“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

Tarix 16.11.26, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin və geosiyasi əhəmiyyətinin artmasının növbəti təsdiqidir. 

2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında formalaşmış çoxşaxəli əməkdaşlığın yeni strateji istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində formalaşmış qarşılıqlı maraqların, siyasi etimadın və ardıcıl əməkdaşlığın nəticəsidir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin hüquqi-siyasi əsaslarını möhkəmləndirən mühüm sənədlər olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət strategiyasında Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi yer ayrılması da məhz Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin dövrdə yaradılmış etimad mühiti sonrakı illərdə siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı tərəfdaşlığın möhkəm təməllər üzərində qurulmasına imkan verdi.

Noyabrın 12-də imzalanmış yeni Bəyannamə bu münasibətlərin sadəcə davamı deyil, dəyişən beynəlxalq reallıqlar fonunda keyfiyyətcə yeni mərhələyə keçididir. Sənədin başlıca siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Böyük Britaniya əməkdaşlığın ənənəvi sahələrini qorumaqla yanaşı, münasibətləri müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil, elm və innovasiya kimi strateji istiqamətlər hesabına daha da zənginləşdirirlər. Beləliklə, tərəfdaşlıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsindən çıxaraq uzunmüddətli hədəflərə və institusional mexanizmlərə əsaslanan geniş siyasi-iqtisadi platformaya çevrilir. Bu yanaşma həm ikitərəfli münasibətlərin dayanıqlığını artırır, həm də qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları açır. Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsinə xüsusi yer ayrılması müasir geosiyasi şəraitin tələbləri baxımından diqqətəlayiqdir. Beynəlxalq təhlükəsizlik arxitekturasının mürəkkəbləşdiyi, geosiyasi rəqabətin kəskinləşdiyi, ənənəvi və yeni təhdidlərin bir-birini tamamladığı indiki dövrdə dövlətlər arasında təhlükəsizlik sahəsində dialoq və koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində təlimlərin keçirilməsi, institusional potensialın gücləndirilməsi, müdafiə sənayesi, sərhəd idarəçiliyi və hüquq-mühafizə istiqamətlərində əməkdaşlığın inkişafı qarşılıqlı maraqlara cavab verir. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində fəal iştirak edən, regional sabitliyə və beynəlxalq sülhə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Sənəddə əsas məsələlərdən biri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə münasibətdir. Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin bir daha təsdiqlənməsi xüsusi siyasi məna daşıyır. Bu müddəalar Azərbaycanın uzun illər beynəlxalq platformalarda müdafiə etdiyi prinsipial mövqe ilə uzlaşır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda həmin prinsiplərin ikitərəfli strateji sənəddə əks olunması ölkəmizin haqlı mövqeyinə beynəlxalq münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində həyata keçirilən proseslərə diqqət yetirilməsi də mühüm siyasi məqamdır. Bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətinin beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu göstərir. Azərbaycan postmünaqişə dövründə öz suveren hüquqlarını və milli maraqlarını təmin etməklə yanaşı, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına da xüsusi önəm verir. 

Ölkəmizin irəli sürdüyü sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişləndirilməsi təşəbbüsləri Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm perspektivlər yaradır. Böyük Britaniyanın bu prosesə dəstəyini ifadə etməsi isə regional sülh gündəliyinin beynəlxalq siyasi müstəvidə mövqelərinin güclənməsi baxımından əhəmiyyətlidir. İkitərəfli münasibətlərin iqtisadi əsasları strateji tərəfdaşlığın ən möhkəm dayaqlarından birini təşkil edir. Böyük Britaniya uzun illərdir Azərbaycanın enerji sektorunda aparıcı xarici tərəfdaşlarından və investorlarından biri kimi çıxış edir. Otuz ildən artıq müddətdə formalaşmış enerji əməkdaşlığı Azərbaycanın beynəlxalq enerji bazarlarına inteqrasiyasında, ölkənin enerji potensialının reallaşdırılmasında və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin artmasında mühüm rol oynayıb. Bununla belə, müasir dövrdə tərəfdaşlığın iqtisadi gündəliyi ənənəvi enerji sektorunun hüdudlarını xeyli aşır. Bərpaolunan enerji mənbələri, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, infrastruktur və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və yaşıl enerji keçidi istiqamətində müəyyənləşdirdiyi prioritetlərlə üst-üstə düşür. Bu, eyni zamanda, ölkəmizin beynəlxalq investisiya əməkdaşlığında yeni imkanlardan istifadə etmək niyyətini nümayiş etdirir. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması isə əməkdaşlığa daha geniş geoiqtisadi məzmun verir. Hazırda qlobal ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin etibarlılığının artırılması və Avropa ilə Asiya arasında təhlükəsiz nəqliyyat bağlantılarının inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas prioritetlərindəndir. Bu reallıq Azərbaycanın strateji coğrafi mövqeyini və tranzit imkanlarını daha da aktuallaşdırır. Ölkəmizin son illərdə nəqliyyat-logistika infrastrukturuna yatırdığı investisiyalar, liman, dəmir yolu və avtomobil yolları sahəsində həyata keçirdiyi layihələr Orta Dəhlizin rəqabət qabiliyyətini artıran mühüm amillərdəndir. Bu marşrut artıq sadəcə tranzit xətti deyil, Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə və yeni ticarət imkanlarının yaranmasına xidmət edən strateji platformadır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit potensialının beynəlxalq miqyasda daha səmərəli reallaşdırılmasına, ölkəmizin Şərq-Qərb iqtisadi əlaqələrində rolunun güclənməsinə əlavə imkanlar yarada bilər.

Strateji tərəfdaşlığın təhsil, elm və innovasiya sahələrini də əhatə etməsi Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada dövlətlərin rəqabət gücü yalnız iqtisadi resurslarla deyil, həm də insan kapitalının keyfiyyəti, elmi-texnoloji potensialı və innovasiya imkanları ilə ölçülür. Bu baxımdan ali təhsil, peşə hazırlığı, süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi ölkəmizin gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir. Böyük Britaniyanın bu sahələrdə zəngin təcrübəsi universitetlər və elmi-tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi, mütəxəssis mübadiləsinin genişləndirilməsi və müasir biliklərin Azərbaycana transferi üçün əlverişli imkanlar yaradır. Belə əməkdaşlıq təkcə təhsil sisteminin inkişafına deyil, həm də iqtisadiyyatın yeni texnologiyalar əsasında modernləşdirilməsinə töhfə verə bilər.

Xalqlar arasında qarşılıqlı anlaşma, mədəni yaxınlıq və ictimai etimad da uzunmüddətli əməkdaşlığın mühüm şərtləridir. Bu baxımdan təhsil, mədəniyyət, elm və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişlənməsi Azərbaycan-Böyük Britaniya münasibətlərinin ictimai əsaslarını daha da möhkəmləndirəcəkdir.

Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında yeni siyasi mərhələnin əsasını qoyur. Sənədin əhəmiyyəti yalnız əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə ölçülmür. Onun əsas siyasi mahiyyəti Azərbaycanın artan geosiyasi rolunun, iqtisadi potensialının və beynəlxalq təşəbbüslərinin aparıcı dünya dövlətləri tərəfindən nəzərə alınmasında ifadə olunur. Böyük Britaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəldilməsi ölkəmizin xarici siyasət əlaqələrinin şaxələndirilməsi, təhlükəsizlik imkanlarının genişləndirilməsi və beynəlxalq iqtisadi sistemdə mövqelərinin möhkəmləndirilməsi baxımından yeni perspektivlər açır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı şəkildə gücləndirir. Bu siyasətin başlıca xüsusiyyətlərindən biri ölkəmizin qlobal güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və milli maraqlara söykənən münasibətlər qurmasıdır. Azərbaycan artıq regional proseslərin yalnız iştirakçısı deyil, həm də siyasi təşəbbüsləri, iqtisadi imkanları və strateji qərarları ilə regionun gələcək inkişafına təsir göstərən mühüm aktordur. Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi də bu reallığın növbəti ifadəsidir. Yeni mərhələyə qədəm qoyan münasibətlər qarşılıqlı siyasi etimad, ortaq maraqlar və konkret əməkdaşlıq mexanizmləri əsasında inkişaf edərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, eyni zamanda, regional və qlobal əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.

Mircamal Həşimov



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap