Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ruslar birtərəfli addım ata bilməyəcəklər...” – “Sülhməramlılar bəyanatın müddəalarını pozmurlar”

Tarix 06.01.21, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanla diplomatik münasibətlərin qurulması, əlaqələrin yaranması qaçılmazdır”

Rusiya KİV-ləri xəbər verir ki, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Baş tutarsa, bu görüş müharibədən sonra liderlər arasında ilk rəsmi təmas kimi tarixə düşə bilər.

“AzPolitika.info” bu və digər aktual məsələlərlə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə söhbətləşib.

- Mehman bəy, müharibə bitmiş sayılsa da, erməni silahlı dəstələrinin təxribatlarını, rus sülhməramlılarının bəzi hallarda ermənilərə dəstək verməsini müşahidə edirik və gələcəkdə sülhməramlıların daha hansı addımlar ata biləcəyi bəlli deyil. Bu mənada siz Qarabağda yaranan situasiyanı necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd edim ki, sülhməramlılar məncə, üçtərəfli bəyanatın müddəalarını pozmayıblar. Belə hallar qeydə alınmayıb. Ümumiyyətlə, razılaşdırılmış bəyanat ümumi xarakter daşıyır və hələ onun üzərində işləmək, dəqiqləşdirmələr aparmaq lazımdır.

Hadrut təxribatlarına gəlincə, müəyyən qüvvələr vardı ki, oradan çıxmaq istəmirdilər. Səhv etmirəmsə, söhbət iki kənddən gedir. 27-29 noyabrda Ermənistanın Şırak vilayətindən 130 nəfərə qədər muzdlu göndərmişdilər. Mən bilmirəm onlar Qarabağa necə keçib gələ bilmişdilər. Əlbəttə, bu da ayrı problemdir. Bu, əslində Ermənistan tərəfindən bəyanatın pozulması demək idi. Oradakı iki qrupun tərksilah edilməsi və ərazidən çıxarılmasına da rus sülhməramlıları maneçilik törətməyiblər. Sülhməramlılar birinci qrupla danışıqlar aparıblar və müsbət nəticə əldə etməyiblər. Ondan sonra bizim xüsusi təyinatlılar məsələni həll ediblər. Qalan 130 nəfər məsələsinə gəlincə, sülhməramlılara təklif edilib ki, onlar ərazidən çıxarılsın. Onların bir hissəsini Ermənistana yollayıblar. Müqavimət göstərənlər isə sıradan çıxarılıb və səhv etmirəmsə 62 nəfər də Bakıya gətirilib və indi də buradadırlar. Vəziyyət belədir. Nəticə etibarilə orada Azərbaycana qarşı atılan addımlar, bizim maraqlarımıza toxunan hallar müşahidə etmirik.

- Deyirsiniz ki, sülhməramlılar Azərbaycanın maraqlarına qarşı addım atmırlar. Amma fakt budur ki, onlar separatçıların liderlərilə görüşürlər, faktiki ərazidəki qanunsuz silahlı qrupları tərksilah etmirlər, buna heç cəhd də göstərmirlər...

- Siz sülhməramlıların nəzarət etdiyi ərazidə olan silahlıların tərksilah edilməsini nəzərdə tutursunuz? Hansı maddəyə əsasən onlar dərhal tərksilah edilməlidir?

- Bəyanatın 4-cü maddəsində “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” ifadəsi var...

- Həmin maddədə erməni qoşunlarının ərazidən çıxarılmasından bəhs olunur. Həmin qüvvələr də Kəlbəcər və digər rayonlardan çıxarılıblar. O ki qaldı Qarabağdakı “özünü müdafiə dəstələri” adlı silahlıların çıxarılmasına, Xankəndidəki “yerli hökumət” əhaliyə paylanan silahların təhvil verilməsinə dair çağırış edib. Digər tərəfdən, onların özlərinin “ordu” saydığı dəstələr var. Amma sazişdə göstərilməyib ki, bir həftə, iki ay və ya dörd ay ərzində həmin bu qanunsuz hərbi qüvvələr tərksilah edilməlidir. Əslində bu, daha çox gələcək danışıqların predmetidir. Üçtərəfli bəyanat tərəflərin nəzarət etdiyi ərazilərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsini nəzərdə tuturdu. Bu da müəyyənləşdirilmişdi və bizim nəzarətə hansı ərazilər keçməlidirsə, onu da keçiririk. Hətta Ermənistanla olan sərhədin Zəngilan və Kəlbəcər istiqamətində də bu proses gedir. Hadrutda iki kəndlə bağlı ermənilər müqavimət göstərib sazişin şərtlərini pozmağa çalışdı, amma alınmadı. Hansı ki, xəritə hazırlanmışdı, Rusiya Müdafiə Nazirliyi bunu yaymışdı, bizimkilər də təsdiqləmişdi. İndi bunu pozmaq istəyənlər prosesdən kənarlaşdırılır. Məncə, ilkin mərhələ bu idi: müharibəni dayandırmaq, Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarmaq, bu əraziləri tam nəzarətə götürmək, müqavimət göstərmək istəyən qrupları sıradan çıxarmaq. Bunlar da var.

Fikrimcə, növbəti danışıqlar yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında baş tutacaq. Əlbəttə, Minsk Qrupunun regiona səfərləri, yeni danışıqları da gözləniləndir. Odur ki, bu məsələlər getdikcə öz əksini tapacaq. Başqa sözlə, bunlar sülhməramlıların səlahiyyətində deyil, daha çox siyasi məsələlərdir. Hələ mən status məsələsinə toxunmuram.

- Siz demək istəyirsiniz ki, separatçıların silahsızlaşdırılması hələ gündəmdə deyil?

- Yenə qeyd edirəm ki, bu, gələcək danışıqların mövzusudur. Rus sülhməramlıları nəyə görə məsuliyyət daşıyır? Ona görə ki, qarşı tərəfdən bizə qarşı silah işlədilməsin. Əgər işlədiləcəksə, bunun məsuliyyətini Rusiya daşıyacaq. Çünki o, buna imkan verməməlidir. Biz tərəfdən nəsə olsa, biz məsuliyyət daşıyacağıq. Hələlik ilkin mərhələdə vəziyyət belədir.

- İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında gözlənilən görüşdən nə gözləyirsiniz?

- Əgər İlham Əliyev müharibənin gedişində Nikol Paşinyanı günahlandırır və onun haqqında sərt ifadələr işlədirdisə, müharibədən sonra sanki Paşinyanın o qədər də günahkar olmaması, problemlərin daha çox keçmiş hakimiyyətdən qaynaqlandığı ifadə olundu. Yeri gəlmişkən, Paşinyan hakimiyyətə yeni gələndə də İlham Əliyev bu mövzuda çıxışlar edirdi. Yəni Əliyev əvvəlki mövqeyinə qayıtdı, Paşinyanla əvvəlki hakimiyyət arasında fərqi qoydu. Bu gün biz bunu müşahidə edirik, bir növ Əliyevlə Paşinyanın münasibətlərində nisbətən mülayim və danışıqlara hazır olmaq kimi durum görürük.

Ermənistan tərəfini müşahidə etdikdə, Paşinyanın çıxış və bəyanatlarına baxdıqda görürük ki, o da birbaşa keçmiş erməni hakimiyyətini ittiham edir. Sanki mövqelərdə oxşarlıq var, hər iki ölkə rəhbəri müharibəyə görə keçmiş hakimiyyəti günahlandırır. Üstəlik, Paşinyan da cəmiyyətə mesaj verir ki, Azərbaycanla münasibətlər qurmalıyıq, kommunikasiyalar açılmalıdır və s. Yəni oradan da müsbət fikirlər səslənir. Mən, üstəlik, Ermənistanda katalikosun, prezidentin, baş nazirin, “Qarabağ klanı”nın lideri Robert Köçəryanın Yeni İl təbriklərini müşahidə etdim və bəlli oldu ki, çox mülayim münasibət var, Azərbaycanın adı səslənmir, Azərbaycana qarşı düşmən sözü işlədilmir. Bu da onu göstərir ki, onlar yeni vəziyyəti dərk edir və anlayırlar ki, danışıqlar getməlidir. Bu amilləri nəzərə alaraq düşünürəm ki, Moskva görüşü sülhü irəli aparmağa, gücləndirməyə xidmət edə bilər.

- Belə olan halda, hazırda Xankəndidə oturan separatçıların nəzarət etdiyi Azərbaycan ərazilərinin taleyi necə olacaq, biz ora nəzarəti bərpa edə biləcəyikmi və ruslar buna imkan verəcəklərmi?

- Sonuncu müsahibəmiz zamanı qeyd etmişdim ki, müharibə ümumi, yəni beynəlxalq qərardır. İndi də sülhməramlı proseslər həm də ABŞ və Avropa Birliyinin nəzarəti altında gedir. Türkiyə də burada balansı yaradan tərəfdir. Türk ordusunun Azərbaycanda mövcudluğu və Rusiyanın bunu qəbul etməsi əslində, situasiyanı tarazlaşdırır və rusların hansısa bir ekspromt addımlar atmasının, bəyanatın müddəalarını pozmasının, gələcəkdə bizim mənafelərimizə toxunacaq siyasətin ortaya çıxmasının qarşısını alır, bir növ qarant rolunu oynayır.

Türkiyəyə təkcə Türkiyə kimi yox, eyni zamanda NATO ölkəsi kimi baxılmalıdır. Əlbəttə, bu, yeni vəziyyətdir. Başqa sözlə, 1992-ci ildə mövcud olan vəziyyət deyil. Vəziyyətə baxdıqda belə görünür ki, Rusiya qoşunları burada birtərəfli addım atmayacaq, ata bilməyəcək. Onların fəaliyyəti nəzarət altındadır. Həm də yaxın gələcəkdə ABŞ və Avropanın bu prosesə aktiv qoşulacağını və vəziyyətin daha tarazlı olacağını gözləmək olar.

Status məsələsinə gəldikdə isə, əvvəl Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Dağlıq Qarabağın gələcək statusu ətrafında müzakirələr gedirdi və alver predmeti də işğal olunan torpaqlar sayılırdı. Erməni tərəfinin yanaşması belə idi ki, biz sizə yeddi rayonu qaytarırıq, əvəzində siz, Xankəndiyə hansısa status verirsiniz. İndi bu torpaqlar bizdədir, artıq kartlar qarşı tərəfin əlindən çıxıb. Üstəlik, əlimizdə olan torpaqlar Dağlıq Qarabağı hər tərəfdən əhatə edir. Bu, maraqlı hal olmaqla yanaşı, həm də qarşı tərəfə əlavə təsir və təzyiqdir. Həmçinin, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırdığımız və 1991-ci ildə ləğv etdiyimiz bu ərazinin üçdə bir hissəsi bizdədir. Yəni böyük Qarabağ bizdədir, Dağlıq Qarabağı da hər tərəfdən əhatə etmişik. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ adlandırılan ərazinin üçdə bir hissəsi bizdədir. Məsələn, gələcəkdə danışıqlar predmeti nə ola bilər? Biz həmin torpaqları qaytarırıq, hansısa vilayət formasında həmin ərazini Azərbaycan Konstitusiya və yurisdiksiyası daxilində tanıyırıq və məsələ həll edilir.

- Kobud ifadə etsək, demək itəyirsiniz ki, gələcəkdə siyasi-diplomatik təmaslar zamanı alış-veriş bunun üzərində gedə bilər?

- Bəli, bunun üzərində gedə bilər. Ermənilər üçün indi bu vacibdir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə qayıtmaq, amma bizim ərazi bütövlüyümüz çərçivəsində. Əvəzində separatçılar oradan getməlidir. Fikrimcə, əslində söhbət 1988-ci ildə, konflikt başlamazdan qabaq olan statusa qayıtmaqdan gedə bilər. Mən prosesi belə görürəm.

- Sizcə, Rusiya sülhməramlıları burada hansı müddətə qədər qalacaq? Abxaziya, Osetiya, Dnestryani bölgədə baş verənlər göstərir ki, ruslar daxil olduqları yerdən çıxmırlar...

- İş ondadır ki, siz dediyiniz hadisələr tamam başqa zamanda və geosiyasi situasiyada baş verirdi. İndi hər şey dəyişib. Elə buna görə qeyd edirəm ki, burada proseslər bütün tərəflərin iştirakı çərçivəsində baş verib. Odur ki, Rusiyanın burada birtərəfli qaydada hansısa addımlar atmaq imkanı məhduddur. Qarabağ münaqişəsinin həlli məsələsində sülhməramlıların iştirakı hələ 1994-cü ildə nəzərdə tutulurdu. Bu sənədə Rusiya, Azərbaycan və Ermənistan daxil olmaqla ATƏT-in üzvü olan ölkələr imza atmışdılar. Orada konkret qeyd edilirdi ki, sülhməramlı qoşunlar ATƏT bayrağı altında olmalı və hər bir dövlətin sülhməramlı missiyada iştirakı 30 faizdən artıq olmamalıdır. Əvvəl siyasi qərar verilir ki, bu ərazidir, bu statusdur və sonra sülhməramlı qoşunlar bölgəyə daxil olur. Bizim vəziyyətdə isə hər şey başqa cür oldu. Konkret ifadə etsək, müharibə gedirdi və əraziyə daxil oldular ki, tərəfləri ayırsınlar.

Əslində, böyük saziş olmalı, daha sonra sülhməramlılar gəlməlidir. Fikrimcə, böyük saziş imzalandıqdan sonra sülhməramlı qoşunlar məsələsi faktiki gündəmə gəlir. Bu zaman isə ATƏT-in 1994-cü ildə qəbul etdiyi sənəddə göstərilənlər qüvvəyə minməlidir. Əks təqdirdə, bu sənəd ləğv edilməlidir. Və bu sənədin ləğvi üçün ATƏT-in bütün üzv dövlətləri razılıq verməlidir. Konsensus olmadığı halda bu qərar keçməyəcək. Zamanında bu qərar konsensusla qəbul olunub. Yeri gəlmişkən, mən 1994-cü ildə ATƏT-in Budapeşt və sonrakı dövrdə İstanbul Sammitində iştirak etmişəm. Danışıqlar prosesini, oradakı situasiyanı, kimin bu sənədə qarşı müqavimət göstərdiyini görürdüm. Demək istəyirəm ki, biz buna qayıdacağıq. Sazişi imzalasaq, sülhməramlı missiya məsələsi avtomatik gündəmə gələcək. Mən belə ehtimal edirəm.

- Belə bir sənədin imzalanması üçün həm də Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işi getməli, tərəflər bir-birinin dövlət sərhədlərini tanımalıdır. Bu, real görünürmü?

- Sonuncu müsbət hadisə odur ki, Zəngilandakı Şurnux kəndinə rus sərhədçiləri də gəlmişdi. Onlar da tələb etmişdilər ki, bu ərazini Azərbaycana verin. Bu, artıq müsbət haldır. O mənada ki, Rusiya imzalanan sazişin təminatçısı kimi çıxış edir. Eləcə də Kəlbəcər və digər ərazilərdə bizim haqlı tələbimizə maneçilik törətməyiblər.

Delimitasiya və demarkasiya prosesi hələlik ilkin xarakter daşıyır. Biz sərhədləri bərpa edirik və ermənilər də buna rəsmi səviyyədə müqavimət göstərə bilmir. Əlbəttə, ermənilər etiraz edir, amma hökumət heç bir addım atmır, hətta çıxış edərək deyir ki, nə edək, hər şey düzdür. Bu məsələ ilə bağlı gələcəkdə dövlətlərarası komissiya yaradılmalı, bu komissiya rəsmi olaraq sərhədləri müəyyən etməlidir. Sərhədlər yenidən qurulmalıdır. Necə ki, biz bu prosesi Rusiya ilə aparmışıq və hazırda Gürcüstanla aparırıq.

Ermənistanla diplomatik əlaqələr yaranmalı, ölkələr bir-birinin ərazilərini tanımalı və bundan sonra delimitasiya və demarkasiya prosesi getməlidir. Mən hesab edirəm ki, diplomatik münasibətlərin qurulması, əlaqələrin yaranması qaçılmazdır. Dediyim beynəlxalq qərar isə təkcə ona görə verilməyib ki, bu torpaqlar azad edilsin, həm də ona görə verilib ki, Cənubi Qafqazda sülhə əsaslanan sistem yaradılsın, bu region gələcəkdə Avropa Birliyi ilə sıx əlaqədə olsun, demokratiya, bazar münasibətləri və digər məsələlər bərqərar olsun. Buradakı ölkələr eyni standartlar çərçivəsində inkişaf etsin, beynəlxalq demokratik aləmin bir hissəsinə çevrilsin və sair. Hesab edirəm ki, bu, böyük bir layihədir və proses bu layihə çərçivəsində gedəcək.



Xəbərin oxunma sayı : 484




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap