“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi

Tarix 02.11.26, 17:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, deputat Hikmət Babaoğlu yol nişanlarında dəyişiklik edilməsini, xüsusilə “Stop” sözünün Azərbaycan dilində qarşılığı olan “Dur” və ya “Toxta” ifadələri ilə əvəzlənməsini təklif edib. Millət vəkilinin bu təşəbbüsü birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə təklifə ironik yanaşanlar da olub.

Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında təklifinin səbəblərini izah edib, bunun beynəlxalq hüquq normalarına zidd olmadığını bildirib. Deputat hesab edir ki, Azərbaycan dilinin imkanlarından istifadə etmək, şivə və ləhcələrdə qorunub saxlanılan sözləri ədəbi dilə gətirmək dilimizin zənginləşməsinə xidmət edə bilər.

Deputat təşəbbüsünün Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı dövlət siyasətindən irəli gəldiyini deyib:

“Azərbaycan Prezidenti çıxışlarında daim Azərbaycan dilinin inkişaf etdirilməsi, zənginləşdirilməsi və qorunması məsələsinə toxunur. 2026-cı il avqustun 8-də Milli Elmlər Akademiyasında çıxışı zamanı bir daha qeyd etdi ki, əgər dilimizdə əzəli söz varsa, onun başqa dildən alınma sözlərlə əvəzlənməsinə ehtiyac yoxdur. Mən də bu təklifi Azərbaycan Prezidentinin səsləndirdiyi çağırışlara cavab kimi irəli sürdüm”.

Hikmət Babaoğlu vurğulayıb ki, təklifinin beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etmədiyini düşünür. O, bu məsələdə 1968-ci ildə qəbul edilmiş Yol nişanları və siqnalları haqqında Vyana Konvensiyasına istinad edib.

“Beynəlxalq hüquq məsələsinə gəldikdə, 1968-ci ildə yol nişanları və yol işarələri haqqında Vyana Konvensiyası qəbul edilib. Azərbaycan da bu konvensiyaya 2010-cu ildə qoşulub. Yol hərəkətini tənzimləyən siqnallar və nişanlar beynəlxalq hüquqda təsdiq olunmuş qaydalardır. Mənim səsləndirdiyim fikirlər isə bununla ziddiyyət təşkil etmir”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, konvensiyanın əlavəsində “Stop” nişanının forması və üzərindəki yazı ilə bağlı müddəalar yer alır. Babaoğlu hesab edir ki, həmin müddəalar dövlətlərə nişanın üzərində öz milli dillərində yazıdan istifadə etmək imkanı verir.

“Konvensiyanın birinci əlavəsində səkkizbucaqlı, qırmızı fonda olan nişanın təsviri verilir. Həmin nişanın üzərində müvafiq yazı yerləşdirilir. Konvensiyada bu sözün başqa dildə, o cümlədən “Stop” formasında yazıla biləcəyi, yaxud dövlətlərin öz milli dillərindən istifadə edə biləcəyi göstərilir. Yəni mənim səsləndirdiyim fikir beynəlxalq hüquqa zidd deyil. Əgər hər bir dövlət öz dilində yaza bilirsə, biz niyə öz dilimizdə yazmayaq?” – deputat sual edib.

O, Türkiyə və Qazaxıstanı da milli dilin yol nişanlarında istifadəsi ilə bağlı nümunə göstərib.

Hikmət Babaoğlunun təklifində diqqətçəkən məqam “Dur” və “Toxta” sözləri arasındakı məna fərqidir. Deputat hesab edir ki, “Toxta” sözü Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini daha dolğun ifadə edir.

“Azərbaycan dilində felin elə forması var ki, hərəkətin tərzini də bildirir. Sözün semantik mənası daxilində əlavə məzmunun olması dilimizin zənginliyidir. “Dur” sözü əmrdir. Durduqdan sonra hərəkətə başlamaq üçün sanki ikinci əmri gözləməliyik. Bu sözdə hərəkətin davamı ifadə olunmur.

“Toxta” sözündə isə hərəkətin davamı ilə bağlı əlavə məna var. Yəni toxta, nəfəsini dər, sonra hərəkət elə. Beləliklə, bir sözün daxilində bir neçə məna çaları birləşir. Bu da Azərbaycan dilinin zənginliyi və üstünlüyüdür. Ona görə hesab edirəm ki, nişanın üzərində “Toxta” yazılması daha yaxşı olardı”, - deyə deputat fikrini əsaslandırıb.

Babaoğlu bununla yanaşı, “Toxta” sözünün bəzi insanlara yad səslənməsini də izah edib. Onun fikrincə, məsələ sözün dilimizdə mövcud olmamasında deyil, gündəlik ədəbi dildə az işlədilməsindədir.

“Dilimizin bazasının zənginliyi şivələr, ləhcələr, həmçinin ədəbi dilimizdə istifadə etmədiyimiz və ya arxaikləşmiş sözlərdir. “Toxta” sözünü hamımız bilirik. Amma ədəbi dildə ondan çox az istifadə etdiyimizə görə sosial şəbəkə istifadəçilərinin qulağına bir qədər yad gəlib.

Dilimizdə nə qədər çox söz olarsa, bir o qədər yaxşıdır. Şivələrdəki, ləhcələrdəki sözləri ədəbi dilimizə nə qədər çox gətirib onu zənginləşdirsək, bir o qədər yaxşıdır. Çünki dilimiz daha zəngin olar, özümüzü ifadə etmək imkanlarımız da genişlənər”, – Hikmət Babaoğlu bildirib.



Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap