Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yaxın şərqdə cəhənnəm qapılarını açacaq “Kürdüstan“ – Ərəb tədqiqatçı “kürd tarixi“ni alt-üst etdi - ARAŞDIRMA

Tarix 19.02.18, 2:23

Font ölçüsü : - / +
bitmap-img6


Bəşir Nafi

“Middle East Eye”


Kürd milliyyətçi saytlarından birində Diyarbəkir Türkiyədəki kürd iqtisadiyyatının, mədəniyyətinin və siyasətinin əsas mərkəzi olaraq təsvir edilir. Həm siyasi, həm də maarifçi sayılan veb-saytda şəhərin qısa tarixi təqdim edilir və iddia olunur ki, qədim Bizans şəhərinin ilkin adı – Amed mənşəcə kürd olub.

Veb-səhifə şəhərin İslam tarixini və Diyarbəkiri kürd əksəriyyətin şəhərinə çevirən Osmanlı dövründə əhali yerdəyişməsini tamamilə görməməzliyə vurur.

Bu gün Diyarbəkirdə, təxminən, bir milyon insan yaşayır, onların dörddə biri, kürd qaynaqlarına görə, kürdcə danışır.

Kürd millətçiliyinin termometri

O, həqiqətən, Türkiyə Respublikasında kürd milliyyətçiləri, xüsusilə Kürd İşçi Partiyası (PKK), kürd millətçi hərəkatının termometri hesab edilən şəhərdir.

Diyarbəkirin kürd əhalisinin böyüklüyü İstanbul kürdlərinin üçdə birinə yaxın olmasa da, şəhər radikal kürd millətçilərinin müqəddəs coğrafiyasında, Qərbi İrandan Aralıq dənizinə və Gürcüstandan – Türkiyə sərhədlərindən Bağdad ətrafındakı ərazilərə qədər uzanan “Kürdüstan”ı ehtiva edir.

Bizans şəhəri olaraq Amed assur-xristian dini mərkəzi idi və İslamın fateh ordusu xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə bu əraziyə gəlib çıxıb. Dəclə çayının sahillərində mühüm mövqe tutan şəhər müsəlmanlara təslim olduqdan sonra Ərəbistan yarımadasından başlayan İslam torpaqlarının əsas sərhəd məntəqələrindən birinə çevrilib.

Bizanslılara qarşı mübarizədə İslamın sərhədlərini genişləndirmək üçün Üməyyə hökmdarları ərəb tayfalarını Ərəbistan yarımadasından əyalətə, Dəclənin yuxarı hissəsindən tutmuş Qərbdə Fərat çayına qədər məskunlaşmağa təşviq edib.

Amed (Amuda) – Bəkir ibn Vail qəbilələrinin məskunlaşdığı yerin göbəyi oldu. Şəhərin yeni adının – Diyarbəkirin və ya “Bəkir torpaqları”nın mənşəyi də buradan gəlir.

Rabiədən olan digər tayfalar Mosulun yaxınlığında yerləşdirilib, Mudardan olan tayfaları isə bir qədər qərbdə məskunlaşdırılıb.


Demoqrafik dəyişikliklər
 

Lakin İslam xilafətinin şimal-şərq sərhədlərindəki ərəb varlığı sonrakı əsrlərdə ərəblərin hərbi gücünün azalması səbəbindən türkmən tayfalarının ardıcıl köçü və ya Yaxın Şərq xalqlarının davamlı yerdəyişməsi ucbatından zəifləyib.

XVI əsrdə Osmanlı vilayətinin 19 rayonundan yalnız yeddisi kürd ərazisi olaraq təyin olunmuşdu. Həmin yüzilliyin ikinci yarısında Diyarbəkir əhalisinin əksəriyyətini ermənilər və assurlar təşkil edirdi.



Həmidiyyə (II Sultan Həmid) dövründə (1876-1909) kürd-erməni münaqişəsinin baş verməsi və Birinci Dünya müharibəsi dövründə ermənilərin yerdəyişməsi ilə kürdlər şəhər əhalisinin əksəriyyətinə çevrilib.

Diyarbəkir – kürd xarakterini son vaxtlara qədər əldə edə bilməyən və son zamanlarda həqiqətən də, “müqəddəs Kürdüstan coğrafiyası”nda olan yeganə şəhər deyil.

Kərkük – İslamın orta çağlarında türk ordusunun yerləşdiyi qala ətrafında türkmən şəhəri kimi inkişaf edib.

İraq neft şirkəti şəhərin yaxınlığındakı yataqlardan neft çıxarmağa başlamazdan və qərargahını Tuz Xurmatudan 1930-cu illərdə Kərkükə köçürməzdən əvvəl Kərkük – əhalisinin əksəriyyəti türkmən olan şəhər idi.

Yalnız iqtisadi səbəblərə görə Kərkük, ərəb və kürd işçilərini cəlb edən maqnitə çevrildi.

İraqda 1957-ci ilin siyahıyaalınması göstərir ki, türkmənlər hələ də Kərkük sakinləri arasında ən böyük etnik qrup olub. Baxmayaraq ki, Kərkük indi türkmən, kürd və ərəb qarışığın şəhəridir.

Bu yaxınlarda bir kürd lideri Kərkükü "Kürdlərin Qüdsü" kimi səciyyələndirməkdə tərəddüd etməyib və şəhərlə bağlı yaşanan mübahisəni Fələstin münaqişəsi səviyyəsinə qaldırmaqla, çox təəccüblü bir cəhd göstərib.

Kərkük kimi, Suriyanın Osmanlı dövründən etibarən Hasaka və Qamışlı şəhərlərində olan kürd mövcudluğuna baxmayaraq, Şimal-Şərqi Suriya kürdlərinin əhəmiyyətli bir hissəsi sərhədlərin türk tərəflərindən miqrasiyanın iki dalğası ilə buralara gəlib.

İlk dalğa 1920-ci illərin ortalarında Şeyx Səid üsyanından sonra kamalist dövlətin təzyiqi, ikinci isə 1930-cu illərin sonlarında Dersim hadisəsi ilə əlaqəli idi.

Pastoral tayfalar

İstanbula məşhur səyahətində Bağdad müftisi Əbu Əl-Sana Əl-Alusinin kiçik ərəb-müsəlman şəhəri kimi təsvir etdiyi Amuda 19-cu əsrin ortalarından bu günə kimi kürd şəhəri olaraq qəbul edilir.

Amma ərəb-müsəlman Amuda şəhəri 20-ci əsrin əvvəllərində əhalinin hərəkəti ilə assur əksəriyyətin şəhərinə çevrilib və kürdlər 1937-ci ildə assurları qovduqdan sonra o, kürd əksəriyyətin şəhərinə çevrilib.

Kürdlər ilkin olaraq, İslam fəthləri barədə hesabatlarda Təbəri, Bələzuri və Məsudi kimi ilk İslam tarixçilərinin qeydlərinə düşüb. Onlar İran, İraq və Türkiyə arasında bölünmüş dağlıq ərazidə yaşayan pastoral qəbilələr kimi təsvir edilib.



Sonrakı əsrlərdə kürdlər iqtisadi qüvvələrin, müharibələrin və ya dövlətlərin yüksəlişi və süqutunun təsiri ilə bitişik yaylalarda yayılmağa başlayıblar.

Zəngilər və Əyyubilərdən bəri müsəlman liderlər kürdlərdən döyüşçü kimi istifadə edib. Ruknəddin bölgəsi və ya Şamın kürd məhəlləsinin təməli Əyyubi dövründə qoyulub. İslam orta dövründəki digər peşəkar əsgərlər kimi, kürdlər də tezliklə hərbi feodal sistemdə görkəmli mövqe tutublar.

 Yaşamaq uğrunda mübarizə

Osmanlı dövründə kürd tayfalarının miqrasiyasında kürd ağalarının sadiqliyi və ərəb üsyanları mühüm rol oynayıb. Məsələn, Afrin kürdləri bu şimal-qərbi Suriya bölgəsində 17-ci əsrdə, kürd ağasının İstanbul hakimiyyətinə qarşı üsyanının uğursuzluqdan sonra məskunlaşıb.

Erkən müsəlman fəthlərində müsəlmanların qarşılaşdığı dağ tayfalarını bu gün orijinal kürd kütləsi kimi təsvir etmək, o zamankı Misir, Tunis, Fələstin və İraq sakinlərini də Mudar, Rabiə, Hamadan və Əzd ərəb tayfalarının xalis varisləritək nəzərdən keçirmək qədər sadəlövhlükdür.

Əsrlər boyu davamlı deportasiya, köç və müharibələr nəticəsində, bəzi kürdlər kürd mənşəyini itirib. Eyni zamanda, ərəb, erməni və türk mənşəli başqaları da, sağ qalmaq uğrunda mübarizədə daha güclü və daha effektiv kürd qəbilə ittifaqlarına qoşulublar.

Ancaq Yaxın Şərqin bəzi şəhərlərinə və bölgələrinə kürdlərin gecikmiş köçü onları heç də vətəndaşlıq imtiyazı ilə təmin etmir. Kürdlərin Kərkük, Amuda, Qamışlı, Diyarbəkir, Şam, İstanbul və Bağdadda yaşama hüququ Taif, Səna, Tripoli, Tunis və Uhran ərəblərindən çox deyil.

Orta Asiyadan Atlantik sahillərinə qədər uzanan dünyanın bu geniş hissəsi İslam fəthlərindən sonra davam edən bir sıra hərəkətlənmə, yerdəyişmə və köçlərlə formalaşıb.



Bu tarix nəyi sübut edir? Kürd milliyyətçilərin (eləcə də ərəb və türk həmkarlarının) iddia etdiyi irqçi təmizlik mifinin kövrəkliyini və “kürd milli coğrafiyası”nın əsassızlığını.

Dünyanın bu hissəsində Avropa millətçi modelinə və millət-dövlət çağırışına istinad etmək çox çətin olardı.

20-ci əsrdə Yaxın Şərq xalqlarına milli layihə xəyalları çox baha başa gəlib. Onlar zaman keçdikcə tam uğursuzluğunu sübuta yetirib. İnsanlar bu dərsi öyrənməlidirlər.

“Kürd milli coğrafiyası”nı milli bir dövlətə çevirmə səyi heç də uğurlu olmayacaq və bütün Yaxın Şərqdə cəhənnəm qapılarını açacaq.

Bu gün gerçək mübarizə – milliyyətçi dövlət fanatizminə qarşı, onun daha az eksklüziv olması, xalqların çoxsaylılığını əhatə etmə, bu xalqların mədəniyyətlərinin və irsinin müxtəlifliyini daha doğru qəbul etmə uğrunda mübarizədir.


Tərcümə: Strateq.az






Xəbərin oxunma sayı : 316




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap