Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ukrayna müharibəsi Rusiya yəhudilərini necə vurur? – “Vaşinqton Post”

Tarix 02.08.22, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna müharibəsi Rusiya yəhudilərini necə vurur? – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Moskvanın yəhudi agentliyini bağlamaq tədbirləri Rusiya yəhudilərini narahat edir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyətinin Rusiyada qadağan olunması tələbindən bəhs edilir.

Mərkəzi ofisi İsraildə yerləşən “Sohnut” dünyada yəhudilərin repatriasiyası, İsrailə köçüb məskunlaşması ilə məşğul olur.

İyul ayında Rusiyanın Ədliyyə Nazirliyi “Sohnut”un Rusiya bölməsinin ləğvi tələbi ilə məhkəmə iddiası qaldırıb. Ayın 28-i Moskva məhkəmələrinin birində iş üzrə ilkin dinləmə keçirilib, məhkəmə baxışı avqustun 19-na təyin edilib.

“Vaşinqton Post”un məqaləsində vurğulanır ki, “Sohnut”un bağlanması tələbi Rusiya yəhudilərini qorxuya salıb və Moskva ilə Tel-Əviv arasında münasibətləri gərginləşdirib. 90 ildən artıqdır yaradılan və İsrail hökumətinə bağlı olan “Sohnut” agentliyinin yəhudi ailələrinin İsrailə köçməsinə, yaxud səyahət etməsinə yardım göstərdiyi xatırladılır.

Məqalədə İsrailin “Yerusəlim Post” qəzetinə istinadla qeyd olunur ki, bu ilin fevralında Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayandan, Ukraynanın yəhudi əsilli prezidenti Vladimir Zelenskini devirmək üçün total təbliğata start verəndən bəri 16 mindən çox Rusiya yəhudisi ölkəni tərk edərək İsrailə köçüb. Daha 34 min Rusiya yəhudisi İsrailə turist kimi səfər edib.

Rusiya ilə İsrail arasında gərginliyin artması son vaxtlar bir neçə qalmaqalın, o cümlədən Rusiyanın hökumət rəsmilərinin antisemit ifadələri və Moskvanın baş ravvini Pinxas Qoldşmidtin ölkəni tərk etməsinin nəticəsidir. İsrailin baş naziri Yair Lapidin Rusiyanın Ukraynaya hücumunu pisləməsi və Kremli müharibə cinayətlərində ittiham etməsi də Moskvanı qəzəbləndirib.

Ukrayna müharibəsinə qarşı çıxan Pinxas Qoldşmidt iyunda ölkəni tərk edərək İsrailə köçüb, iyul ayının əvvəlində baş ravvin postundan istefa verib. Pinxas Qoldşmidt bildirib ki, onun bu postda qalması Moskvanın yəhudi icmasını təhlükə altında saxlayır: “Rusiya son aylarda İsrailə köçü üçün yəhudi agentliyinin son on ildə etdiyindən daha çox iş görüb”.

“Vaşinqton Post”un məqaləsində vurğulanır ki, İsrailin miqrasiya naziri Pnina Tamano-Şatanın sözlərinə görə, 600 minə yaxın rusiyalının İsrailə mühacirət etmək hüququ var.

Rusiya Yəhudi Konqresinin məlumatına görə, ölkədə 180 minə yaxın yəhudi yaşayır, onların 70 faizi Moskva və Sankt-Peterburqda məskunlaşıb.

Rusiyada yaşayan yəhudilərin çoxu yaxşı təhsil alıb və informasiya texnologiyaları kimi ixtisaslaşdırılmış sahələrdə çalışır. Minlərlə belə mütəxəssisin Rusiyadan getməsi ölkə üçün beyin itkisi deməkdir. Putinin müharibəsi ölkədən beyin axınına töhfə vermiş oldu və bunun təsiri uzun illər davam edə bilər.

Qeyd olunur ki, Putin İsrailə səfər edən ilk Rusiya prezidentidir və onun müxalif lider, keçmiş baş nazir Benyamin Netanyahu ilə isti münasibətləri var. Putin bir aylıq maaşını Moskvada oliqarxların maliyyələşdirdiyi, 2012-ci ildə açılan Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin tikintisinə bağışlayıb.

Amma Rusiyada antisemitizm hələ də geniş yayılıb. Müstəqil “Levada” mərkəzinin 2021-ci ilin dekabrında keçirdiyi sorğu göstərib ki, rus respondentlərin yalnız 11 faizi yəhudi ilə yaxın dost olmaq istədiyini bildirib. Sorğu iştirakçılarının yalnız 7 faizi yəhudilərin ölkədə çalışmasına tərəfdar çıxıb.

Bəziləri artan rus millətçiliyinin, Ukrayna prezidentinə qarşı nifrətin və Rusiya ilə İsrail arasında gərginliyin yəhudi icmasına qarşı düşmənçiliyi artıra bilməsindən ehtiyatlanır.

Xarici işlər naziri Sergey Lavrov və keçmiş prezident Dmitri Medvedyev də daxil olmaqla Putinə yaxın əsas Rusiya rəsmiləri bu yaxınlarda antisemit fikirlər səsləndiriblər. May ayında Zelenskini tənqid edən Lavrov Hitlerdə də yəhudi qanının olduğunu deyib və bu, tək İsraildə yox, dünyada qəzəb doğurub. 2021-ci ildə isə Dmitri Medvedyev “Kommersant” qəzetində Zelenski ilə bağlı antisemit ifadələrin yer aldığı məqalə yazıb.

Kreml yəhudi agentliyinin bağlanması təşəbbüsünün təşkilatın Rusiya qanunlarını pozması ilə bağlı olduğunu qeyd edir. Moskva bildirir ki, məsələ siyasiləşdirilməməli və Rusiya-İsrail münasibətlərinin bütün spektrini əhatə etməməlidir. Ancaq elə iyulun 27-də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukraynadakı müharibə ilə bağlı mövqeyini tənqid edib, qərəzli, anlaşılmaz adlandırıb.

“Vaşinqton Post” yazır ki, iyulun 27-də Yair Lapid ölkəsinin hüquqi məsələlərin həllində Rusiya ilə dialoqa hazır olduğunu bildirib. Rusiya mətbuatının məlumatına görə, problemin həlli üçün Moskvaya göndərilən nümayəndə heyətinin səfəri bir neçə gün geciksə də, qrup iyulun 28-i danışıqlar üçün Rusiyaya yola düşüb.

Mülahizəyə görə, Rusiya Ədliyyə Nazirliyinin yəhudi agentliyinə qarşı hərəkətləri ümumi bir prosesin başlanğıcı ola bilər. “Yerusəlim Post” yazır ki, Rusiyada İsrail və ya ABŞ-ın maliyyə vəsaitlərindən asılı olan bir neçə digər yəhudi təşkilatı ötən həftə hökumətdən “xarici agent” elan oluna biləcəklərinə dair xəbərdarlıq alıb.



Xəbərin oxunma sayı : 1084




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap