Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkmən yurdu Mosul: Onun demoqrafik quruluşu niyə dəyişdirilir?

Tarix 29.10.16, 1:08

Font ölçüsü : - / +
bitmap-img6


İraq könüllülərinin Mosulu azadetmə əməliyyatına qarşı çıxan Türkiyənin əsas arqumentlərindən biri Mosulun demoqrafik quruluşunun dəyişdirilə bilməsi ehtimalıdır. Cənab R. T. Ərdoğanın “Mosul sünni ərəb, sünni kürd və türkmənlərindir” deyərkən, nəzərdə tutduğu məsələ bununla bağlıdır.

Ondan bir müddət əvvəl Türkiyənin Baş naziri Binali Yıldırımın dilə gətirdiyi aşağıdakı fikirlər də Ankaranın əndişəsini daha çılpaq şəkildə ortaya qoyur: “…Bağdad hökuməti liderliyində Mosulun İŞİD-dən təmizlənməsi istiqamətində yeni bir plan var. Bu çərçivədə deyirik ki, bu işləri həyata keçirə bilərsiniz, biz də bunu dəstəkləyirik, ancaq nə edirsiniz edin, işğaldan əvvəlki Mosul xalqına toxunmayın. Mosul mosullularındır. Xaricdən gətirilən başqa qüvvələrlə şəhərin demoqrafik quruluşu pozulmasın”.

Nə gözəl. İlk baxışdan xeyli mükəmməl və ədalətli görünən bu mövqe məsələnin dərinliklərə vardıqca, tamamilə fərqli mənzərəyə bürünür. Hansı mənzərənin ortaya çıxdığına bərabər qərar vermək üçün, gəlin, İŞİD işğalından öncəki Mosula tarixi ekskursa çıxaq.

İŞİD işğalı öncəsi Mosulun demoqrafik tərkibi

Dərd burasındadır ki, İŞİD işğalından öncəki Mosulun demoqrafik tərkibi haqqında dəqiq heç bir məlumat yoxdur. İstər Səddam Hüseynin hakimiyyəti dövründə, istərsə də 2003-cü ildə İraq işğal olunandan sonra ölkənin şimal hissəsində ciddi demoqrafik dəyişikliklər yaşanmış, nəticədə indi Mosulun tam olaraq kimə aid olduğu ciddi müzakirə mövzusuna çevrilmişdir.

Səddam Hüseyn dövründə ölkənin bütövlüyü xətrinə şimalın ərəbləşdirilməsi siyasəti aparılmış, bölgəyə sünni ərəblər yerləşdirilmiş, türkmənlər və kürdlər sıxışdırılaraq, öz yurd-yuvalarından didərgin salınmışdılar. İşğaldan sonra isə ABŞ-ın və nə qədər qəribə olsa da, Türkiyənin himayəsi altında separatçı kürdlər fəallaşmağa başlamış, bölgənin demoqrafik tərkibini öz xeyrlərinə dəyişməyə çalışmışlar. İstər Səddam dövründə, istərsə də indi tam müdafiəsiz qalan türkmənlər ya assimilyasiyaya məruz qalmışlar, ya da tarixi yurdlarından atılmışlar.

İŞİD işğalından öncə Mosulun demoqrafik tərkibinin dəyişdirildiyini həmin dövrlərdə rəsmilərin mətbuatda əks olunan açıqlamaları da sübut edir. Mosulun vali köməkçisi olan, əslində isə vilayəti təkbaşına idarə edən Xosrov Goran 10 İyul 2009-cu il tarixli açıqlamasında bunları bildirirdi: “Bizim Mosula gələndə həyata keçirdiyimiz ilk iş ərəbləri kürd şəhərlərindən çıxartmaq oldu. Çoxu öz istəyiylə getdi, bir çoxunu da getmək məcburiyyətində buraxdıq”.

Əslən ərəb olmasına baxmayaraq, kürd separatçılarından daha aşırı ritorikasıyla seçilən bu adamın türkmənlərə münasibəti isə daha dəhşətliydi: “Türkmən Cəbhəsi təxribatlarla məşğuldur, siyasi prosesin irəliləməsini istəmir. Onlar əl-Qaidə tərəfdarıdır, köhnə BƏƏS-çilərin tərəfini tuturlar, müharibə və terror olmasını istəyirlər. Türkmən Cəbhəsi burada şiələrlə sünnilər, kürdlərlə türkmənlər arasında döyüş çıxarmağa çalışırlar. Onların çoxu terrorçudur və bununla bağlı əlimizdə dəlillər var”.

Sözsüz ki, həm ərəbə, həm türkmənə qarşı olan bu təfəkkürə malik adamın iradəsindən asılı olan demoqrafik quruluş, qətiyyən Mosulun tarixi ənənəsinin davamı ola bilməzdi.

Kürd separatizminin demoqrafik dəngəsiylə oynadığı yeganə şəhər Mosul da deyildi. Tarix boyu türkmən yurdu kimi tanınan Kərkük də, Ərbil də, Tuzhurmatu da 2003-cü ildən sonra kürdləşdirilən vilayətlərin başında gəlir. Mosulun İŞİD tərəfindən işğal olunduğu ərəfədə – 13 iyun 2014-cü il tarixində Kərkükə girən peşmərgələr sakinlərin əksər hissəsini sıxışdırıb şəhərdən çıxarmış, arxivləri yandırmış və Kərkükün kimə məxsus olduğunu təsdiqləyən sənədlərin hamısını məhv etmişdilər. Üzərindən bir il keçəndən sonra isə Şimali Kürd Muxtariyyəti parlamentinin sərəncamıyla Kərkük “Kürdüstan”a bağlanmış, dolayısıyla  ilhaq olunduğu elan edilmişdir.

Əslində Mosulun İŞİD tərəfindən işğalında da bu kimi hadisələrin mühüm rolu var. Kürdlərin sünni ərəblərə və türkmənlərə basqıları, həmçinin mərkəzi hakimiyyətdən arzuladıqları payı ala bilməmələri sünni əşirətləri xeyli qıcıqlandırmış, xarici qüvvələrin də təşviqiylə Mosulda İŞİD bayrağının dalğalanmasına yol açmışdır. Bu mənada İŞİD əslində zorla demoqrafik tərkibi dəyişdirilən Şimali İraqın üsyan hərəkatından doğmuşdur. “Xilafətçi”lər və onların liderləri arasında çox sayda sünni türkmənin yer alması da bu amillə izah oluna  bilər.

Daha sonra bu hərəkatın Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin maddi yardımları ilə qisasçılığa sürüklənməsi, vəhşi metodlarla öz hədəfinə çatmağa çalışması hadisələrin rəngini dəyişdirmiş, sünni-şiə münaqişəsinə çevirmişdir. İlk baxışdan, İraq kürdlərinin Səddam Hüseynin ərəbləşdirmə strategiyalarına qarşı çıxışlarına əks reaksiyadan doğmuş kimi görünsə də, İŞİD-lə peşmərgənin eyni mənbədən qidalandığı ilə yazımızın sonrakı bölümlərində ətraflı tanış ola biləcəksiniz. Hələlik isə, Mosulun demoqrafik tərkibinin dəyişdirməsində onillərlə bu ərazilərdə məskublaşdırılan ərəblərlə yanaşı, yüzillər, bəlkə də minillər boyu coğrafiyanın gerçək sahibi olan türkmənlərin başına gətirilən müsibətlər barədə qısaca məlumat vermək istərdim.



Məlum olduğu kimi, Türkiyə prezidenti cənab Ərdoğan Mosulun əsas qurucu ünsürləri arasında 3-cü, yəni axırıncı sırada türkmənlərin də adını çəkir. Əslində bu sıralama da təsadüfi deyil. Bölgədə yaşayan türkmənlərin etirafına görə, şəhərin işğalından əvvəl də, elə indi də Türkiyənin ən sonda diqqət ayırdığı, bəlkə də heç ayırmadığı etnik qruplardan biri onlar olublar.  Gəlin, bir zamanlar Türkiyədə təhsil almış və təkcə etnik mənsubiyyət olaraq deyil, həm də canıyla-qanıyla, siyasi əqidəsiylə də qardaş ölkəyə bağlı olan İrak Türkmənləri Cəbhəsinin təmsilçisi Aydın Maarufun 15 may 2012-ci ildə, yəni Mosulun İŞİD, Kərkükün peşmərgə tərəfindən işğalından iki il əvvəl Türkiyənin “Yeni Şafak” qəzetinə verdiyi müsahibəsində bir məqama diqqət yetirək. Aydın Maaruf Türkiyəni İraqda və Yaxın Şərqdə yürüdülən siyasətləri dəyişdirmək qabiliyyətində olan əhəmiyyətli  ölkə kimi qiymətləndirərək deyir: “İraq xalqının Türkiyənin dəstəyinə çox ehtiyacı var. Türkiyə 10-15 ildir ki, bu dəstəyi verir də. Xüsusilə də kürd bölgəsində bu dəstəyi görürük. İnşaat sahəsində olsun, iqtisadi sahədə olsun, bu dəstək aydın görünür. İraqın daxilində də siyasi-etnik qruplara bərabər məsafədə yaxınlaşır. Bununla yanaşı, biz də Türkiyə-Şimali İraq əlaqələrini dəstəkləyirik. Nəticədə burada federal bir dövlət var. Türkiyənin xüsusilə kürdlərə kömək etdiyini görürük. Biz bu məsələdə Türkiyənin bütün siyasətini dəstəkləməsək də, 70-80% dəstəkləyirik”.

Göründüyü kimi, Ankaranın çox xətrinə də dəymədən Şimali İraqda xüsusilə kürd separatçılarını dəstəkləyən Türkiyənin türkmənlərə diqqət ayırmamasından eyhamlı üslubla gileylənən Aydın Maaruf onun “İraqın daxilində də siyasi-etnik qruplara bərabər məsafədə yaxınlaşmasını” təqdirlə qarşılayır. Təbii ki, Aydın Maarufun haqqında danışdığı Türkiyə  hələ 4 il əvvəlin Türkiyəsi idi. Onda nə Ərdoğan “gələcəkləri varsa, görəcəkləri də var” demişdi, nə də Ankara Mosulun İŞİD, Kərkükün peşmərgə tərəfindən işğalına seyrçi qalmışdı. Üzərindən 2 il keçəcək, Mosulun da, Kərkükün də qara günləri başlayacaqdı.  Məhz həmin 2 ildən sonra Mosulun o zamana qədər əhalisinin 60%-i türkmənlərdən ibarət olan Təlafər qəsəbəsi İŞİD tərəfindən mühasirəyə alınacaq və sakinlər yardım üçün Türkiyənin təlim keçib silah verdiyi peşmərgəyə müraciət edəcək və “silahlarınızı bizə təhvil verib kürd iradəsinə təslim olacağınız təqdirdə, sizi dəstəkləyərik” cavabını alacaqlardı. Təbii ki, bu alçaldıcı təklifi qəbul etməyən teləfərlilərin sünni qismi İŞİD-ə təslim olacaq, şiə qismi isə ya yerlərini-yuvalarını buraxıb Bağdada qaçacaq və orda Haşdi-Şabiyə qoşulacaq, ya da bu fürsəti tapa bilmədiklərindən, “xilafətçi”lərlə qeyri-bərabər döyüşə girib məhv olacaqlardı. Türkiyə isə bu gün Haşdi Şabiyə dediyi “gələcəkləri varsa, görəcəkləri də var” təhdidinin cüzi qismini, belə dilə gətirməyəcəkdi.


ABŞ işğalı öncəsi vəziyyət


Göründüyü kimi, Türkiyənin Baş naziri Binali Yıldırımın dediyi İŞİD işğalı öncəsi Mosulun özü də demoqrafik quruluşu dəyişdirilmiş Mosuldur. Mosul həmin vəziyyətə gətirildiyi üçün zatən İŞİD sindromu bu vilayəti öz cənginə almış, indiki böhran ortaya çıxmışdır. Tarixi Mosulun demoqrafik quruluşunu geri qaytarmaq isə mümkün deyil. Çünki onun tərkibinin əsas sütunu sayılan türkmənlər son yüzil ərzində sözün bütün mənalarında soyqırıma məruz qalmış, canını bu acı taledən qurtarmaq istəyənlərin böyük qismi isə ya kürdləşmiş, ya da ərəbləşmişlər. Subyektivizmə varmamaq üçün, gəlin, tarixi sənədlərə göz ataq.

Bildiyimiz kimi, indiki Şimali İraqı əhatə edən Mosul vilayəti 1918-ci ildə ingilis işğalı nəticəsində Osmanlıdan qoparılıb. Tarixi sənədlərə görə, həmin dövrdə vilayət əhalisinin əksəriyyətini türkmənlər təşkil edirdi. Bunu İngiltərənin o zamankı Ərbil siyasi valisi V. R. Hay da bölgə haqqında yazdığı bir kitabda etiraf edərək, bildirir: "Müəyyən bir zolaq üzərində bəzi şəhərlər var. Bu şəhərlərdəki vətəndaşlar türkcə danışırlar. Bu zolaq, əksəriyyəti kürd olan bölgəylə əksəriyyəti ərəb olan bölgəni bir-birindən ayırır. Kərkük türklərin ən sıx yaşadığı mərkəzdir. I Dünya müharibəsindən əvvəl şəhərin əhalisi 30.000 idi. Şəhərin ətrafında da türkcə danışan bir çox kəndlər vardır”.



İngilislər 1930-cu illərdə Mosul vilayətini İraqa təhvil verdikdən sonra isə bölgənin türkmənsizləşdirmək dövrü başlayır.

Bununla belə, 1965-cı ildə keçirilən siyahıyaalmanın nəticələri yenə də türkmənlərin xeyrinədir. Həmin nəticələrə görə, 34-cü paraleldən şimala doğru baxdığımız zaman bu statistika ortaya çıxır.

Türkmənlər: 37.8%  –  1.973.000 nəfər

Kürdlər:  36.4%  –  1.911.000

Ərəblər: 23 %  –  1.209.000

Xristianlar:  2.8% –  150.000

—————————————

Cəmi:    5.243.000 nəfər.

Maraqlıdır ki, türkmənlərin bu üstünlüyü xüsusilə 35 və 36-cı paralellər arasında daha böyükdür.

Türkmənlər: 65%  –  618.000 nəfər

Kürdlər: 10% –  95.000

Ərəblər: 25% – 237.000

İndisə Mosulun və Kərkükün xəritədəki koordinatlarına baxaq:

Mosul 36.34 ° N  43.13 ° E

Kərkük 35 ° 28`0 " N 44 ° 19. E

Hər ikisi 35 və 36-cı paraleldə yerləşir. Elə bu faktın özü Səddam Hüseyn hakimiyyətindən öncə hər iki şəhərin bir türkmən yurdu olduğunu təsdiqləyir. Daha sonra Səddam Hüseyn zülmü nəticəsində həm türkmənlər, həm də kürdlər bölgədən uzaqlaşdırıldı və onların torpaqlarına ərəblər yerləşdirildi. Səddam Hüseyn devrildikdən sonra isə Yeni Yaxın Şərq Projesi çərcivəsində kürdlər silahlandırılaraq, bölgənin tam hakiminə çevrildilər. Həmin proyektin həmsədrinin kim olduğunu xatırlatmaq isə görünən dağa bələdçilik olardı.

Hər iki demoqrafik dəyişikliklər zamanı guya, sıxışdırılanlar başqaları olsa da, ən böyük zərbə türkmənlərə dəydi. Nə yazıq ki, indi də eyni siyasət həmin qaydada yürüdülür. Əvvəl İŞİD vasitəsilə şiə türkmənlər bölgədən atıldı, indi Haşdi Şabinin bölgəni ələ keçirilməsiylə sünni türkmənlər öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalacaqlar.

Belə bir vəziyyətdə Türkiyənin tutacağı ən doğru mövqe iki məzhəb arasında körpü rolunu oynayıb daha artıq qan tökülməsinin qarşısını almaqdır. Türkiyə isə hələ də tərəflərin birinin yanında dayanaraq, digərinə barmaq silkələyir. Dəstəklədiyi peşmərgələr isə  ən yaxşı türkmənin silahsız türkmən olduğuna inanırlar. Özü də məzhəb müharibələrindən tutmuş, etnik münaqişələrə qədər çox mürəkkəb faciələrin yaşandığı bir coğrafiyada. O coğrafiyada ki, türkmənlərə heç dinc nümayiş keçirmək imkanı belə, verilmir. Hər halda bunu mən yox, İraq Türkmən Cəbhəsinin yetkilisi Aydın Maaruf hələ 2012-ci ildə bu cümlələrlə etiraf edirdi: “… Kaş ki, İraqda türkmən olmayaydım da, Türkiyədə kürd olaydım. Mən 10 ildir Türkiyəni bilirəm. Hazırdakı mövcud vəziyyət (Türkiyədəki) kürdlər üçün yaxşı bir fürsətdir. Bunu yaxşı qiymətləndirmələri lazımdır. Orda hər şey sərbəstdir. Kürdcə danışa, mahnı söyləyə, parlamentə girə bilirlər. Deyəcəksiniz ki, daha əvvəl belə deyildi. Yavaş-yavaş bunların hamısı reallaşır. Bizə gəlincə … Bizim burada bir nümayiş keçirmək ehtimalımız belə, yoxdur”.

Heydər Oğuz

Strateq.az





Xəbərin oxunma sayı : 571




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap