Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin azərbaycanlı dostundan sensasion Qarabağ açıqlaması:“Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var“

Tarix 10.11.17, 4:45

Font ölçüsü : - / +
bitmap-img6


Bugünlərdə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün etibarlı mənbəyinə istinadən, maraqlı bir məlumat paylaşdı. Politoloqa görə, Türkiyə və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində prezident Vladimir Putinin Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərti var: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi.

Lakin bu məlumatın həqiqət yükü bəlli deyil. Qalır, bircə ehtimal eləmək ki, mənbə nə dərəcədə mötəbər olub?

Professor, hüquq elmləri doktoru İlham Rəhimov "Yeni Müsavat"ın müxbiriylə söhbətində məhz bu mövzudakı sualları cavablandırıb.

AzFakt.com azərbaycanlılar arasında daha çox "Putinin tələbə yoldaşı və dostu" kimi populyar olan İlham Rəhimovun həmin müsahibəsini öz oxucularına da təqdim edir:


– Mən politoloq Şahinoğlunun Qarabağ məsələsi ilə bağlı düşüncələri və mövqeyi ilə çox yaxşı tanışam. Onun bizim şimal qonşumuz haqda fikirlərini də oxumuşam və açıq sizə deyim ki, bir çox siyasətçilərdən fərqli olaraq o, kifayət qədər düşüncəli insandır. Və onun mövqeyində mən həmişə dərin məna hiss edirəm. Bildiyim qədər, o, hətta qeyd edib ki, mənbə yetərincə etibarlıdır, yəni, mənbə belə görünür, məhz səhih məlumata malikdir.

Ancaq, birincisi, sual ortaya çıxır: bu, ona haradan məlum ola bilərdi? Çünki bir qayda olaraq, bu səviyyədəki görüşlərdə müzakirə ediləcək mövzuların dairəsi az adama bəlli olur – o ki ola, Dağlıq Qarabağla bağlı həssas bir məsələ və onun sonrakı taleyi. Bu mənada məndə E.Şahinoğlunun dediyi mənbənin mötəbərliyinə müəyyən şübhələr yaranır.

İkincisi, Türkiyə prezidenti Ərdoğan billdirib ki, Putinlə görüşdə Qarabağ məsələsini müzakirə edəcək. Üç şərtə gəlincə, az ehtimallıdır ki, iki prezident arasında Dağlıq Qarabağ mövzusunun müzakirəsi zamanı Putin belə şərtlər qoya bilər. Bu, reallıqdan çox uzaqdır. İlk növbədə ona görə ki, Putin kimi çox yüksək səviyyəli bir siyasətçi indiyədək heç kimə, xüsusən də Dağlıq Qarabağla bağlı heç bir şərt qoymayıb. Mən şübhə edirəm ki, onun Qarabağ probleminin həlli qarşılığında hansısa şərti olsun. Putinin şəxsində Rusiyanın bircə şərti var: siz özünüz öz aranızda anlaşın, özünüz məsələni həll edin, biz, yəni Rusiya isə qəbul edilən anlaşmanın qarantı olacağıq.

Düzdür, Ərdoğanla Putin görüşəcək, müzakirə aparacaqlar, danışacaqlar. Hərçənd, Türkiyə lideri Dağlıq Qarabağ probleminin ədalətli həllində çox maraqlıdır, çünki Azərbaycana ürəyi yanır. Bununla belə, yenə düşünmürəm ki, tərəflər hansısa qərarı qəbul eləsinlər. Vəziyyət adi müzakirədən uzağa getməyəcək və ölü nöqtədən tərpənməyəcək. Hərə öz fikrini deyəcək. Ərdoğanı Qarabağ məsələsi ilə bağlı Putinin mövqeyi maraqlandıracaqsa, Putini də müvafiq olaraq Ərdoğanın problemə baxışı maraqlandıracaq. Ona görə də Elxan Şahinoğlunun işarə vurduğu heç bir şərt səslənməyəcək. Bunu gözləməyə dəyməz. 

Sonra: Rusiya və Putin Avrasiya İqtisadi Birliyinin üzvü olan heç bir suveren dövlətə hələ heç vaxt, heç bir şərt irəli sürməyib. Rusiyanın prinsipi belədir: əgər sizə sərfəlidirsə – birliyə qoşulun; sərfəli deyilsə – imtina edin. Birliyə ən son olaraq üzv olan Qırğızıstanın nümunəsində baxaq. İllərlə bu məsələ götür-qoy edildi, Rusiya isə Qırğızıstan qarşısında hansısa şərt qoymadı.

Azərbaycanla bağlı da mən həmişə demişəm və bir daha təkrar edirəm: Rusiya heç vaxt şərt qoymayacaq. O, yalnız müşahidə eləməyi təklif edə bilər Azərbaycana – əlverişli sayarsa, qoy təşkilata daxil olsun, saymazsa – üzv olmamağa tam haqqı çatır. Ancaq nəyinsə qarşılığında şərt qoymaq – bu, sadəcə, absurddur.

İndi isə KTMT-yə daxil olma şərti barədə. Bu qəbildən şərti, üstəlik Ərdoğan qarşısında qoymaq, ümumiyyətlə, sağlam məntiqdən uzaqdır. Sülhməramlı qüvvələrin yerləşdirilməsinə gəlincə, bax, burda bəli, Moskvanın şərti ola bilər. Ancaq yalnız yuxarıda qeyd etdiyim anlamda: münaqişə tərəfləri öz aralarında razılığa gəlir, Rusiya isə qarant kimi çıxış edir. 

Qarant nədir? Bu, o tərəfdir ki, konflikti istisna edən şərtlər formalaşdırır. Bəsit desək, ondan ötrü ki, tərəflər bir-birini qırıb çatmasın. Nədən ki, əgər Allahın izni ilə, məsələ həll olunsa, o zaman istəsək də, istəməsək də, bizim xalqlarımız birgə, yanaşı olmalıdır. Siz təsəvvür edirsinizmi ki, əgər vaxtında təhlükəsizlik təmin edilməsə, nələr baş verə bilər?

Ona görə də aydın məsələdir ki, bu halda Rusiya qarant qismində öz xidmətlərini təklif edə bilər. Bu normaldır. Və tamamilə təbiidir ki, Rusiya heç vaxt imkan verməyəcək ki, hansısa başqa ölkələr qarant qismində çıxış eləsin. Onun özü qarant olmaq istəyəcək. Və bunu da onunla əsaslandıracaq ki, Moskva bir-biri ilə düşmənçilik edən tərəfləri daha yaxşı tanıyır, çünki onlar nə vaxtsa SSRİ-nin tərkibində olub, Rusiya problemin kökünü daha yaxşı bilir, o üzdən də Moskva daha effektli qarant olacaq və ərazidə təhlükəsizliyi daha yaxşı təmin edəcək. 

Dil faktoru da az önəm kəsb eləmir. Təsəvvür edin ki, bu məsələdə BMT-nin hansısa ölkələri qarantdır. Hansı dildə onlar ünsiyyət yaradacaq? Bu da müəyyən qəbildən problemlər ortaya çıxara bilər. Onu demək istəyirəm ki, Rusiya bu bölgədə məhz münaqişə tərəfləri arasında təhlükəsizliyi təmin eləmək məsələsində özünün mövcudluğunun faydalılığını isbat edəcək – əgər gerçəkdən də hansısa sülh anlaşması əldə olunarsa.

Bundan əlavə, mən yanaşmalarda konkret bir qeyri-uzlaşma görürəm. Özü də təkcə E.Şahinoğluda yox. Baxın, biz deyirik ki, müstəqil dövlətik və heç kim bizə diktə edə, təsir göstərə bilməz. Bəli, Türkiyə bizə qardaş ölkədir, bunu kimsə inkar eləmir. Rusiya bizim böyük şimal qonşumuzdur, hansı ki, əla münasibətlərimiz var. İndi belə çıxır ki, bizim problemlərimizi nədənsə bu iki lider-ölkə həll edir. Əgər kürəyimizin arxasında bizim taleyimizi həll edirlərsə, o zaman biz necə müstəqil dövlətik – üstəlik də bizim maraqlarımıza toxunan hansısa şərtlərlə? Bu, necə olur? Bizsiz, hələ üstəlik, hansısa şərtlərlə?

Əlbəttə, baxmayaraq ki, türklər bizə qardaş xalqdır və biz onlara sayğı bəsləyirik, biz Rusiyaya da hörmət bəsləyirik. Lakin hansısa məsələni bizsiz həll eləmək caiz deyil. Odur ki, əgər bu iki dövlət Qarabağ probleminin həllində bizə kömək eləmək istəyirsə, o zaman fikrimcə, bunu belə bir formatda eləməyə dəyməz. Burada hökmən dördlü format olmalıdır. Yəni, Azərbaycan və Ermənistan liderləri də prosesdə iştirak eləməlidir. Bax, dördlü həll – tamam ayrı formatdır. Bu, artıq reallıqdır.

Və əgər ki, E.Şahinoğlunun versiyasına görə, müzakirə etdiyimiz şərtlər işğal altındakı 5 rayon qarşılığında yerinə yetirilsə, o zaman mənə deyin: azad edilən bu 5 rayon nə verəcək bizə? Yalnız bu rayonların yerli əhalisinin öz tarixi-qanuni ərazilərinə qayıtmaq imkanı. O zaman illərdir niyə müharibə aparırıq? Bütövlükdə Qarabağın statusunun tanınması uğrunda! Lap 5 rayonu qaytardıq. Ondan sonra proseslər necə cərəyan edəcək? Lap sülhməramlı qüvvələr də bölgəyə daxil oldu. Orada onlar nə qədər qalacaq? Heç kimə məlum deyil.

Lakin 5 rayonun qaytarılması xüsusunda münaqişənin sonrakı taleyini tamamilə təxmin eləmək olar: bunun ardınca bütün dünya fikirləşəcək ki, Dağlıq Qarabağ məsələsi artıq yoluna qoyulub, daha o, mövcud deyil və daha heç kim onunla məşğul olmayacaq. Harda bu məsələni qaldırsaq, bizə yalnız belə deyəcəklər: sizə deyəsən axı, işğal altındakı ərazilərinizi qaytarıblar. Bu isə Dağlıq Qarabağdakı ermənilərə imkan verəcək ki, məsələni nə qədər özlərinə sərfdir, uzatsınlar – 10 il, 15 il, daha çox. O vaxta qədər ki, hamı onu unudacaq. Və de-fakto hamı əvvəlki vəziyyətdə qalacaq. Bizə bu lazımdır?

– Necə bilirsiniz, Türkiyənin Dağlıq Qarabağ konfliktinin həllində aktivləşməsinə Kremlin reaksiyası necə olacaq? Axı, az öncə Rusiya Ermənistana silah almaq üçün yeni kredit ayırıb. Rusiya və Türkiyə birgə səylərlə İrəvana təzyiq edib onu münaqişənin tezliklə həllinə vadar edə bilərmi? 

– Əvvəla, Rusiya hamıya, o cümlədən Azərbaycana da silah satır. Həmçinin, Türkiyəyə lap yaxınlarda S-400 zenit-raket kompleksləri satıb. Bu, beynəlxalq hüquq normalarına uyğun gələn biznesdir. Rusiya silah satışından nəhəng pullar qazanır. Bu, dövlətin büdcəsi üçün gəlirdir. Biznes məsələsini də siyasətə bağlamağa dəyməz. Yaxud onunla bağlamaq ki, Moskva Ermənistana silah satmaqla Azərbaycana zərər vurmaq istəyir – bu da doğru deyil. 

– Çoxları məhz belə bir qənaətdədir ki, iki münaqişə tərəfi və onların arasında hər ikisinə silah satan Rusiya var. Ona görə də ictimaiyyət hesab edir ki, özünü dost sayan ölkə bir-biri ilə konfliktdə olan tərəflərə silah verməz. 

– Bilirsinizmi, bu, primitiv mühakimədir ki, əgər Rusiya bizimlə dostluq edirsə, Ermənistanla etməməlidir və ya əksinə. Yeri gəlmişkən, ermənilər də eyni şeyi deyirlər: yəni ki, biz Rusiya ilə bütün ittifaqlarda, cəmiyyətlərdə bir yerdəyik, ona görə də Rusiya Azərbaycanla dostluq eləməməlidir. Ancaq Rusiya bu şərtlərə getmir və heç vaxt da getməyəcək. 

– Son vaxtlar Türkiyə Dağlıq Qarabağ məsələsində fəallaşıb. Sizcə, bu, nə ilə bağlıdır?

– Türkiyə yalnız qardaşlıq hissləri əsasında, bizə görə narahatlıq keçirdiyini göstərmək üçün fəallaşıb ki, bizə kömək eləsin. Ancaq Dağlıq Qarabağ ixtilafı dolayısıyla türk-erməni münasibətlərinə də toxunur. Çünki məsələ sərhədlərin açılması, qondarma “genosd”lə bağlıdır. Odur ki, Ankaranın Qarabağ konfliktinin həlli məsələsinə müdaxilə cəhdi mənim üçün tamamilə anlaşılandır. 

Yana Madatova, 
Musavat.com



Xəbərin oxunma sayı : 265




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap