“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA

Tarix 09.09.26, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Altı ayda Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub

2026-cı ildə güclü yağış, sel və subasma Azərbaycanda təkcə infrastruktura deyil, kənd təsərrüfatına və sahibkarlara da ciddi zərər vurub. Apreldə Prezidentin sərəncamı ilə leysan və sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün 85,87 milyon manat vəsait ayrılıb. Bu vəsaitin bir hissəsi yollar, su təsərrüfatı, elektrik infrastrukturu və digər obyektlərin bərpasına yönəldilib.

Əkin sahələrində itkilərin miqyası isə daha böyükdür. Aqrar Sığorta Fonduna təkcə martın 27-dən aprelin 9-dək 6 541 hektar sahə üzrə zərər müraciətləri daxil olub. Mayın əvvəlindən iyunun əvvəlinədək isə müraciətlər 53 min hektar ərazini əhatə edib.

Sahibkar üçün problemin ən ciddi tərəfi odur ki, yağış yalnız məhsulu məhv etmir. Anbarların, avadanlıqların, ticarət obyektlərinin və istehsal sahələrinin zədələnməsi, logistikanın dayanması və satışların azalması əlavə xərc yaradır. Nəticədə biznesin dövriyyəsi və mənfəəti aşağı düşə bilər.

Məsələn, avqustda Kürdəmirdə 7 hektar pambıq sahəsi leysan və doludan ciddi zərər görüb və fermerə 6 156 manat sığorta ödənişi verilib.

Belə görünür ki, payızda güclü yağışlar olacaq. Bu halda əsas risklər ərzaq qiymətlərinin artması, fermerlərin gəlirlərinin azalması, bizneslərin əlavə bərpa xərcləri ilə üzləşməsi və sığorta ödənişlərinin artması olacaq. Xüsusilə kənd təsərrüfatında məhsul itkisi növbəti aylarda bazara çıxarılan məhsulun həcmini azalda və qiymətlərə təzyiq yarada bilər.

Ən böyük problem isə yağışın özü yox, infrastruktura uyğunlaşmayan biznes və təsərrüfatların təkrarlanan zərərlə üzləşməsidir.

Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadların bütün dünya boyu əsasən kənd təsərrüfatına vurduğu zərərlər getdikcə artır. Bu prosesə dünya dövlətləri bir neçə istiqamətdə tədbirlər həyata keçirməklə reaksiya verirlər. Ilk növbədə aqrar sığorta mexanizmi təkmilləşdirilir, onun bütün kənd təsərrüfatı istehsalçılarını əhatə etməsi üçün dəstək tədbirləri həyata keçirilir. Bu zaman dövlət dəstəyi aparıcı rolunu saxlayır.

Azərbaycanda aqrar sığorta 2021-ci ildən tətbiq olunur. Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi - subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.Ötən 5 ildə bitkiçilik sahəsində proses xeyli sürətlənsə də, heyvandarlıqda bu, qeydə alınmır. Ölkə üzrə mövcud heyvan sayının 1 faizi belə sığortalanmaya cəlb olunmayıb. Bitkiçilikdə isə vəziyyət xeyli fərqlidir.

Aqrar Sığorta Fondunun məlumatlarına görə, 2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb. Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb və 341 224 hektar əkin sahəsi sığortalanıb. Bu, ölkə üzrə mövcud olan 1,7 milyon hektar əkin sahəsinin təxminən 20 faizi deməkdir.

Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb. Bunlara taxıl bitkiləri - arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür.

Altı ayda Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.

2026-cı ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu, ölkə üzrə sayı 10 milyon olan ümumi heyvan sayının 0,03 faizi deməkdir. Bağlanan müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.

Azərbaycan hökuməti hva şəraitinin daha çox fermerə vurduğu zərərin qarşılanması üçün dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi və təminat verdiyi risklərin siyahısını daha da genişləndirməyə hazırlaşır. Bu, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur.

Proqrama əsasən, aqrar sığortanın əhatə etdiyi əkin sahələrinin həcmi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara çatdırılacaq.

Bundan başqa, proqrama uyğun olaraq aqrar sığorta mexanizminin əhatə etdiyi kənd təsərrüfatı heyvanlarının sayı 2030-cu ildə 100 min başa yüksəldiləcək.

Proqrama əsasən, kənd təsərrüfatında iqlim və bazar risklərinin artması aqrar sığorta mexanizmlərinin genişləndirilməsini və risklərin idarə olunması sisteminin təkmilləşdirilməsini zəruri edir.

Bundan əlavə, bildirilir ki, atılacaq addımlar nəticəsində aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artırılacaq və sığorta ödənişlərinin operativliyi daha da yüksəldiləcək. Eyni zamanda aqrar sığorta haqlarının dövlət tərəfindən qarşılanan hissəsinin subyektlər, sığorta predmetləri və risklər üzrə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə beynəlxalq təcrübə öyrəniləcək və aqrar sahədə diferensiallaşdırılmış dəstək sisteminə keçid istiqamətində işlərə başlanılacaq.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişovanın verdiyi məlumata görə, indiyədək fermerlərə 23,7 milyon manat ödəniş edilib. Onun sözlərinə görə, əlavə olaraq təxminən 5 milyon manat sığorta ödənişi sənədlər toplandıqdan sonra həyata keçiriləcək: “Bu il fermerlərdən kifayət qədər müraciət daxil olub. Xüsusən də yağıntılı hava şəraiti ilə əlaqədar müraciətlər daha çox dolu və su basma riskləri ilə bağlı olub. Ümumilikdə ilin əvvəlindən 383 fermerdən 7 066 müraciət daxil olub. Burada söhbət 77 min hektar əkin sahəsindən gedir ki, bunun da 60 min hektarı yağıntılar, dolu və su basma riskləri ilə bağlıdır. Dəyən zərərlər artıq müəyyən edilib və yekun ekspertizalar başa çatıb. Təxminən 4,5 milyon manat sırf bu risklərlə bağlı sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur. Yarandığımız dövrdən bu günə qədər nəzərdə tutulan 29 milyon manata yaxın sığorta ödənişinin 24 milyon manatı bitkiçilik sahəsinin payına düşür”. Ölkə üzrə əkin ərazisinin 1,1 milyon hektarını, yəni 80 faizdən çoxunu taxıl sahələri təşkil edir. Fondun portfelinin böyük əksəriyyətini taxıl sahələri təşkil etdiyinə görə zərərlərin də çox hissəsi bu sahələrdə olur. Lakin ildən-ilə sığortanın əhatəsi genişlənir. Son illər meyvə bağlarından da kifayət qədər müraciətlər daxil olur. Məsələn, bu il yağıntılar nəticəsində gilas, badam, heyva və digər meyvə bitkilərinə zərər dəyməsi ilə bağlı xeyli müraciət var. Portfelə yeni bitkilərin daxil edilməsi ilə bağlı artıq qanunvericilik layihəsi Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib və qurumlarla razılaşdırılma mərhələsinə çıxarılıb. Biz bitkilərin sayının 43-dən 50-yə çatdırılmasını, eyni zamanda arıçılıq və quşçuluq təsərrüfatlarının sığortalanması məsələsini nəzərdə tutmuşuq. Hazırda sığortaladığımız 43 bitki növü ölkənin əkin ərazilərinin 90 faizdən çoxunu əhatə edir. Növbəti mərhələdə təminat verəcəyimiz əsas məhsullar subtropik bitkilər (kivi, feyxoa və s.) və bostan bitkiləridir ki, hazırda onlar bizim təminat siyahımızda mövcud deyil".

Sığorta mexanizminin genişləndirilməsi fermerlərin zərərini qarşılamaqla aqrar istehsalın davamlılığını təmin etmək üçün ən vacib məsələdir. Eyni zamanda dövlət iqlim dəyişikliklərnin fəsadlarına - müxtəlif dağıdıcı təbiət hadisələrinə hazırlıq səviyyəsini yüksəltmək istiqamətində də addımlar atmağa hazırlaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədovun dediyinə görə, Azərbaycanda daşqın təhlükəsinə qarşı proaktiv yanaşmanın tətbiqinə ciddi ehtiyac yaranıb. Belə ki, əvvəlki dövrlərdə ölkə ərazisində intensiv daşqın prosesləri ildə orta hesabla 10-20 dəfə qeydə alınırdısa, son dövrlərdə bu rəqəm təqribən 10-15 dəfə yüksəlib: “Bu rəqəmlər artıq təkcə infrastrukturun təkmilləşdirilməsi və hadisələrə operativ müdaxilənin yetərli olmadığını ortaya qoyur və bizdən daha proaktiv strategiyaya keçidi zəruri edir. Biz atmosferdə və çay hövzələrində gedən prosesləri real vaxt rejimində monitorinq etməli, növbəti mərhələdə hansı proseslərin yaranacağını öncədən proqnozlaşdırmalı və ehtimal olunan təhlükələri qabaqcadan təyin edərək lazımi qabaqlayıcı addımlar atmalıyıq”.

O qeyd edib ki, məhz bu baxımdan rəqəmsal texnologiyaların, erkən xəbərdarlıq sistemlərinin və süni intellektin inteqrasiyası mühüm rol oynayacaq.

Aqrar sahə bütün dünyada dövlət dəstəyi ilə fəaliyyət göstərir. Hansı ölkədə bu dəstək real və effektiv tətbiq olunursa, orada yüksək inkişaf əldə edilir. Bu baxımdan, Azərbaycanda mexanizmin təkmilləşdirilməsi üçün imkanlar hələ çoxdur...

“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap