Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Xan oğlunun hökuməti, istiqlalın ağır yükü və qəfil erməni gülləsi... — ARAŞDIRMA

Tarix 28.05.17, 5:29

Font ölçüsü : - / +
bitmap-img6


Anar YUSİFOĞLU


Fətəli xan Xoyskinin mübarizə, ağrı-acı, şərəf dolu həyatını Anar Yusifoğlu yazır...

Bu yazıda 1918-ci il mayın 28-də istiqlalımızın elan olunmasında, şərqin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranmasında və fəaliyyətində əməyi, rolu olan şəxsiyyətlərin, Azərbaycan Milli Şurası üzvlərinin həyatı və mübarizəsi haqda yazılar yer alacaq. Dövlətçilik tariximizin mühüm bir mərhələsi olan ADR-in yaradıcılarının ömür və mübarizə yoluna nəzər salmaqla, o dövrün gerçək tarixini öyrənmək üçün daha bir fürsət əldə edəcəyik. 

“Çox hörmətli Məhəmməd Əmin! Əlimərdan bəy vasitəsilə 50 min manat göndərirəm. Hər ehtimala qarşı gürcülərdən və ermənilərdən çox sərf etmək lazımdır. Bakı məsələsi hələ qurtarmayıb. Əlimərdan bəy Sizə ətraflı məlumat verər. Ən başlıcası Türkiyə ilə qarşılıqlı münasibətləri birdəfəlik aydınlaşdırmaq lazımdır. Hamıya salam, əllərinizi sıxıram...» 

Bunu Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski yazıb. Təkcə bu məktub Xoyskinin necə çətin bir ictimai-siyasi şəraitdə işlədiyinin, dövləti qurmaq, müstəqil hakimiyyəti Azərbaycanın bütün bölgəsində bərqərar etmək üçün verdiyi mücadilənin sübutu üçün kifayət edir.

Gürcüstanın müstəqilliyini elan etməsi ilə Zaqafqaziya seyminin dağılması iqtisadi, hərbi, siyasi resursları olmayan, yeni formalaşan Azərbaycan siyasi elitasını konkret addım atmağa vadar edirdi. 1918-ci il mayın 28-də Tiflisdə toplaşan 26 nəfərlik türk-müsəlman parlamentarilər Osmanlı imperiyası ilə konfederasiya və müstəqillik arasında daha uğurlu seçimə imza atdılar və 24 parlament üzvünün səsiylə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu. Bir gün sonra isə ermənilərin ərazi iddialarına qismən cavab verildi: Milli Şura İrəvan xanlığının mərkəzi İrəvan şəhərinin Ermənistana paytaxt olmasına razılıq verdi.

Bakı daşnakların nəzarəti altında olduğundan yeni hökumət Gəncədə fəaliyyət göstərməyə qərar verdi və ciddi israrlardan sonra Azərbaycanın görkəmli siyasət adamı, nüfuzlu ictimai xadim Fətəli xan Xoyski hökuməti qurmağı üzərinə götürdü.

Xoyski hökuməti hətta Türkiyə ilə münasibətlərin tam aydınlaşdırılmadığı bir dönəmdə Azərbaycana rəhbərlik edirdi. 20 gündən sonra, iyunun 17-də Milli Şura fəaliyyətini dayandıracaq və 6 ay müddətində bütün səlahiyyətləri Fətəli xan Xoyskiyə həvalə edəcəkdi. Ölkənin şərqində «Baksovet» adlı qeyri-qanuni bir qurumun fəaliyyət göstərdiyi, qərbində ermənilərin torpaq iddiası ilə azərbaycanlılara qarşı soyqırımlar törətdiyi, Şimalda Denikin ordusunun təhdid etdiyi, Sovet Rusiyasının XİN rəhbəri Çiçerinin hədə dolu siyasi təzyiqləri, Gəncəyə gələn türk generalı Nuru Paşanın simasında Türkiyənin belə Azərbaycanın müstəqilliyi barədə o qədər də ciddi düşünmədiyi dönəmdə heç bir ölkə tərəfindən tanınmayan, büdcəsi, ordusu, strukturu, kadrı mövcud olmayan bir dövləti qurmaq böyük tarixi məsuliyyət tələb edirdi.

Xan Xoyski bu məsuliyyətin altına girmişdi.

«O günlər siz dəfələrlə müraciət edərək, hökumətin təşkilinə məni vadar etdiniz. Mən o vaxt sizə dedim ki, belə xətərli bir zamanda heç kəs cəsarət edib tamam hökuməti ələ ala bilməz. Sizin sidq ilə hökumətin dalında durub kömək edəcəyinizə ümid olduq. “Əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram” dedim... Heç bir hökumət sorğudan inciməz. Amma sorğu var, sorğu var: bir sorğu var ki, atanın oğula verdiyi nəsihət, bir sorğu var ki, zəhərli bədxahlıqdır. Bu sorğu hökumətə badalaq vurmaq, bizi yerə soxmaqdır...» 

1919-cu ilin fevralın 5-də Milli Şurada çıxışı zamanı Fətəli Xan Xoyskinin dediyi bu sözlər adamı dəhşətə gətirir: bu qədər çətin şəraitdə daxildə belə yeni hökumətə vaxtaşırı yaradılan maneələrdən Xoyskinin cana yığıldığı göz qabağındadır. Bu çıxışdan az sonra, fevralın 25-də Xan Xoyski hökumətin istefa müraciətini Milli Şuraya göndərdi.

Bu istefaya qədərsə Fətəli xan çox işlər görmüşdü, çox...

Niyə Fətəli Xan? 

Müstəqilliyini yenicə elan edən Azərbaycan Milli Şurası hökumətin qurulması üçün niyə Fətəli xanın namizədliyi üstündə israr etdi?

Hər şeydən öncə ona görə ki, Fətəli xan çox nüfuzlu bir nəslin nümayəndəsi idi.

Xoy xanlığının başçısı Cəfərqulu xanın Azərbaycana olan iddiası İran şahı ilə toqquşmaya gətirib çıxardı. Fətəli şahla döyüşdə məğlub olan Cəfərqulu xan 20 minlik qoşunu ilə Eçmiədzinə sığındı və Rusiya ilə ittifaq bağladı. Daha sonra Şəki xanlığının rəhbərliyinə gələn Cəfərqulu xanın tərəfdarları, nəsil-nəcabətinin böyük əksəriyyəti bu əraziyə köçdü və «Xoy xanları» «Xoyski» adlanmağa başladı.

Geniş sosial dayağa, əlaqələrə malik Xoyski nəsli görkəmli şəxsiyyətlər yetirmişdi və Azərbaycan xalqı arasında böyük rəğbətlə tanınırdı. 1875-ci ildə anadan olan Cəfərqulu xanın nəticəsi, general-leytenant İsgəndər xanın oğlu Fətəli xan isə Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Gəncə, Suxumi, Batumi və Kutaisidə dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmış, Yekaterinidor dairə məhkəməsində prokuror müavini, 2-ci çağırış Rusiya Dumasında müsəlman deputat fraksiyasının aparıcı siması olmuşdu.

1917-ci il hərəkatında aktiv iştirak edən Xan Xoyski martın 27-də Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, dekabrda yaranan Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri olmuşdu. 

Fətəli xan geniş erudisiyası, qətiyyəti, xarakteri və iradəsi ilə həm Dumada, sonralar isə Zaqafqaziya Seymində siyasilər arasında seçilən bir şəxsiyyət idi. Hələ Dumada olduğu illərdə Azərbaycanın muxtariyyatı məsələsini davamlı olaraq gündəmə gətirən, xalqları müstəmləkəçilikdən azad etməyin vacibliyini deyən cəsarətli vətənpərvər ziyalı kimi ciddi imic qazanmışdı.

Xarakterinə və dünyagörüşünə görə siyasi elitada mövqeyi, xalq arasındakı nüfuzu, böyük bir nəslin şərəfli siması kimi Milli Şura Fətəli Xan Xoyski səviyyəsində Azərbaycan hökumətini formalaşdıra biləcək ikinci alternativ görmürdü.

Xan Xoyski də bunu bildiyi üçün israrlı təklifləri qəbul etmişdi.

Xoyski dövlət qurur! 

Fətəli Xan Xoyski hökuməti iyunun 17-də xalqa müraciətlə əsas hədəflərini açıqladı - müəssisələrin, məhkəmələrin və məktəblərin milliləşdirilməsi! 

1918-ci ilin iyunun 24-də Azərbaycanın dövlət bayrağı haqda qərar verdi, eyni ayın 26-da iki diviziyanın yaradılması ilə Azərbaycan ordusunun formalaşdırılmasına başlanıldı, iyunun 27-də türk dili Azərbaycanın dövlət dili elan olundu, iyulun 2-də ilk polis bölümünün yaradılması haqqında əmr verildi, iyulun 15-də Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən vəhşilikləri, qətliamları, soyqırımlarını öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı, sonradan Komissiyanın işinin nəticəsi olaraq 31 mart tarixinin «soyqırım» günü kimi qeyd olunmasına qərar verildi; avqustun 30-da Gəncə şəhərinin adını özünə qaytardı… 

Bakı vaxtının ölkə ərazisində saat vaxtı kimi götürülməsi, üçrəngli və ay-ulduzlu bayrağın qəbulu, mətbuat üzərindən senzuranın qaldırılması, «Baksovet» və daşnaklara qarşı türklərlə birgə ilk uğurlu hərbi əməliyyatların keçirilməsi Fətəli Xan Xoyskinin təkcə Gəncədəki fəaliyyətinin bir hissəsidir.

Bakının işğaldan azad olunması və sentyabrın 17-də hökumətin paytaxta köçməsi ilə Xan Xoyskinin daha gərgin işi başlandı. Hər şeydən öncə ona görə ki, şəhərin azad olunmasından sonra hökumətin gəlişinə qədər orduya verilən sərbəstlik səbəbindən yaranan narahatlıqlar aradan qaldırılmalı, Nuru Paşa ilə münasibətlərə aydınlıq gətirilməli, hökumətin işləməsi üçün inzibati resurslar formalaşdırılmalıydı.

Mudros müqaviləsi və Türkiyə qoşunlarının noyabr ayında ölkəni tərk etməsindən sonra Bakıya gələn İttifaq Komandanı general Tomsonun Azərbaycanın müstəqilliyini qəbul etməməsiylə növbəti gərginlik yaşandı. 

Tomson Fətəli xanla görüşündə Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Amma Cümhuriyyətin baş naziri belə bir dövlətin yarandığını, bunun Azərbaycan xalqının iradəsi olduğunu qeyd edir. Fətəli xan:

- Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.

General Tomson:

- Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm

Fətəli xan:

- Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm

Tomson tərcüməçiyə müraciətlə: 

- Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır.

Fətəli xan tərcüməçiyə:

- General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik.

Amma bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Xoyskinin Tomsonla apardığı diplomatik danışıqların nəticəsi özünü çox gözlətmədi. General Tomson dekabrın 29-da bəyanat verdi: ”Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək”. 

«Dünyanın bizə ehtiyacı var»

Etiraf etməyə məcburuq ki, Azərbaycan tarixində mühüm səhifələr yazan Fətəli Xan Xoyskinin ictimai-siyasi portreti ilə bərabər, ədəbi obrazı da bu vaxta qədər yaradılmayıb. Çünki 1920-ci il aprelin 28-də Sovet ordusunun ölkəmizi işğalı ilə Xalq Cümhuriyyətinin əsas simaları kimi, Xan Xoyski də «qara siyahıya» salındığından, adının tarixdən silinməsinə xüsusi səy göstərilib.

Fətəli Xan görünüşü necə olub, nitqi ilə ətrafdakılara necə nüfuz edib?

Bu xatirələr çox olmasa da, heç yox da deyil: “Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu müharibədən (Birinci Dünya Müharibəsi nəzərdə tutulur – A.Y.) sonra həqiqətən hər şey kökündən dəyişəcək.

Bunları söyləyən, peşəsi vəkil olan Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin qayğısını və qeyrətini çəkən bir adam olduğunu bilirdik. 

Fətəli xan ciddiləşib sözünə davam etdi: 

– Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə kim qalib gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və zəifləyəcək. Biz isə zəif düşməyəcəyik, yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və gur səslə tələb etmək gücünə sahib olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz Osmanlılardan nə gözləyiriksə, Romanovlardan da eyni şeyi tələb edirik. Bizi hər sahədə maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü dövlətlər nə qədər zəif düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş qüdrətimizdən, pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya yox, dünyanın bizə ehtiyacı olacaqdı» («Əli və Nino» əsəri).

Bu bir ədəbi parçadır, amma əsərdə iştirakçıların öz adıyla və xarakterinə uyğun canlandırılması Hacı Zeynalabdin Tağıyevin də qatıldığı bu müzakirənin real tarixi faktlar olduğuna heç bir şübhə yeri qoymur.

Xoyskinin fədakarlığının, millət və xalq yolunda bütün vasitələrə əl atmasının da yenə «Əli və Nino»da bədii əksini görürük.

«Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun nazirliyinə gəlim. Ertəsi gün onun yanına getdim. Otağına girdiyim zaman o, odlu baxışlarını mənə zillədi:
- Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz?
- Mən özüm də bunu bilmirəm.
Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim.
- Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam.
Əmrinizə hazıram.
- Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini neçə vaxta öyrənə bilərsiniz?
Mən bir az çaşqınlıqla güldüm.
- Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis dilini bilirəm.
Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. Sonra birdən soruşdu:
- Nino necədir?
Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni təəccübləndirdi.
- Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır.
- O da ingilis dilini bilirmi?
- Bəli, bilir.
O, enli bığlarını tumarlayaraq yenə də susdu.
Mən sakit tərzdə dedim:
- Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır olacaq. Ninonun şifonerində çoxlu axşam geyimləri vardır. İkimiz də ingiliscə bilirik və nəhayət, evimizdə içiləcək şampan şərablarının pulunu da özüm ödəyərəm.
Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı: 
- Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara böyük ehtiyacımız var. Xanımı avropalı olan, soylu bir ailədən çıxan, ingiliscə bilən və evi də ziyafətlərə uyğun ola biləcək adamlar ölkəmizdə çox deyil. Məsələn, mənim ingilis dilini öyrənməyə heç vaxt pulum və vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı bir arvadım olsun.
O, yorğun görünürdü. Qələmi götürüb dedi:
- Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin olunursunuz. Xarici işlər naziri Əsədullanın yanına gedin. O, sizə vəzifəniz haqqında izahat verəcək. Və... xahiş edirəm inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla sizə müraciət etdiyim üçün həqiqətən utanıram.
- Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim...» 

Siyasi manevrləri 

Nuru paşa Gəncəyə gələndən sonra Milli Şura fəaliyyətini dayandırmağa məcbur oldu. Belədə Xan Xoyski Nuru paşa ilə danışıqlara getdi və onu «ilhaqçı» (Osmanlı imperiyasına birləşmək) olduğuna inandırdı. Ona görə də Nuru paşa Xoyskinin başçılıq etdiyi hökumətin Azərbaycanı idarə etməsinə razılaşdı.

Uzun müddət yalnız müstəqillikdən danışan, «Osmanlılardan umduğumuz, Rusiyadan tələb etdiyimiz yalnız müstəqillikdir» deyən Xoyskinin «ilhaqçı» mövqeyi Gəncədə qınaq obyektinə çevrilsə də, Fətəli xan nə etdiyini gözəl bilirdi. Çünki 1918-ci ilin iyununda artıq Birinci Dünya Müharibəsinin nə ilə nəticələnəcəyini hiss etmək Xoyski kimi siyasət adamı üçün o qədər də çətin deyildi.

Fətəli xan onu «ilhaqçılıqda» suçlayanlara əhəmiyyət belə vermədən bir tərəfdən özünü birləşmə tərəfdarı kimi göstərir, digər tərəfdən isə müstəqil Azərbaycanın güc strukturlarının, ordusunun yaradılması və dövlət atributlarının qəbulu ilə bağlı bir-birinin ardınca və sürətlə qərarlar verir, nəticələr əldə edirdi. Paralel olaraq Azərbaycan torpaqlarının daşnaklardan və «Sentrokaspi»dən azad olunması üçün könüllüləri Nuru paşanın ordusuna daxil olmağa çağırır, Birinci Dünya Müharibəsi sona çatana qədər Bakını işğaldan qurtarmağa səy edir, Nuru paşa ilə danışıqlar aparır, Məhəmməd Əmin Rəsulzadənin Osmanlıya səfəri və uğurlu nəticə əldə etməsi yolunda əlindən gələni əsirgəmir.

Təsadüfü deyil ki, sentyabrın 17-də hökuməti Bakıya köçürən Fətəli xan, özünə aid olmasa da, «3 günlük yanlışlıqları» bölüşdü və artıq «hakimiyyətin bərqərar olunduğunu» bildirməklə idarəetməni ələ aldığını nümayiş etdirdi: «Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur, hökumət bunu gizlətmir. Ancaq mümkün idimi hökumət bunun qarşısını alsın? (…) Hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşsa, hökumət gəldikdən sonra Bakı və ətraf kəndlərin əhalisinə rəsmi müraciət olundu, millətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqa malik olduğu, həyatları, əmlakları və hüquqları qorunacağı və ictimai qayda-qanunları pozanların müharibə qaydası ilə cəzalanacağı bildirildi».

Xoyski həmin günləri və gördüyü işləri dekabr ayında keçirilən parlamentdə belə şərh edəcəkdi…

Ermənilərin törətdiyi soyqırımın araşdırılması, soyqırım gününün qəbul edilməsi, xarici və daxili siyasətdəki uğurlu islahatlar tariximizin şanlı səhifələri olaraq Fətəli xanın xidmətləridir. «Daşnaksütyun» partiyasının Azərbaycan və türk siyasi xadimlər içərisində ilk olaraq Fətəli xan Xoyskini öldürmək planının da səbəbi bu idi.

Dünyəvi dövlət tərəfdarı

Tarixi mənbələrə görə, Xan Xoyski Azərbaycan Cümhuriyyətini tam dünyəvi bir dövlət kimi görüb və dinin dövlətdən tamamilə ayrı fəaliyyət göstərməsini istəyib. Qaynaqlara görə, Şeyxülislam və müfti onunla görüşüb, hansısa vəzifə ilə hökumət heyətində iştirak etmək istədiklərini bildiriblər. Fətəli xan “Təklifinizi yersiz saydım. Hökumət dini mövzuları müzakirə etməz. Əslində din haqqında heç bir məlumata malik deyilik. Əgər din haqqında islam ölkələrindən bir müraciət alsaq, sizə ərz edəcəyik. Sizin verdiyiniz qərarı müdafiə edəcəyik. Bütün nazirlər sizin dini görüşlərinizin tərəfdarı olacaqlar. ... İstiqlalımızı elan edib, Cümhuriyyət qurduq. Bütün millətlə birgə durmadan çalışmalıyıq. Biz hökumət tərəfindən mədəni dünyanın istehsal etdiyi malları idxal etməmək və ehtiyacımızı təmin etmək məqsədilə zavodlar qurmalıyıq. İnşallah, buna müvəffəq olacağıq. Ancaq bilirsiniz ki, rusların dövründə Azərbaycanın buğda ehtiyacı öz əkin sahələri çatışmadığı üçün daim Şimali Qafqazdan təmin edilmişdir. İndi o yerlər sərhədlərimizdən kənarda qalmışdır. Biz indi ən mühüm qida məhsulu olan buğdanı necə olursa-olsun özümüz yetişdirməliyik. Bu işə bütün millət səfərbər edilmişdir. Sizdən xahişim budur ki, əgər kəndlilərimiz tarlalarda zəif işlərlərsə, ehtiyacımız təmin olunmaz və xalqımız aclıqla üzləşər. Halbuki, mübarək Ramazan yaya düşmüşdür. Tarlalarda kəndlilərimiz qadınlı-kişili görünməkdədirlər. Artıq Ramazan ayında işləmək imkansız hala gəlmişdir. Siz xalqımıza gələcəkdə üzləşəcək aclığı bildirib, Ramazan ayında məhsulu tədarük etdikdən sonra keçirə biləcəklərini daha əlverişli olmasını başa sala bilərsinizmi? Baxın, artıq şəhərdə münəvvər insanlar bunu dərk edərək, Ramazan ayını başqa vaxta keçirmişlər”. 

Amma Xoyskinin bu xahişi yerinə yetirilməyib. 

Tarixi qaynaqlarda Xoyskiyə Gəncə yepiskopu tərəfindən göndərilən bir məktub da var: “Çox möhtərəm zati dövlətləri Fətəli xan. Hər zaman yaşadığım Tbilisi şəhərinə gedərkən Ortodoks kilsəsinin və kilsəyə mənsub din xadimlərinin ehtiyaclarına qarşı zati aliniz və başında durduğunuz hökumət tərəfindən göstərilən ehtiram və diqqət dolayısı ilə dərin və ürəkdən təşəkkürümü bildirməyə cəsarət edirəm. Vaxt azlığından dərin və səmimi hörmətlərimi şəxsən bir dəfə ərz etmək fürsətini əldə edə bilmədiyim üçün çox üzüldüm. Tanrıdan sizin üçün hüsn-rəğbət dillər və zati alinizə dərin məhəbbətimi ərz edərim”.

«Özümü çox xoşbəxt hiss edirəm»

Fətəli xan Azərbaycan tarixində həm də davranışlarına görə xüsusi hörmətə layiq olan siyasi xadimlərdən biridir. O, 1919-cu ilin fevralın 25-də Milli Şuraya istefa məktubu göndərmişdi. İstefanın başlıca səbəbi isə Nazirlər Şurasında işləyən bir məmurun korrupsiya faktına imza atması olmuşdu. Fətəli xan özünə qətiyyən aid olmasa da, işçisinin hərəkətindən üzülmüş və istefa vermişdi.

Daha sonra Nəsib bəy Yusifbəyli hökumətində xarici işlər naziri kimi çalışan Xoyski Azərbaycanın ən ağrılı problemini – ölkənin de-yure tanıdılması məsələsini üzərinə götürdü. Nəhayət, Paris sülh konfransında Xoyski istəyinə çatdı və 1920-ci il yanvarın 14-də Azərbaycanın de-yure və de-fakto tanınması şərəfinə çağırılan Millət Məclisində ilk olaraq çıxış etdi:
«İstiqlalını əldə etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, istiqlaliyyətə layiqi vardır. Bir il yarımda Azərbaycan milləti öz həyatı, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməyə və istiqlaliyyətini tanımağa vadar oldu. Bu xəbər yalnız bizim üçün deyil, ümumi türk milləti və türk aləmi üçün böyük bir bayramdır. Özümü artıq dərəcədə xoşbəxt hiss edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim və indi də təsdiqini mən elan edirəm».

«Böylə bir günü haqq etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar, biz isə onu il yarım içərisində qazandıq» deyən Fətəli Xan təvazökarlıq edib demirdi ki, Azərbaycanın tanıdılmasında XİN təmsilçiləri olan iki nəhəng şəxsiyyətdən biri də o özüdür.

Cümhuriyyət iyunda süqut etdi

Bakı Dövlət Universitetinin yaranması ideyasının müəllifi də Fətəli xan idi. Tarix sübut etdi ki, bu məsələdə də Xoyski haqlıymış: Cümhuriyyətin ruhuyla yoğrulan BDU Sovet imperiyası zamanında belə Azərbaycanın milli məfkurə daşıyıcısı oldu.

Xoyski Cümhuriyyətin ən ağır yükünü çiynində daşıyan böyük tarixi şəxsiyyət idi. 1920-ci il aprelin 27-də Cümhuriyyət işğal olundu, hakimiyyət 11-ci Qırmızı Ordunun təkidi ilə Kommunist Partiyasının əlinə keçdi. Amma nə qədər ki Xoyski və silahdaşları sağ idi, nə qədər ki Cümhuriyyətin siması sayılan Fətəli xan yaşayırdı, Azərbaycanın müstəqilliyini itirdiyini düşünənlərin sayı çox az idi…

«Daşnaksütyun» partiyasının 9-cu qurultayında qəbul edilən və «Nemezis» adı verilən türk diplomat və siyasi xadimlərinin məhv edilməsi əməliyyatı 1920-ci il iyunun 19-da ilk atəşini açdı: Tiflisin İrəvan meydanında əqidədaşı Xəlil bəy Xasməmmədovla indiki Paliaşvili adına Opera və Balet Teatrının yanından keçərkən Aram Erkayan və Misak Qriqoryan sui-qəsd planını həyata keçirdi və…

Azərbaycan Xalq Cümhuriyyəti Fətəli xan Xoylunun simasında həmin gün süqut etdi! 

Görəsən, həmin an Xoyski Xasməmmədovla 6-cı hökuməti müzakirə etmirdi ki? Birinci hökumətdə ədliyyə, ikincidə portfelsiz, üçüncüdə daxili işlər nazirliyini etibar etdiyi Xəlil bəyə Xan nə deyirdi?

Onların nəyi müzakirə etdiyi yəqin və ehtimal ola bilər. Ancaq Xan Xoyskinin ruhunun onillərlə narahat olduğuna heç bir şübhə yoxdur.

…Bir də 20-ci əsrin sonunda, Fətəli xanın başladığı dövlət quruculuğunu tamamlayan Heydər Əliyevin Tiflis səfərində Xoylu Fətəli xanın narahat ruhu arxayınlaşacaqdı; Cümhuriyyətin əsas dayağı və böyük siyasi xadiminin Tiflisdəki qəbrini ziyarət edən Heydər Əliyev Fətəli xanın yubileyinin keçirilməsi sərəncamı ilə tariximizin bu şanlı səhifəsini öz yerinə qaytaracaqdı… (lent.az)



Xəbərin oxunma sayı : 355




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap