Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Konstitusiya Məhkəməsinin qərarı: əmanətçilərin banklara inamı qalmayıb

Tarix 12.08.20, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Ekspert: "Bu banklarda əmanətçilərin başqa problemləri də var”...

Bu ilin birinci yarısında bağlanan 4 bankın əmanətçilərinin üzləşdiyi problem Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda müzakirə olunaraq, qərar çıxarılıb.

Plenumun müzakirəsinə Nazirlər Kabinetinin "Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinin "Banklar haqqında” qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair sorğusu çıxarılıb. Məhkəmədən verilən məlumata görə, Plenum iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Mərkəzi Bankın sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis - Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, "Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinə, "Banklar haqqında” qanunun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Mülki Məcəllənin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Əkrəm Həsənov: "Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Qərarı "Yeni Müsavat”a şərh edən hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə, Konstitusiya Məhkəməsi qanuna şərh vermədən adi məhkəmə kimi konkret mübahisəyə baxıb: "Konstitusiya Məhkəməsi aprel-mayda bağlanmış bankların qorunan əmanətləri üzrə qərar qəbul edib. Düzdür, qərarda nədənsə yazılıb ki, guya bu bankların hamısı 30 apreldə məhkəmə tərəfindən müflis elan olunub. Halbuki əslində, həmin tarixdə yalnız 2 bank müflis elan olunub. Digər 2 bank isə mayda müflis elan olunub. Amma necə deyərlər, bu, texniki səhvdir, olan şeydir”


Qərarın mahiyyəti nədən ibarətdir? Ə.Həsənov deyir, qərar iki hissədən ibarətdir: "Məlum olduğu kimi, üç bank (”Atabank", "NBCBank” və "AGBank”) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qoyulan qadağaya (təshih tədbirinə) baxmayaraq, vətəndaşlardan əmanət qəbulunu davam etdirib. Bu banklar bağlanandan sonra Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək onları kompensasiya etməkdən imtina edirdi. Konstitusiya Məhkəməsi isə bugünkü qərarında bildirdi ki, təshih tədbirinin (əmanətlərin qəbuluna qadağanın) tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Qərar belə əsaslandırılıb ki, "maliyyə bazarlarına nəzarət orqanının banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir”. Məhkəmə həmçinin "Əmanətlərin sığortalanması haqqında” qanunun 30.2-ci maddəsini xatırladıb: maliyyə bazarlarına nəzarət orqanı bankın əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir. Maliyyə bazarlarına nəzarət orqanı bunu etməyib. Lakin Məhkəmə məsələnin bu tərəfinə toxunmayıb. Buna görə də bir sual açıq qalıb: tutaq ki, gələcəkdə yenə hansısa bank KİV-də bildirişi belə verilmiş qadağaya baxmayaraq əmanət qəbul etsə, həmin əmanət də qorunan hesab ediləcəkmi? Bugünkü qərarın hərfi mənasına görə həmin əmanət də qorunan sayılıb. Halbuki bu, bir qədər məntiqsizdir. Zənnimcə, burada sadəcə, Məhkəmənin maliyyə bazarlarına nəzarət orqanına yazığı gəlib. Çünki qərarda deyilsəydi ki, yalnız qadağa barədə KİV-də məlumat verilməyən əmanət qorunan hesab edilirsə, bu halda maliyyə bazarlarına nəzarət orqanının təqsiri (ən azı səhlənkarlığı) açıq-aşkar olacaqdı. Nəinki təqsiri, birbaşa əmlak məsuliyyəti".


Konstitusiya Məhkəməsinin qərarındakı ikinci məsələ yalnız "Atabank”la bağlıdır: "Onun hansısa filialı bağlananda oradakı əmanətləri öz daxili sistemində digər filialına ötürüb. Və sistemində əmanətin qəbul tarixi kimi ötürülmə (miqrasiya) tarixini qeyd edib. Yəni vətəndaşla əmanət müqaviləsində əvvəlki, bankın daxili elektron sistemində isə sonrakı tarixdir Bu əcaib səbəbə görə də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri kompensasiya etməkdən imtina edib (guya sonrakı tarixdə qorunan əmanət faizi artıq aşağı olub). Halbuki məsələnin sırf texniki səhv olduğunu özü də bəyan edib. Təbii ki, Konstitusiya Məhkəməsi qərarında bu cür əmanətlərin sığortalı olduğunu qeyd edib”.

Ekspertə görə, əslində hər iki məsələnin cavabı əvvəldən bəlli idi: "Onların niyə Konstitusiya Məhkəməsinə gedib çıxması müəmmalıdır. Halbuki sözügedən banklarda əmanətçilərin digər problemləri də var. Məsələn, mövcud əmanətlər üzrə sonradan edilmiş əlavə yatırımları da Əmanətlərin Sığortalanması Fondu kompensasiya etmir. Digər problemlər də var. Amma onlara dair Məhkəməyə sorğu edilməyib. Cavabı aşkar olan məsələlər üzrə sorğu edilib nədənsə. Bu isə o deməkdir ki, əmanətini Fonddan ala bilməyən digər əmanətçilər özləri məhkəmələrə üz tutmalıdır. Başqa yol yoxdur”...


Maraqlıdır ki, Ə.Həsənov Konstitusiya Məhkəməsinin qərarında şərh olmadığı qənaətindədir: "Bilirsiniz, qərarın adı çox müəmmalıdır: ”Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair". Göründüyü kimi, burada iki qanunun adı çəkilir. "Banklar haqqında” qanunla hər şey aydındır: söhbət təshih tədbirlərindən gedir. "Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsində isə cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunmayan əmanət olduğu vurğulanır. Halbuki təshih tədbirinə baxmayaraq, əmanət qəbul etmiş bankların heç birində problem faiz dərəcəsi ilə bağlı deyil. Qərarın özündə də bu problem təsbit edilməyib. Ümumiyyətlə, 2.1.2.6-cı maddənin şərhi yoxdur Qərarda. Deməli, "Əmanətlərin sığortalanması haqqında” qanunun 30.2-ci maddəsi şərh edilməli idi. Amma heç o da şərh edilməyib, sadəcə xatırlanıb. Başqa sözlə, Konstitusiya Məhkəməsi əslində səlahiyyətinə uyğun olaraq heç bir maddəni şərh etməyib, faktiki olaraq adi rayon məhkəməsi kimi mülki mübahisəyə baxıb. Yeri gəlmişkən, ikinci problemdə ("Atabank”ın miqrasiya məsələsi) bu məsələ özünü tam qabarıq göstərir. Həmin problem hardasa "Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsi ilə bağlı olsa da, "Banklar haqqında” qanununa uyğun olaraq tətbiq edilən təshih tədbiri ilə heç bir əlaqəsi yoxdur. Yəni nə birinci, nə də ikinci məsələ üzrə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan sorğu və problem yoxdur. Buna görə də əslində Məhkəmə bu məsələlərə heç baxmalı da deyildi"...

"Yeni Müsavat”






Xəbərin oxunma sayı : 2266




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap