Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hədiyyə Şəfaqət: Sizin hamınızdan nigaranam

Tarix 09.07.17, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


...Bəlkə də son günün çatması üçün yaşamaqdır həyat,

Bəlkə də onun heç bitməyəcəyinə inanmaq
Göy üzündən qanad səsləri gəlir, Tanrının yox
O ya yoxdur
Ya da biz onu parçalayıb bölüşdürmüşük...

Qanad səslərini axtar, amma Tanrını axtarma
Nə düyünlənmiş yumruğun bir işə yarayar, boşluğu boşuna hədələməklə,
Nə qəzəbli üsyanın, kimdir səni eşidən?
Susmadıqca
Ağrıyasan deyə vurulan zərbələr səngiməz...

Düşünmə
Yaşamağa dəyərmi, dəyməzmi deyə
Nəyinə gərək bu qədər cavabsız sualların içində dolaşıb durmaq
Şəhərin küçələrini ayaqdan salırsan, bilirəm, gecələr,
Bəlkə də 
Bir işıq fanarının altında dayanıb səmaya qışqırmaq gərəkdi, 
Qışqırmaq
Səsin öləziyib gedincə, gücdən düşüncə, əllərin titrəyincə
Görmədinmi, 
Əllər səsləri sıxıb durar ən çox...

Yox...
Dəyişməyib heç nə
Nə danışmağa söz var
Nə yaşamağa sevgi
Nə təklik bitib, nə yağış pəncərənin o tayında,
Nə təsəllisini tapan adama çevrilmisən,
Nə yurdunu-yuvanı...
Amma yenə
Sənə söyləməyəcəyəm ki, nə işin vardı, doğulmusan bu gün,
Yayın orta yerində...
Hər halda ki,
Bu dəfə artıq gecdir...
Gələcək varsa, onun üçün arzum-bunu etmə bir də...

       ...

Necə də bir anda istəyirəm ölməyi...

Necə də istəyirəm

 

Pəncərəmdəki çiçəyi qoparmaq kimi

Kitabın bir vərəqini cırıb çıxartmaq kimi

Güldanımdakı çobanyastıqlarının suyunu boşaltmaq kimi

Aynaları qırmaq kimi

Və bir şüşə qırığını damarıma sıxmaq kimi

Məni hər şeydən ayırsın

 

Necə də bir anda istəyirəm ölməyi...

Sakitlik, huzur və sevgi yerinə

Günəş, səma və su səsi yerinə

İstəyirəm kimsə didib çıxarsın sinəmdəki nəfəsi,

Yerinə

Ölümü qoysun

 

Yaşamaq olmur sənin olmayan həyatla

Nə suallar bitir, nə keçmiş, nə hücum

Nə çıxıb getməyə bir dağ başında evim yoxdur

Nə də içimdə dayanmaq gücüm

 

Olmur,

Bu yaralarla daha yaşamaq olmur

Necə də bir anda istəyirəm ölməyi...

 

***

 

Sahil bağında

Gecə lampalarının işığında yaşıl rəngi dəyişir ağacların

Kölgəsi səkinin üstünə düşür keçib-gedən adamların,

çəkilib getmir kölgələr adamlar kimi

 

Kölgələr

Ayıq adamlar üçün

Və oyaq adamlar üçün əriyəndir

Sərxoş adamların gözündə hər şeyin yoxluğunda kölgələr qalır

 

Qarşımda sədd kimi ucalır

Dirəklərin kölgəsi

Evlərin kölgəsi

Maşınların kölgəsi

Küncdəki qəzet köşkünün kölgəsi, skamyaların kölgəsi,

Köpüklü fəvvarələrin kölgəsi

 

İşıqları söndürün, söndürün işıqları

Mən ulduzları tapmışam

şəhərin orta yerində bir parça göy üzündə

hər şey dumana bürünüb sərxoş baxışlarımda

və göz yaşları içində gülümsəyə bilirəm göy üzünə hələ də

 

Açmışam qollarımı növbəti dəli rəqsinin havasına həyatın

Çölümdəki Sahil bağının orta yerində

Dağılmaqdadır

İçimin gülümsəyə bilən adamlar ölkəsi

 

Dənizi verin, dənizi

Göyün kölgəsinin uyuduğu yeganə yeri

 

***

 

Ölüm

"Sim-sim, qapını aç"ın arxasındakı xəzinədir

Ölüm

Səsdir

Eşidirsənmi?

 

Gəzişir

Simlər üzərində uzun barmaqların

Sənin qəlbinin döyüntüsünü eşidirəm, tələsir,

Sənin dodaqlarına toxunuram, soyuqdur

Sənin gözlərindən içəridəki

Adam

Deyir ki,

Ölməyə haqqın yoxdur

 

Amma

Getməkdən bəhs edir özü də

 

Körpü...

Çay deyildi ayağımızın altında kükrəyən

Fəlakətdi, üz-üzə gəlməkdi bütün qəzəbimizlə

O bizi də sürüklədi apardı, körpümüzü də

 

Ölüm

Ən gözəl nəğmədir

Ən gözəl kəlmədir

Ən gözəl yoldur, Sevdiyim

O üzə çatdıracaq ikimizi də...

 

Üzülmə,

Yaxşımı?

Üzülmə və dənizi sıx ovuclarının arasında bir dəstə ot kimi

Mənim

Yanıma düşümüş əllərim

Hardasa göyə tərəf açılacaq qanad kimi

 

***

 

Bir qadın

Saçlarını kəsirsə nə olur?

Kim olur saçlarını kəsəndən sonra bir qadın?...

Rəqsdir

Yaşamaq qədər ölüm də,

Sevgi qədər ayrılıq da,

İçdə çalınan o hava səsləndikcə

Nə olacaq

Bir qadın saçlarının kəsirsə

 

Bu axşam kəsdim saçlarımı, sevdiyim,

Kəsdim saçlarımı

 

Üzümü gizlətməyəcək qədər,

Çiynimə tökülməyəcək qədər qaldı saçlarım

Əllərsiz

Saçlara yaraşan budur

 

Rəqs

Bir yandan da dup-duru sudur

Elə deyilmi,

Təki o axıb getsin...

 

Çayların nə olur-olsun yatağı var,

Rəqs edə biləcəyi

Saçların

Yoxdur

 

***

 

Uzaqdan heç duyulmaz qanad çırpınışları

Duyulmaz əllərdəki kölgə

Rəng

Səs

Sap-sarı

 

 

Sap-sarı ayrılıqlar

Sap-sarı kövşənlərin dikilib ortasında

Düşünmək ki, mən niyə, nəyə görə burdayam

Varkən ağ-ağ qanadlar

Varkən mas-mavi sular

 

Varkən sən

Varkən heç nə

 

Ürəyimin içinə dolan sərxoş gülüşlər

Harayacan aparıb çıxaracaqdır məni

 

Oynayarkən uşaqlar

Yam-yaşıl ağacların yerə doğru əyilən

Kövrək budaqlarını

Qırırlar

Ölür nəsə

 

Ən uzaq, yaxın kəsə

Söyləmək istəyirəm, söyləmək istəyirəm

Səni sevirəm - deyə

 

Səni sevirəm - deyə ən müqəddəs nəğməni

Sap-sarı ayrılıqlar toxunmadan kimsəyə

 

Aç qapıları

Mənəm

Mənəm, kimsəsizliyəm

 

***

 

Adam aşiq olmuş

Baxmış ki, günəş səhərdən gec oyanır, uzatmış əlini üfüqə

Demiş ki:

- Mən bunu bilmirdim

Baxmış ki,

Yağışdan əvvəl göy üzü bulud açır, demiş ki:

- Mən bunu bilmirdim

 

Yummuş gözlərini, qaranlığı görməmiş, işıq oynamış bəbəklərində,

Açmış əllərini, bir quş qonmuş barmaqlarına, ovcunu dimdikləmiş

Yuxusunun içinə

Qağayılar girmiş

Ömrü boyu görməmişsə də dənizi

Əvvəl sevinmiş adam, sonra kədərlənmiş

- Niyə mənim qanadlarım yoxdur - deyə

 

Gülmüşlər adama

Yol boyu daşları saya-saya getməyinə gülmüşlər

Üşüyən budaqları nəfəsiylə isitməyinə gülmüşlər

Gülmüşlər havalı-havalı dolaşmağına,

Adamı dəli oldu zənn etmişlər

 

Çaşmış adam,

Dayanmış adam,

Qırılmış adam

Çökmüş adam,

kürəyini söykəyib daş hasara,

Pıçıldamış ki

- Mən

Sizin hamınızdan nigaranam.



Xəbərin oxunma sayı : 343




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap