“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir?

Tarix 01.09.26, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Sosial mediada son vaxtlar estetik əməliyyatlar həyata keçirən həkimlərin səhifələrinə tez-tez rast gəlmək mümkündür. Qarşımıza reklam olaraq çıxan belə səhifələrin adlarını bir-bir qeyd etdikdən sonra həmin həkimlərin Instagram hesablarına nəzər yetirmək qərarına gəldik.
 
Xitab24.az-ın araşdırması nəticəsində məlum oldu ki, estetik-plastik əməliyyatlar həyata keçirdiyini bildirən bu həkimlərin hamısı sosial media hesablarında reklam xarakterli paylaşımlar edir, videolar çəkir, müxtəlif mövzularda çıxışlar edirlər.
 
Yəni sosial mediada fəaliyyətləri kifayət qədər açıqdır. Bəzilərinin profilində hətta dünənə aid pasiyent paylaşımı da var.
Bu həkimlərin əksəriyyəti ilə pasiyent kimi yazışaraq danışdıq və konsultasiya təyin etdik.

Araşdırma zamanı diqqət çəkən əsas məqam bu oldu: siyahıda adına rast gəlinməyən həkimlərin əksəriyyəti ixtisasca ümumi cərrahdır. Buna baxmayaraq, sosial media hesablarında özlərini estetik-plastik cərrah kimi tanıdır və estetik əməliyyatlarla bağlı xidmətlər təklif edirlər.
 
Həkimlərdən birinə “Səhiyyə Nazirliyinin siyahısında adınız yoxdur, bəs necə fəaliyyət göstərirsiniz?” sualını ünvanladıqda isə belə cavab verdi:
 
“Biz ümumi cərrahıq. Orada tək plastik cərrahların adı var”.
 
Məsələnin hüquqi və peşəkar tərəfini anlamaq üçün əvvəlcə icra olunan prosedurların mahiyyətinə baxmaq lazımdır.
 
Abdominoplastika qarın nahiyəsində artıq dəri və piy toxumasının götürülməsi, qarın divarının və konturlarının formalaşdırılmasıdır. Əsas məqsəd bədən formasını estetik olaraq yaxşılaşdırmaqdır.
 
Liposaksiya isə bədənin müəyyən nahiyələrindəki lokal piylərin xüsusi üsulla çıxarılması və bədən konturunun dəyişdirilməsidir. Bu prosedur da əsasən estetik məqsədlə həyata keçirilir.
 
Azərbaycanın rezidentura ixtisasları təsnifatında ümumi cərrahiyyə və plastik cərrahiyyə ayrı-ayrı ixtisaslar və kodlarla göstərilir.
 
Eyni zamanda, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlər siyahısında da “Ümumi cərrahiyyə – ümumi cərrahi” və “Plastik cərrahiyyə – plastik cərrahi” ayrı fəaliyyət sahələri kimi göstərilir.
 
Bu baxımdan həkimin ümumi cərrah ixtisasına malik olması onun avtomatik olaraq estetik plastik cərrahiyyə əməliyyatları, o cümlədən abdominoplastika və liposaksiya icra etmək səlahiyyətinə malik olması demək deyil.
 
Burada əsas sual isə budur: həmin şəxsin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti üçün hüquqi əsası varmı?
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıqda bildirildi ki, yalnız sosial şəbəkələrdəki reklamlarla bağlı tədbir görmək mümkün deyil.
Qeyd olunur ki, konkret şikayət, resept, foto və digər sübutlar olmalıdır ki, araşdırma aparmaq və yoxlama həyata keçirmək mümkün olsun.
 
Beləliklə, sosial mediada açıq şəkildə estetik əməliyyatların reklam olunması öz-özlüyündə yoxlamanın başlanması üçün yetərli əsas hesab edilmir.
 
Bu isə başqa bir sual doğurur: sosial mediada açıq şəkildə xidmət təklif edən, estetik əməliyyatlarla bağlı paylaşım edən şəxslərin fəaliyyətinin hüquqi baxımdan qiymətləndirilməsi üçün hansı mexanizm mövcuddur?
 
Əgər konkret şikayət və ya digər sübut tələb olunursa, o zaman nəzarət mexanizminin yalnız pasiyent müraciət etdikdən və ya konkret problem yarandıqdan sonra işə düşüb-düşmədiyi də sual doğurur.
 
Ötən il də estetik cərrahiyyə sahəsində fəaliyyət göstərən həkimlərlə bağlı məsələ gündəmə gəlmiş, yoxlama məqsədilə təftiş komissiyası yaradılmışdı.
 
Səhiyyə Nazirliyi bir qrup həkimin adından ibarət siyahı açıqladı və siyahı sonradan yeniləndi. İlkin siyahıda 42 həkimin adı vardı, hazırda isə onların sayı 46-ya çatıb.

Lakin sosial mediada aparılan bu araşdırma göstərir ki, nazirliyin siyahısında adı olmayan şəxslər də estetik əməliyyatlarla bağlı xidmətlərini sosial platformalarda açıq şəkildə təqdim edirlər.
 
Burada əsas məsələ onların siyahıda olub-olmamasından daha çox, bu şəxslərin hansı ixtisas və hüquqi əsasla konkret estetik-plastik əməliyyatları həyata keçirdiyinin necə müəyyənləşdirilməsidir.
 
Təftiş komissiyası həkimləri hansı meyarlarla yoxlayır?
Qərar hansı əsaslarla qəbul edilir?
İxtisasca ümumi cərrah olan şəxsin liposaksiya və abdominoplastika kimi estetik əməliyyatları həyata keçirmək hüququ varmı?
Əgər belə bir hüquq varsa, bunun hüquqi əsası nədir?
Əgər yoxdursa, Səhiyyə Nazirliyinin siyahısında adı olmayan şəxslərin sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərməsi necə izah olunur?

Məsuliyyət yalnız pasiyentin üzərinə düşür?
 
Səhiyyə Nazirliyinin məsələ ilə bağlı mövqeyində əsas diqqət konkret sübut və şikayətlərin mövcudluğuna yönəlir.
 
Nazir Teymur Musayev isə əvvəlki açıqlamalarından birində insanların estetik əməliyyatlara üz tutmaması üçün maarifləndirmə işinə dəstək göstərilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Milli Məclisdə də bu mövzuda pasiyentin öz məsuliyyətinə toxunan fikirlər səsləndirmişdi.
 
Amma məsələ yalnız maarifləndirmə ilə bitirmi?
 
Əgər bir şəxs müvafiq ixtisasa malik olmadan estetik-plastik əməliyyat həyata keçirirsə, burada məsuliyyət yalnız pasiyentin üzərinə düşür?
 
Pasiyent həkimin ixtisasını, onun konkret əməliyyatı həyata keçirmək hüququnun olub-olmadığını və həmin xidmət üçün hüquqi əsasının mövcudluğunu necə yoxlamalıdır?
 
Burada həm pasiyentin, həm də nəzarət edən qurumların üzərinə düşən məsuliyyət məsələsi ortaya çıxır.
 
Sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərdiyini müəyyən etdiyimiz və Səhiyyə Nazirliyinin açıqladığı siyahıda adına rast gəlmədiyimiz şəxslər bunlardır:
 
Həmzə Aydınov – Avropa Beynəlxalq Hospital
Aytən Verdiyeva – Stimul Hospital (ümumi cərrahdır)
Günəş Piriyeva
Rəvan Əliyev – Daxili İşlər Nazirliyinin Hospitalı
Şəhla Həsənova – International Medical Center
Rabil Osmanov
Ramiz Kərimov – İstanbul NS Klinikası
Bariz Zeynalov
Əjdər Ələkbərli
Şövkət Əliyeva – Azər Türk Med Hospital
 
Doktor Şəbnəmin soyadını tapa bilməsək də, özü ilə danışdıq, "Kraton Clinic"də xəstə qəbul etdiyini deyir. Amma maraqlısı budur ki, həmin klinikanın saytında həkimlərin siyahısında Şəbnəm adlı həkim yoxdur.
 
Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bu siyahının təqdim olunması həmin şəxslərin qanunsuz fəaliyyət göstərməsi barədə nəticə çıxarmaq məqsədi daşımır. Siyahı sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərdiklərini təqdim edən və
Səhiyyə Nazirliyinin açıqladığı siyahıda adına rast gəlinməyən şəxslər əsasında hazırlanıb.
 
Bütün bunlar fonunda əsas sual budur: estetik əməliyyat edən həkimin bu əməliyyatı etməyə ixtisası və icazəsi olub-olmadığını pasiyent necə bilməlidir? Əgər siyahıda olmayan həkimlərin sosial mediada bu əməliyyatları açıq şəkildə təklif etməsinin qarşısını almaq mümkün deyilsə, o zaman bu siyahının nə faydası var və Nazirlik niyə bununla bağlı daha aydın və işlək nəzarət mexanizmi yarada bilmir?



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap