Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

XX əsrin məşhur qətlləri –“Bozqurd” Əli Ağcanı Roma papasını öldürməyə kim yönəltmişdi?

Tarix 13.08.17, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


1981-ci il may 13-də Romadakı Müqəddəs Pyotr meydanında Papa İohan II Pavelə atılan güllələr bütün dünyanı sarsıdır: qatil dünyanın ən böyük dini liderlərindən birinə atəş açıb…

Axşamüstüdür. Papa onu hərarətlə salamlayan nəhəng izdihamın içindən maşınla asta-asta keçir… Qəflətən bu nəhəng meydanboyu əks-səda verən atəş səsləri eşidilir. Səndirləyən Papa köməkçisinin qolları üzərinə yıxılır…

Üç il əvvəl ilk dəfə kommunist ölkəsindən – Polşadan Papa seçilmiş İohan II Pavel bütün dünyada görkəmli din xadimi kimi ad çıxarıb. Lakin kommunizmə qarşı barışmaz münasibəti üzündən, həmçinin Polşadakı “Həmrəylik” hərəkatına siyasi dəstəyinə görə, yüksək dairələrdə özünə düşmənlər qazanıb. Həm də Şərqi Avropanı dəmir pəncələri ilə qarmalamış Kremldəki adamlardan yüksəkdə heç kim yoxdur. Şübhə yoxdur ki, onlar Papadan qurtulmaq istərdilər. Lakin, doğrudanmı, onlar Papanı Müqəddəs Pyotr meydanındakı minlərlə insanın gözü qabağında güllələmək qərarına gəlmişdilər?

Bu məsələ indiyə qədər yetərincə araşdırılmayıb…

1979-cu il oktyabrın 16-da Sikstin kapellasının üstündəki ağ tüstü İohan II Pavelin Roma Papası seçilməsini bildirəndə o, təkcə bütün dünya üzrə milyardlarla katolikin deyil, həm də digər bütün din mənsublarının pərəstiş etdiyi sima oldu. Lakin o, sovet hökumətinin başçıları üçün ciddi təhlükə idi. Həm də İohan II Pavel dörd yüz ildən çox müddətdə papa taxtına əyləşmiş ilk qeyri-italiyalıdır.

1945-ci ildə II Dünya Savaşı bitəndə Polşa sovet rejiminin əsarətinə düşdü. Amma polyak xalqı özünü Sovetlər Birliyinin tərkib hissəsi hesab etməkdən inadla imtina edərək əvvəlki kimi özünü müstəqil sayır. Hərçənd ki Polşa da Sovetlər Birliyi kimi ateist ölkəsi olmalıdır, lakin əhalinin böyük bir hissəsi katolik olaraq qalır. İndi isə polyak Papa olarkən bütün dünya sual edir: Kreml ölkədə yetişməkdə olan dəyişimlərə bundan sonra da mane ola biləcəkmi?

Kommunizmin süqutu hələ qabaqdadır. Amansız siyasi rəqibi Leonid Brejnevin rəhbərlik etdiyi Sovetlərin Siyasi Bürosunun üzvləri başa düşürlər ki, təzyiqi azaltmaq olmaz. Domino effekti heç vaxt onların yadından çıxmır – ölkələrdən biri qopub ayrılsa, qalanları da onun dalınca aşacaq. Buna görə də ayrılmağa istənilən cəhd amansızcasına boğulur. Macarlar 1956-cı ildə, çexlər 1968-ci ildə bu acı mesajı daddılar.

Sovet rəhbərləri heç bir tənqidə dözmürlər. Onu boğmaq üçün hər şey edir, hətta qətlə də əl atırlar. 1978-ci il sentyabrın 7-də Londonda içi zəhərli çətirin sancaq ucu boyda kürəcikli ucluğunu bolqar dissidenti Georgi Markovun ayağına sancıb onu öldürürlər. Bunu Bolqarıstanın gizli polisinin xəfiyyəsi etsə də, sifariş KQB-dən gəlmişdi.

Hazırda Papa kommunizmi daha açıq şəkildə mühakimə edərkən onun həyatı təhlükəyə məruz qalır…

1920-ci il mayın 18-də Karpat dağlarının ətəyində Krakovun əlli kilometrliyindəki kiçik polyak şəhəri Vodoviçdə anadan olmuş gələcək Papanın adı Karel Yozef Voytıladır. Yeniyetmə Voytıla məktəbdə yaxşı oxuyur. O, Krakovdakı Yegelon universitetinə daxil olmağa nail olur. Lakin bir ildən sonra – 1939-cu il sentyabrın 1-də alman qoşunları Polşaya girir və gestapo universitetin yaşlı müəllim heyətini həbs edib həbsxanaya göndərir.

Voytıla çörəkpulu qazanmaq üçün hər işə girişir. Bir ara əhəng karxanasında adi fəhlə kimi çalışır. 1942-ci ildə nasist işğalının qızğın çağında içindəki dini hissin təsiri altında gizli seminariyaya daxil olur. Dörd ildən sonra onu yüksək ruhani rütbəyə keçirdirlər. 38 yaşlı Voytıla artıq 1958-ci ildə Krakovda Polşanın ən gənc baş keşişi olur. Voytıla 20 idən sonra Papa olanda sovetlər dəhşətə gəlir. Sovetlər Polşa xalqını hətta müstəqillik barədə düşünməkdən çəkindirmək üçün 1981-ci ilin oktyabrında general Voytsex Yaruzelskini baş nazir təyin edir. Yaruzelski polyak olsa da, qatı kommunistdir və Moskavnın müttəfiqi olmaq üçün hər şeyə əl atır. Əvvəllər – 1968-ci ildə “Praqa baharı” kimi məşhurlaşmış üsyanı boğmaqda sovetlərə kömək üçün Çexoslovakiyaya göndərilmiş Polşa qoşunlarına başçılıq edirdi. Yaruzelski tərəddüd etmədən öz xalqını boğmağa, o cümlədən tətilə cəsarət edən fəhlələrə işgəncə verməyə qalxır.

İohan II Pavel 1979-cu il iyunun 2-də Roma papası kimi ilk dəfə Polşaya gedir. Varşavaya gələndə onu 3 milyondan çox adam salamlayır. Kremldə təşvişə düşmüş bosslar anlayırlar ki, bu, hələ başlanğıcdır. Onlar bütün Şərqi Avropa üzrə informasiya yasağı qoyaraq Papanın beşgünlük səfərini gizli saxlamağa çalışırlar. Lakin buna baxmayaraq, dəmir sipər arxasındakı 40 milyondan çox adam Papanın səfərindən xəbər tutur.

Image result for Papa İohan II Pavel

Bir ildən sonra “Həmrəylik” kimi məşhur olan antikommunist həmkarlar federasiyası hərəkətə keçəndə Moskvanın səbir kasası daşır. Gəmi inşaatçısı Lex Valensanın rəhbərlik etdiyi “Həmrəylik” rejimə qarşı təhlükə təşkil edir. Yaruzelski və Moskva bunu bilir. Onlar fövqəladə vəziyyətin tətbiqi daxil olmaqla “Həmrəyliyi” boğmaqdan ötrü əllərindən gələni edirlər, lakin heç nə alınmır. Hərəkat böyüməyə başlayır. Üstəlik, Papa 1981-ci il yanvarın 15-də Vatikanda Valensanı qəbul edir.



Kremlin hiddəti artır. Nəsə eləmək lazımdır. Amma nə? Onlar yavaş-yavaş, lakin ağlasığmaz bir şey barədə əminliklə düşünməyə başlayırlar. Papadan qurtulmaq lazımdır. Amma necə? Həm də bunu elə etmək gərəkdir ki, izlər Moskvanı nişan verməsin…

1958-ci ilin yanvarında gələcək Roma papası Krakovda baş keşiş olanda Türkiyədə Ankaranın 600 kilometrliyindəki balaca bir kənddə bir oğlan uşağı doğulur. Onun adını Mehmet Əli Ağca qoyurlar. Tale 23 ildən sonra onu Voytıla ilə rastlaşdıracaq. Ağca uşaqlıq və yeniyetməliyinin çox hissəsini xırda oğru kimi keçirdir. O, küçə bandaları və Türkiyə ilə Bolqarıstan arasında qaçaqmalçılıq edənlərlə iş görür.

Ağcanın sözlərinə görə, Fələstin Azadlıq Təşkilatının (FAT) terrorçusu kimi Suriyada müəyyən bir müddətdə hazırlıq keçib. Lakin sonradan FAT bunu inkar edib. Amma, görünür, həqiqət budur ki, Ağca “Boz qurdlar” kimi tanınan ifrat sağ türk millətçi qrupun üzvü olub. Onlar Türkiyədəki sabitliyi pozmaq qəsdilə 1980-ci ilin sentyabrında general Kənan Evrenin başçılıq etdiyi hərbi çevrilişdə fəal iştirak edirlər. Ancaq Evren sonradan “Boz qurdlar”ı qanunazidd təşkilat elan edir və üzvlərini, demək olar ki, 700 nəfərin öldürülməsində ittiham edir.

Ağca bu arada Bolqarıstanda gizlənir. O, buna qədər 1979-cu ilin iyununda solçu qəzetin redaktoru Abdi İpəkçinin ölümündə ittiham edilərək həbsə atıldığı İstanbul həbsxanasından qaçmışdı. Bu tapşırığı ona “Boz qurdlar” vermişdi. Əvvəlkitək, qaçaq yaşayan Ağca elə həmin il noyabrın 28-də Türkiyəyə ilk dəfə səfər edəcək İohan II Pavel barədə bu qəzetə töhmətli bir məktub yazır. Ağca iddia edir ki, Papa Türkiyənin Orta Şərqdə İslamın yeni mərkəzi olacağından xoflanan Sovetlər Birliyi və Birləşmiş Ştatların göstərişi ilə hərəkət edir. O, İohanı səlibçı adlandırır və səfər təxirə salınmasa, onu öldürəcəyi ilə hədələyir.

Qəzetin birinci səhifəsində dərc edilmiş məktubu Papaya göstərəndə ona ciddi şəkildə yanaşmır. Tükiyəyə ikigünlük səfər münaqişəsiz ötüşür və Papa sağ-salamat Romaya dönür.

Ağca 1980-ci ilin payızında heç bir çətinlik çəkmədən sənədlərini dəyişdirib Aralıq dənizini keçir. İndi olduqca təhlükəli və diribaş bir cavan oğlandır və əvvəlki kimi Papanı öldürmək niyyətindədir. Ona ancaq münasib fürsət lazımdır. Tədricən, lakin qəti şəkildə onun beynində plan yaranır. Papa ildə bir neçə dəfə Romadakı Müqəddəs Pyotr meydanına gəlir. Ağca bilir ki, Papa eyvandan kütləyə xeyir-dua verəndən sonra onu açıq maşında meydandan keçirdirlər. Ağcaya yalnız daha da yaxında olmaq lazımdır. O, Papaya atəş açıb sonra isə qatışıqlıqda gizlənəcək. Maşınla meydanboyu gedəndə Papanı İsveçrə qvardiyasının bölmələri müşayiət edir. Papa camaat içinə çıxanda onlar cangüdənlik edirlər. Lakin Ağca əmindir ki, isveçrəlilərin başı o qədər qarışıq olacaq ki, onun necə aradan çıxmasını hiss etməyəcəklər. Roma papalarından heç biri İohan II Pavel qədər səfərə çıxmayıb. Lakin o, üç ay əvvəl Pakistan da daxil olmaqla bir neçə Asiya ölkəsini ziyarət etdikdən sonra 1981-ci ilin mayından Romadadır.



Mehmet Əli Ağca 1981-ci il mayın 10-da Romaya gəlir. O, Vatikanın müqəddəs Pyotr meydanından ayaqla 15 dəqiqəlik məsafədə kiçik bir pansionda otaq tutur. Bu, Ağcanın son iki ildə İtaliyaya dördüncü səfəridir. O, iki gün müqəddəs Pyotr meydanını gəzib bütün giriş və çıxışları öyrənir.

13 may… Roma, müqəddəs Pyotr meydanı, gündüz saat 3… Ağca meydana gəlir. Bu nəhəng məkan 300 min nəfərdən çox adam tutur. Papa maşınla meydanı gəzişib onu görməkdən ötrü dünyanın hər yerindən gəlmiş insanlarla söhbətləşməyi xoşlayır. Ağca bilir ki, Papa axşam burada olacaq.

Saat 5.05. İohan II Pavel üstüaçıq maşınla meydana girir. Adam çox olduğundan maşın asta gedir.

Saat 5.15. Papa maşınının üç metrliyinə çata bilmiş qarayanız cavana heç kim fikir vermir. Hamının nəzəri Papaya dikilib. Cavan oğlanın cibindən silahı necə çıxardıb yuxarı qaldırdığını heç kim görmür.

Saat 5.17. Dalbadal üç atəş açılır. Minlərlə adam bir anlığa heyrət içində donub qalır. Papa geri aşır. Köməkçilərdən biri onu tutur. Papa qarın boşluğundan, sağ əlindən və sol əlinin şəhadət barmağından yaralanıb. Yanaşı durmuş iki amerikalı turist qadın da yaralanıb. Meydanda hərc-mərclik hökm sürür. Ağca kütləni yarıb meydanın kənarına çata bilir. Orada öz silahını yük maşınının altna atır. Lakin onu əvvəlcə rahibələr, sonra isə onu yerə aşırdan mühafizəçilər yaxalayırlar.

Adamlar qışqırıb ağlayır, diz çökürlər. Papanı Vatikana qaytarır, sonra isə təcili yardımla Gemelli xəstəxanasına aparırlar.



Bu arada Ağcanı meydandan çıxardırlar. Polis təhqiqata başlayır.

Xəstəxanaya çatdırılmış Papa artıq huşunu itirib. Qarın boşluğundakı ciddi yaraya baxmayaraq, xoşbəxtlikdən güllələrdən heç biri həyat üçün zəruri orqanlara toxunmayıb. Həkimlər İohan Pavelin yaşayacağına tam əmin olmayınca, o, beş saat əməliyyat otağında qalır. Yalnız növbəti gün huşu özünə gəlir.

Dünyanın hər təfərindən hüsn-rəğbət və dəstək xəbərləri gəlir. Mart ayında özü sui-qəsdə məruz qalmış Birləşmiş Ştatların prezidenti Ronald Reyqan ən yaxşı arzularını bildirir. Hətta sovetlərin lideri Leonid Brejnyev də öz qəzəbini büruzə verir.

Mehmet Əli Ağca iyul ayında məhkəmə qarşısında durur. Onu ömürlük həbsə məhkum edirlər. O, üstəlik bildirir ki, təkbaşına hərəkət edib. Amma ona heç kim inanmır. Hamı əmindir ki, sui-qəsddə Sovetlər Birliyinin əli var. Ancaq Ağca sonradan öz ifadələrini dəyişir. O, təsdiq edir ki, uğurlu nəticə olacağı halda, iri məbləğdə pul təklif etmiş Bolqarıstanın gizli polisi tərəfindən ələ alınıb.

Ağcanın sözlərinə görə, onlar sonradan Brejnyevin varisi olmuş Yuri Andropovun rəbərlik etdiyi DTK simalarının adından hərəkət edirdilər. Terrorizm üzrə mütəxəssis Kler Sterlinq əmin idi ki, Papanın öldürülməsini hədəfləyən sui-qəsddə sovetlərin əli var: “Düşünmürəm ki, siyasətçilərin buna hansısa bir şübhəsi var. Bolqarıstanın günahı sübut edilibsə, bu həm də Sovetlər Birliyinin işə qarışdığını sübut edir. Düzdür, sırf diplomatik qəlizliklər meydana çıxır. Bir çox siyasətçilər, sadəcə, Sovetlər Birliyinə və onun indiki liderinə qarşı bu yüksək səviyyəli ciddi cinayətlə bağlı ittihamın elan olunacağı vəziyyətdən necə çıxmağı bilmirlər”.

Səbəb İohan Pavelin “Həmrəylik” təşkilatını dəstəkləməsi və bütövlükdə kommunizmi qəbul etməməsidir.

Ağca deyir ki, o, sui-qəsdə üç gün qalmış Romaya gələndə daha üç sui-qəsdçi ilə – bir türk və iki bolqarla görüşüb. Ağca və onlardan biri Papaya atəş açmalı, qalanları kiçik bir qumbara partlatmalıydılar. Sonra başlanmış hərc-mərclikdə meydanı tərk edib Bolqarıstan səfirliyində gizlənmək niyyətindəydilər. Ağcanın sözlərinə görə, lakin həmin üç nəfər qorxub hadisə baş verənə qədər aradan çıxıb. Amma ona heç kim inanmır. Bununla belə, İtaliya polisi 1984-cü ildə Papaya sui-qəsddə əli olduqlarna görə üç bolqara və beş türkə ittiham elan edir. Lakin iki il çəkən prosesdən sonra dəlil qıtlığına görə onlara bəraət verilir.

Buna baxmayaraq, Sovetlərin mümkün iştirakı barədə şayiələr yayılmağa başlayır. 89-cu il dekabrın 1-də Vatikanda Papa ilə görüşmüş sovet lideri Mixail Qorbaçov 1991-ci ildə DTK-nın sui-qəsdlə hər hansı bir bağlılığını qəti şəkildə inkar edir.

Lakin əhvalat bununla bitmir. İtaliyanın prezidenti Acelio Bryankis 2000-ci il iyunun 13-də Papanın təqdiri ilə cinayətkarı əfv edir. Sabahı gün Ağcanı İstanbula aparırlar. Onu daha əvvəlki cinayətinə görə əlüstü həbsxanaya göndərirlər. Hər şeydən əvvəl, qəzet redaktorunun qətlinə görə…

Papa bir ay öncə özünün səksən illiyini qeyd edib. O, indi əvvəlki İohan Pavelin kölgəsidir. Beli bükülüb, arıqlayıb və onda “parkinson” xəstəliyi başlanıb. Lakin israrla öz vəzifələrini yerinə yetirir. Papa 85 yaşa 46 gün qalmış öz mənzilində vəfat edir. Lakin ölümündən xeyli əvvəl kommunizmin tam iflasını, Şərqi Avropanın və öz sevimli Polşasının sovet əsarətindən xilasını görür.

Xeyli sayda dövlət başçısının qatıldığı dəfn mərasimini milyonlarla insan televiziyada seyr etdi.

2006-cı il yanvarın 12-də Ağcanı azad edirlər. Ancaq 8 gündən sonra onu həbsxanaya qaytarırlar. Türkiyənin Ali Məhkəməsinin qaydalarına uyğun olaraq İtaliya həbsxanasında keçirilmiş vaxt ilk müddətdən çıxıla bilməz.

Lakin Papanı öldürməyə cəhd edən Ağcanın təkbaşına hərəkət edib-etmədiyi, daha önəmlisi, xüsusən də Bolqarıstanın gizli polisindən istifadə etmiş DTK-nın bu işlə əlaqəsi barədə ciddi şübhələr qalıb.

İtaliyanın baş naziri Silvio Berluskoni 2005-ci ilin martında bu işin məhkəmə təhqiqatının başlanması üçün sərəncam verir. Onun materialları bir ildən sonra dərc edilir. O, adamı heyrətləndirir. Hesabatda deyilir: “Komissiya hesab edir ki, heç şübhəsiz, Papanın öldürülməsinin təşəbbüskarı sovet liderləri idilər. Səbəb: sovetlər onun “Həmrəyliyə” açıq dəstək verməsini özlərinin Polşa üzərindəki hakimiyyətinə ciddi təhlükə sayırdılar. Eyni zamanda, Polşa Varşava müqaviləsinin əsas hərbi bazası, qoşunların cəmləşmə məkanı idi. Bu da önəmlidir ki, sui-qəsd planının işlənib hazırlanması ilə sovet KQB-dən n daha çox sovet hərbi kəşfiyyatı idarəsi məşğul olub”.

Moskvada FTX bu iddianı cəfəngiyyat adlandırdı. Ola bilsin ki, həqiqət beləcə də açılmayacaq.

Ağca ifadələrini dəyişdirməyi davam etdirir. Hətta bir dəfə deyib ki, sui-qəsd planının hazırlanmasında ona Vatikanın vəzifəli şəxsləri yardım ediblər. Amma ola bilsin ki, son söz Papa İohan II Pavelə məxsusdur. O, ölümündən dərhal sonra nəşr edilmiş “Şəxsiyyətin xatirəsi. Minilliklər arasında söhbət” kitabında yazır: “Tətiyi çəkən həbsxanada bir dəfə ziyarət etdiyim Ağca olsa da, bunu kimsə başqası planlaşdırmışdı. İşin dalında kimsə başqası dururdu”.

Ağca hətta sonralar yazıb ki, onu sui-qəsdə İran islam inqilabının rəhbəri Ruhulla Xomeyni təhrik edib.

Bununla belə, bu işdə kimin əli olursa-olsun, sui-qəsd baş tutsaydı, o, tarixə XX əsrin ən rüsvayçı qətllərindən biri kimi daxil olacaqdı.



Mehmet Əli Ağca 2010-cu ildə həbsdən çıxandan sonra Papa II İohanın məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoyub. Doğrudanmı, XX əsrin ən böyük din xadimlərindən biri olan II İohana o, atəş açmışdı?

Strateq.az




Xəbərin oxunma sayı : 910




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap