Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Oğlunun yasına getməyən lider, atasından pul alan baş nazir… – AXC liderlərinin həyatı

Tarix 28.05.17, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


(Cümhuriyyət qurucularının şəxsi xarakterləri)

28 May istiqlalı həqiqətən də XX əsr tariximizin ən şərəfli dövrüdür. Çünki bu dövrdə xalqımız 114 min kvadrat kilometrlik bir əraziyə sahib idi və Qarabağ adlı qondarma problemi isə həll etmişdi.

Təbii ki, o dövdə əldə etdiyimiz uğurların sayı daha çoxdur. Bu istiqlalın məna və əhəmiyyətindən araşdırma aparanlar isə yalnız tarixi baxımdan və arxiv sənədlərindən çıxış edib dövrü araşdırıblar. Yəni Zaqafqaziya Seymi dağıldı, hər üç respublika müstəqilliyini elan etdi və s. Lakin burada bir məqama diqqət edilməyib: bəs bu istiqlalı elan edən qurucuların xarakterləri, şəxsi keyfiyyətləri necə olub? Axı bu ciddi tarixi hadisənin baş verməsində onların davranış və xarakterlərindən, vətən istiqlalı naminə birləşə bilmək cəhdlərindən çox amillər asılı idi.
Həqiqətən də 28 May istiqlalını elan edən, reallaşdıran insanların şəxsi xarakterləri haqqında az məlumatımız var. Əslində 28 May istiqlalı həm də bu şəxsiyyətlərin xarakterindən yaranıb və tariximizin qızılı səhifəsini təşkil etməkdədir. Hazırda yazıb yekunlaşdırmaq mərhələsində olduğum “Cümhuriyyət qurucuları” kitabım əsasında hazırladığım məqaləni oxuculara təqdim etməkdə məqsədim bu təkrarsız insanları xalqımıza bir daha tanıtmaqdır. Yəni bu insanlar ən ağır və çətin məqamlarda belə vətəni sevmək hissləri ilə yanaşı, həm də xarakterlərinin göstəricisi olaraq 28 May İstiqlalını elan etdilər: cümhuriyyət qurdular. Yəni dünyaya nümunə ola biləcək bir cümhuriyyəti ancaq belə sağlam, mətin və möhkəm xarakterli insanlar yarada bilərdi. Həmin insanlarla bir az da yaxından tanış olaq.

Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu).

1-ci məqam: 1918-ci ildə M.Ə.Rəsulzadənin oğlu dünyasını dəyişir. ”Azərbaycan” qəzetinin müvəqqəti redaktoru olmuş Xəlil İbrahim yazır ki, Rəsulzadə Azərbaycan məsələsi ilə bağlı Tiflisə getməli olduğundan oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi.

2-ci məqam: 1920-ci ildə M.Ə.Rəsulzadə həbs edilir və bəzi bolşeviklər onun güllələnməsini tələb edirlər. Belə məqamda həbsxanaya gəlib onu xilas etmək istəyən Stalinə Rəsulzadə deyir ki, mənim neçə vaxt idi ki, gizlənməkdə məqsədim məqam gözləyib sizi devirmək idi. Çünki siz bizim məmləkəti işğal etmisiniz (diqqət edirsinizsə, ölüm təhlükəsi altında olan Rəsulzadə yenə özünü yox, Azərbaycanı düşünür və Stalindən də onu xilas etməsini xahiş etmir).

3-cü məqam: Sovet dövləti Rəsulzadənin yanına bir emissar göndərərək, ondan sovet hökuməti əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır. Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir: ”Sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam”.

Nəsib bəy Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş nazir).

1-ci məqam: Nəsib bəy Yusifbəylinin Baş nazir olarkən atasının ona yazdığı məktubdan: “Əziz oğlum, çox səbir etdim, amma yazacağam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin Maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə Baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?”

2-ci məqam: Azərbaycan işğal ediləndən sonra Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir arasındakı yolda bolşeviklərin əli ilə qətlə yetirilir. Onun balaca əl çamadanında çoxlu pulun və qızılın olduğunu düşünən qatillər axtarıb heç nə tapmır. Çamadanda onun dəyişək paltarının və diş fırçasının olduğunu görüb təəcüblənirlər. Yəni Baş nazir hökumət xəzinəsindən özünə yol pulu da götürməyib.

Əlimərdan bəy Topçubaşov (Azərbaycan Parlamentinin Sədri).

1-ci məqam: Ə.M.Topçubaşov mühacirətdə ağır vəziyyətdə yaşayanda Polşa hökuməti ona ayda 100 dollar həcmində yardım verəcəyini vəd edir. Bir müddət keçir. Pulu almayan və ehtiyac içində yaşayan Ə.M.Topçubaşov öz mənliyini və qürurunu qoruyan məzmunda Polşa rəsmisi Tadeuş Qolubkoya belə bir məktub yazır: “Sizə bu məktubu yazmaqda məqsədim dediyiniz pulu mənə verməyinizi xahiş etmək deyil. Məqsədim odur ki, biləsiniz ki, o pulu mən almıram”.

2-ci məqam: Ən ağır vəziyyətdə olmasına baxmayaraq, Ə.M.Topçubaşov azərbaycanlı tələbələrin oxuması üçün ayrılan vəsatə toxunmur və saxlayır.

Sonda. Bu şəxsiyyətlər yüksək xarakterli və iradəli insanlar idi. Onlar həm də siyasi təfəkkür baxımından güclü şəxsiyyətlər idi. Onlar öz xarakterlərinə zəifliyi, ağlamağı və şikayətlər etməyi yaxın qoymadılar. Yaratdıqları Cümhuriyyətin də problemlərinin həllini beynəlxalq güclərə şikayətlərdə yox, özlərinin və bütövlükdə xalqın gücündə tapdılar. Odur ki, bu yazını da M.Ə.Rəsulzadənin özlərinin xarakterlərini açan maraqlı fikirləri ilə yekunlaşdırıram:
”Ağlamaq dini vaqiələrdə, ruh və imanın paklıq və istirahəti üçün lazımı bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birəhmdir. O, göz yaşlarına zərrə qədər əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedir. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər – budur onun rəftarı”.

Nəsiman Yaqublu



Xəbərin oxunma sayı : 505




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap