Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bu gündən kərə yağının gömrük rüsumu 3 dəfə azaldılır

Tarix 08.12.17, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən kərə yağının gömrük rüsumu 3 dəfə azaldılır: ucuzlaşmanı isə gözləyin...

Yağ idxalçısı MMC-nin rəsmi şəxsi: “Rüsumun azaldılması ilə 5-6 manat deyil, 20-30 qəpik və ya bir qədər artıq ucuzlaşma olacaq”.

Bu gündən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Bəs kərə yağının qiyməti  ucuzlaşacaqmı? Gömrük rüsumu ilə bağlı qərarın qüvvəyə minməsi bazarlara nə zamandan etibarən təsir edə bilər?

“Yeni Müsavat”ın əməkdaşları bir neçə marketə baş çəkərək, qiymətlərlə maraqlanıb.

“Qiyməti marketlər müəyyən etmir”

Qeyd edək ki, son 1 ayda kərə yağının qiyməti dəyişməz olaraq qalır, nə artım, nə də azalma olub. Hazırda “Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, “West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, “Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan “Gerda” kərə yağının qiyməti isə  20 manat 95 qəpikdir. Müxtəlif marketlərdə qiymətlər arasında 20-30 qəpik fərq olsa da, ümumilikdə artım və azalma olmayıb. Satıcılar isə deyir ki, tezliklə kərə yağının ucuzlaşmasını gözləmək doğru olmazdı. Çünki hələ anbarlarda köhnə gömrük rüsumu ilə ölkəyə daxil olan məhsullar var. Gömrük rüsumları bundan sonra gətiriləcək  mallara  tətbiq olunacaq. Bu baxımdan qərarın bazarlara təsiri ayın sonuna kimi gecikə bilər.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Elvin Babayev “Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, qiymətlər istehsalçılar və ya idxalçı şirkətlər tərəfindən formalaşdırılır və marketlər də ona uyğun olaraq məhsulu satışa çıxarır: “Ümumiyyətlə, pərakəndə sektorunda qiymətlər istehlakçıların tələbatına uyğun formalaşır. Cəmiyyətdə belə bir fikir var ki, ərzağın qiymətini marketlər bahalaşdırır və ya ucuzlaşdırır. Əslində isə marketlər istehsalçılarla istehlakçılar arasında körpü rolunu oynayır. Yəni məhsulun topdansatış qiyməti istehsalçılar tərəfindən müəyyənləşir. Əgər tədarükçülər qiyməti ucuzlaşdıracaqlarsa, deməli, marketlərdə də qiymət ucuzlaşacaq. Məlumat üçün deyim ki, hazırda ”Araz" supermarketlər şəbəkəsinin idxal etdiyi Belarus istehsalı olan “Belovejskiye” kərə yağının qiyməti 14.19 manat təşkil edir".

“Ucuzlaşma cüzi olacaq”

“Anchor”, “Doyaruşka”, “Ammerlander”, “Gut von Holstein” kimi yağ brendlərini ölkəmizə idxalı edən “Delta Qrup C.O.” MMC-nin mühasibi Şaiq Tağıyev isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, gömrük rüsumunun azaldılmasına görə kərə yağının qiymətində  elə də ciddi məbləğdə ucuzlaşma olmayacaq: “Bu satış qiymətinin cəmi 5-6 faizini təşkil edir. Bu, təxminən bir neçə qəpik olacaq. Əsas qiymət çox da ciddi şəkildə dəyişməyəcək. Çünki yağın ölkəmizdəki bazar qiymətini əsasən dünya bazarından alış qiyməti formalaşdırır. Bu qiymətlər isə hər sifarişdə dəyişir. Orta qiymətlə götürsək, bizim üçün 1 ton yağın alışı 6800-6900 dollara başa gəlir. Onun da üzərinə 15 faiz gömrük rüsumu gəlir, artıq bu 5 faiz  olacaq. Hər tona görə 40-50 dollar daşıma haqqı da qiymətin üzərinə gəlir. Daha sonra  10 faiz bizim qazancımız, 5 faiz marketlərin qazancı da qiymətə əlavə olunur. Son olaraq, bunun üzərinə 18 faiz ƏDV əlavə olunur.  Bununla da müştərinin aldığı qiymət ortaya çıxır. Bu baxımdan gömrük rüsumunun azaldılması ilə yağ 5-6 manat deyil, 20-30 qəpik və ya bir qədər artıq ucuzlaşacaq. Vətəndaşlar bu ucuzlaşmanı  dekabrın ortalarına kimi bazarda hiss edəcəklər. Lakin yağın 5-6 manat ucuzlaşması üçün gərək dünya bazarında qiymətlər düşsün”.

“Dünya bazarında qiymət ucuzlaşır, bizdə isə...”

Ş.Tağıyev onu da vurğuladı ki, artıq dünya bazarında yağ ucuzlaşır, lakin hələ ki bu qiymətlər Bakıya gəlib çatmayıb: “Dünya bazarında yağ ucuzlaşır. Çünki dünyanın əsas yağ istehsalçısı  olan Yeni Zelandiyada yaz fəsli daxil olub.  Bu da yağın istehsal xərclərini azaldır, çünki  təbii yem çıxır.  Lakin bu qiymətlər ən tezi 4 ay sonra bizim bazarlarda özünü göstərir. Çünki biz yağı Yeni Zelandiya şirkətinə sifariş verdikdən sonra onun istehsal olunması 2 ay çəkir. Həmin malın Azərbaycana gəlməsi də ən azı 2 aya başa gəlir. Yəni dünya bazarında bu gün qiymətlər ucuzlaşırsa, bu bizə 4 aydan sonra gəlib çatır. Problem odur ki, dünya bazarında bu gün yağın qiyməti düşsə də, Bakıda düşməyib. Bunun üçün ən azı 4 ay  vaxt lazımdır. Vətəndaşlar elə bilirlər ki, biz qiymətləri qəsdən aşağı salmırıq. Halbuki sabah və ya birigün ölkəmizə daxil olan yağ bizim 4 ay  öncə baha qiymətə aldığımı yağlardır. Çünki biz sifarişi 4 ay sonra üçün veririk. Məhsul Zelandiyadan  buraya gəmi ilə Gürcüstanın Poti limanına gəlir, bu da xeyli zaman tələb edir”.

Mühasib onu da vurğuladı ki, Azərbaycan Yeni Zelandiyadan yağ idxal edənlər  arasında ən kiçik ölkələrdən biridir və bu baxımdan dünya bazarına təsir imkanları sıfıra bərabərdir: “Ən böyük yağ idxalçıları Çin və Hindistandır. Onlar bu bazarda öz sözünü deyə bilir. Çində kərə yağına tələbat artdıqca dünya bazarında qiymət qalxır, Çində tələbat azaldıqca qiymətlər də düşür.  Hazırda dünya bazarında qiymətlər ucuzlaşmağa doğru gedir. Çünki Yeni Zelandiyada hazırda yaz fəsli yaşanır, yaya  doğru gedir.  Bu fəsildə inəklərin südvermə qabiliyyəti də artır və istehsal çoxalır, qiymət aşağı düşür. Bu baxımdan biz qiymətlərin xeyli ucuzlaşmasını gözləyirik”.

“Avrozonadan gələn yağlar ucuzlaşmayacaq”

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat” a bildirdi ki, kərə yağının qiymətində yaxın zamanlarda kəskin ucuzlaşma gözləmək əbəsdir: “Əslində gömrük rüsumları ilə bağlı qərarın qüvvəyə minməsinin bazarlara həmən təsir etməsini gözləmək əbəsdir. Çünki həm anbarlarda , həm də satışda olan məhsullar köhnə gömrük rüsumları ilə gətirilib. Mən qiymətlərin Yeni ilə qədər də ucuzlaşmasını gözləmirəm. Azərbaycandakı ”ənənəyə" uyğun olaraq Yeni il öncəsi qiymətlər adətən qalxır. İndi də bu tendensiya başlayıb və  Yeni il bayramına qədər davam edəcək. Yeni ildən sonra yeni gömrük tarifləri ilə ölkədə daxil olan kərə yağının qiymətində cüzi də olsa dəyişiklik ola bilər. Ucuzlaşma isə 50 qəpik-1 manat arasında ola bilər. Bundan artıq təsir etməsi mümkün deyil. Maraqlı bir detal da ondan ibarətdir ki, ölkədə Almaniyadan, Fransadan - yəni avrozonadan gətirilən yağlar da var. Bu qərar onların qiymətinə təsir etməyə də bilər. Hətta həmin kərə yağları bahalaşa da bilər. Çünki son zamanlar manatın məzənnəsi avro qarşısında 2 manatı da ötüb. Bu baxımdan məzənnədəki dəyişikliyə görə yeni gömrük rüsumları avrozonadan gətirilən yağların qiymətinə təsir etməyə də bilər. Bu baxımdan insanlarda böyük bir gözlənti yaranmamalıdır ki, kərə yağında ciddi ucuzlaşma olacaq. Digər ölkələrdən, əsasən də Avstraliyadan, Yeni Zelandiyadan gətirilən məhsullarda az da olsa 50 qəpik-1 manat civarında dəyişiklik ola bilər. Kəskin ucuzlaşmanı gözləmək isə əbəsdir".



Xəbərin oxunma sayı : 121




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap