“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional və beynəlxalq təhlükəsizlik amilidir

Tarix 16.11.26, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, iqtisadi rəqabətin güclənməsi, enerji və nəqliyyat təhlükəsizliyinin aktuallaşması dövlətlərarası əməkdaşlığın yeni prinsiplər əsasında qurulmasını zəruri edir. Belə bir şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan müstəqil və praqmatik xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən noyabrın 12-də Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi siyasi və geosiyasi əhəmiyyət daşıyır. Sənəd iki ölkə münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanan münasibətlər quraraq etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Böyük Britaniya və və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də bu siyasətin mühüm nəticəsidir. 1994-cü il fevralın 23-də və 1998-ci il iyulun 21-də imzalanmış birgə bəyannamələr ikitərəfli münasibətlərin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirilərək yeni məzmunla zənginləşdirilib.
Əvvəlcə enerji və iqtisadi əməkdaşlıq üzərində inkişaf edən münasibətlər hazırda müdafiə və təhlükəsizlik, nəqliyyat, yaşıl enerji, maliyyə, təhsil, elm və texnologiya sahələrini də əhatə edir. Bu amillər tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.

Birgə Bəyannamədə BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərinin dəstəklənməsi ölkəmizin sülh gündəliyinin beynəlxalq əhəmiyyətini artırır. Davamlı sülhün təmin olunması qarşılıqlı suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə sıx bağlıdır.

Müasir təhlükəsizlik çağırışları dövlətlər arasında müdafiə və hüquqi əməkdaşlığın gücləndirilməsini də zəruri edir. Bəyannamədə müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətlər Azərbaycanın təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə və institusional potensialının gücləndirilməsinə töhfə verəcəkdir.

Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağında yerləşməsi ölkəmizin geostrateji üstünlüklərindən biridir. Birgə Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya sistemində artan rolunu təsdiqləyir. Müasir infrastrukturun, dəmir və avtomobil yollarının, liman və logistika imkanlarının inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq təchizat zəncirlərinin şaxələndirilməsinə yeni imkanlar yaradır.
Enerji əməkdaşlığı da Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkəmizin ənənəvi enerji resursları sahəsində etibarlı tərəfdaş kimi qazandığı mövqe ilə yanaşı, günəş və külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri yeni əməkdaşlıq perspektivləri yaradır. Bəyannamədə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlığın nəzərdə tutulması iqtisadiyyatın şaxələndirilməsi və innovativ inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Böyük Britaniyanın texnoloji və maliyyə təcrübəsinin Azərbaycanın enerji potensialı ilə birləşdirilməsi qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.

Sənədin mühüm cəhətlərindən biri də əməkdaşlığın davamlılığını təmin edən institusional mexanizmlərin müəyyənləşdirilməsidir. Hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi əldə olunan nəticələrin qiymətləndirilməsinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə və razılaşmaların konkret layihələrə çevrilməsinə imkan verəcəkdir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin xarici siyasətində mühüm nailiyyət, beynəlxalq nüfuzunun və milli maraqlara əsaslanan müstəqil siyasətinin göstəricisidir. Bu tərəfdaşlıq Azərbaycanın regional sabitliyin təmin olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsində və Şərqlə Qərb arasında əməkdaşlığın inkişafında rolunu daha da gücləndirir. Qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan münasibətlər gələcəkdə hər iki ölkənin inkişafına və regionda davamlı sülhün möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Nərmin Mehdiyeva



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap