Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox...– İsa Qəmbər

Tarix 23.10.17, 5:18

Font ölçüsü : - / +
bitmap-img6


Artıq 2018-ci ildə keçiriləcək prezident seçkilərinin üçüncü namizədi də bəllidir: Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər. Azərbaycan müxalifətinin əsas simalarından biri, 2003-cü ildə isə prezident seçkilərində müxalifətin əsas namizədi olan İsa Qəmbərin 15 il sonra seçki mübarizəsini necə aparacağından, platformasını necə quracağından və əsas hədəflərinin nələr olacağından agah olmaq üçün özüylə görüşüb, söhbətləşdik.
 
Xeber365.com söhbəti təqdim edir:
 
“2003-cü ildəki qələbəm sonrakı seçkilərdə də iştirakımı  məntiqli edən bir hadisədir”
 
 – İsa bəy, prezidentliyə namizədliyinizi vermək qərarınız barədə xəbər yayımlananda ictimaiyyət ağıla gələn ilk sualını verdi: 2003-cü ildə də İsa Qəmbərə səs vermişdik, amma nə oldu? O səslə önə çıxa bilmədi.
Bəs indi istər beynəlxalq gücə, istər regional gücə, istərsə də öz gücünüzə arxayınsınız, əminsinizmi ki, bu dəfə səs toplasanız, hər şey başqa cür olacaq?
 
 
 – Siyasi partiyanın və siyasətçinin əsas vəzifələrindən biri cəmiyyətin idarə edilməsi, ölkənin problemlərinin həlli üçün öz proqramlarını, ideyalarını xidmətlərini təklif etməkdir. Seçicilərin qarşısına çıxmaqdır. Bu baxımdan hər hansı bir seçkidə iştirak etmiş şəxsin sonrakı seçkilərdə iştirak etmək fikrində olması, məncə, heç bir şəkildə təəccüb yaratmayacaq bir hadisədir. 2003-cü il seçkilərində əksər obyektiv müşahidəçilərin rəyinə görə, mən İlham Əliyevdən daha çox səs toplamışdım. Həmin seçki total şəkildə saxdalaşdırılmışdı. Sonra da dinc nümayişlərin qarşısı çox dəhşətli zorakılıqla, həbslərlə, işgəncələrlə alınmışdı. Ona görə də 2003-cü il seçkilərində iştirakım və qələbəm, əksinə, sonrakı seçkilərdə də iştirakımı müəyyən dərəcədə məntiqli edən bir hadisədir. Bu baxımdan, 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətimiz təəccüb doğurmamalıdır. Hər bir mərhələnin öz şərtləri, üstünlükləri, çətinlikləri var. Üstünlüklərindən istifadə, çətinlikləri dəf edərək prosesdə əzmlə iştirak etmək və uğur qazanmaq niyyətindəyik.



– Müsavatın yürüşünə icazə verilmədi. Seçki kampaniyanızı aparmaq, platformanızı seçicilərə elan etməklə bağlı müəyyən problemlər yaradılmasını gözləyirsinizmi? 
 
– Ölkədə avtoritar rejim mövcuddur. Və bu rejim bütün azadlıqları məhdudlaşdırır: o cümlədən siyasi fəaliyyət azadlığını, ifadə azadlığını... Hər kəsə bəllidir ki, ölkədə bütün televiziyalar, hətta özəl adlandırılan televiziyalar, yazılı mətbuat da hakimiyyətin tam nəzarəti altındadır. Bir neçə sayt var ki, ya müxalif mövqedən çıxış etməyə, ya müstəqilliyini qorumağa çalışır. Jurnalistlər və sosial şəbəkə isttifadəçiləri öz mövqelərini ifadə eləməyə çalışırlar. Bu baxımdan təbii ki, ciddi çətinliklər var. Boğulan azadlıqlardan biri də sərbəst toplaşma azadlığıdır. Hakimiyyət konstitusiyanın 49-cu maddəsinə və sərbəst toplaşma azadlığı haqqındakı  qanunu kobud surətdə pozur. Konstitusiyaya və həmin qanuna görə, vətəndaşların sərbəst şəkildə kütləvi tədbirlər keçirmək ixtiyarı var. Ancaq hakimiyyət həm məkan, həm forma etibarilə bunu bir “Məhsul” stadionuna sığışdırıb. Ölkənin heç bir yerində, Bakının başqa meydanlarında kütləvi tədbir, mitinq keçirmək imkanı verilmir. Eyni zamanda, kütləvi tədbirlər təkcə mitinqlərdən ibarət deyil. Kütləvi tədbirin piket, yürüş və başqa formaları var. Hakimiyyət bu piketlərə və yürüşlərə də imkan vermir.
 
Müsavat partiyasının 21 oktyabrda yürüş keçirməklə bağlı müraciəti həm konkret hədəflərlə, bəlli şüarlarla yürüş məqsədi daşıyırdı, həm də azadlıqların hüdudlarının genişləndirilməsini istəyirdi. Bundan bir neçə gün əvvəl də dövlət başçısı mötəbər tədbirlərin birində elan eləmişdi ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə tətbiq olunur. Təəsüf, növbəti dəfə bəlli oldu ki, bunlar ümumi sözlərdir, gerçəkliyi əks elətdirmir. Müsavatın yürüş müraciətinə absurd iddialarla, bəhanələrlə cavab verildi. Təsəvvür eləyin, yazırlar ki, həmin yürüş şəhər ərazisinin istirahətinə və nəqliyyat vasitələrinin hərəkətinə problem yarada bilər. Bu, gülünc bir bəhanədir. Əvvəla, Bakı şəhərində keçirilən saysız-hesabsız müxtəlif yarışmalar, tədbirlər şəhərin mərkəzini iflic vəziyyətinə salındı. Şəhər əhalisi, demək olar ki, rahat hərəkət edə bilmirdi.
 
Təbii ki, siyasi mövqe böyük bir cavab idi. Yeri gəlmişkən, Müsavat partiyası bu bəhanələri nəzərə alaraq yürüşü şəhərin mərkəzi küçələrində deyil, nisbətən az hərəkət olan küçələrdə elan etmişdi. Aydın məsələdir ki, hakimiyyətin xalqın fəallığından, bu, demokratik düşərgələrin aksiyalarından nə dərəcədə çəkindiyini göstərən çox aydın bir nümunə idi. Bütün bunları ümumiləşdirsək təbii ki, çətin olacaq. Amma bizim seçkidə iştirakımızın məqsədlərindən biri də azadlığın hüdudlarını genişləndirməkdir. Ona görə də çalışacağıq ki, konstitusiyada yazılan qanunlarda mövcud olan azadlıqları kağız üzərindən reallığa köçürək. Cəmiyyəti fəallaşdırıb ölkədə həqiqi bir seçkiyə, ən azı seçkiyə oxşayan bir seçkiyə nail olaq.

 
– Necə düşünürsünüz, seçkiqabağı küçələrdə, meydanda aktivlik artacaqmı? Azadlıqların təmin olnması üçün gerçək, praktik addımların atılması lazımdırmı, atacaqsınızmı?
 
– Biz qeyri-adi bir şey istəmirik. Konstitusiyada yazılan maddələrin, azadlıqların gerçəkləşməsini istəyirik. Bu, bizim hüququmuzdur. Hər bir vətəndaşın hüququdur. Eyni zamanda, 2018-ci il sıradan bir il deyil. Azərbaycan demokratik respublikasının yüzüncü il dönümüdür və prezident seçkiləri keçiriləcək. Xüsusən seçkilərdə cəmiyyətin fəallaşması, müxtəlif siyasi qüvvələrin, partiyaların, təşkilatların, namizədlərin fəallaşması, kütləvi tədbirlər keçirməsi, seçicilərlə görüşmələri və digər fəallıqları tamamilə məntiqlidir. Müasir təcrübəyə, azad ölkələrdəki proseslərə baxın. Seçki dönəmində namizədlər və siyasi qüvvələr öz mövqelərini cəmiyyətə çatdıra bilsinlər deyə kütləvi tədbirlərdən tutmuş kiçik görüşlərə qədər, ayrı-ayrı sosial şəbəkələrdə qısa mesajlardan tutmuş böyük müsahibələrə, formlara qədər cəmiyyətlə təmasda olurlar. Biz də bütün bunları Azərbaycanda gerçəkləşdirmək fikrindəyik. Düşünürəm ki, bir çox səbəbdən 2018-ci il fərqli bir il olacaq. 2018-ci ili təkcə Cümhuriyyətin yüzüncü ili kimi yox, demokratiyanın köklü surətdə dəyişməsinin başlanğıcı kimi tarixə yazılacağına əminəm.


– Dediniz ki, keçirəcəyiniz yürüşün qarşısı əsassız bir səbəblə alındı. Bəs bütün yürüşlərə, mitinqlərə, atacağınız hər hansı bir addıma bu kimi səbəblərlə qarşı çıxılarsa, nə etməyi düşünürsüz? Məsələn, icazəsiz mitinq keçirilə bilərmi?
 
– Onu zaman göstərəcək. Konstitusiyada və sərbəst toplaşma ilə bağlı qanunda icazə termini yoxdur. Vətəndaşlara və təşkilatlara öncədən xəbərdarlıq etməklə kütləvi tədbir keçirmək azadlığı var. Hakimiyyət qanun çərçivəsində keçirilən tədbirlərin qarşısını almaq, məhdudlaşdırmaq yox, həmin tədbirin iştirakçılarını və tədbirin özünün təhükəsizliyi təmin etmək məsuliyyətinə malikdir. Ona görə də, biz fəallığımızı göstərəcəyik. Təbi ki, hansı aksiyanın hansı formada keçiriləcəyi həm də hakimiyyətin reaksiyalarından asılı olacaq. Həm də cəmiyyət buna hazır olarsa, bunu istəyərsə Müsavat partiyası və bizi müdafiə edən qüvvələr o fəallığı göstərəcək.



“Bu böhran labüd olaraq cəmiyyətin fəallaşmasına gətirib çıxaracaq”
 
 

– Müşahidələriniz nə deyir, sizcə, cəmiyyət hazırdırmı buna?


– Təəsüf ki, ölkədə sosioloji araşdırmalar da sıfıra endirilib. Həqiqi sorğular, araşdırmalar yox dərəcəsindədir. Ona görə də, biz fikirlərimizi ifadə edərkən araşdırmalara, sorğulara istinad etmək imkanına malik deyilik. Təəssüratımızı bölüşürük. Geçəklik isə bundan ibarətdir ki, 2-3 ildir Azərbaycan dərin sosial, iqtisadi böhran içindədir. Bu, müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sferada, hakimiyyətin daxili münasibətlərində özünü göstərir. Ölkədə işsizlik artır, gəlirlər aşağı düşür, insanların sosial-iqtisadi vəziyyəti gündən-günə ağırlaşır. Cəmiyyətin narazılığı da artır. Bunu görməmək mümkün deyil. Bu narazılıq da, təbii ki, siyasi fəallığın artmasına təsir edəcək amillərdən biridir. Çünki hakimiyyət böhranın doğurduğu səbəbləri ciddi təhlil edir. Ancaq bu səbəbləri aradan qaldırmaq, xalqın sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə öz maraqlarını düşünür. Büdcənin dəfələrlə azalmasına baxmayaraq, bu büdcəni təşkil edəcək resursları hakimiyyət itirib. Bu resursların əvəzinə cərimələri artırmaq, insanların vəziyyətini ağırlaşdırmaq yolu ilə büdcəni doldurmağa çalışırlar. Təəsüf ki, böhran dərinləşir, bu da labüd olaraq cəmiyyətin fəallaşmasına gətirib çıxaracaq.

 
– İsa bəy, 2003-cü ildən 15 il keçib. Düşünürük ki, fəqli seçki platformanız olacaq. Platformanızda nələri irəli çəkməyi düşünürsüz?
 
 
– Hələ seçki platformasından danışmaq üçün tezdir. Bugünkü hədəfimiz azadlıqların genişləndirilməsi, seçki mühitinin formalaşdırılmasıdır. Platforma hazırlananda rahat danışmaq imkanı olacaq. 2018-ci ildəki seçki platforması 2003-cü ildəki seçki platforması ilə eyni ola bilməz. Uzun müddət keçib, vəziyyətdə dəyişən məqamlar, cəmiyyəti narahat edən məsələlər var. Ancaq köklü məsələlər dəyişməyib. Qarabağ məsələsi olduğu kimi qalıb, işğal olunmuş ərazilərin problemləri heç bir şəkildə həll olunmayıb. Əhalinin vəziyyəti 2006-2010-cu illərə nisbətən neft, dollar yağışının sayəsində yaxşılaşsa da, bu üstünlüklər də çoxdan aradan qalxıb. Əhalinin vəziyyəti ağır olmaqda davam edir. Ölkənin iqtisadi inkişaf strategiyası yox dərəcədədir. Nəticədə ölkə inkişaf eləmir. Yalnız neftdən, qazdan gələn gəlirlərin hesabına rejim ölkəni idarə eləməyə çalışırdı. Təbii ki, iqtisadi-sosial inkişaf proqramları, Qarabağ probleminin həlli, təhsillə səhiyyənin vəziyyətindəki dəhşətli vəziyyət və bir çox başqa məsələ öz aktuallığını qoruyub-saxlayıb. Biz platformanın üzərində işləyirik, vaxtı gələndə cəmiyyətə aydın şəkildə təqdim edəciyik.



 – Bəs beynəlxalq güclər sizi necə dəstəkləyəcək, sizin seçkidə aktivliyinizə, namizədliyinizə cənub və şimal qonşularımızın münasibəti necədir? Sizə dəstək veriləcəyi halda, milli maraqları qoruya biləcəksinizmi?
 
– Bu gün bizim beynəlxalq dəstəyə ehtiyacımız yoxdur. Heç vaxt da ehtiyac duymamışıq. Bizim inandığımız qüvvə xalqımızdır. 2018-ci ildə də beynəlxalq qüvvələrin mövqeyi önəmlidir və təhlil edəcəyik. Amma bundan asılı olmayaraq, biz xalqımızın arzularına, istəklərinə xidmət edirik. Xalqımızın düzgün seçiminə inanırıq. Beynəlxalq güclər müxtəlif mövqelərdədir. Şimal qonşumuz birmənalı şəkildə Azərbaycanı nəzarətində saxlamaq istəyir, ona görə də onlara Azərbaycandakı hakimiyyət sərf edir. İran da müəyyən mənada həmin mövqedədir. Qərb dövlətləri, beynəlxalq təşkilatlar isə daha fərqli yanaşırlar. Realist yanaşmağa çalışırlar. Təxminən 1995-ci ildən Qərbin Azərbaycan kimi ölkələrə müəyyənləşdirdiyi strategiya var idi: sabitliyi demokratiyadan üstün tutmaq. Ona görə də, Qərbin Azərbaycanda və digər yeni müstəqil dövlətlərdəki vəziyyətə münasibəti sabitlik anlayışından formalaşırdı. Zaman göstərdi ki, demokratiyanın belə ucuz tutulması, dəstəyin verilməməsi, xalqların öz iradələrini ortaya qoymalarına dəstək verilməməsi heç də sabitlik yaratmadı. Əksinə, ölkələrdə də vəziyyət ağırlaşmaqdadır. Hətta bu vəziyyət Avropaya da, Amerikaya da öz təsirini göstərməyə başladı. Əgər bu gün Amerikada müzakirə olunur ki, Rusiya Amerikanın ötən il keçirilən prezident seçkilərinə təsir edib. Rusiya, Azərbaycan və bu kimi bir sıra ölkələrin Avropada, beynəlxalq təşkilatlarda rüşvət vasitəsilə siyasi qaydalara təsir etmək cəhdləri bəzən alınan siyasi prosesləri dərk etmə cəhdləri Qərbi ciddi şəkildə narahat etməyə başlayıb. Üstəlik, Rusiyanın aqressiv siyasətini davam etdirməsi, 2008-ci ildə Gürcüstanın ərazisinin müəyyən hissəsini öz üzərinə götürməsi, 2014-cü ildə isə Ukraynanın ərazisinə müdaxilə etməsi, qanlı müharibələr yaratması, Krımı isə birbaşa ilhaq etməsi beynəlxalq birlikdə ciddi narazılıqlar yaratdı. Ona görə də, beynəlxalq birliklərdə, təşkilatlarda ciddi dəyişikliklər müşahidə olunur. Bu mövqelərin dəyişməsi Rusiya, Azərbaycan kimi neftə, qaza arxalanan ölkələrin beynəlxalq birliyin normalarına uyğun fəaliyyət göstərməsinə şərait yaradır. Rusiyada son illərdə tətbiq olunan sanksiyalar da bununla bağlıdır. Azərbaycan hakimiyət dairələrinə qarşı sanksiyaların tətbiq edilməsi, bilirsiniz ki, Avropanın beynəlxalq təşkilatlarında da ciddi şəkildə müzakirə olunmaqdadır. Beynəlxalq birlik demokratiya, azadlıq, insan haqları məsələsində obyektiv mövqe tutarsa, bu, özü vəziyyətin ciddi şəkildə dəyişməsinə təsir edə bilər.
 
 
Bizim istədiyimiz, tələb etdiyimiz, gözlədiyimiz beynəlxalq təşkilatların azadlığın və demokratiyanın yanında olmasıdır. Öz nizamnamələrində irəli sürdükləri müddəalara uyğun fəaliyyət göstərmələridir. Bu olacaqsa, Postsovet məkandakı avtoritar rejimlərin də dinc yolla, seçki yoluyla dəyişməsinə çox ciddi dəstək olacaq.

 
– Bax güvəndiyiniz qüvvənin xalq olduğunu deyirsiniz. Xalq da təbii olaraq gözləyir ki, narahatlıq doğuran ictimai-sosial məsələlərdə güvəndikləri lider tez-tez onun fikirlərini dilə gətirsin, müdafiə eləsin. Məsələn, pensiya yaşı artırıldı. Bu kimi məsələlərə şərh verməyi, tez-tez görünməyi artıq mənasız hesab edirsiniz, yoxsa necə?
 
– Əksinə, mütləq bildirilmədir. Mən görürəm ki, bir çox saytda və sosial şəbəkələrdə bu məsələlər geniş şəkildə müzakirə olunur. Mən də zaman-zaman mövqeyimi bildirirəm. Hesab  edirəm ki, indiki şəraitdə bu gerçəklər söylənilir. Seçki ərəfəsində bunlar ümumiləşdirilmiş şəkildə söylənəcək. Təkcə problemlər sadalanmayacaq, həm də problemlərin həlli ilə bağlı təkliflərimiz, konsepsiyalarımız seçicilərin diqqətinə çatdırılacaq.



– Prezidentliyə namizədliyinizlə bağlı qərarınız yenidən gündəmə gətiriləndə oxucular belə bir fikir irəli sürdülər: “Nə vaxt ki, Əli Kərimli fikirləri ilə parlayır, o dəqiqə İsa Qəmbər və komandası ortaya çıxır, onun qüvvəsini parçalamaq istəyir.


– Bir daha deyirəm, namizəd olmağım yeni mövzu deyil. 2014-ün sentyabrından bəlli olan bir mövzudur. Bu iddianın əsası yoxdur. Normal şəraitdə müxtəlif qüvvələrin öz mövqelərini, fikirlərini cəmiyyətə təqdim etməsi normal hadisədir. Biz ölkənin, hakimiyyətin bütün sahələrini monopoliyanın inhisara götürülməsinə etiraz edirik. Eyni zamanda, nə “
Müsavat partiyası, nə də başqa siyasi qüvvələr bu prosesləri inhisara götürə bilər. Ona görə də, heç bir partiya, siyasi qüvvə başqa partiyanın, siyasi qüvvənin mövqeyindən, irəli sürdüyü ideyalardan hansısa bir şəkildə narahatlıq keçirməməlidir. Bütün bunlara seçki qiymət verəcək.

 
– Bəs sizcə,  konkret olaraq hansı qüvvə, hansı sosial təbəqə sizin dəstəkçiniz olacaq?
 
– Biz əsasən orta sinfə müraciət edirik. Amma hakimiyyət ölkədə elə bir vəziyyət yaradıb ki, orta sinif yox dərəcəsindədir. Çox nazik bir təbəqə var, zəngin Azərbaycan sərvətlərini mənimsəmiş təbəqə. Və əziyyət çəkən xalqın var. Ona görə də, bizim dediklərimiz bütün xalqa aid olacaq. Bizneslə məşğul olanlara və sahibkarlara da aid olacaq. Çünki cəmiyyətin əsas lokomotiv üzvlərindən biridirlər. Əslinə qalsa, o nazik təbəqəyə də sözümüz olacaq. Hesab edirəm ki, onlar özləri də gələcək perspektivə malik deyillər. Onların özlərinin də tutduqları vəzifələrinin, əldə etdikləri sərvətlərin heç bir təminatı yoxdur. Yaranmış sosial-siyasi böhrandan çıxa bilmələri üçün ciddi bir dəyişikliyə ehtiyacları var.
 
2016-cı ilin yanvarında “Böhrandan imkana yol xəritəsi” adlanan sənəd hazırlayıb tətbiq etmişdik. O sənədə əsasən, xalqımızın hansı şəkildə  böhrandan çıxmasını, imkana çevirərək ölkənin inkişafını, xalqın normal həyat səviyyəsinin bərpasını və daha da yaxşılaşdırılmasına nail ola bilərik.

 
– İsa bəy, Qarabağın işğal olması bəzi ölkələrin əlində kartdır və zaman-zaman bundan istifadə edirlər. Ermənistanda seçki yaxınlaşanda bizim siyasətçilərin çıxışları gücləndiyi kimi, eynilə Azərbaycanda seçki öncəsi qarşı tərəf səsini ucaltmağa başlayacaq.  Bu mənada Müsavat partiyasının Azərbaycanın dövlət maraqlarını necə qorumaqla bağlı bir planı, cədvəli varmı ki, məsələn, bunları etsək belə olar?
 
– Bu məsələdə biz hər zaman həssas olmuşuq. Xalqın maraqlarını partiyanın maraqlarından üstün tutmuşuq. Hələ 97-ci ildə bizim təşəbbüsümüzlə bir sıra partiyalar həm müxalifət, həm də hakimiyyətin yanında olan partiyalar birlikdə bir sənəd imzalamışdıq. Həmin sənəddə göstərilirdi ki, Qarabağ məsələsində əsasən bizim mövqeyimiz eyni idi. Qarabağda hərbi əməliyyatların gediş miqyası bərpa olunacağı təqdirdə siyasi partiyalar könüllü surətdə öz fəaliyyətlərini məhdudlaşdırmalıdırlar. Bütün güclərini xalqın torpaqlarımız naminə səfərbərliyə alınmasına yönəltməlidirlər. Bunu Müsavat partiyası da, YAP da, digər partiyalar da imzalayıb. Üstündən artıq 20 il keçib. Heç bir zaman həmin bəyanatdan, mövqedən kənar addım atmamışıq.

 
– Bu yaxınlarda “Gülüstan” sülh müqaviləsindən 204 il keçdi. Bununla bağlı mediada belə çox az məlumat verildi. Sanki köhnə tarix yaddan çıxır və yeni həmlələr yaranır. Necə düşünürsünüz, anna xəttə milli maraqlarımızı qoymamaq bizi artıq uçuruma yaxınlaşdırıb, yoxsa hələ yolumuz var?
 
– Müsavat partiyası Azərbaycan xalqının köklü maraqlarından yaranmış bir siyasi qüvvədir. Əslinə qalsa, Azərbaycanın müasir tarixi, Müsavatın mübarizə tarixi əsrin əvvəllərində 1911-ci ildə yarandığı gündən bu partiya milli maraqları önə çıxarıb. Həmin milli maraqlar uğrunda fəaliyyət yüz ildən artıqdır ki, davam etdirilir. Mübarizə Müsavatçılıq ideologiyası ilə imperiya ideologiyası arasında gedir. Mübarizənin bir tərəfində Azərbaycan xalqı və öz azadlığını ləyaqətini bilən xalqlardır, digər tərəfdə isə Moskvadır, imperialist siyasətdən əl çəkməyən Rusiya hakimiyyətidir. Ona görə də, bu təhlükələri aydın şəkildə görürük.


“Rusiya hakimiyyəti ən yaxşı halda 19-cu əsrin təfəkkürü ilə hərəkət edir”
 

– İsa bəy, son dövrlərdə yayımlanan xəbərlərə əsasən, Azərbaycanla Rusiyanın yaxınlaşması görüntüsü yaranır. Amma konkret addıma gəldikdə isə, Ermənistan və Rusiya birgə ordu yaratdı və Qarabağ uğrunda döyüş başlasa, bu ordu bizə qarşı birgə döyüşəcək. Bu durumu götür-qoy edəndə hansı nəticəyə gəlirsiniz, qənaətiniz nədir?
 
– Bu, Rusiya siyasi elitasının, milli maraqlarının yalnış dərk etməsinə və yanlış tətbiq etməsindən irəli gələn bir reallıqdır. Rusiya hakimiyyəti ən yaxşı halda 19-cu əsrin təfəkkürü ilə hərəkət edir; imperialist siyasəti ilə ərazilərə nəzarət etməyə, bütün konfliktləri zorakı üsul ilə həll etmək istəyir. Qafqazın ən zəngin hissəsinə, Azərbaycana nəzarət etməyə çalışır. Rusiya elitası mövqeyini dəyişməlidir, artıq 21-ci əsrdir. Dövlətlər, xalqlar arasında bərabərlik beynəlxalq sənədlərdə öz əksini tapmış önəmli gerçəklikdir. Rusiya öz siyasətindən əl çəksə, normal qonşuluq münasibətləri yaratmaq mümkün olardı. Belə yanaşma Rusiyanın öz maraqlarına da cavab verərdi. Dediklərim Ermənistanın özünə də aiddir. Rusiya siyasətini dəyişsə, Qarabağ məsələsi daha rahat, itkisiz həll oluna bilər. Qafqazda sülhün, əminamanlığın, barışın yaranmasına, Qafqazın normal şəkildə inkişaf etməsinə, çağdaş dünyaya inteqrasiya olunmasına şərait yaradar. Azərbaycan da, Ermənistan da Avropa birliyi ilə danışıqlar aparır. Danışıqlar, hələ ki, heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Bu, birbaşa Rusiyanın təziqinin nəticəsidir. Bu, əhalinin həyat şəraitinə də təsir edib imkanlarını artırır.
 
Rusiya faktoru, təəssüf ki, mənfi amil kimi qalmaqdadır. Qarabağ məsələsini həll etmək əzmini davam etdirməklə, ciddiləşdirməklə yanaşı, sürətləndirməyə çalışmalıyıq. Bunun bir tərəfi beynəlxalq birliyin hazırda tətbiq etdiyi sanksiyalar və tələblərdi. Əminəm ki, bu sanksiyalar və tələblər Rusiya siyasətinin tam da olmasa, qismən cilovlanmasına, qonşu ölkələrə təcavüzünə, təzyiqinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycan özü-öz siyasətini düzgün qurmaqla Qarabağ məsələsində aydın, düşünülmüş və ciddi konsepsiyaya malik olmaqla beynəlxalq birliklə münasibətləri düzgün sağlam əsaslarla qurmaqla, insan haqlarına əməl etməklə, demokratik şərtlərə əməl etməklə Rusiyanın təziq imkanlarını azaltmalıdır. Ölkəmizdəki hüquq pozuntuları, kütləvi şəkildə insan haqlarının tapdanması, demokratiya imkanlarının məhdudlaşdırılması, seçkilərin saxtalaşdırılması Azərbaycanın həm beynəlxalq aləmdə imkanlarını məhdudlaşdırır, həm də xalqın potensial imkanlarını zəncirləyir. Azadlıq olmayan yerdə xalqın, insanın gücü ortaya çıxa bilmir.

 
– Hər dəfə cəbhədə gərginlik yarananda, qısa da olsa döyüşlər gedəndə xalqın birliyi ortaya çıxır. Həm müxalif, həm iqtidar tərəfi eyni cür düşünür, ürəkləri bir döyünür, bir araya gəlir. Torpaqlarımızdan vaz keçmədiklərini göstərirlər. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevre görüşündə isə gərginliyin azaldılması barədə razılığa gəlindi. Bəs siz nəyin tərəfdarısınız, hərbi yolla irəli getməyin, yoxsa?
 
– Dedikləriniz əsasən “Aprel döyüşləri”ndə ortaya çıxdı. Xalqın biganə olmaması aydın şəkildə göründü.
 
Qarabağ məsələsində önəmli olan aydın bir düşüncəyə, konsepsiyaya malik olmaqdır. Ancaq bizdə Rusiyadan və digər beynəlxalq ölkələrdən gələn təkliflərə reaksiya verirlər. Təkliflər xoşlarına gələndə müsbət yanaşırlar, xoşlarına gəlməyəndə çalışırlar ki, qarşısı alınsın. Ona görə də heç bir irəliləyişə nail olmaq olmur. “Aprel döyüşləri”ndə də Azərbaycan üstünlük əldə etdi. Erməni ordusunun güclü və keçilməz olması ilə bağlı miflər yerlə bir oldu. Bunun ardınca Azərbaycan bu üstünlüyü diplomatik üstünlüyə çevirməli idi. Bu edilmədi. “Aprel döyüşləri”nin səbəbi kimi ermənilərin atəşkəsi pozması göstərildi. Beynəlxalq birlik də dedi ki, o zaman atəşkəsin pozulmasını daha yaxşı, ciddi riayət edilməsi üçün təhlükəsizlik tədbirlər görülməlidir. Halbuki əvvəl səslənən arqument gündəmə gətirilməli idi. 94-cü ildə atəşkəs haqqında sənədlər imzalandı və üstündən 22 il keçib. Bu müddətdə torpaqlar işğaldan azad olmayıb. Hansı ölkə, hansı xalq torpaqlarının bu qədər il işğalda olmasına razı ola bilər? Bu arqumenti gücləndirmək və beynəlxalq birliyin qarşısına çıxmaq  lazım idi. İstənilən diskussiyada tərəflərin mövqeyi önəmlidir.



–  İsa bəy, son dövrlərdə Türkiyədə gedən siyasi proseslərə baxışınızdan söz edək bir az. Qardaş ölkədə baş verən dəyişikliklər Azərbaycan siyasətinə təsir edəcəkmi? 
 
 
– Dünyanın hər yerində gedən proseslər bu və ya başqa şəkildə daxili vəziyyətə, ictimaiyyətə təsir edir. O ki qaldı, Türkiyə kimi bizə yaxın və doğma olan ölkə. Bu Türkiyə xalqının seçimidir. Hər halda, referendum keçiriblər və burdakı kimi  seçkilərdə saxtalaşdırılma orda olmur. Xoşumuza gəlsə də, gəlməsə də, bunu gerçəklik kimi qəbul etməliyik. Müsavat partiyası olaraq, Milli Düşüncə Strateji Mərkəzi kimi parlament idarəsinin tərəfdarıyıq. Yeri gəlmişkən, platformamızla bağlı məsələ bizdən asılı olacağı təqdirdə prezident səlahiyyətlərinin məhdudlaşdırılıb parlamentli quruluşa keçmək niyyətindəyik. Bu baxımıdan, prezident respublika sı variantını uğurlu hesab etmirik. Dünya miqyasında  götürsək, ABŞ-dan başqa elə bir dövlət yoxdur ki, prezident zümrələri olsun və o dövlət yaxşı inkişaf eləsin. Avropanın, dünyanın müxtəlif ölkələrinə diqqət edin, məhz parlament idarəçiliyinə malik ölkələr daha yaxşı inkişaf edirlər. Vətəndaşlarının maraqlarını təmin edirlər. Türkiyə bizə yaxın ölkədir. Eyni dilin və dinin daşıyıcılarıyıq. Siyasi proseslərdə də Azərbaycan vətəndaşı daha çox Türkiyədəki  siyasi prosesləri izləyir, nəinki Azərbaycandakı siyasi prosesləri. Ona görə ki, Azərbaycandakı siyasi proses boğuqdur. Televiziyalarda siyasi proseslər, dialoqlar, debatlar təşkil olunmur. Deyirlər, guya seçicini bu maraqlandırmır, şou maraqlandırır. Bu, absurd iddiadır. Türkiyədə yüzlərlə televiziya kanalı var. Elə kanallar var, səhərdən axşama qədər şou göstərirlər, eləsi var, 24 saat xəbər verir. Hamısı balanslaşdırılır. Vətəndaşın da seçmək imkanı var. Normal ölkədə belə də olmalıdır.
 
 
Yadınıza salın, seçki müddətində çox qısa da olsa, seçki debatları olurdu. Əhalinin böyük əksəriyyəti şouları unundub debatlara baxmırdımı? Həmin debatlar müzakirə olunmurdumu?
 
Bizdə İctimai Televiziya var, ancaq AzTV-nin filialı kimi fəaliyyət göstərir. İctimai diskussiyalara imkan yaratmayıb. Keçirilən debatlara hakimiyyət yönümlü şəxslər dəvət olunur. Müzakirələrə müxalifət nümayəndələri, müstəqil düşünən ziyalılar cəlb olunmur. İldən-ilə vəziyyət ağırlaşır. İctimai televiziyanın yaranma səbəbi demokratik birliyin AzTV-yə etirazlarından irəli gəlmişdi.

 
– Son olaraq... Prezident seçkilərinə 3 namizədin adı məlumdur: Rəsul Quliyev, Hüseyn Abdullayev və siz. Əksəriyyətin görmək istədiyi namizəd isə İlqar Məmmədovdur, o da həbsdədir. Bu namizədlərin mövcud şəraitdə rəqabətini, seçki mənzərəsini necə görürsünüz?
 
– Konstitusiyaya görə, hər bir vətəndaşın namizədliyini irəli sürmək hüququ var. Qanunlarda müəyyən məhdudiyyətlər var, normal yanaşıram. Hesab edirəm ki, xaricdə olan vətəndaşlarımızın da seçkilərdə iştirakına şərait yaradılmalıdır. İlqar Məmmədov da ən qısa zamanda azadlığa buraxılmalıdır ki, iddialarını ortaya qoya bilsin. Hər bir Azərbaycan vətəndaşının iddialarına hörmətlə yanaşıram. Mənim rəqibim onlar deyil. Mənim rəqibim bu rejimdir, hakimiyyətdir. Düşünürəm ki, bütün namizədlər də aşağı-yuxarı belə yanaşmalıdırlar. Birincisi, ölkədə dövlət başçısı adı çəkilənlər deyil, İlham Əliyevdir. Əgər kimsə prezident olmaq istəyirsə, İlham Əliyevlə və bu rejimlə mübarizə aparmalıdır. İkincisi isə, seçki və bütün azadlıqlara məhdudlaşdıran da adını çəkdiyin şəxslərin heç biri deyil. Mövcud rejimdir, İlham Əliyevdir. Namizədliyini irəli sürənlər də bir-birlərinə qarşı deyil, rejimə qarşı mübarizə aparmalıdırlar. Cəmiyyət də görəcək ki, kim kimə qarşı mübarizə aparır. Rejimə qarşı mübarizə aparanları xalq səmimi qəbul edəcək. Bir-birinə qarşı mübarizə aparanların səmimiyyətinə inanmaq isə çətin olacaq.
 

 




Xəbərin oxunma sayı : 724




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap