Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İdlib problemi:Tehran Sammitindən sonra aktuallaşan suallar

Tarix 12.09.18, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


İranın paytaxtı Tehran şəhərində Türkiyə, Rusiya və İran prezidentlərinin İdliblə bağlı müzakirələr aparmasına dünya KİV-i böyük maraq göstərib. 

Tədbirdən dərhal sonra BMT-də də müzakirələr aparılıb. Bu təşkilatın 7 üzvü ayrıca müraciət hazırlayaraq problemin siyasi-diplomatik yolla həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların sırasında Almaniya, Fransa, Böyük Britaniya və İsveç də vardır. Müraciətdə xüsusi olaraq Türkiyənin danışıqlar yolu ilə münaqişəni həll etmək çağırışına haqq qazandırılıb. Tehran sammitində də R.T.Ərdoğan və V.Putinin İdlib məsələsini siyasi-diplomatik yolla həll etməyə səsləyən fikirlər söyləmələri də təqdir edilib. Bunlarla yanaşı, sammitin yekun bəyannaməsinin müzakirəsi zamanı tərəflər arasında yaşanan diskussiya xarakterli müzakirələrin canlı yayımda izlənməsi geniş əks-səda doğurub. Suriya müxalifətini BMT-də təmsil edən nümayəndə Ankaranın mövqeyinin dəstəklənməsi zərurətini açıq vurğulayıb. O, Türkiyəni Suriyada sülhün olmasına çalışan əsas dövlət adlandırıb. Bütün bunların fonunda Tehran sammitinin geosiyasi əhəmiyyətini qiymətləndirməyə və orada müzakirə edilən məsələləri təhlil etməyə ehtiyac yaranır.

Yaxın Şərqin “Qordi düyünü”: böyük dövlətlər üçün çətin məsələ

İdlib məsələsi Suriya böhranının “Qordi düyünü”nə çevrilib. Tehranda Türkiyə, Rusiya və İran liderlərinin keçirdikləri zirvə görüşündən sonra ekspertlər belə bir qənaətə gəliblər. Bir qədər öncə bütün dünya “böyük üçlüy”ün Suriya problemini həll etməkdə daha şanslı olduğuna inanırdı. İndi isə düşündürücü və narahatlıq doğuran faktorlar meydana çıxıb. Onların məzmunu nədən ibarətdir? Üç təminatçı ölkə arasında hansı məqamlarda fikir ayrılığı getdikcə prinsipial xarakter alır?

Əslində, belə durumun yaranması ehtimalı öncədən istisna edilmirdi. Yaxın Şərqdə xüsusi maraqları olan Rusiya, İran və Türkiyənin hansısa “nöqtədə” ortaq mövqe nümayiş etdirə bilməyəcəkləri gözlənilən idi. İdlib məsələsində bu özünü daha qabarıq göstərdi. Suriya rejimi Rusiyanın fəal hərbi dəstəyi ilə İdlibə hücuma keçib. B.Əsəd oraya 28 min nəfərlik qoşun yığıb. Rusiya əməliyyata havadan dəstək verir. Quruda isə Əsəd ordusu hərəkət edir.

İdlibdə Hələb və ona yaxın bölgələrdə gedən hərbi əməliyyatlardan qaçan milyonlarla mülki və onlarla bərabər hərbi qruplaşmalar vardır. Ayrıca, Türkiyə Hələbə Əsəd rejiminin hücumu olanda mülayim müxalif hərbi qruplaşmaların İdlibə çəkilməsini təşkil etdi. Ancaq o zaman milyonlarla dinc əhali də şəhərdən qaçaraq Türkiyəyə sığındı. Bu axının hesabına Türkiyədəki suriyalı qaçqınların sayı 3,5 milyon nəfərə yaxınlaşdı.

Nəticədə, İdlibdə də 3 milyon insan məskunlaşmalı oldu. Onların sırasında “Cəbhət ən-Nusra” (o indi ismini dəyişib) da daxil olmaqla 7 hərbi qruplaşma vardır. Onlar dinc insanların arasında yerləşiblər. Bu qruplar sırasında Azad Suriya Ordusuna daxil olan qruplar də fəaliyyət göstərir. Hazırda İdlibin hərbi müdafiəsində bütün qruplar iştirak edirlər. Hərçənd, onların hər birinin başlıca məqsədləri fərqlidir.

Rusiya, İran və B.Əsəd rejimi terrorçuları mülki əhalidən ayırmadan oranı bombalamaq və quruda hərbi əməliyyat aparmağa çalışırlar. Türkiyə isə dinc sakinlərin təhlükəsizliyinə ciddi önəm verir. Bundan başqa, Suriyadakı mülayim müxalifəti digərlərindən fərqləndirməyi lazım bilir. Onların Suriyanın siyasi hakimiyyətinin formalaşdırılmasında iştirakını arzulayır. Buradan da Rusiya, İran və Türkiyə arasında fikir ayrılığının ana xətti aydın olur.

Moskva və Tehran Suriyada B.Əsəd faktorunun həlledici olaraq qalmasına çalışırlar. Onlar demokratik seçki adı altında B.Əsədin yenidən hakimiyyətdə qalmasına üstünlük verirlər. Çünki Rusiya və İranın Suriyadakı əsas dayağı B.Əsəd rejimidir. Onların cəmiyyətdə elə bir nüfuzu yoxdur. Deməli, Moskva üçün önəmlidir ki, hərbi əməliyyatlara külli miqdarda xərc çəkəndən sonra Suriyada siyasi üstünlüyünü də saxlasın. Bunun etibarlı üsulu isə B.Əsədi müvəqqəti də olsa, hakimiyyətdə saxlamaqdan ibarətdir.

Türkiyə və Qərbin aparıcı dövlətləri isə müharibədən sonra Suriyanın yenidən qurulmasında, cəmiyyəti təmsil edən müxtəlif qüvvələrin siyasi hakimiyyətdə bərabərhüquqlu qaydada iştirakında israr edirlər. Onlar əmindirlər ki, belə olan halda B.Əsəd hakimiyyətdə qala bilməyəcək və mülayim müxalifətin fəal iştirakı ilə koalision hakimiyyət formalaşacaq. Bundan sonra Suriyanın siyasi kimliyini tədrici olaraq yenidən qurmaq imkanı yaranacaq. Çox güman ki, həmin prosesdə B.Əsədin illərlə Suriyada həyata keçirdiyi daxili siyasətin bir sıra aspektləri də müzakirəyə çıxarılacaq.

Sülh, yoxsa müharibə: insan fəlakətini önləmək zərurəti

Bu kimi prinsipial məsələlərdə tərəflər bir-birinə güzəştə gedə bilməzlər. Həmin səbəbdən Rusiya, İran və Bəşər Əsəd müxalif qüvvələrin hərbi strukturlarını tamamilə məhv etməyə çalışırlar ki, sonradan bundan siyasi arqument kimi yararlansınlar. İdlibdəki hərbi dramatizmin siyasi görüntüsü bundan ibarətdir.

Digər məsələ qlobal güclərin İdlibə müdaxiləsi ehtimalı ilə bağlıdır. Moskva və Kreml Berlin, Paris, London və Vaşinqtonun ciddi müdaxiləsini istəmirlər. Çünki belə olsa, siyasi “payları” da ortaq bölməli olacaqlar. Onda Rusiya və İran azlıqda qalır ki, alınan qərarlar da onların əleyhinə ola bilər. Türkiyə isə bu məsələdə balansın və ədalətin tərəfdarıdır. Ankara üçün Suriya cəmiyyətinin və dövlətinin bütövlüyü daha önəmlidir. Çünki orada hər hansı radikal qüvvənin hakimiyyəti olsa, birbaşa Türkiyəyə təhdid yaradacaq. Ən azından gələcək separatçı əhval-ruhiyyə üçün münbit zəmin formalaşacaq. Bu baxımdan Türkiyə ABŞ-ın Suriyada böyük dəstək verdiyi PYD/YPG terror qruplarını çox təhlükəli hesab edir.

Türkiyə Prezidenti R.T.Ərdoğan bu barədə Tehranda V.Putinlə danışanda, Rusiya Prezidenti çox təəccüblənib. Amerika həmin terror qruplarına təxminən 3 min karqo savaş uçağı və 18 min yük avtomobili silah və hərbi texnika verib və bu proses davam edir. Nəticədə, terror qrupları Deyr-əz-Zor əyaləti də daxil olmaqla, neft yataqları olan yerlərdən külli miqdarda (700-800 milyon ABŞ dolları) vəsait götürürlər. Onların xammal halında neftdən əldə etdikləri gəlir isə 300 milyon ABŞ dolları civarındadır.

Deməli, Türkiyə konkret faktlarla sübut edir ki, Rusiya, Türkiyə və İranın diplomatik addımlarından asılı olmayaraq, ABŞ-ın regiona yerləşdirdiyi silahlar bir andaca hər şeyi alt-üst edə bilər. Şübhə yoxdur ki, Amerika məhz bu məqamı gözləyir. Yəni Rusiya-Türkiyə-İran üçlüyü siyasi-diplomatik yolla sonuc alan kimi, Vaşinqton oyun qaydasını yeni terror dalğası ilə dəyişməyə çalışacaq. R.T.Ərdoğanın Tehran sammitində İdlib üzərində ciddi dayanmasının kökündə bu məqam durur.

Həmin aspektdə baxdıqda, Tehrandakı fikir ayrılığının nə dərəcədə təhlükəli olduğunu görə bilərik. Məsələ B.Əsədin siyasi ambisiyalarını təmin etmək çərçivəsində qoyularsa, Moskva, Ankara və Tehran geosiyasi savaşı Vaşinqtona uduzar. Biz buna tam əminik. Əgər üç təminatçı dövlət daha geniş kontekstdə problemə yanaşıb, insanları, Suriyanın müstəqilliyini və ərazi bütövlüyünü, ədalətli həll üsulunu düşünsələr, həm Yaxın Şərqdə, həm də yaxın geosiyasi regionlarda (buraya Rusiya və İran da daxildir) qalıcı sülhə nail ola bilərlər. Ən başlıcası isə terror ayaq açıb yeni fəlakətlər yaratmaq imkanından məhrum olar.

Bu müddəalar prizmasından liderlərin Tehran bəyannaməsinin məzmununa nəzər yetirsək, görərik ki, orada vacib punktlar mövcuddur, lakin real vəziyyət tam əks etdirilmir. Bunun da səbəbi tərəflər arasında bir sıra prinsipial məqamlarda fikir ayrılığının olması ilə bağlıdır. Rusiya, Türkiyə və İran bəzi məqamları gələcək görüşlərdə müzakirə etməyə qərar veriblər. Ancaq real proseslər sürətlə cərəyan edir və meydana yeni məqamlar çıxır.

Belə görünür ki, İdlib məsələsi hələ bir müddət böyük dövlətlərin siyasi gündəmini zəbt edəcək. Onun fonunda isə Qərb-Rusiya qarşıdurmasının daha da gərginləşməsi müşahidə edilə bilər. Ayrıca, Münbiç və Deyr-əz-Zor məsələləri də kəskinləşə bilər. Türkiyə tərəfi artıq Amerikanın Münbiçlə bağlı verdiyi sözə əməl etmədiyini bəyan edib. Oradakı terrorçuları nəinki uzaqlaşdırırlar, əksinə, yeni silahlar verib, qarşıdurmaya hazırlayırlar. Bu da regionda daha dəhşətli fəlakətlərə yol aça bilər. İraqın da tədricən bu proseslərə cəlb edildiyi duyulur. Bəsrədəki hadisələr bu baxımdan düşündürücüdür. Görünür, bir sıra dairələr Yaxın Şərqdə baş verən hər bir olaydan İrana qarşı istifadə etməyə çalışırlar.

Bunlar Türkiyə, Rusiya və İran Prezidentlərinin Tehran sammitinin fərqli bir aspektdə də ciddi geosiyasi əhəmiyyət daşıdığını göstərir. Böyük dövlətlər arasındakı mübarizə yeni səviyyəyə yüksəlir. Onlar daha açıq addımlar atmağa başlayırlar. İdlib həmin kontekstdə daha önəmli mövqe hesab edilir. Sonrakı mübarizənin taleyinin bir çox aspektdə məhz İdlibdəki savaşın nəticəsindən asılı olacağını proqnozlaşdırmaq olar. Bu savaş regional müharibəyə aparıb çıxara bilərmi? Terror digər məkanlara yayıla bilərmi? Bu suallara cavabların tapılması indi çox aktualdır. Ekspertlər bu barədə danışmaq imkanının İdlibdə vəziyyətin aydınlaşmasından sonra yaranacağına inanırlar.

Newtimes.az



Xəbərin oxunma sayı : 409




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap