Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Raqqa müəmması:İslam dünyası böyük məzhəb savaşı astanasında - Təhlil

Tarix 08.11.16, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarın amerikalı həmkarı Cozef Danfordla Ankarada keçirilən görüşləri 4 saat yarım çəkib.

Bildirilir ki, görüşdə əsasən İraq və Suriya hadisələri, PKK uzantısı olan PYD-nin silahlandırılması məsələləri müzakirə olunub. Türkiyənin “Fərat qalxanı” əməliyyatına ABŞ və koalisiya qüvvələrinin hava dəstəyi verməsi də görüşün başlıca məsələlərindən olduğu vurğulanır.

Maraqlıdır ki, ABŞ Baş Qərargah rəisi Danfordun istəyiylə keçirilən görüş əsnasında PYD-nin liderliyindəki Demokratik Suriya Gücləri (DSG) adlı silahlı qüvvələr Türkiyənin əndişələrini artıracaq açıqlamalar vermiş, Raqqa əməliyyatına başladıqlarını elan etmişdilər. Əməliyyata dəstək verən beynəlxalq koalisiyanın rəhbəri polkovnik Con Dorrian da bu faktı təsdiqləmiş, Raqqa hücumuna 30-40 min döyüşçünün qatıldığı və bunun 10 mininin ərəb könüllüləri, digərlərinin PYD üzvləri olduğunu bildirmişdi.

PYD sözçüləri isə ABŞ-la əldə etdikləri razılaşmaya əsasən, Türkiyənin heç bir halda bu əməliyyatlarda yer almayacağını açıqlamışdılar. Demokratik Suriya Gücünün (DSG) sözçüsü Talal Silo AFP xəbər agentliyinə açıqlamasında eynilə belə deyirdi: “ABŞ liderliyindəki koalisiya gücləriylə Türkiyənin və onun müttəfiqi olan silahlı qüvvələrin əməliyyatda rol almayacağına dair qəti bir razılığa gəldik".

Sözsüz ki, Raqqa əməliyyatının bu tərkibdə hazırlanması Türkiyəni narahat etməyə bilməzdi. Ankara bununla bağlı əndişəsini dəfələrlə dilə gətirmiş və nəyin bahasına olursa olsun, PKK-nın Suriya uzantısına Şimali Suriyada dövlət qurmağa imkan verməyəcəyini açıqlamışdı. İlk baxışdan isə hadisələrin gedişatı Türkiyənin istədiyi istiqamətdə getmirdi.

Talal Silonun açıqlamasında  dilə gətirdiyi başqa fikirlər də narahatlığı xeyli artırırdı. Belə ki, DSG sözçüsü ABŞ ordusunun onları yeni silahlarla təchiz etdiyi və bu silahlar arasında xüsusilə tank əleyhinə raketlərin də yer aldığını açıqlamışdı. Raqqadakı İŞİD-dən çox, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Şimali Suriyaya girən Türk ordusunun tanklarla hərəkət etdiyini nəzərə alsaq, həmin silahların əsl hədəflərinin kim olacağı barədə mesaj verilirdi, sanki. Özü də elə bir zamanda ki, Türkiyənin sözügedən əməliyyatda havadan müdaxilə imkanları Suriya və Rusiya hərbi gücləri tərəfindən məhdudlaşdırılmış və Ankara bütün ümidlərini tankçılara bağlamışdı.

rakka1

Məlum olduğu kimi, bir neçə həftə bundan öncə bölgədə hərbi əməliyyatlar keçirən türk təyyarəsi Suriya hava hücumlarından müdafiə sistemləri tərəfindən “vurula bilərsiniz” siqnalından sonra geri qayıtmış və ərazidə uçuşlara son verilmişdi. Həmin hadisədən indiyə qədər Türkiyənin “Fərat qalxanı” əməliyyatında qazandığı uğurların da sayı azalmış, türk ordusu strateji önəmə sahib əl-Bab qəsəbəsinin 14 km-liyində dayanmışdı. Suriyada burun-buruna gətirilən digər qüvvələr də qəsəbəyə təxminən eyni məsafədə "dondurulmuşdu". Hazırda PYD qüvvələri qəsəbənin şərq cəbhəsindən 19 km, Suriya ordusu isə cənubdan 10 km uzaqlıqda qərar tutub.

Keçirildiyi bəyan olunan əməliyyatın adı da Türkiyə baxımından əndişədoğurucuydu. DSG-nin açıqlamasına görə, əməliyyat “Fərat qəzəbi” adlanırdı. Xatırladaq ki, hardasa bir ay əvvəl Türkiyənin eyni istiqamətdə başlatdığı əməliyyatın adı da Fərat çayı ilə bağlıdır – “Fərat qalxanı”.  Sanki Türkiyəyə “qalxan”a qarşı “qəzəb”lə cavab veriləcəyi mesajı ötürülürdü.

Qısası, bu qədər mürəkkəb vəziyyətdə istənilən an hadisələr öz əndazəsindən çıxa, arzuolunmaz məcralara yönələ bilərdi.

Görünür, ABŞ Baş Qərargah rəisini də Ankaraya elə bu gərginlik gətirmişdi.

İki generalın 4.5 saat dayanmadan müzakirələr aparması da vəziyyətin kritikliyindən xəbər verirdi. İstər Türkiyə, istərsə də ABŞ Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı məlumatlar isə, müzakirələrin gərgin keçməsinə baxmayaraq, ümumi razılıq əldə edildiyini göstərir.

aljazeera-660x370

Pentaqonun rəsmi açıqlamasında Türkiyənin həssaslığını anladıqları, Raqqa əməliyyatında kürd separatçılardan daha çox, sünni ərəblərin prosesə cəlb olunmasının vacibliyi vurğulanır. Bu da Türkiyənin əvvəldən bəri irəli sürdüyü tələblərindən idi və əslində “Fərat qalxanı” əməliyyatı da məhz bunun üçün həyata keçirilirdi.

Sual oluna bilər: ABŞ Türkiyənin həssaslığını bu qədər dərindən anlayırdısa, iki Baş qərargah rəisinin keçirdiyi görüş əsnasında PYD rəhbərliyi altında Raqqa əməliyyatına başlamaq nəyə lazım idi?

Açıqlamada bu suala da aydınlıq gətirilir. Belə məlum olur ki, ABŞ ərəb döyüşçülərini əməliyyata cəlb edə bilmədiyindən, məcburən, PYD qüvvələrinə yönəlib və əslində bu qüvvələrlə İŞİD-in Suriyadakı paytaxtına girmək fikrində deyil. Sadəcə, Raqqa ətrafındakı çəmbəri daraldaraq xilafətçiləri çətin vəziyyətdə qoymaq planlaşdırılır. Əsl Raqqa əməliyyatını isə sünni ərəbləri ətrafına toplamaqla mükəlləf olan Türkiyə keçirəcək.

İrəli sürdüyümüz bu iddianı ABŞ Baş Qərargahının rəisi Danfordun Raqqa əməliyyatları barədə söylədiyi aşağıdakı fikirlər də təsdiqləyir: "DSG Raqqa ətrafında və Raqqada düşməni təcrid etmək üçün cənuba doğru irəliləyir. Təcrid mərhələsinin aylarla sürəcəyini hər zaman ifadə etmişik, bu gün də eyni fikirdəyik. DSG İŞİD-in Rakkadakı güclərini Mosuldakı qüvvələri hesabına möhkəmlənməsinin qarşısını alacaq və biz bu şəhərdə Türkiyəyə, Avropaya, ABŞ-a yönəlik hər hansı bir hücumun hazırlanmayacağından əmin olacağıq. Terrorçuların hərəkət qabiliyyətini məhdudlaşdıracağıq".

Danfordun bu açıqlamasından göründüyü kimi, ABŞ-ın kürd separatçılarını ön plana çıxarması əslində taktiki bir gediş idi. Məqsəd Türkiyəyə başqa və daha təhlükəli alternativlər göstərib onu yenidən özünün Yeni Yaxın Şərq proyektinə qaytarmaq və sünni qüvvələrini Ankaranın ətrafında toplayaraq, regional məzhəb müharibəsinə hazırlamaqdır. Maraqlıdır ki, bunu heç Danfordun özü də gizlətmək fikrində deyil. Pentaqonun məlum açıqlamasında ona istinad edilən bu fikirlər etiraf kimi səslənir: "Raqqaya nəzarət və onun idarə edilməsinin DSG-yla mümkün olmadığını hər zaman bilirdik. Hal-hazırda həyata keçirmək istədiyimiz məqsəd əməliyyat üçün lazim olan güclərin ən doğru tərkibini tapmaqdır. Raqqa əməliyyatı üçün ən doğru tərkib bölgə xalqı və yerli tayfalardır. Əməliyyatda əsasən sünni ərəblərdən ibarət olan bir gücə ehtiyac duyulur. Buna bənzər güclər isə var: mötədil müxaliflər, Suriya ordusunun sabiq əsgərləri, Azad Suriya Ordusu. Raqqaya yaxınlaşdıqca, bölgəni xilas etməyə hazır olan digər gücləri də təyin edəcəyik. DSG sadəcə Suriyadakı İŞİD silahlılarının təcrid edilməsində möcüzəvi bir iş bacardı. Raqqanın ələ keçirilməsi mərhələsi isə Türkiyənin fikirləri nəzərə alınmadan  irəliləyə bilməyəcək. Türklər bunu həyata keçirəcək gücləri tanımaqda bizə yardımçı olacaqlar”.

rakka

Təbii ki, Danfordun dediyi bu sözlər İŞİD-in Raqqa adlı paytaxtı üçün keçərlidir. İŞİD-in isə iki paytaxtı var – biri Raqqa, digəri Mosuldur. Mosulda isə eyni funksiyanı İran həyata keçirir. O da şiə silahlı qüvvələrini bir araya gətirməyə çalışır. Raqqayla Mosul arasındakı məsafə isə 466.8 km-dir. Tam da iki qoşunun baş qərargahlarının güvənli şəkildə yerləşə biləcəyi qədər məsafə.

Sizcə, görünən dağa bundan artıq bələdçilik etməyə ehtiyac varmı?

Heydər Oğuz

Strateq.az



Xəbərin oxunma sayı : 568




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap