Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Taksi xidmətlərində özbaşınalıq necə aradan qaldırılmalıdır? - ARAŞDIRMA

Tarix 25.05.23, 21:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən taksi xidmətlərindən narazılıqlar, taksi sürücülərinin qanunsuz davranışları və davamlı qəzalara səbəb olmaları ilə əlaqədar mediada çoxsaylı faktlar dərc edilir. Bu məsələyə dərindən diqqət etdikdə həm taksi sürücülərinin, həm də sərnişinlərin şikayətlərinə səbəb olan məqamlara rast gəlirik. Taksi sürücüləri daşımanın və əziyyətin çox, gəlirin az olmasından narazılıq etdikləri halda, sərnişinlər taksi xidmətlərinin keyfiyyətsiz və təhlükəli olduğunu qeyd edirlər. Taksi sürücülərinin son zamanlar Azərbaycanda aktivləşən kartla ödəniş əməliyyatlarına müsbət yanaşmaması, bəzən məhz buna görə sərnişinlərlə kobud rəftarı da narazılıq yaradan məqamlar sırasındadır.

Taksi xidmətləri ilə bağlı şikayətlər təkcə bu da deyil. Azərbaycanda 75 minə yaxın taksinin olduğu vurğulanır və bu durumun küçə və prospektlərdə ciddi sıxlığa səbəb olduğu, qəzaların artmasına gətirib çıxardığı qeyd edilir.

Taksi sürücülərinin işə yoxlanılaraq götürülməməsi, xüsusilə qadın sərnişinlərə qarşı nalayiq davranışları, insanları hətta bəzən qarət etməyə cəhd göstərmələri isə ümumiyyətlə, ciddi təhlükəyə çevrilmiş bir məqam olaraq vurğulanır. Göründüyü kimi, Azərbaycanda taksi fəaliyyəti ilə əlaqədar hökm sürən özbaşınalıq və xaos ciddi problemlərə gətirib çıxarır.

Bununla əlaqədar taksi xidmətlərinə nəzarəti həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) də Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir, böyük narazılıqlara səbəb olur. Agentliyin analizinə əsasən, taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən və keyfiyyətsiz xidmətdən, vətəndaşlar isə ümumilikdə taksilərin xaotik və təhlükəli idarə olunmasından, tıxaclar yaratmasından şikayətlənirlər:

“Azərbaycanda taksi sayı digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq və tıxaclar müşahidə olunur. İctimai nəqliyyatın hərəkətini ləngidən əsas amil də elə onminlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Əgər fərdi nəqliyyat vasitəsi gün ərzində iki dəfə səfər reallaşdırırsa, taksilərdə bu göstərici dəfələrlə çoxdur. Belə ki, avtobuslar arasında normal halda interval 5-10 dəqiqə təşkil etməlidirsə, yollardakı ləngimələr səbəbindən bu rəqəmlər ciddi şəkildə artır.

Hazırda ölkə ərazisində taksi xidməti göstərən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir”.

Agentlikdən bildirilib ki, təxminən 2 000-ə yaxın taksi nəqliyyat vasitəsi “Fərqlənmə nişanı”nı alıb:

“Taksi aqreqatorları vergi orqanına qeydiyyata düşmədən sürücülərlə müqavilə bağlayırlar. Taksilərin “Fərqlənmə nişanı” almamaları üçün şərait yaradılır. Sürücülərlə əmək müqaviləsi imzalanmır.

Ölkə ərazisində taksi xidməti kompleks şəkildə tədqiq olunub, taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.

Əsas məqsəd vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.

Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi fəaliyyəti müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində fəaliyyət göstərən AYNA-nın “pəncərə”lərinə müraciət etmək mümkündür.
Taksi minik avtomobillərinin sürücüləri üçün etik-davranış qaydalarına dair təlimlərin təşkil edilməsi nəzərdə tutulur”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə düşünür ki, taksi xidməti sırf bazar iqtisadiyyatı əsasında formalaşmış xidmətdir. Ekspert də razılaşır ki, bu sahədə son illərdə müəyyən özbaşınalıqlar, xaos hökm sürür:

“Çünki müvafiq qurumlar bu sahəni zamanında, doğru-dürüst tənzimləyə bilməyiblər. Sərnişinlərin əsas iki şikayəti var: keyfiyyətin aşağı olması və təhlükəsizlik. Taksi xidmətindən istifadə edən vətəndaş mənzil başına sağ-salamat çatacağından əmin deyil.

Bu problemlərin yaranma səbəbləri isə vaxtilə məsələyə ciddi yanaşılmamasıdır. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən taksi operator xidmətləri Azərbaycan qanunlarına hörmət etmirlər, Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı reqlamentini saymırlar.

Sərnişin olan istehlakçıların hüquqlarını müdafiə edən qanun da mövcuddur. Taksi fəaliyyətini tənzimləyən iki qurum da var, bu, AYNA və Bakı Nəqliyyat Agentliyidir.

Göründüyü kimi, qanunverici baza, aidiyyəti qurumlar, resurslar var. Sadəcə, ortada istək yoxdur. Buna baxmayaraq, ötən həftədən etibarən bu istəyin də yarandığını az-çox müşahidə edirik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan qanunlarını pozan taksi şirkətlərinə xəbərdarlıq ünvanlayıb. Ümid edirik ki, taksi operator şirkətləri, taksi şirkətləri və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan şəxslər qaydalara əməl edəcəklər”.

Pandemiyanın qızğın olduğu, xüsusi karantin rejimi vaxtı dövlətin bu sahəyə güzəştə getdiyini xatırladan E.Cəfərovun sözlərinə görə, məqsəd aztəminatlı ailələrin dolanışığı üçün taksi fəaliyyəti ilə məşğul olmağa şərait yaradılması idi:

“Taksi sürücüləri dövlət tərəfindən “sıxılmadılar” ki, hələlik özünüməşğulluq kimi bununla məşğul ola bilsinlər. Amma nəzərə almaq lazımdır ki, karantin dövrü bitib, bu sahədə ciddi islahatların olacağı gözlənilir. Sadəcə, yaxşı olar ki, bu islahatlar vətəndaşa zərər vurmasın. Bu sahədə fəaliyyət göstərən şirkətlər öz işlərində tənzimləmə aparıb, Azərbaycan qanunlarına uyğunlaşdırsınlar.

İctimai nəqliyyatın vəziyyətinin yaxşı olmaması, marşrut avtobuslarının azlığı, nəqliyyatın sıxlığı, vətəndaşların saatlarla dayanacaqlarda qalması taksi xidmətinə tələbi artırır. Bu zaman isə sürücülərə və avtomobillərə də tələb artır. Nəticədə iqtisadi geriləməyə səbəb olur. Çünki taksi fəaliyyətində istifadə olunan avtomobillərin əksəriyyəti köhnədir. Ölkəmizə gətirilən bu avtomobillər yararsız, ömrünü başa vurmuş avtomobillərdir. Azərbaycanda bu qədər çox təcrübəli taksi sürücüsü olmadığına görə, gənclər, ümumiyyətlə sürücülük təcrübəsi olmayan, qeyri-peşəkar şəxslər cəlb edilirlər. Bu, bölgələrə, hətta kənd təsərrüfatına da ziyan vurur. Çünki bölgələrdə kənd təsərrüfatı ilə məşğul olmaq istəməyən, qazanc əldə edə bilməyən cavanlar da Bakıya üz tutur, burada bir avtomobil icarəyə götürüb, taksi fəaliyyəti ilə məşğul olurlar. Beləliklə, bölgələr boş və inkişafdan geri qalır. Yaxın zamanlarda bunun vətəndaşın ziyanına olmadan və qiymət siyasətinin liberallığını qorumaqla həll ediləcəyinə ümidliyik. Heç bir halda fiks taksi qiyməti qoyulmamalıdır. Bu, digər qiymətlərin də yüksəlməsinə səbəb ola bilər. İctimai nəqliyyat yüksək səviyyəyə gəlib çatarsa, o zaman taksi xidmətinin qiymətlərinin yüksəlməsi barədə düşünmək olar”.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap