Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“3+3 formatı faydalı əməkdaşlıq mexanizmi ola bilər“ - Ceyhun Bayramov

Tarix 11.11.21, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxış edib.

Nazir deyib:

"Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında iştirakdan məmnunluq ifadə edərək, hər birinizi səmimiyyətlə salamlayıram. Tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün və göstərdiyi qonaqpərvərliyə görə Türkiyə Respublikasının xarici işlər naziri, qardaşım Mevlüt Çavuşoğluya təşəkkürlərimi bildirirəm.

Bildiyiniz kimi, 2019-cu ilin 15 oktyabrında Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycanın sədrliyi dövrü COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirmiş, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf etmiş, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artmışdır. Bu xüsusda, üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində başda baş katib cənab Bağdat Amreyev olmaqla, Türk Şurası Katibliyinin heyətinin fəaliyyətini təqdir edirik.

Keçdiyimiz dövr ərzində Özbəkistan Respublikası Türk Şurasının tam hüquqlu üzvü olmuşdur, Türkmənistan təşkilatda müşahidəçi statusu alır. Məmnunluqla vurğulamaq istərdim ki, hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır, bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlər bunun bariz göstəricisidir.

Gündəliyə uyğun olaraq, Baş katib keçən Zirvə Görüşündən bu günə qədər təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verəcəkdir. Mən də öz növbəmdə, sədr ölkənin xarici işlər naziri qismində sədrliyimizin bəzi önəmli məqamlarına toxunmaq istərdim.

10 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilmişdir. Bu görüş beynəlxalq təşkilatlar çərçivəsində COVİD-19 pandemiyasına həsr olunmuş ilk tədbir olmuşdur. Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilmiş, qarşıya qoyulan hədəflər müzakirə olunmuşdur. Təqdirəlayiq haldır ki, sədrliyimiz dövründə səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, prokurorluq, ədliyyə və humanitar sahədə nazirlər və qurum rəhbərləri səviyyəsində yeni əməkdaşlıq mexanizmləri qurulub.

Bununla yanaşı, 31 mart 2021-ci ildə video konfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutmuşdur.

Eyni zamanda, 6 fevral 2020-ci ildə Bakı şəhərində Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası, həmçinin 27 sentyabr 2021-ci ildə İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçirilmişdir. Belə ki, məmnunluqla vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi dövründə aidiyyəti nazirlərin mütəmadi toplantıları ilə yanaşı, dövlət başçıları, eləcə də xarici işlər nazirləri səviyyəsində iclaslar keçirilmişdir.

2018-ci ildə Macarıstanın təşkilatda müşahidəçi statusu alması ilə Türk Şurası Avropaya doğru açılmışdır. Sevindirici haldır ki, Macarıstan ilk günlərdən təşkilatda çox fəal olmuşdur və bunun sübudutdur ki, 2019-cu ildə Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Şurası ilə Avropa təsisatları arasında əməkdaşlığı hədəfləyən və önəm kəsb edən Türk Şurası nümayəndəliyinin ofisi fəaliyyətə başlamışdır.

Türk Şurası ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərinə xüsusi önəm veririk. Eyni zamanda, sözügedən təşkilatlar arasında əlaqələndirmə vacibdir, bu xüsusda Bakıda keçirilən sonuncu Zirvə Görüşü zamanı yaradılan koordinasiya şurasının işi daha da aktivləşməlidir.

Fürsətdən istifadə edərək, sədrliyimiz dövründə Azərbaycan üçün olduğu qədər bütün Türk dünyası üçün böyük önəm kəsb edən 44 günlük Vətən müharibəsi və bunun regionda yaratdığı yeni geosiyasi reallıqlar barədə məlumat vermək istərdim.

Bildiyiniz kimi, ötən əsrin 80-ci illərin sonunda Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüz ilə nəticələnmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşmüş, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmış, taleyi bu günə qədər bəlli olmayan 4000-ə yaxın soydaşımız itkin düşmüşdür.

27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, təmas xəttində olan kəndləri və digər mülki infrastruktur obyektlərini atəşə tutmaqla növbəti geniş miqyaslı hərbi təxribata əl atmışdır. Ermənistanın hərbi təcavüzünü dəf etmək, mülki şəxslərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlamışdır.

44 gün davam edən əməliyyat nəticəsində Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzalamışdır, bununla da münaqişə sona yetmişdir. Beləliklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin etmişdir.

Təqribən son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilmiş, bütün mədəni və dini abidələr viran qoyulmuş, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinmişdir.

Qeyd etmək istərdim ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək vermişdir. 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır. Bu müddət ərzində qardaşım Mevlüt Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etmişdir. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mevlüt bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar vermişdir. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk.

Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik.Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcəkdir. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılmışdır.

Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin, yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür. Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olmuş, 134 nəfər isə yaralanmışdır.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir. Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələrimiz üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər.

Sözlərimə son verərək qeyd etmək istərdim ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Sabah qardaş Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatının növbəti müddət üçün sədrliyini öz üzərinə götürücəkdir. Bu şərəfli və məsul işin yerinə yetirilməsində Türkiyəyə uğurlar arzu edir və əminliyimizi ifadə edirik ki, qardaş ölkə bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir".



Xəbərin oxunma sayı : 853




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap