli komandir də onsuz keçinmir.

- Zamanında Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin deyirdi ki, Azərbaycan An-124 "Ruslan" hərbi nəqliyyat təyyarəsinin əldə edilməsində maraqlıdır. Bu məsələdə irəliləyişlər var?

— Hörmətli cənab Roqozin Azərbaycanın böyük dostudur. Biz onunla əməkdaşlıq etməkdən razıyıq.

- An-124 "Ruslan" hərbi nəqliyyat təyyarəsi Azərbaycanın nəyinə gərəkdir, axı məsafələr elə də böyük deyil?

— Niyə ki. Bizim blokadada olan Naxçıvanımız var. Bu, ona görə deyil ki, biz oraya silah-sursat daşıyırıq. Xeyr, məsələn, bu, əhalinin ərzaqla, lazımi ləvazimatlarla təmin edilməsi üçün lazımdır. Biz həmçinin digər ölkələrdən də hərbi texnika alırıq, onları daşımaq lazımdır. Bizim Əfqanıstanda kontingentimiz var. Hərbi-nəqliyyat aviasiyası istənilən silahlı qüvvələrin vacib tərkib hissəsidir.

Və qeyd edim ki, hərbi satınalmalardan başqa texnikaya qulluq və ehtiyat hissələri məsələsi hər zaman mövcuddur. Bu baxımdan bizim böyük perspektivlərimiz var. Bizim Rusiya istehsalı olan çoxlu sayda həm nəqliyyat, həm də döyüş helikopterlərimiz, təyyarələrimiz, zirehli texnikamız var. Hazırda texniki qulluq məsələsi olduqca vacibdir. Bu istiqamətdə biz böyük işlər görürük, artıq nəticələr də var.

- Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarının modernizə edilməsi də bu istiqamətə daxildir?

— Bizim modernizə ilə bağlı bir çox məsələlərimiz var. Lazım olan bütün işlər görülüb.

- Ermənistanda "İsgəndər" raket komplekslərinin yerləşdirilməsi barədə məlumat vaxtilə böyük səs-küyə səbəb olmuşdur. Rəsmi Bakı bu cür komplekslərin və ya raketəleyhinə müvafiq silahların alınması barədə Rusiyaya müraciət edibmi?

— Düşünürəm ki, Azərbaycanın bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edib-etmədiyi barədə danışmağa lüzum yoxdur. Ancaq müdafiə naziri olaraq bildirirəm ki, sərəncamımızda həmin raketləri vura biləcək sistemlər var. Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsi necə olacağını təsəvvür edin!?

Dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var. Bəli, "İsgəndər" yaxşı raketdir. Lakin bir sıra sual ortaya çıxır. Bu, o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət ən əsası onu tətbiq etmək iqtidarında olacaqlarmı?

Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Düzdür, Sizə haqqında yuxarıda bəhs etdiyim raketləri Rusiyadan almasaq da, onlar keyfiyyətcə geri qalmır. Və Sizə deyim ki, biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları da keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən raket hücumundan qoruya bilərik.

- Azərbaycan Müdafiə Nazirliyinin planında yaxın gələcəkdə rusiyalı həmkarları ilə birgə təlimlərin və tədbirlərin keçirilməsi varmı?

— Var. Biz artıq üç ildir ki, Beynəlxalq ordu oyunlarında iştirak edirik. Bu, çox yüksək səviyyədə təşkil olunan tədbirdir. Biz tank biatlonunda iştirak etmişik, bizim komanda "Xəzər Kuboku"nda kifayət qədər yüksək yer tutub. Artıq bu il bu yarış Azərbaycanda keçiriləcək. Əgər əvvəllər bu oyunlarda Rusiya, Azərbaycan və Qazaxıstan iştirak edirdisə, bu il iştirakçıların sayı artacaq. Oyunlara həmçinin Türkiyə və İran da maraq göstərir. Axı bu ənənəvi təcrübədir, əvvəlcə müşahidəçi, sonra isə iştirakçı qismində bir çox ölkələr yarışlarda təmsil olunmaq istəyirlər.

Bundan əlavə, biz Rusiya ilə Xəzər Dənizində terrorizmlə mübarizə, xilasetmə fəaliyyətlərini məşq etdirən təlim keçirmişik. Bu normaldır, silahlı qüvvələrin inteqrasiyası, təcrübə mübadiləsi həyata keçirilir. Dost münasibətləri qurulur. Rusiyanın hərbi mütəxəssislərimizin təhsilində köməyini xüsusi olaraq qeyd etmək istərdim. Rusiyanın hərbi təhsil müəssisələrində Azərbaycandan olan çoxlu sayda kursant təhsil alır. Bunlar əsasən hava hücumundan müdafiə mütəxəssisləri, rabitəçilər və digərləridir.

- Siz ordu oyunları haqqında danışdınız. Bəs təlimlər necə? Bu il birlikdə nə isə keçirmək planlaşdırılıbmı?

— Yox.

- Bu, nə ilə bağlıdır? Axı Siz özünüz dediniz ki, bu, terrorizmə qarşı mübarizədə birgə fəaliyyətə kömək edir?

— Bu il Rusiya tərəfindən belə planlar yoxdur. Prinsipcə əgər belə bir dəvət olarsa biz hazırıq.

- Azərbaycan təşkilatçı kimi çıxış edə bilərmi?

— Haqqında danışdığımız elə bu hərbi oyunlarda birlikdə çıxış edəcəyik. Amma indi hamının işi çoxdur. Bizim öz cəbhəmiz var, Rusiya Federasiyasının isə öz. Bizim təlimlər əsasən cəbhədə və döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyət keçirilir.

Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq misilsizdir. Təhsildən tutmuş silahların modernləşdirilməsinə qədər.

- Hərbi texniki sahədə əməkdaşlıq barədə müqavilə imzalanması planlaşdırılırmı? Belarus, Qazaxıstan və Qırğızıstanla bu cür müqavilələr mövcuddur. Bu müqavilələr Rusiya istehsalı olan silahların alınması və mütəxəssislərin öyrədilməsində həmin ölkələrə ciddi üstünlüklər verir…

— Orada başqa amillər mövcuddur. Biz Rusiya silahlarını dünya qiymətlərinə uyğun alırıq. Amma sizin sadaladığınız ölkələr KTMT-nin üzvüdür. Mənim bildiyim qədər onlar silahları Rusiyanın daxili qiymətlərinə əsasən alırlar. Bizim dövlətlərarası hərbi-texniki əməkdaşlıq müqaviləmiz var, ölkələrarası komissiya da yaradılıb. Azərbaycan tərəfindən bu komissiyaya Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən isə Baş nazirin müavini Dimitri Roqozin rəhbərlik edir. Bu komissiya ildə bir neçə dəfə toplanaraq hərbi-texniki əməkdaşlığın istiqamətlərini müəyyən edir. Bu iclaslarda ortaya çıxan məsələlər işgüzar qaydada həll edilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi-vətənpərvərlik mövzusunda tədbir

Bu isə cari iş prosesidir. İstənilən halda qarşıya problemlər çıxır. Satan tərəf baha satmaq, alan tərəf isə ucuz qiymətə və daha yaxşısını almaq istəyir. Mən bunu obrazlı şəkildə, bizim komissiyaya aid etmədən deyirəm. Təbii ki, cari məsələlər həll edilir. Bugünkü günə Azərbaycan və Rusiya arasındakı müqavilədə nəzərdə tutulmuş silahların Azərbaycana gətirilməsi 90 faiz yerinə yetirilib.

Biz indi, artıq əlavə olaraq bəzi silah nümunələrini öyrənirik, sifariş veririk və sınaqdan keçiririk. Silah alınması çoxşaxəli məsələdir. Bir tərəfdən şablondan uzaq olmalı, digər tərəfdən isə müxtəliflik texnikaya qulluqda problemlərə səbəb olur. Bu çox mürəkkəb məsələdir.

- Bu yaxınlarda Astanada Suriyadaxili danışıqların növbəti mərhələsi keçirildi və bu ölkədə deeskalasiya zonaları haqqında məsələ də müzakirə olundu. Rusiyanın xüsusi nümayəndəsi cənab Lavrentyevin sözlərinə görə, Rusiya bəzi MDB ölkələrinə həmin zonalarda atəşkəs rejiminə riayət edilməsinə nəzarət prosesində iştirak etməyi təklif edib. Azərbaycana belə müraciət olunubmu?

— Siz, zəhmət olmasa, Müdafiə Nazirliyinə aid sual verin. Mən Müdafiə Nazirliyinə cavabdehəm.

- Sualı başqa cür qoyaq. Suriyada deeskalasiya zonalarında atəşkəs rejiminə riayət edilməsinə nəzarət etməyə Azərbaycan ordusu hazırdırmı?

— Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. O, döyüş təcrübəsinə malikdir. 30 ilə yaxın bir müddətdə döyüşən ordunu təsəvvür edin. Bəli, bəzən gərginlik azalır, bəzən isə artır. Ancaq ordu səngərlərdədir. Mən bunu sırf nəzəri cəhətdən Azərbaycan Ordusunun imkanlarını qeyd etmək üçün diqqətinizə çatdırıram. Lakin onun harada və nə edəcəyi artıq siyasi məsələdir. Mən siyasətçi deyiləm və heç vaxt siyasətlə məşğul olmamışam. Amma Azərbaycan ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Mən, müdafiə naziri kimi döyüş hazırlığı səviyyəsini yüksək qiymətləndirirəm. Və bu, tək mənim fikrim deyil.

- Cənab nazir, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə üçtərəfli təlimləri artıq bir növ ənənəyə çevrilib. Bu istiqamətdə planlar necədir? Planlarla bağlı hər hansı bir konkret müddət varmı?

— Konkret müddətlər barədə danışmaq hələ tezdir. Çünki bu və ya digər ölkədə gözlənilməyən hadisələr baş verir. Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin qarşılıqlı əlaqələrini nəzərdə tutan birgə sənəd hazırlanır. Bu sənəd birgə təlimlərin keçirilməsini də nəzərdə tutur.

Belə ki, Türkiyə ilə Hərbi Hava Qüvvələri, xüsusi təyinatlı qoşunlar, motopiyada və tank bölmələri səviyyəsində birgə təlimlər artıq keçirilir. Eyni zamanda Gürcüstanın da iştirakı ilə üçtərəfli formatda "Eternity" komanda qərargah təlimləri də keçirilir. Müdafiə nazirlərinin Batumidə keçirilən son görüşündə biz razılaşdıq ki, Gürcüstanı da Türkiyə ilə birgə keçirilən təlimlərə dəvət edək. İyun ayında Türkiyə ilə keçirilən birgə təlimlərdə, o cümlədən Gürcüstan silahlı qüvvələrinin nümayəndələri də iştirak edirdilər.

Söhbətimizin sonunda mən xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Silahlı Qüvvələrini etibarlı strateji tərəfdar kimi görür və gələcəkdə onunla hərbi təhsil sahəsi, birgə tədbirlərin keçirilməsi və hərbi-texniki əməkdaşlıq məsələlərində əlaqələrin inkişaf etdirilməsinə hazırdır.

- Cənab Nazir, müsahibəyə görə çox sağ olun!

— Mən də Sizə təşəkkür edirəm!



Xəbərin oxunma sayı : 430




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap