![]() |
|














Cümhuriyyət qatillərinin acı sonu - ARAŞDIRMA
Tarix 28.04.20, 23:07 |
|
813.jpg)
100 il əvvəl - 1920-ci ilin bu günündə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzünə uğradı. Müstəqil Azərbaycanın işğal planı əvvəlcədən hazırlanmış və Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən təsdiq edilmişdi.
İşğalın qısa tarixçəsi
1920-ci il aprelin 27-də Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradıldı. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov (və ya A.Əlimanov) və Əliheydər Qarayev daxil idi.
Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması, təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi. Bolşeviklər bu məsələdə də hiylə işlətdilər - bəyan olundu ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.
Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verdi. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma, milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".
Halbuki həmin vaxt Cümhuriyyət donanmasının komandanı olan Çingiz İldırımı heç kim belə bir vəzifəyə təyin etməmişdi - aprelin sonunda bu vəzifə, ümumiyyətlə, təsis olunmamışdı. May ayında isə onun iddia etdiyi vəzifəni Fyodor Raskolnikov tutacaqdı.
Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclasında 3 saat davam edən müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarıldı. İşğaldan sonra tale Cümhuriyyət liderlərinin üzünə gülmədi - kimisi həbs olunaraq güllələndi, kimisi mühacirətə getdi. Maraqlıdır ki, hakimiyyətin qəsb olunmasında və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalında vasitəçi kimi iştirak edən yerli bolşeviklər də birinci taleyi yaşadı, onlara heç mühacirət etmək haqqı və imkanı da tanınmadı.
Cümhuriyyət qatillərini unutmayaq!
Bu yazımızda Azərbaycanın müstəqilliyinə son qoyulmasında cani-dildən iştirak edən Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvlərinin sonrakı taleyindən söz açacağıq (Təəssüf ki, sənədlərdə A.Alimov və ya A.Əlimanov kimi təqdim olunan şəxs barədə heç bir məlumat əldə edə bilmədik). Beləliklə...
1. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanov - Bakıya işğaldan 15-20 gün sonra gələ bilir. Biləcəri dəmiryolu vağzalında onu hərbi məktəbin kursantlarından ibarət fəxri qarovul qarşılayır. Elə həmin gün Nərimanov Azərbaycanda baş verənlər, xüsusən bolşeviklərin ürəkləri istəyən adamı sorğu-sualsız güllələməsi barədə eşitdiklərindən şoka düşür. Həmin gün və ondan sonra baş verənləri Nərimanovun öz dilindən eşidək: "Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar, görünür, mənim gəlişimə çox sevinirdilər. “Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır”. Onlar belə dedilər. Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim. İnqilab Komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzvdən - Qarayevdən ibarət idi. “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar.
İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yoldaş Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin. Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi davam edirdi".
Nərimanovla məsləkdaşları arasında növbəti fikir ayrılığı Azərbaycanın müstəqilliyi məsələsində yaranır: "Sonra Moskvaya yola düşməzdən əvvəl Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu: “Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?” MK üzvləri - Qarayev, M.D.Hüseynov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik".
Doktor Nərimanovu silkələyən üçüncü hadisə isə siyasi yox, məişət zəminində baş verir: "Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara, Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə məşhur hörmətli bir qadın gözüyaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş etdi. O, aşağıdakıları danışdı: “Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə Fövqəladə Komissiyanın agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu M.D.Hüseynovun işləridir, xahiş edirəm, məni müdafiə edin”. Onu sakitləşdirib, Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım. O, qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu təkrar olmayacaqdır”. Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi. Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir?"
Az sonra Nərimanova aydın olur ki, əslində Azərbaycanı ətrafındakı satılmış soydaşları yox, ruslar, gürcülər və ermənilər idarə edir. Anlayır ki, keçmiş daşnak Anastas Mikoyan “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin” deyərkən nəyi nəzərdə tuturmuş. Elə ona görə də Mərkəzi Komitəyə və Stalinə müraciətində Kremlin ermənipərəst siyasətini açıq dilə gətirir: "Mikoyandan sonra BEKA-nın (Bakı şəhər Partiya Komitəsinin - C.C.) katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a. Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: Bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrdə təyin edilməsini dayandırmaq vacibdir".
Getdikcə Lenin tərəfindən vəd edilən müstəqilliyin formal xarakter daşıdığını anlayan Doktor Nərimanovu ətrafındakı azərbaycanlı kommunistlərin satqınlığı da məyus edir. Üstəlik, onu tərcümeyi-halına 1 dekabr 1920-ci il tarixli bədnam bəyanatı da yazmağa məcbur edirlər: "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir". Atatürkün ciddi tapşırığı və Türkiyə nümayəndə heyətinin israrı nəticəsində Naxçıvan Ermənistan SSR-ə birləşdirilmir, 1921-ci ilin iyulunda isə Nərimanov Qarabağla bağlı bəyanatından imtina edir və Qarabağ da Azərbaycanın tərkibində qalır, əvəzində Zəngəzur əldən gedir.
Öz milli dövlətini erməni və gürcü kommunistlərindən daha tez Sovet Rusiyasının ayağına verən Nərimanov artıq aldandığını başa düşür və bunu Leninə məktubunda açıq dilə gətirir: "Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz".

Bakını işğal edən XI Qızıl Ordunun komandiri Levandovskiyə üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılıncı da Nərimanov hədiyyə etmişdi. Bu ordunu gətirən zirehli qatarın komandiri Yefremova isə "Qızıl Ulduz" ordeni vermişdi "Şərqin Lenini" - Gəncə üsyanını yatırdığına görə.
Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi-mənəvi nə varsa, həpsini təslim etdilər".
1922-ci ilin martından Nərimanov "yüksək vəzifəyə təyinat" adı ilə Azərbaycandan uzaqlaşdırılır. Əvvəlcə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri, SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında isə ZSFSR təmsilçisi kimi SSRİ MİK-in dörd sədrindən biri seçilir. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunur. Amma vətəni Azərbaycanda deyil, Moskvada, Tiflisdə və Həştərxanda. Əleyhdarları belə tədbirlərin Bakıda keçirilməsinə imkan vermirlər. Stalinə ünvanladığı məktubda “Sınanılmış adam” kimi qiymətləndirdiyi Mövsüm İsrafilbəyov Qədirli Nərimanova teleqram vuraraq vəziyyəti anladırdı: “Bakı şəhərində yubileyinizin qeyd olunması qeyri-mümkündür. İclaslarda adınızın çəkilməsinə yol verilmir”.
Doktor Nərimanov Stalinə məktub yazaraq, ailəsini dolandırmaq üçün sırf ədəbiyyatla məşğul olmaq istədiyini bildirir və Azərbaycana qayıtmasına icazə verilməsini istəyir. Lakin bu istəyi də qulaq ardına vurulur. Aldadılmağa, xəyanət və satqınlıqlara dözməyən Nərimanov 19 mart 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edir, Kreml divarları yanında dəfn olunur. Bundan sonra Nərimanov 30 ildən çox bir müddət ərzində tarixdə, sadəcə, ədəbiyyat xadimi kimi qalmağa məhkum edilir. Yeganə övladı Nəcəf Nərimanov isə 24 yaşında ikən İkinci Dünya müharibəsində həlak olur.
2. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov - aprel işğalından sonra Azərbaycan SSR xalq xarici işlər komissarı, xalq maliyyə komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR Xalq Komissarları Sovetinin sədr müavini, ZSFSR xalq maliyyə komissarı, Tacikistan KP MK-nın birinci katibi, RSFSR Xalq Maarif Komissarlığında qeyri-rus natamam və orta məktəblər idarəsi rəisinin müavini kimi vəzifələr tutur. 1937-ci ildə repressiya olunaraq həbs edilir və 1938-ci ilin Novruz bayramı günü - martın 21-də güllələnir.
Maraqlıdır ki, Mirzə Davud Hüseynov devirdiyi Cümhuriyyətin baş naziri Fətəli Xan Xoyskinin qızı Tamara xanımla ailə qurub. Evliliyə aparan tanışlıq isə 1920-ci ilin iyunun 19-da Fətəli Xanın Tiflisdə qətlindən sonra baş tutub. Həmin vaxt 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına məruz qalmamışdı, Tiflisə getmək üçün isə Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım yeni yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədr müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb. Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.
3. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvü Əliheydər Qarayev - Cümhuriyyət Parlamentinin üzvü olub. Aprel işğalında fəallığı ilə seçilib. Parlamentin son iclasında Məhəmməd Əmin Rəsulzadə ilə təhqiramiz formada danışıb:
- Ultimatumu qəbul etməyə razılaşmasan, gözlərini çıxartdıraram!
- Sən bütün millətin gözlərini çıxartdın!
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, “tovarişlər” səni güllələyəndə məni xatırlayarsan!
Əliheydər Qarayev aprel işğalından sonra Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, xalq əmək komissarı, xalq hərbi dəniz işləri komissarı, Bakı Sovetinin sədri işləyir, "Kommunist" qəzetinin ilk redaktoru olur. Milli düşüncəli ziyalıların təqib olunmasında sidq-ürəkdən iştirak edir. 1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Əliheydər Qarayev və həyat yoldaşı, həkim Xavər Qarayeva-Şabanova Moskvada "xalq düşmənləri" kimi həbs edilərək Bakıya göndərilir. Ə.Qarayev 1918-19-cu illərdə "Hümmət" menşevik təşkilatına üzv olmaqda və Müsavat parlamentində iştirak etməkdə günahlandırılır. Uzun müddət davam edən işgəncələrdən sonra 24 aprel 1938-ci ildə əksinqilabçı ittihamı ilə güllələnir.
4. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvü Qəzənfər Musabəyov - 1920-ci il aprel ayının əvvəllərində Dağıstanın Petrovsk (Mahaçqala) şəhərinə gedir. Burada Azərbaycana hücuma hazırlaşan XI ordu hissələrinə qoşulur və aprelin 27-dən 28-ə keçən gecə “III İnternasional” zirehli qatarında Bakıya daxil olur. İşğaldan sonra respublikanın xalq ərzaq komissarı olur. Eyni zamanda ona Xalq Torpaq Komissarlığının və Xalq Təsərrüfatı Şurasının təşkili işlərinə rəhbərlik etmək tapşırılır. 1922-1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1930-1931-ci illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, 1931-1936-cı illərdə ZSFSR Xalq Komissarları Sovetinin sədri, SSRİ MİK-in sədrlərindən biri olur. 1937-ci il iyulun 25-də Moskva şəhərindəki evində həbs edilir. Deyilənə görə, irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Çoxsaylı işgəncələrdən sonra bacısı Ayna Sultanovanın və yeznəsi Həmid Sultanovun da əleyhinə ifadə verməyə məcbur olan Qəzənfər Musabəyov 9 fevral 1938-ci ildə güllələnir.
5. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvü Həmid Sultanov - 27 aprel 1920-ci ildə AK(b)P MK, RK(b)P Qafqaz Ölkə Komitəsinin Bakı Bürosu və Mərkəzi fəhlə konfransı adından Müsavat hökumətinə və parlamentinə hakimiyyətin bolşeviklərə verilməsini tələb edən ultimatumu şəxsən təqdim edir. Aprel işğalından sonra Azərbaycan SSR-in ilk daxili işlər komissarı, sənaye və ticarət komissarı, kommunal təsərrüfatı komissarı, Xalq Təsərrüfatı Şurasının sədri, Naxçıvan MSSR Xalq Komissarları Şurasının sədri, ZSFSR MİK katibi və s. vəzifələrdə çalışır. Daxili işlər komissarı kimi 1920-ci ilin mayında başlanan Gəncə üsyanının xüsusi qəddarlıqla yatırılmasında fəal iştirak edir, Azərbaycanın görkəmli maarifçisi, publisist və ədəbiyyatşünası Firidun bəy Köçərlinin güllənmə əmrini verir.
Həmid Sultanov Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan tarixinin ilk qadın naziri, xalq ədliyyə komissarı və Ali Məhkəmənin sədri Ayna Sultanovanın həyat yoldaşı olub. 1937-ci ildə hər ikisi həbs olunub. Həmid Sultanov 21 yanvar 1938-ci ildə, Ayna Sultanova isə 3 iyul 1938-ci ildə xalq düşməni kimi güllələnib.
6. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin üzvü Dadaş Bünyadzadə - 1920-ci il martın 15-də Bakı Fəhlə klubunda keçirilən mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri olur. Mitinqin keçirilməsindən xəbər tutan polis onun təşkilatçılarını, o cümlədən D.Bünyadzadəni də həbs edir. Hökumət orqanları onu AXC-yə qarşı silahlı üsyan hazırlayan qurumun üzvü kimi güllələnməyə məhkum edir. D.Bünyadzadəni bu ölümdən 1920-ci il aprelin 28-də edilən bolşevik çevrilişi xilas edir.
Aprel işğalından sonra Azərbaycan SSR xalq maarif komissarı, xalq fəhlə-kəndli müfəttişliyi komissarı, xalq ərzaq komissarı, Ali İqtisadi Şura və Xalq Komissarları Sovetinin sədrinin müavini, Zaqafqaziya xalq ərzaq komissarı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, ZSFSR xalq torpaq komissarı kimi vəzifələr tutur. Cümhuriyyətin onun haqqında çıxardığı ölüm cəzası isə 18 il sonra icra edilir. 20 iyun 1937-ci ildə həbs edilən Dadaş Bünyadzadə Əliheydər Qarayevdən 3 gün əvvəl - 21 aprel 1938-ci ildə güllələnir.
7. Çingiz İldırım - Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi limanın rəis müavini və donanma komandanı olub. 1920-ci ilin 27 aprel gecəsi Bakı Yunkerlər Məktəbini, polis idarəsini, Bayılda hərbi silah anbarını ələ keçirib. Komandanlıq etdiyi donanmadan üçrəngli bayraqları çıxararaq yerə atıb, əvəzinə qırmızı bolşevik bayrağını asıb. Onun əmri ilə hərbi donanmanın gəmiləri toplarını Cümhuriyyət Hökumətinin, Parlamentin yerləşdiyi binalara tuşlayıb və Qırmızı Hərbi Donanma adından Azərbaycan Hökumətinə, Parlamentinə hakimiyyətin dərhal Şura hökumətinə verilməsini tələb edən ultimatum verilib. Bolşeviklərə təslim olmaq istəməyən və Bakını müdafiə etməli olan 6 min nəfərlik ordunu top atəşləri ilə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim edib. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək, Bayılda quraşdırılmış artilleriya sistemini sıradan çıxarıb.
Aprelin 28-də elan olunan ilk sovet hökumətində Hərbi və dəniz işləri üzrə xalq komissarı, 1922-ci ildə sənaye vergisi yığımı üzrə fövqəladə səlahiyyətli şəxs təyin olunub. Bakı-Culfa dəmir yolunun çəkilişinə, Bakı tramvay xəttinin və Bakı-Sabunçu elektrik dəmiryolunun tikintisinə başçılıq edib. 1928-ci ildə poçt və teleqraf komissarı təyin olunsa da, bir il sonra Moskvaya çağırılıb və Maqnitoqorsk metallurgiya kombinatının tikintisinə başçılıq etmək tapşırılıb.
1937-ci il iyulun 7-də xalq düşməni kimi həbs olunan Çingiz İldırıma bir neçə ay sonra ölüm hökmü çıxarılıb, lakin hökm uzun müddət yerinə yetirilməyib. O, dörd ilə yaxın qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanov monastırında hər gün ölüm hökmünü gözləyib. Nəhayət, 1941-ci ilin 27 aprelində - xalqına silah qaldırdığı günün ildönümündə güllələnib.
Son söz yerinə
Bu adamlar bizimlə eyni millətin nümayəndələri olublar. Amma təəssüf ki, zəlzələdən, ya vəlvələdən öz milli dövlətçiliklərinə düşmən kəsiliblər. 71 il onları bizə qəhrəman kimi təqdim ediblər, həqiqətlər gün üzünə çıxanda isə anlamışıq ki, adı çəkilən şəxslər milli dövlətimizin qatilləri olublar. Unutmayaq - tarix təkcə öyrənmək üçün deyil, həm də nəticə çıxarmaq üçündür...
Cavid İsmayıl,
tarix üzrə fəlsəfə doktoru
Lent.az
Xəbərin oxunma sayı : 877
Xəbərlər
-
Bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...
-
“Zelenski Rusiya ilə razılığa gəlməli olacaq“ - Tramp
-
Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?
-
Azərbaycandan 4 ölkəyə məhdudiyyət - Mallar geri qaytarıldı
-
“İtaliya Rusiyanın hücumuna hazır deyil“ - Müdafiə naziri
-
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO
-
Sabah leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı - FOTO
-
İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
-
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
-
“Veysəloğlu-Distribusiya“ ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - FOTOLAR
-
Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında olublar - FOTOLAR
-
“Qarabağ”ın gəncləri “Benfika”ya uduzdu - 1:7
-
Azərbaycanda az iş saatı ilə yüksək maaş alan sahələr - CƏDVƏL
-
Tramp bu nəşri məhkəməyə verdi - 15 milyard dollar tələb edir
-
Güllələnmiş heykəllərə baxdılar - FOTOLAR
-
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı
-
DOST işçiləri arasında dava: Süpürkəçi həmkarını vurdu
-
“Vaxt olur, Səmiyyəyə yemək almağa imkanım çatmır, kömək edin” - MÜRACİƏT
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Leysan yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ
-
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
-
Maliyyə Nazirliyinin işçiləri “gecələr niyə yatmırlar?” - Təfərrüat
-
Bir evdən məktəbə yola düşən 6 uşaq... - FOTO
-
İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
-
“Buraxılış imtahanında yeni test modeli tətbiq ediləcək“ - Məleykə Abbaszadə
-
Tanınmış idmançı vəkilinin pulunu vermədi - Məhkəmədə uduzdu
-
Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi - VİDEO
-
Bakının mərkəzindəki gecə klubu bağlandı - VİDEO
-
Gələn il Azərbaycanda inflyasiya azalacaq - RƏSMİ
-
Uğursuz göz əməliyyatından sonra əlil oldu - TƏFƏRRÜAT
-
Azyaşlı övladı Fransada əllərindən alınan azərbaycanlı qadından açıqlama - VİDEO
-
Bu iki səfirliyin Azərbaycanda vergi borcları var - 250 min manat
-
Yasamal rayon 286 saylı məktəbdə summativ pulu yığılır? - İDDİA
-
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
-
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi - Əvvəl uddu, sonra uduzdu
-
Avro yenidən 2 manatı keçdi - Rəsmi məzənnələr
-
İsrail genişmiqyaslı hücuma başladı - Qəzzanı ələ keçirmək istəyir
-
Bakıda böyük dəyişiklik başlayır: Hansı ərazilər yenidən qurulacaq? (VİDEO)
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
-
“Qəzzada öldürülən fələstinlilərin sayı 680 min nəfərdir” - BMT dəhşətli rəqəm AÇIQLADI
-
Aeroportdan şəhər istiqamətinə yeni taksi qiymətləti - VİDEO
-
Boşanmaların səbəbi nədir və ya kimdir günahkar - AÇIQLAMA
-
Gələn ilin dövlət büdcəsi əsasən hara xərclənəcək? - VİDEO
-
Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı
-
1988-1992-ci illərdə ermənilərin cinayətlər ilə bağlı sənədlər tədqiq edilib - FOTOLAR
-
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
-
“Qızıl Ulduz 2001”də səyyar vergi yoxlaması - 400 min manat əlavə vergi, 200 min manat sanksiya
-
Milyarderlərin münaqişəsi: Mask Sorosu insanlığa qarşı cinayətdə ittiham etdi
-
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?“ (VİDEO)
-
Bilik günü: 288 nömrəli məktəbdə “birinci“lərin duyğuları - VİDEO
-
“İsraillə danışıqlar aparmağın mənası yoxdur“ - Qətər Əmiri
-
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Video
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər
-
Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi - Fotolar
-
Baş nazirdən sərəncam - Bakının bəzi əraziləri yenidən qurulacaq
-
19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?
-
“Antiterror əməliyyatı hamıya dərs oldu“ - “Separatçıların kökünü kəsdik...“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Vüsal 300“ kimi tanınan iş adamı həbs edildi - Əlavə ittiham verilib
-
Prezident Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
-
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
-
Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
Prezident Xocalı sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir“ - Qriqoryan
-
Şirvanda korrupsiya yoxlaması - Həbslər ola bilər
-
26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”
-
“NATO “de-fakto“ Rusiya ilə müharibə aparır“ - Kreml
-
Leysan yağış, dolu yağacaq - Sabahın havası
-
Avtomobillər üçün vergi güzəşti - Dövlət Proqramında nə yazılıb?
-
Bakıda məktəb direktoru məhkəməyə verildi - SƏBƏB
-
Məhbusların da tibbi xərcləri İTS ilə qarşılanacaq - Qanun dəyişir
-
“Rusiya PUA-larının Ukrayna üzərində vurulması NATO ilə müharibə demək olacaq“ - Medvedev
-
Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu - FOTOLAR
-
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
-
Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
-
Avropanın Rusiyaya qarşı sanksiyaları yetərincə sərt deyil - Tramp
-
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
-
Ədliyyə Nazirliyi bu şəxslərə pul verəcək - SİYAHI
-
Terrora cəhd edən erməni bir il əvvəl nə deyirdi? - Müsahibə veribmiş... + VİDEO
-
Bakıda bu yollarda “yaşıl işıq”dır - SİYAHI
-
Prezident İlham Əliyev Xocalıda tut bağında - FOTOLAR
-
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
-
Xırdalanda yerləşən 9 nömrəli məktəbdə valideynlərdən pul yığılır - VİDEO
-
Prezident Xocalının 3 kəndində oldu - FOTOLAR
-
İsrailin Fələstindəki hərəkətləri regional ekspansionizmə çevrilib - Fidan
-
Qohum evliliyi qadağasından sonra nikahların sayı azaldı - STATİSTİKA
-
Zelenski-Putin görüşü daha tez baş tutacaq - Tramp
-
Yol polisindən sürücülərə - Müraciət
-
Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
-
Kəlbəcərə növbəti köç yola düşdü - Fotolar
-
Azərbaycanda Bilik Günüdür - 2,2 milyon şagird təhsil alacaq
-
“Formula-1“ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO
-
Yağış yenə Sabunçuda yenə çətin vəziyyət yaratdı... - VİDEO
-
“Özünə hörmət edən insan orada yaşamazdı” - Prezident
-
Mağaza sahibini torpaq mübahisəsinə görə öldürmüşdü - Ali Məhkəmə qərar verdi
-
Separatçılığın kitabı bağlandı - İlham Əliyev
-
Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb - Sikorski
-
Çoxmərtəbəli tikililərdə gizli qüsurlar: Mütəxəssislər xəbərdarlıq edir
-
“Son beş ilin tarixi Zəfər tarixidir“ - Prezident İlham Əliyev
-
Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir - İsrailin hücumu ilə bağlı
-
Türkiyə XİN Yunanıstana etiraz edib - “Belə təşəbbüslərdən çəkinməyə çağırırıq“
-
Gəncədə 40 yaşlı kişi bıçaqlandı - Şübhəli qardaşıdır
-
Prezident Xankəndidə açılışda iştirak etdi - Fotolar
-
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
20 min cərimələnən məşhur şirkətdən maraqlı izah:“500 manat hədiyyə vermişdik“
TOP 10
ARXİV