“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları

Tarix 15.09.26, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


Müxtəlif şəxsləri dövlət qurumlarında əlaqələrinin olduğuna və onların məsələlərini həll edə biləcəyinə inandıraraq pullarını almaqda təqsirləndirilən şəxslərlə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxslər Elçin Məmmədov (ad və soyad şərtidir) və Kamran Hüseynov Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə mülkiyyət şəhadətnaməsinin alınmasına köməklik göstərəcəklərini deyərək zərərçəkmiş şəxsdən 17 min manat alıblar. Pulun Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən ofisdə verildiyi və daha sonra aralarında bölüşdürüldüyü bildirilir.

Başqa bir epizodda Elçin Məmmədov zərərçəkmiş şəxsi dayandırılmış təqaüdünün bərpa olunacağına inandırıb. 2021-ci ilin iyun-iyul aylarında Xırdalan şəhərində müxtəlif vaxtlarda ondan ümumilikdə 10 min manat aldığı göstərilir.

İttihama görə, Elçin Məmmədov daha sonra başqa bir şəxsi tibbi ekspert komissiyasından yoxlamadan keçirərək əlilliyinin təsdiqlənməsinə köməklik göstərəcəyinə inandırıb və bunun müqabilində pul alıb. Bu epizod üzrə 2020-ci ilin oktyabrında 4 min, 2021-ci ilin aprelində 5 min, həmin ilin mayında isə 15 min manat olmaqla, ümumilikdə 24 min manatın verildiyi qeyd olunur.

Elçin Məmmədovun ifadəsində isə bu məsələ ilə bağlı başqa məbləğ göstərilib. O, zərərçəkmiş şəxsdən ümumilikdə 16 min manat aldığını, sonradan həmin vəsaitin 10 200 manatını qaytardığını, qalan 5 800 manatı isə müəyyən müddət ərzində qaytara bilmədiyini bildirib.

Hüquq-mühafizə orqanlarında işə düzəltmə vədi

Daha bir epizod hüquq-mühafizə orqanlarında işə düzəltmə vədi ilə bağlıdır. İş materiallarına görə, Elçin Məmmədov zərərçəkmiş şəxsin tanışının bu qurumlarda işə düzəlməsinə köməklik göstərəcəyini deyərək 17 min manat alıb. Pulun 2021-ci ilin yay aylarında Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində verildiyi göstərilir.

Cinayət işində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsöndürən kimi işə düzəltmə vədi ilə bağlı epizod da yer alır.

İttihama əsasən, Elçin Məmmədov tanışları ilə birlikdə zərərçəkmiş şəxsə onun iki qohumunu FHN-də işə düzəldə biləcəyini deyib. Hər iki şəxs üçün ümumilikdə 17 min manat tələb olunub. Pulun bir neçə dəfəyə verildiyi bildirilir.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, əvvəlcə 5 min, daha sonra 4 min, növbəti görüşdə isə 8 min manat verilib.

Elçin Məmmədov isə həmin pulları başqa bir şəxsə çatdırdığını bildirib. Onun ifadəsinə görə, pul aldığı günlərin hər birində Bakı şəhərində həmin şəxslə görüşüb və alınan məbləğləri ona verib. Həmin şəxsin FHN-də tanışlarının olduğu və iki nəfərin işə düzəlməsinə köməklik göstərə biləcəyi bildirilib.

İş materiallarında bu pullardan sonradan müəyyən məbləğlərin geri qaytarıldığı da qeyd olunur.

Hərbi xidmət və saxta tibbi sənədlər

Cinayət işinin daha bir epizodu hərbi xidmət məsələsi ilə bağlıdır.

Elçin Məmmədov zərərçəkmiş şəxsə onun oğlunun Bakı şəhərində yerləşən Daxili Qoşunların hərbi hissələrindən birində xidmət etməsinə köməklik göstərə biləcəyini deyib və bunun müqabilində 4 min manat alıb.

İş materiallarına görə, həmin şəxs 2022-ci ilin yanvarında hərbi xidmətə çağırılmalı olub. Oğlunun Bakıdakı hərbi hissələrdən birinə düşməsini istəyən ailə Elçin Məmmədova müraciət edib.

Elçin Məmmədov ifadəsində həmin vaxt Daxili Qoşunlarda və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tanışı olmadığını bildirib. Buna baxmayaraq, məsələni həll edə biləcəyini deyərək 4 min manat alıb.

Sonradan həmin şəxsin Naxçıvanda hərbi xidmətə göndərildiyi müəyyənləşib. Bundan sonra Elçin Məmmədov ailəyə onun növbəti çağırış zamanı Bakıya keçirilməsinə köməklik göstərəcəyini deyib.

İş materiallarında daha sonra saxta tibbi sənədlərlə bağlı epizod təsvir olunur. Bildirilir ki, hərbi xidmətə çağırışın dayandırılması məqsədilə həmin şəxsin guya xəstəxanada qida zəhərlənməsi diaqnozu ilə müalicə almasını göstərən sənədlər hazırlanıb.

Elçin Məmmədovun ifadəsinə görə, o, bu sənədlərin hazırlanması üçün tanışı Samirə müraciət edib. Bir müddət sonra ona üç sənəd verilib. Sənədlərdə həmin şəxsin müəyyən tarixlərdə xəstəxanada müalicə aldığı göstərilib.

Elçin Məmmədov isə həmin şəxsin əslində xəstəxanada müalicə almadığını və sənədlərin saxta olduğunu bildiyini deyib. İş materiallarında həmin sənədlərin hazırlanmasında başqa bir şəxsin də iştirak etdiyi göstərilir.

Torpaq sahəsinin sənədləşdirilməsi

Elçin Məmmədovun adı daha bir əmlak məsələsində keçir.

İttihama görə, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 0,5 hektar torpaq sahəsinin üzərindəki qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə və özəlləşdirilməsinə köməklik göstərəcəyini deyərək 2018-ci ildən 2022-ci ilin əvvəllərinə qədər ümumilikdə 35 min manat alıb.

Elçin Məmmədov bu epizod üzrə də pul aldığını təsdiqləyib. Onun sözlərinə görə, obyektin sənədləşdirilməsi ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib və müəyyən sənədlərin hazırlanması prosesində iştirak edib.

O bildirib ki, obyektin yerləşdiyi torpaq sahəsinin ilkin sərəncamının olmaması səbəbindən sənədləşmə prosesi uzanıb. Aldığı pulların bir hissəsini sənədlərin toplanmasına xərclədiyini, sonradan isə həmin vəsaiti qaytara bilmədiyini deyib.

İttihamda Elçin Məmmədovun daha bir şəxsin qızını “ASAN xidmət” mərkəzinə işə düzəltmək vədi ilə 17 min manat aldığı bildirilir. Pulun 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında verildiyi göstərilir.

Digər epizodda isə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən qeyri-yaşayış binasına çıxarış alınmasına köməklik göstərəcəyini deyərək 30 min manat aldığı qeyd olunur. Bu pulun 2022-ci ilin avqust ayının sonunda Bakı şəhəri, Yasamal rayonu ərazisində verildiyi bildirilir.

Elçin Məmmədovun daha bir şəxsin oğlunu Azərbaycan Beynəlxalq Bankında işə düzəltmək vədi ilə 12 min manat aldığı ittiham olunur. Pulun 2022-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində verildiyi göstərilir.

2022-ci ilin noyabrında isə “Əmanətlərin Sığortalanması Fondu”nda işə düzəltmək vədi ilə 12 min manat aldığı bildirilir. Bu məbləğin iki dəfəyə verildiyi qeyd olunur: əvvəlcə 2 min, daha sonra 10 min manat.

İş üzrə sonuncu epizodlardan biri FHN-də işə düzəltmə vədi ilə bağlıdır. Elçin Məmmədov zərərçəkmiş şəxsin oğlunu FHN-də işə düzəldə biləcəyini deyərək 13 min manat alıb.

Kamran Hüseynovun ifadəsi

Kamran Hüseynovun adı əsasən Elçin Məmmədovla birlikdə törədildiyi göstərilən epizodlarda keçir.

Onun ifadəsinə görə, 2023-cü ildə tanışı Ramiz ona qonşusunun oğlunun FHN-də işə düzəlməsi ilə bağlı köməklik istəyib. Kamran Hüseynov həmin vaxt Elçin Məmmədovun əvvəllər Prezident Administrasiyasında (PA) işlədiyini və belə məsələləri həll edə bildiyini dediyini bildirib.

Bundan sonra Kamran Hüseynov Elçin Məmmədovla görüş təşkil edib. Görüş Xırdalan şəhərində yerləşən “Amazon” restoranında baş tutub. Burada zərərçəkmiş şəxsin oğlunun FHN-də işə düzəldilməsi məsələsi müzakirə olunub.

Kamran Hüseynovun ifadəsinə görə, Elçin Məmmədov bu işi 8 min manat müqabilində həll edə biləcəyini və həmin şəxsin iki ay ərzində işə başlayacağını deyib. İlkin ödəniş kimi 5 min manat tələb olunub və həmin məbləğ görüş zamanı Elçin Məmmədova verilib.

Kamran Hüseynov bildirib ki, Elçin Məmmədov həmin vaxt pulun alınması barədə yazılı qəbz də verib.

Sonrakı vaxtlarda zərərçəkmiş tərəfə Elçin Məmmədovun FHN-ə bir neçə dəfə çağırıldığı bildirilsə də, işə düzəltmə baş tutmayıb.

Daha sonra onun Prezident Administrasiyasında işləmədiyi və müxtəlif şəxslərin müraciət etdiyi məsələlər üzrə pul aldığı barədə məlumatlar ortaya çıxıb.

İş üzrə təqsirləndirilən şəxslər məhkəmədə bir sıra epizodlar üzrə pul aldıqlarını təsdiqləyib, bəzi hallarda isə vəsaitlərin müəyyən işlərin görülməsi üçün verildiyini bildiriblər. Ayrı-ayrı zərərçəkmişlərə müəyyən məbləğlərin sonradan qaytarıldığı da ifadələrdə qeyd olunub.

Məhkəmənin hökmü

Məhkəmənin hökmü ilə Elçin Məmmədov Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinib və ona 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onun 2022-ci və 2025-ci illərdə şübhəli şəxs qismində tutulduğu, həmçinin 2023-2024-cü illərdə həbsdə saxlanıldığı müddətlər — ümumilikdə 11 ay 26 gün — təyin edilmiş cəzadan çıxılıb.

Nəticədə Elçin Məmmədovun üzərində qəti olaraq 1 il 9 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Kamran Hüseynov barəsində isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarının müvafiq bəndləri tətbiq edilib. O, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə görə cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap