Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Üzeyir bəy Bakının xilaskarı haqda nə yazıb? – Dahi bəstəkarın məqaləsi

Tarix 15.09.18, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan professional musiqisinin və Şərqdə ilk opera sənətinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli həm istedadlı yazıçı, həm də gözəl publisist kimi də tanınıb. Onun keçən əsrin əvvəllərində nəşr olunan məqalə və felyetonları o dövrdə çıxan “İrşad”, “Kaspi”, “Həqiqət”, “Tərəqqi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” və neçə-neçə qəzet və jurnallarda çap olunurdu…

O, 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetində bir müddət parlaman müxbiri işləmiş, sonra isə baş redaktor təyin edilmişdir.

O, qəzetdə baş redaktor olana qədər burada onun qələmə aldığı “Mühüm məsələlər”, “Tarixi günümüz”, “Milli parlaman”, “Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” və s. adlı silsilə siyasi-publisistik yazıları dərc edilmişdir.

1918-ci ilin sentyabr ayının 15-də Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın komandanlığı ilə Bakı düşmənlərdən təmizlənir. Bundan sonra Azərbaycanın cümhuriyyət hökuməti Gəncədən Bakıya köçməli olur.

Bu münasibətlə Nuri Paşa həzrətlərinin şərəfinə Bakıda böyük ziyafət təşkil olunur. Üzeyir bəy bu ziyafət haqqında təəssüratını “Azərbaycan” qəzetinin 12 noyabr 1918-ci il 37-ci sayında “Ü Əbdül“ imzası ilə qələmə almışdı. Araşdırmaçı Aslan Kənan həmin qəzetdə ərəb qrafikası ilə dərc edilən məqaləni latın qrafikasına çevirib. Üzeyir bəyin reportaj-məqaləsini təqdim edirik.

NURİ PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT

Ənvər və Nuri

10 təşrini-sani yekşənbə gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuri Paşa həzrətləri şərəfinə yay klubunun zalında böyük və mütəntən bir ziyafət verildi.

Klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi. Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqda idilər.

Hökumət əhlindən ümum nazirlərimiz Baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitən əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziyafətdə hazır idilər.
Nuri Paşa həzrətlərinin salona virudi əsnasında musiqi orkestri tərənnümsaz olub məclis əhli səfbəsteyi-ehtiram durub, Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədə hər kəsimiz başında özünəməxsus olan yerini tutub ziyafət başlandı.

Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ bir nitq söyləyib, Azərbaycan türklərini bəndi-əsarətdən xilas ilə naili-səadət olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə “bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz”, – buyurdular. Bədə Nuri Paşa həzrətlərinə müraciətən idareyi-kəlam edərək Azərbaycan türklərinin təşəkkürati-əmiqanələrini Paşa həzrətlərinə bildirib qədəh qalxızdı. O halda bütün həzar ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbət nuş olub, sürəkli alqışlarla ishari-məsərrət və şadimani etdilər.

Həqiqət, bu böyük məclisdə hamının baxüsus Bakı əhlinin olmazın dərd, möhnət bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düçar olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və bundan dolayı o dərəcə şükr və səna əlaimi peyda və hüveyda idi ki, keçmiş qara günlərin fəna təsirləri bugün nail olduğumuz ağ günlərin sürurbəxş əsərləri müqabilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!

Əvət! Fəna təsirlər unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz, onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..

Nə qərib təsadüf: Təqribən bir il bundan əqdəm, bugün ay-ulduzlu türk bayrağı ilə donadılmış olan bu salonda bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir hakimi–müstəbid vəziyyətini alaraq hüquqi–siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təhrid yolu ilə: ”Bakıda daşı daş üstə qoymaram!”– degə meydan oxuyurdu.

Buna qarşı olaraq Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız: “Əvət! Biz istirdadi-hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!”– deyə gələcəkdən xəbər vermişdi.

Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəyi yada salıb qanlı və həqşikən suxarçevlərin rəcəz oxuduğu bu meydanda bugün daimi və azim bir türk zəfərinin bayram edilməsinə işarə ilə həqq sözün həqq yerinə düşməyindən dolayi izhari-məsərrət və məmnuniyyət eylədi.

Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bir nəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşaş və bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı.

Rəsulzadə nitqinə davam edərək, siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı nurilərimizın zülmət şikən nuri var, dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzim və təbcil ilə alqışlamağa başladılar.

Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşən bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və o qədər atəşli idi ki, hazirun üzərində böyük bir təsir buraxdı. Qayeyi-amalımıza yetmək, istirdad edilmiş hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda fədakarlığa hazır olmaq üçün bu gecənin şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin ruhunu yüksəldirdi.

Hazirun aramızda oturan bir zatın nitqinə müntəzir göründü, bu zatın illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyatındən xəbərdar olmaq istəyirdi. O möhtərəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükunət əmələ gəlib hər kəs bütün diqqətini ona tərəf ətf etdi.
Əhməd bəyin nitqində bəzilərinin gözlədigi atəş yox idi, əmma həqiqi bir səmimiyyət vardı; “Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, dəha ölsəm də qəmim yoxdur, dünyadan kam almış gidirəm” kibi sözləri o qədər səmimi bir və lisan və lisan hal ilə söyliyordu ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtavərd və bəxtiyar hiss edirdilər.

Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, təmamilə qəzetəmizdə dərc üçün lütfən bizə göndərmək ümid və istidasilə oxucularımızı səbrə dəvət edirik.

Bu qədər nitq və alqışlara cavab olaraq Nuri Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbımızı bir taqım əndişələrdən təmiz qılmağla sürur və şadimani–bınəhəyəatımızı mucib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.

Bu nitqin təsiri öylə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndinə böyük bir ümid, yüksək bir ruh hiss edərək xoşbəxt və xoşvəxt bir hal ilə bir-birini təbrik edib, məclisə xitam verdilər.

***

Nuru-Pasa-593x1024

Nuri Paşa–(1889-1949) Qafqaz müsəlman ordusunun komandanı, general-leytenant Nuri Paşa Əhməd Paşa oğlu İstanbulda anadan olmuşdur. Ona böyük qardaşı Ənvər Paşanın əmri ilə general rütbəsi verilib, Qafqaza göndərilərək ordunun başçısı təyin edilir. Gəncədən sonra Bakıya gələn Nuri Paşa Bakının düşmənlərdən təmizlənməsində fədakarlıqlar göstərir. Həmin illərdə görkəmli ədəbiyyatşünas, şair Salman Mümtaz həm Ənvər Paşaya “Ənvəriyyə”, həm də Nuri Paşaya “Öyün, millət” adlı şeirlərini həsr edir. 1949-cu il mart ayının əvvəllərində İstanbulda qumbara düzəldən zavodda işləyən Nuri Paşa partlayış nəticəsində 30 nəfərə yaxın insanlarla birgə həlak olur.




Xəbərin oxunma sayı : 280




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap