Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Hər bir mətbuat onun fəaliyyət göstərdiyi cəmiyyətə layiqdir“ - Əflatun Amaşov

Tarix 08.07.20, 19:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat işçilərinin peşə bayramı ərəfəsində “Respublika” qəzetinə müsahibə verib.

AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Bu dövlət sənədinə münasibətinizi bilmək istərdik.

–  “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixdə imzaladığı Sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsi, dövlət başçımızın ənənələrə sadiqlik kursunun müstəsna göstəricisidir. Buna görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoyub. Ulu öndər 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərman imzalayıb. Mətbuat tariximizin əhatəli və ardıcıl şəkildə təhlil olunduğu həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi. Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi.

130 illik yubileylə bağlı 2005-ci ildə imzalanmış Prezident sərəncamının üzərində xüsusi dayanmaq istərdim. Sənəd yubiley ənənəsinin yaşadılacağının ilk təsdiqi idi. Üstəlik dövlət başçımız sevincə sevinc qatdı - həm “Əməkdar jurnalist” fəxri adını bərpa etdi, həm də iyulun 21-də kütləvi informasiya vasitələrinin əməkdaşlarını fəxri adlara, orden və medallara layiq gördü. Həmin gün müstəqillik illərində jurnalistlərin kütləvi şəkildə mükafatlandırılması ilk dəfə idi baş verirdi.

Ümumən yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymətin nümunəsi kimi yadda qalıb. Prezidentin 145 illiklə bağlı sərəncamının da bu baxımdan əlamətdar hadisəyə çevriləcəyinə əminəm. Eyni zamanda, onu da bildirim ki, yubiley sərəncamı keçilmiş yola nəzərdir, milli mətbuatımızın inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin yada salınması, onların bizə miras qoyduqları irsə sahibliyi gücləndirmək, o irsi yaşatmaq baxımından vacib istinad mənbəyidir. Sənəddə koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrün şərtləri daxilində məsələyə diqqət yetirmək vəzifəsi müəyyənləşir.

Bir daha Azərbaycan mətbuatına, onun tarixi missiyasına verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm.

– 145 illik mətbuat Azərbaycan cəmiyyətinə nə verdi, nə qazandırdı? İstərdik, bu barədə söz açaq.

– Ötən 145 ilə nəzər salarkən, özümüz üçün 4 mərhələ müəyyənləşdirə bilərik. 1875-ci idən 1918-ci ilə qədərki dövr, Cümhuriyyət dövrü - 1918-1920-ci illər, 70 il davam edən sovet dövrü və müstəqillik mərhələsi. Təbii ki, qeyd etdiyim bölgünü şərti götürə bilərik. Hərçənd elmi yanaşmalar da bunun üzərindədir. Fikrimi izah etmək üçün bir neçə məqama diqqət yetirməyi vacib sayıram.

Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə milli mətbuatımızın əsasını qoydu. Çar Rusiyasının müstəmləkə ucqarı sayılan Azərbaycan üçün bu hadisə çox böyük həm mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Əlbəttə, o dövrdə qəzet çapını zəruriləşdirən təbii səbəblər var idi. Əhalinin informasiya alma ehtiyacı hansısa formada ödənilməliydi. Deyək ki, iqtisadi amillər öz sözünü deyirdi. Amma hər bir halda çar hökuməti qəzet çapı miqyasının böyüklüyünü yaxına buraxmazdı. İstəməzdi ki, mətbuat belə desək, siyasi rəngli olsun. Həsən bəy “Əkinçi”ni məhz bu cür məhdudiyyətlər şəraitində ərsəyə gətirdi, iki il böyük çətinliklər bahasına yaşatdı. Qəzet daha çox məişət məsələlərinə köklənmiş olsa da, problemlərin qoyuluşu ümumi arealı genişləndirirdi, oxucuları düşündürürdü, maraq yaranırdı və bunu çarizm görürdü. Nəticə etibarilə nəşrin fəaliyyəti dayandırıldı.
Ancaq “Əkinçi” bir məktəb oldu. Bu məktəb XIX əsrin sonu - XX əsrin əvvəllərindəki qəzet bumuna yol açdı. “Əkinçi”nin məişət müstəvisində gündəmə gətirdiyi məsələlər dövrün xarakterinə uyğun siyasi çalarlar qazandı. Həmin illərdə meydana atılmış qəzet və jurnallar məhz bu rolu oynadılar. Tədricən milli mənlik şüuru, milli özünüdərk motivləri ön plana çıxdı.

Əlbəttə, çar Rusiyasının dağılması labüd proses idi. Bu süqutun bizə verəcəyi siyasi dividend var idi. Ancaq toplum olaraq o dividenddən faydalanmağa hazır idikmi? Dividendin böyüklüyünü dərk edirdikmi?.

Hesab edirəm ki, “Əkinçi”dən 1918-ci il müstəqilliyinə qədərki mətbuat cəmiyyəti hazırlaya bildi. Təxminən yarım əsrə yaxın zaman keçdi. Bu, əslində sürətli keçid idi. Nəzərə alaq ki, Azərbaycan 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələri ilə ikiyə bölünmüşdü, işğal olunmuşdu, üstəlik ona qədərki xanlıqlar dövrü hamar keçməmişdi. Dövlətçilik ənənələri itirilmişdi və 1875-ci ildən sonrakı cəmi 43 ilin içərisində cəmiyyətin dövlətçilik ruhuna köklənməsi sıradan məsələ deyildi.

“Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” və digər nəşrlər təfəkkür tərzi baxımından aşağı səviyyədə olan, mövhumata meyilli azərbaycanlını dövlət quracaq potensiala gətirdi. Bu, həqiqətən çətin, hətta deyərdim, məşəqqətli proses idi. Sabirin təbirincə desək, övladını oxutdurmaq istəməyən azərbaycanlı dövlət qururdu. Təsəvvür edirsinizmi, Cəlil Məmmədquluzadənin Novruzəlisinin müstəqil dövləti oldu?

Hesab edirəm ki, “Əkinçi” ənənələrindən qidalanmış mətbu nəşrlərin fəaliyyəti novruzəlilərin çox olduğu cəmiyyəti dövlət qurmağın mümkünlüyünə inandırdı, onları tarixi fürsət üçün hazırladı. Bu, son dərəcə mühüm missiya idi.
1918-1920-ci illər mətbuatı əsasən yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bayraqdarı kimi çıxış etdi. Bu dövrün mətbuatı ideya və məzmun cəhətdən daha zəngin oldu. Təbii ki, say göstəricisi də önəmlidir. Həmin illərdə ölkədə yüzə yaxın qəzet və jurnal çıxırdı. Əlbəttə, mətbuatda çox ciddi qütbləşmə də var idi. Tarixşünaslığımızda milli mətbuatla yanaşı, bolşevik, eser-menşevik və erməni-daşnak mətbuatının adı çəkilir. Hər bir halda birincilərin üstün mövqe tutduqları və ictimai rəydə daha çox qəbul edildikləri məlumdur. Onlar gənc dövlətin ideya-siyasi platformasının qurulmasında fəal iştirak etdilər.

AXC-nin süqutundan sonrakı sovet dövrü Azərbaycan mətbuatının fəaliyyəti partiya maraqlarına xidmət etmiş olsa da, bu, heç də o demək deyildi ki, o, ənənələrdən uzaqlaşıb. Əksinə, 70 illik müddətdə biz Azərbaycan mədəniyyətini, məişətini, folklorunu, tarixini yaşadan, çətinliklərə baxmayaraq ayaqda qalmağı bacaran mətbu nümunələri gördük. Mahiyyətcə onlar əsrin əvvəllərindəki sələflərinin missiyasını təkrarladılar. Bu missiya da xalqı müstəqilliyə inandırmağa köklənmişdi.

Prosesin hələ 70-ci illərdən başladığını söyləyə bilərik. O zaman Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev mətbuat səhifələrində çıxışları ilə populyarlaşmış yaradıcılıq adamlarını bürokratik təzyiqlərdən və təqiblərdən qoruyurdu. Beləliklə, 1991-ci il müstəqilliyinin ideoloji əsasları hazırlanırdı. Əsas isə dediyim kimi, milliliyə söykənirdi.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində biz sırf siyasi yönümlü təqdimatları da gördük. Bu təqdimatlarda reallıqlarımız əks olunurdu. Dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə maraq göstərirdi. Beləcə, mətbuatımız peşəkarlığın fədakarlıqla çulğalaşdığı bir zaman kəsiyini yaşayırdı. Doğrudan da fəxarət duyulmalı mərhələ idi. Həmin mərhələnin canlı şahidlərindən, iştirakçılarından olduğum üçün qürurluyam.

Nəhayət, müstəqillik dövrü mətbuatımız. Hesab edirəm ki, bu, özündən əvvəlki mərhələlərdən əsaslı şəkildə fərqlənən dinamik mərhələdir. Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətindəki ideoloji fəaliyyət xüsusi vurğulanmalıdır. Sonra medianın ictimai institut kimi özünü təsdiqləməsini qeyd etməliyəm. Bu baxımdan senzuranın ləğvindən, medianın qanunvericilik bazasının formalaşmasından tutmuş kütləvi informasiya vasitələrinin fəaliyyətinin cəmiyyət və dövlət üçün vacib sahələrə yönəlməsinə, o cümlədən internet medianın yaranmasınadək bir çox məqamlardan söz açmaq mümkündür.

Müstəqillik illərində mətbuat ictimai həyatın katalizatoru, idarəçiliyin ayrılmaz seqmenti kimi çıxış edir. Əslində prinsip etibarilə dünyanın bütün ölkələrində vəziyyət belədir. Azərbaycanın özəlliyi isə bundadır ki, media daha çox cəmiyyət ruhludur, ənənələrə bağlıdır və ən əsası daha millidir. Bu isə ilk növbədə dövlət idarəçiliyindəki prinsipiallığın və qətiyyətin nəticəsiydi. Ümummilli lider Heydər Əliyev, eləcə də onun layiqli davamçısı Prezident İlham Əliyev məsələyə fundamental yanaşdı.

Söz, məlumat və ifadə azadlığını gənc dövlətin başlıca atributu və konstitusyon əsası elan edən Heydər Əliyev Azərbaycan mətbuatına senzurasızlıq mühitini bəxş etdi. Bu, ümumən tariximizdə bir ilk idi. Beləcə, azad söz və plüralizm üçün həmin vaxtadək görünməmiş meydan yarandı. Cənab İlham Əliyev isə bu meydanı daha da genişləndirdi. Söz və ifadə azadlığını dərinləşdirmək yolu tutmuş dövlət başçımız həm media qanunvericiliyinin təkmilləşməsinə, həm medianın cəmiyyət maraqlarının təminatı üçün səfərbərliyinə, həm də jurnalist əməyinin stimullaşdırılmasına diqqət yetirdi.

Əlbəttə, problemlərimiz, həyata keçirməli olduğumuz işlər çoxdur. Amma ümumiləşdirmə aparsaq, görərik ki, mətbuatımız ötən 145 ildə mahiyyət etibarilə milli ruhun daşıyıcısı kimi çıxış etdi. Onun sayəsində milli münasibətlər, milli dəyərlər sistemi qazandıq, hətta əxlaq və davranış stereotiplərimiz dəyişdi. Dünyaya fərqli nəzərlərlə baxmağa başladıq. Bəli, bu gün yer üzündəki beş mindən çox xalqın yalnız iki yüzdən artığının dövləti var. Nə xoş ki, bizim də var. Nəsillərə miras qalacaq nemətə sahibik. Bundan böyük qazanc ola bilməz.

–Kifayət qədər ətraflı və məzmunlu təhlil apardınız. Sonda problemlərin olduğunu da vurğuladınız. Problemləri də 145 ilin problemləri kimi xarakterizə etmək mümkündürmü?

– Maraqlı yanaşmadır. Əvvəlki sualınıza cavabda ayrı-ayrı məqamları ötəri vurğuladım. Ümumən cəmiyyət necədirsə, mətbuat, media da elədir. Onu cəmiyyətdən ayrı hesab etmək doğru olmaz. İlk baxışdan klişeləşmiş baxışlar var - mətbuat cəmiyyətin güzgüsüdür, hər bir mətbuat onun fəaliyyət göstərdiyi cəmiyyətə layiqdir və ya cəmiyyət mətbuata layiqdir. Bəzən bu fikirlər müxtəlif məsələlərin izahı kontekstində müəyyən mənada kinayəli səslənir. Amma kinayənin də, xoş sözlərin də hədəfində və ünvanında dayanan bizlərik.

Ötən əsrin əvvəllərində Axundov, Topçubaşov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Sabir kimi ziyalılarımız olub. Həsən bəy Zərdabi mənə görə milli ziyalılıq etalonudur, əlçatmaz zirvədir. Onun həyat və fəaliyyəti heyrət doğurur. Milli haqq və ədalət davamıza müstəsna töhfələr vermiş başqa görkəmli simalarımız da var.
ümumən biz ziyalı cəhətdən kasadlıq çəkmədik. Yəni bu xalqın ziyalı, millət təəssübü çəkən şəxsiyyətlər yetişdirmək potensialı var. Bu, Allahın bizə lütfüdür. Novruzəlilərin dövləti oldu - fikrini təsadüfən işlətmədim. Cəlil Məmmədquluzadə Novruzəli obrazını xalqı aşağılamaq üçün deyil, maarifləndirmək, yüksəltmək, zirvələrə daşımaq üçün yaratmışdı.

İkinci bir cəhət kimi 70 illik sovet hakimiyyəti dövrünü qeyd etmək istərdim. O dövrün mənfi stereotipləri hələ sıradan çıxmayıb. Bu baxımdan mətbuatda da, mətbuatın funksiya və vəzifələrinə yanaşmada da neqativ meyillər müşahidə olunmaqdadır. Biz bu sayaq hallardan qurtulmalıyıq. Sual oluna bilər ki, necə?

Əslində, bir çox məsələləri zaman özü yoluna qoyur, axarına salır. Amma boş dayanmamalıyıq. Əvvəla, cəmiyyət üzvlərinin qanunlara münasibətini qaydaya salmalıyıq. Bu, son dərəcə vacibdir, qanunları əxlaqımıza uyğunlaşdırmalıyıq.

Elementar misal çəkim, vaxtilə əksər sürücülər piyada zolağının üstündə sərnişinə yol vermirdilər. İndi yol verməyən tək-tükdür. Buna necə nail olduq? Qanunun gücü ilə. Yəni qanunun tətbiqi heç kəsdə sorğu-sual, mübahisə doğurmadı. Vətəndaşlar anladılar ki, piyada zolağında piyada varsa, ona yol verilməməsi cərimədir. Beləcə, qanunçuluq həm də tərbiyəni formalaşdırdı. Belə misallar kifayət qədərdir. Media bunu təbliğ etməlidir.
Yaxud “ASAN xidmət” modelini götürək. Modelin özü cəmiyyətə yeni münasibətlər gətirdi. Vətəndaşla dövlət arasında etimad bağı formalaşdırdı. Hər kəs anladı ki, “ASAN”da rüşvət verib iş aşırtmaq mümkün deyil. Xidmətin əməkdaşı nəyisə tələb edirsə, insanlar qəbul etdi ki, o, süründürməklə pul qopartmaq məqsədi güdmür. Görün, “ASAN xidmət” həyatımızı necə müsbətə doğru dəyişdi. Söhbət yalnız dövlət idarəçiliyindəki, vətəndaşlara xidmətdəki səmərəlilikdən getmir. Yenə də deyirəm, yeni baxış, yeni yanaşma, əxlaq formalaşdı.

Yəni sözüm ondadır ki, biz dediyiniz 145 illik mənfi stereotiplərin bir çoxunu qıra bilmişik. Əlbəttə, başqa neqativ cəhətlər də var ki, onların aradan qaldırılması mütləqdir.

–Yəqin razılaşarsınız ki, mənfi sterotiplərin bir çoxu da sırf mediamızın özü ilə bağlıdır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

– Doğru qeyd etdiniz. Biz ilk növbədə özümüzə baxmalıyıq, nəyisə düzəltmək, yoluna qoymaq istəyiriksə, özümüzdən başlamalıyıq. Bilirsiniz ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən mediamızdakı neqativ hallara qarşı mübarizə aparmaqdadır. Bəzən iradlar və tənqidlər eşidirik ki, ölkədə işinə məsuliyyətsiz yanaşan, peşəsinə laqeyd münasibət göstərən ancaq jurnalistlərdirmi?

Bəli, həkimlər, müəllimlər, hüquq-mühafizə orqanlarının və sair sahələrin təmsilçiləri var ki, tutduqları vəzifənin məsuliyyətini istənilən səviyyədə dərk etmirlər. Media buna qarşı da mübarizə aparmalıdır. Ancaq biz gərək nümunəvi davranaq ki, deməyə sözümüz olsun, cəmiyyətdən dəstək alaq. Əgər jurnalist işində təmizdirsə, onun vəzifəsinə məsuliyyətsiz yanaşan məmurlar barədə deyəcək sözü çoxdur.

Digər məqam isə mediamızın ahənginə təsir göstərən problemlərin mövcudluğudur. Mətbuat Şurasında bu barədə kifayət qədər müzakirələr gedib. Problemlər nədən ibarədir?

İlk növbədə, medianın bazar münasibətlərində təmsilçiliyinin artması lazımdır, o, ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməlidir. Bunun tənzimlənməsi reklam mühitinə yenidən baxılmasını zəruriləşdirir. Biz bir neçə il öncə təklif etmişdik ki, dövlət elan və reklamlarının KİV-lərdə bölüşdürülməsinə dair Türkiyə təcrübəsindən bəhrələnək. Bunu müvafiq qanunvericiliyə dəyişikliklərlə də reallaşdırmaq mümkündür.

Ümumən media sahəsində səliqə-sahman yaranmalıdır. Prinsipial məqam ondadır ki, media işi hər kəs üçün əlçatan olmalıdır, ancaq bu əlçatanlıq təsadüfi adamlar üçün meydan tanımamalıdır.

KİV-lərin təkrar qeydiyyatına ehtiyac var. Hazırda 5 mindən artıq KİV Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət reyestrinə alınıb ki, onların əksəriyyəti ya fəaliyyət göstərmir, ya da nəzərdə tutulduğu kimi iş intensivliyinə malik deyil. Adi qəzetçilik normalarını gözləməyənlərin sayı yüzlərlədir.

İnternet media günümüzün reallığıdır. Hazırda ictimai rəy əsasən internet üzərindən yayımlanan KİV-lər vasitəsilə formalaşır. Ancaq bu məkanın ciddi tənzimlənməsinə ehtiyac duyulur. Söhbət qadağaların tətbiqindən getmir. Sahəyə sistemli yanaşılmalıdır ki, həyata keçiriləcək qanuni prosedur qadağa, məhdudiyyət kimi anlaşılmasın. Məsələn, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi... İllərdir bundan danışırıq. Milli Məclisin deputatı olarkən parlamentdəki çıxışlarımın xeyli hissəsi bununla bağlı olub.

İnternet medianın KİV olaraq hüquqi statusunun qeyri-müəyyən qalması onların fəaliyyətinin hüquqi baxımdan mübahisələndirilməsində problemlər yaradır. Məlumdur ki, bu tip media orqanları qeydiyyatdan məhdud məsuliyyətli cəmiyyət kimi keçirlər. Yəni hüquqi baxımdan KİV sayılmırlar. Belə olan halda necə deyə bilərik ki, onların təqdim etdikləri məhsul cəmiyyətə hesablanıb?

Tutalım kimlərsə MMC kimi qeydiyyatdan keçmiş hüquqi şəxsin saytını yaradır, orada kimlərisə təhqir edir, böhtan atır. Təhqir və böhtan hüquqi baxımdan o zaman təhqir və böhtan sayılır ki, onun yayılma arealı kütləvi olsun. Belə hallara yol verən şəxs məhkəmədə asanlıqla tutduğu əməli dana bilər. Yəni manipulyasiya etməsi mümkündür və hüquq da prinsipcə onun tərəfində olacaq. O anlamda ki, təhqir və böhtanın yayıldığı areal hüquqi baxımdan KİV deyil. Deməli, KİV olması lazımdır. Bunun üçün isə meyarlar müəyyənləşməlidir. Giriş sayı, unikal İP və sair ilk baxışdan texniki təsir bağışlayan məsələlərə diqqət yetirilməsi mütləqdir. Rusiyanın və dünyanın bir sıra ölkələrinin təcrübəsində hətta bloqların informasiyanı kütləvi yayma potensialı qanunla tənzimlənir. Eləcə də digər məsələlər. Düşünürəm ki, biz bu yolu getməliyik. Doğrudur, son illər qanunlarımızda aparılmış dəyişikliklərlə internetin hüquqi münasibətlər sistemində təmsilçiliyi güclənib. Bu, müsbət haldır. Ancaq məsələ yalnız ümumi xarakter daşıyır.
Həyata keçirilməsi vacib olan işlərdən biri də KİV-lərin vahid elektron bankının formalaşdırılmasıdır. Biz dəqiq bilməliyik ki, ölkədə KİV-lərin və jurnalistlərin sayı nə qədərdir. İndi müxtəlif rəqəmlərlə rastlaşırıq. 60-70 min arası jurnalistin olduğu qənaəti var. Təbii ki, onların böyük qismi peşədən sui-istifadə edənlərdir. Baxın, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətinə icazə verilən sahələr içərisində KİV-ləri də qeyd edir. Ancaq sonradan məlum olur ki, karantin postlarında jurnalist vəsiqəsi göstərib keçənlərin sayı çoxdur. Belədə xüsusi yanaşma zərurəti meydana çıxır.

Digər tərəfdən, elələri var ki, biz onun jurnalist olduğuna şübhə etmirik. Ancaq baxırsan ki, əmək müqaviləsi yoxdur. Yaxşı halda mülki hüquqi müqavilə ilə işləyir. Yəni fiziki şəxs kimi VÖEN-i var və əmək münasibətlərini də ona əsasən qurur. Dünya təcrübəsində belə jurnalist fəaliyyətinə frilanser deyilir. Ancaq bizdə frilanserlik hüquqi münasibətlərə daxil deyil. Buna da diqqət yetirmək lazımdır.

Bölgə mediasının inkişafı prioritet məsələdir. Dünyanın bir çox ölkələrində yerli qəzetlər ciddi informasiya mənbəyi kimi qəbul olunurlar. Bizdə də vaxtilə belə bir ənənə var idi. Azərbaycanın ictimai fikrində qəbul edilən dəyərli şəxsiyyətlərin, ziyalıların bir çoxu ilk addımlarını məhz mənsub olduqları bölgələrin mətbuat orqanlarındakı yazıları ilə atıb. Biz bu ənənəni yaşatmalıyıq. Sırf bölgə mediasına yönələn proqramlar icra olunmalıdır. Əlavə olaraq bunu da deyim - işğal altında olan rayonlarımız var və yaxşı olardı ki, həmin rayonların mətbuat orqanlarının fəaliyyəti bütövlükdə dövlət tərəfindən maliyyələşsin.

Başqa bir məqam jurnalist təhsili ilə bağlıdır. Burada iki cəhət var. Həm jurnalistika sahəsində ixtisaslaşmanın dərinləşməsi, həm də ümumən jurnalist təhsilinin strukturunun yenilənməsi. Hər ikisi həyati əhəmiyyətlidir.
Qlobal informasiya əsrində yaşayırıq. İnformasiya həm qurucu, həm də dağıdıcı mahiyyətə malikdir. Belə olan halda bizim bir dövlət olaraq müdafiəmiz hansı səviyyədədir? Doğrudur, Azərbaycanda milli təhlükəsizliyin qorunması ilə bağlı qanunvericilik mövcuddur. İnformasiya təhlükəsizliyi onun tərkib hissəsidir. Ancaq fikrimcə, sahəyə xüsusi yanaşılmalıdır. İnformasiya təhlükəsizliyi ayrıca nəzərdən keçirilməlidir.

ümumən sadaladığım bütün məsələlərin həlli günümüzün tələbidir. Hesab edirəm ki, bunlara ölkədə həyata keçirilən islahatların media seqmenti olaraq ciddi yanaşılmalıdır. Mətbuat Şurasının mövcud istiqamətdə konkret təklifləri var.

–Son zamanlar Azərbaycanda indiyədək aparılmış media siyasətinin yanlışlığına dair müəyyən fikirlər dolaşmaqdadır. Mövcud vəziyyətdə rəhbərlik etdiyiniz qurumun da adı çəkilir. Bununla bağlı nə deyə bilərsiniz?

– Məsələyə mütləq mənada yanlışlıq kimi qiymət vermək istəməzdim. Problemlərin müəyyən qismini sadaladım. Bir çoxlarını medianın özünə xas problemlər kimi təsnifatlandırdım. Ancaq gəlin razılaşaq ki, onların aradan qaldırıldığı durumun bərqərar olması yalnız medianın özündən asılı proses deyil. Buna görə vurğuladım ki, ölkədə bütün sahələrdə aparılan islahatlarda media seqmenti də əsas götürülməlidir. Yəni media özü nə qədər müstəqil institut kimi çıxış etsə də, onun fəaliyyət intensivliyinin təminatında digər amillərin rol oynadığı nəzərə alınmalıdır. Biz vaxtilə KİV-lərin siyasiləşməsinə qarşı mübarizə aparırdıq. Bu gün siyasiləşmə demək olar ki, yox səviyyəsindədir. Ancaq deyirik ki, media iqtisadi cəhətdən özünü maliyyələşdirməyi bacarmalıdır. Gəlin, görək bunun üçün zəruri olan şərait nə dərəcə münbitdir. İslahatlardan söz açırıqsa, buna da xüsusi diqqət yetirilməlidir.

Mətbuat Şurasına gəldikdə isə, Şura Azərbaycan dövlətinin media siyasətinin həyata keçirilməsinə daim dəstək verib. Dövlət qurumun medianın özünütənzimləməsi funksiyasını məqbul qiymətləndirib. Yəni dövlət qəbul edib ki, KİV-lərdə peşəkarlıqla bağlı mübahisəli məqamlar Mətbuat Şurası müstəvisində həllini tapmalıdır. Bu qənaət ona görə formalaşıb ki, dövlət medianın müstəqilliyini dəstəkləyib, ona hər hansı kənar müdaxilənin yolverilməzliyi prinsipi üzərində dayanıb. İndi də belədir.

Mətbuat Şurası dövlətimizin media ilə bağlı müəyyənləşdirdiyi strateji xəttin öz üzərinə düşən qisminin icrasında problemlər yaşayırsa, demək doğru olmaz ki, bu, yanlışlığın nəticəsidir. Çünki biz indiyədək problemləri özümüz də açıqlamışıq. Onları görmüşük. Məsələn, Şuranın hüquqi statusunun dəyişdirilməsini götürək. İndiki halda MŞ ictimai təşkilatdır. Yəni hüquqi baxımdan digər ictimai təşkilatlarla eyni statusdadır. Halbuki, Şuradan gözləntilər böyükdür. Media ictimaiyyəti arzu edir ki, MŞ-nin səlahiyyətləri artırılsın, indiki kimi ictimai qınaq və məzəmmətlə məhdudlaşmasın. Sırf ictimai qınaq tədbirlərində Şuranın hər hansı yanlışlığa yol verdiyini düşünmürəm. İndiyədək KİV-lərlə bağlı qərarlarımız ədalətli olub.

Əlbəttə, MŞ-nin ünvanına irad və tənqidlər yalnız son zamanlarda səslənmir. Onları hər zaman səmimiyyətlə qəbul etmiş, anlayışla qarşılamışıq. Çalışmışıq ki, ciddi yanaşaq, fəaliyyətimizdə nəzərə alaq və mümkün qədər nəzərə almışıq.

Mətbuat Şurasının sədrinin qapısı hər bir qələm sahibinin üzünə açıq olub. Fərq qoymamışıq ki, jurnalist hansı maraqlardan çıxış edir. Hər kəsin maraq və mənafelərinin ola bilmə reallığını düşünmüşük. Təbii qarşılamışıq. Jurnalistika ilə bağlı elə bir məsələ olmayıb ki, Şura ona reaksiya verməsin. Elə bir problem olmayıb ki, onu müvafiq dövlət qurumlarının diqqətinə çatdırıb, aradan qaldırmağa cəhd göstərməsin. Yəni prinsip etibarilə fəaliyyətimiz, işimiz göz qabağında, şəffaf olub.

–Əflatun müəllim, milli mətbuatımızın yubileyləri həm də ötən beş ilin hesabatı kimi dəyərləndirilə bilər. Problemlərdən kifayət qədər söz açdınız, mənzərəni aydınlaşdırdınız. Sizcə, ötən 5 ili mediamızın inkişafı baxımından necə qiymətləndirmək olar?

– Əlbəttə, Azərbaycan mediası bütün çətinliklərinə baxmayaraq, inkişafdadır. Yeniliyə can atmaq onun təbiətindən irəli gələn mahiyyətdir. Bunun üçün şərait də önəmli faktordur. Azərbaycan demokratik ölkədir. Burada söz və ifadə azadlığı yüksək səviyyədə təmin olunub. Media da bu şəraitdən yararlanır.

Düşünürəm ki, ötən 5 ildə mediamız ictimai münasibətlər sistemində özünə daha çox yer tapmağa müvəffəq olub. O, ictimai rəyə təsir göstərən amil kimi özünü təsdiqləyib, ona cəmiyyətin inamı artıb.

Biz son zamanlar islahatların necə geniş vüsət aldığını görürük. İslahatlar sistemlidir, şəffaflığa söykənir, qayəsində vətəndaş məmnunluğunu təmin etmək dayanır. Proses sosial innovasiyaların tətbiqini, idarəetmədə keyfiyyət dəyişikliklərini rəhbər tutur. Onu da vurğulayım ki, islahatların səmərəliliyinin artırılması üçün ictimai nəzarət son dərəcə vacib faktordur. Buna görə də media hərəkətverici qüvvə kimi çıxış etməlidir.

Ümumiləşdirmə aparsaq, deyə bilərik ki, işini günün tələbləri çərçivəsində quran KİV-lərimiz son 5 ildə fəaliyyət intensivliyi qazanıblar. Artıq Azərbaycan mediası Qafqazla bağlı istinad mənbəyi kimi dünyada qəbul edilir. Bu, son dərəcə böyük uğurdur.

Üzərində xüsusi dayanılmalı əsas məqamlardan biri də medianın dövlət idarəçiliyindəki yeri və rolunun artmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirir ki, jurnalistlər mənim köməkçilərimdir. Bu, kifayət qədər ciddi mesajdır. Yəni bu o deməkdir ki, dövlət öz işini həm də mediadan aldığı siqnallara əsasən qurur. Fikrimcə, belə yanaşma son 5 ildə xeyli güclənib.

–Əflatun müəllim, qarşıdan milli mətbuatımızın 145 illiyi gəlir. Qeyd etdik ki, cənab Prezident də bu yubileyin təntənəli keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mediaya açıqlamanızda bildirmisiniz ki, Şura sərəncamdan irəli gələn vəzifələrin icrasına hazırdır. 145 illiklə bağlı planlarınız nədən ibarətdir?

– Əlbəttə, koronavirus pandemiyasının doğurduğu şərtlər var. Prezident sərəncamında da bu vurğulanır. Biz onlayn rejimdə KİV-lərin ümumrespublika konfransını keçirməyi planlaşdırırıq. Eyni zamanda, sərəncam jurnalist birlikləri və redaksiyalar üzərinə dövlət təltiflərinə layiq olan namizədlərin müəyyənləşdirilməsi vəzifəsini qoyur. Biz də öz səlahiyyətlərimiz daxilində prosesə dəstək verəcəyik. Çalışacağıq ki, ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş, onun məziyyətlərinə qatlaşmış qələm sahiblərinin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsinə öz töhfəmizi verək. Bir daha bildirim ki, mövcud istiqamətdə üzərimizə düşən işləri görməyə hazırıq.

Müsahibəni apardı:
Zümrüd ABDULLAYEVA



Xəbərin oxunma sayı : 3985




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap