“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?

Tarix 06.11.26, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir.

Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif edilir.

Rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl” avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olmuşdur. Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir.
Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətinə vergi yükünün düşməsinə səbəb olur.

Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır. “İkinci əl” avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır. Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl” avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur.

Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.

Yeni mexanizm tətbiq olunarsa, “ikinci əl” avtomobil bazarında qiymət balansı necə dəyişəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, ikinci əl avtomobillərin alqı-satqısı ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycanın avtomobil bazarında qiymət siyasətinə, rəqabət mühitinə, rəsmi dilerlərin fəaliyyətinə və istehlakçıların seçim imkanlarına müəyyən təsirlər göstərə bilər:


“İlk növbədə qeyd etmək lazımdır ki, burada söhbət bütün “ikinci əl” avtomobillərin satışına tətbiq ediləcək ümumi vergi güzəştindən deyil, konkret şərtlərə cavab verən nəqliyyat vasitələrinin rəsmi dilerlər tərəfindən alqı-satqısı zamanı ƏDV-nin hesablanması mexanizminin dəyişdirilməsindən gedir.
Təklifə əsasən, istehsal tarixi beş ildən artıq olmayan, yalnız nağdsız qaydada əldə edilən “ikinci əl” avtomobillərin rəsmi dilerlər tərəfindən satışı zamanı üç il müddətində əlavə dəyər vergisinin avtomobilin tam satış qiymətindən deyil, dilerin əldə etdiyi ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Bu mexanizmin əsas iqtisadi məntiqi ondan ibarətdir ki, avtomobilin əvvəlki sahibindən alınması və sonradan yenidən satılması zamanı vergi yükü dilerin yaratdığı əlavə iqtisadi dəyərə uyğunlaşdırılsın. Məsələn, rəsmi diler vətəndaşdan avtomobili 25 min manata alır və müəyyən texniki yoxlamalardan, hazırlıq işlərindən sonra 28 min manata satışa çıxarırsa, burada dilerin ticarət əlavəsi 3 min manat təşkil edir.

Təklif olunan mexanizm məhz həmin fərqin vergiyə cəlb edilməsini nəzərdə tutur. Bu, avtomobilin bütün satış məbləğinə ƏDV tətbiq edilməsi ilə müqayisədə vergi yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır ki, vergi yükünün azalması avtomatik olaraq avtomobilin satış qiymətinin eyni həcmdə aşağı düşməsi demək deyil. Çünki avtomobilin son qiyməti yalnız vergidən asılı deyil.

Burada alış qiyməti, texniki vəziyyət, yürüş göstəricisi, avtomobilin istehsal ili, bazardakı tələb və təklif, dilerin əməliyyat xərcləri, zəmanət öhdəlikləri və rəqabət səviyyəsi də mühüm rol oynayır. Əgər bazarda kifayət qədər rəqabət mövcud olarsa, vergi yükünün azalmasının müəyyən hissəsi avtomobillərin satış qiymətinə təsir edə və alıcılar üçün daha münasib təkliflərin yaranmasına şərait yarada bilər.

Əksinə, bazarda rəqabət zəif olarsa, bəzi satış müəssisələri yaranan vergi üstünlüyünü qiymətləri azaltmaq əvəzinə öz gəlirlərini artırmaq üçün istifadə edə bilərlər. Ona görə də bu dəyişiklikdən sonra qiymətlərin mütləq şəkildə ucuzlaşacağını söyləmək düzgün olmaz. Burada əsas məsələ vergi güzəştinin istehlakçıya hansı səviyyədə ötürülməsidir”.

Onun sözlərinə görə, digər mühüm məsələ “ikinci əl” avtomobil bazarında qiymət balansının necə formalaşacağıdır:

“Azərbaycan avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var. Ölkəmizdə “ikinci əl” avtomobillərin əhəmiyyətli hissəsi fiziki şəxslər arasında, avtomobil satış meydançalarında və müxtəlif vasitəçilər üzərindən alınıb-satılır.Rəsmi dilerlərin bu bazardakı fəaliyyətinin genişlənməsi müəyyən struktur dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə istehsal tarixi beş ildən artıq olmayan avtomobillər üzrə rəsmi satış kanallarının daha fəal işləməsi mümkündür.
Bu halda avtomobilini satmaq istəyən vətəndaşın qarşısında əlavə seçim yaranacaq. O, nəqliyyat vasitəsini birbaşa başqa vətəndaşa sata, avtomobil bazarında satışa çıxara və ya rəsmi dilerə təklif edə biləcək.

Rəsmi dilerlərin avtomobil alışında daha fəal iştirak etməsi satıcılar arasında rəqabəti artıra bilər. Lakin burada müəyyən risklər də mövcuddur.
Əgər böyük diler şəbəkələri maliyyə imkanlarından istifadə edərək daha çox avtomobili öz satış sistemlərinə cəlb etsələr, müəyyən modellər və yaş kateqoriyaları üzrə bazarda üstün mövqe qazana bilərlər. Bu isə uzunmüddətli perspektivdə kiçik sahibkarların və müstəqil avtomobil satıcılarının rəqabət imkanlarına təsir göstərə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, rəsmi dilerlər adətən daha geniş maliyyə resurslarına, texniki xidmət mərkəzlərinə, reklam imkanlarına, müştəri bazasına və təşkilatlanmış satış sisteminə malik olurlar.

Kiçik avtomobil satıcıları isə bu imkanların hamısından eyni səviyyədə istifadə edə bilmirlər. Əgər vergi mexanizmi yalnız müəyyən kateqoriyadan olan iri satış müəssisələrinə şamil edilərsə, bu, bazarın ayrı-ayrı iştirakçıları arasında fərqli vergi şəraitinin yaranmasına səbəb ola bilər. Buna görə də sağlam rəqabətin qorunması baxımından güzəştdən yararlanmaq hüququnun hansı meyarlarla müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəsmi diler anlayışının hüquqi baxımdan dəqiq müəyyən edilməsi, vergi güzəştindən istifadə şərtlərinin şəffaf olması və bazarda fəaliyyət göstərən digər qanuni sahibkarlıq subyektlərinin imkanlarının nəzərə alınması vacibdir. Burada məqsəd yalnız böyük avtomobil şirkətlərinin fəaliyyətini genişləndirmək deyil, bütövlükdə avtomobil ticarətində şəffaf, rəqabətli və istehlakçı hüquqlarını qoruyan sistemin formalaşdırılması olmalıdır.

Təklif olunan dəyişikliklərin digər mühüm istiqaməti avtomobil bazarında nağdsız hesablaşmaların genişləndirilməsidir. Çünki layihədə vergi mexanizmindən istifadə üçün avtomobilin yalnız nağdsız qaydada əldə olunması şərti nəzərdə tutulur. Bu yanaşma alqı-satqı əməliyyatlarının sənədləşdirilməsinə, pul vəsaitlərinin hərəkətinin izlənilməsinə və vergi uçotunun daha şəffaf aparılmasına kömək edə bilər.

Eyni zamanda avtomobilin əvvəlki alış qiymətinin, sonrakı satış qiymətinin və faktiki ticarət əlavəsinin müəyyənləşdirilməsi daha asan olacaq. Ancaq burada da diqqət edilməli məsələlər var”.

A.Nəbiyev vurğulayıb ki, nağdsız ödənişin tətbiqi bank xidmətləri ilə bağlı əlavə xərclər yarada bilər və bu xərclərin kim tərəfindən qarşılanacağı aydın olmalıdır:

“Digər tərəfdən, avtomobilin real alış qiymətinin düzgün göstərilməsi, süni şəkildə artırılmış xərclərlə ticarət əlavəsinin azaldılmasının qarşısının alınması və əməliyyatların faktiki iqtisadi mahiyyətinə uyğun sənədləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Əks halda vergi güzəşti bazarda şəffaflığı artırmaq əvəzinə ayrı-ayrı iştirakçılar tərəfindən sui-istifadə vasitəsinə çevrilə bilər. Hesab edirəm ki, bu məsələyə yalnız vergi güzəşti prizmasından deyil, həm də avtomobil bazarında istehlakçı təhlükəsizliyi və texniki şəffaflıq baxımından yanaşmaq lazımdır.

Çünki ikinci əl avtomobil alarkən vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri nəqliyyat vasitəsinin real texniki vəziyyəti haqqında kifayət qədər məlumat əldə edə bilməməsidir. Bəzi hallarda avtomobilin yürüş göstəricisi dəyişdirilir, əvvəlki yol-nəqliyyat hadisələri barədə məlumat gizlədilir, mühərrik və transmissiya ilə bağlı ciddi nasazlıqlar alıcıya açıqlanmır. Avtomobilin əvvəlki istismar şəraiti, təhlükəsizlik sistemlərinin vəziyyəti və aparılmış təmir işləri barədə məlumatın olmaması sonradan həm maddi itkilərə, həm də yol hərəkəti təhlükəsizliyi baxımından risklərə səbəb ola bilər.

Rəsmi diler şəbəkələrinin ikinci əl avtomobil bazarında iştirakının genişlənməsi məhz bu istiqamətdə müsbət dəyişikliklər üçün imkan yarada bilər. Ancaq bunun üçün avtomobilin rəsmi diler tərəfindən satılması faktı təkbaşına kifayət etmir. Satışdan əvvəl texniki diaqnostikanın aparılması, avtomobilin mövcud nasazlıqlarının sənədləşdirilməsi, qəza tarixçəsi barədə əldə edilə bilən məlumatların alıcıya təqdim olunması və zəmanət şərtlərinin aydın göstərilməsi vacibdir.

Belə bir sistem formalaşarsa, alıcı müəyyən hallarda avtomobili bazardan bir qədər baha alsa belə, daha şəffaf satış prosesi və əlavə xidmətlər əldə edə bilər. Bu isə avtomobil bazarında rəqabətin yalnız qiymət üzərindən deyil, həm də xidmət keyfiyyəti, etibarlılıq və təhlükəsizlik meyarları əsasında formalaşmasına şərait yaradar. Digər tərəfdən, beşillik yaş məhdudiyyətinin bazara təsirini də ayrıca qiymətləndirmək lazımdır. Azərbaycanda müxtəlif gəlir səviyyələrinə malik vətəndaşlar avtomobil alırlar və onların hamısının istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitəsi əldə etmək imkanı yoxdur.

Daha münasib qiymətli, istehsal tarixi daha köhnə olan avtomobillərə də kifayət qədər tələbat mövcuddur. Buna görə də təklif olunan mexanizmin birbaşa təsiri əsasən nisbətən yeni ikinci əl avtomobillər seqmentində hiss oluna bilər. Beş ildən köhnə avtomobillərin qiymətlərində isə bu dəyişiklik nəticəsində birbaşa vergi üstünlüyü yaranmır.

Bununla belə, bazar seqmentləri bir-biri ilə əlaqəli olduğundan dolayı təsirlər mümkündür. Məsələn, nisbətən yeni avtomobillərin rəsmi satış kanallarında daha əlçatan olması müəyyən alıcıların köhnə avtomobillərdən daha yeni modellərə yönəlməsinə səbəb ola bilər. Digər tərəfdən, yeni avtomobillərin qiymətləri yüksək olaraq qalarsa, ikinci əl avtomobillərə tələb yenə də güclü olacaq. Burada valyuta məzənnələri, idxal xərcləri, gömrük ödənişləri, kredit şərtləri və əhalinin alıcılıq qabiliyyəti kimi amillər də nəzərə alınmalıdır.

Avtomobil bazarındakı qiymət dəyişikliklərini yalnız bir vergi mexanizmi ilə izah etmək mümkün deyil. Təklifin üç il müddətinə tətbiq olunmasının nəzərdə tutulması da diqqət çəkən məqamlardandır. Bu müddət mexanizmin nəticələrini qiymətləndirmək üçün müəyyən imkan yarada bilər. Lakin bunun üçün tətbiqdən əvvəl və sonra avtomobil satışlarının həcmi, orta satış qiymətləri, dilerlərin ticarət əlavələri, rəsmi əməliyyatların sayı, vergi daxilolmaları və bazarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vəziyyəti müqayisəli şəkildə təhlil edilməlidir.

Əgər üç il ərzində rəsmi satışların həcmi artırsa, əməliyyatların şəffaflığı yüksəlirsə və istehlakçılar üçün daha əlverişli alış şərtləri yaranırsa, bu nəticələr mexanizmin gələcəkdə davam etdirilməsi və ya əhatə dairəsinin dəyişdirilməsi barədə müzakirələr üçün əsas ola bilər. Əksinə, vergi üstünlüyü əsasən məhdud sayda iri şirkətin gəlirlərində cəmlənərsə, kiçik sahibkarların bazardakı mövqeyi zəifləyərsə və istehlakçılar qiymət baxımından ciddi fayda görməzlərsə, mexanizmin şərtlərinə yenidən baxılması məsələsi ortaya çıxa bilər. Burada dövlətin əsas vəzifələrindən biri bazar iştirakçıları üçün bərabər və aydın rəqabət qaydalarının təmin edilməsidir.

Eyni zamanda rəqabətə nəzarət mexanizmləri vasitəsilə qiymətlərin süni şəkildə razılaşdırılması, bazarın müəyyən iştirakçılar tərəfindən məhdudlaşdırılması və istehlakçıların seçim imkanlarının daraldılması kimi halların qarşısı alınmalıdır”.

Ekspert qeyd edib ki, xüsusi vurğulamaq istəyirəm ki, avtomobil bazarında sağlam rəqabət yalnız ucuz avtomobil satılması demək deyil:

“Sağlam rəqabət həm də alıcının avtomobilin mənşəyini, texniki vəziyyətini, real yürüşünü, hüquqi statusunu və satış şərtlərini bilməsi, müxtəlif satıcılar arasında sərbəst seçim etməsi və aldığı məhsulla bağlı hüquqlarını müdafiə edə bilməsidir. Bu baxımdan ikinci əl avtomobil bazarının rəsmiləşdirilməsi və şəffaflaşdırılması istiqamətində atılan addımlar vergi siyasəti ilə yanaşı, texniki nəzarət və istehlakçı hüquqlarının müdafiəsi tədbirləri ilə də əlaqələndirilməlidir.

Nəticə etibarilə, təklif olunan dəyişiklik ikinci əl avtomobil bazarında vergi yükünün bölüşdürülməsini dəyişə, rəsmi dilerlərin satış imkanlarını genişləndirə və müəyyən avtomobil kateqoriyalarında qiymət rəqabətinə təsir göstərə bilər. Lakin bu təsirin nə dərəcədə müsbət olacağı mexanizmin tətbiq şərtlərindən, bazarda rəqabətin səviyyəsindən və dilerlərin qiymət siyasətindən asılı olacaq.

Əsas diqqət yetirilməli məsələ ondan ibarətdir ki, vergi yükünün azaldılması nəticəsində yaranan iqtisadi üstünlük yalnız satış şirkətlərinin deyil, avtomobil alan vətəndaşların da maraqlarına xidmət etsin. Əgər bu dəyişiklik nəticəsində avtomobillərin satış qiymətləri daha rəqabətli formalaşarsa, rəsmi alqı-satqı əməliyyatları artarsa, texniki vəziyyət haqqında məlumatların şəffaflığı yüksələrsə və kiçik sahibkarlar üçün də ədalətli fəaliyyət mühiti qorunarsa, avtomobil bazarında daha dayanıqlı inkişaf üçün şərait yarana bilər.

Əks halda, vergi güzəştinin yalnız müəyyən satış şəbəkələrinin üstünlüyünü artırması riski mövcuddur. Ona görə də əsas məqsəd ayrı-ayrı şirkətlərə üstünlük vermək deyil, avtomobil bazarında şəffaflığı, istehlakçı etimadını, texniki təhlükəsizliyi və sağlam rəqabəti eyni vaxtda təmin edən iqtisadi mühitin formalaşdırılması olmalıdır”.



Xəbərin oxunma sayı : 16




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap