“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bazarda qiymətlər “əl yandırır”: soğan 3 dəfə, xiyar isə 2 dəfə bahalaşdı

Tarix 20.11.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 20-si olmasına baxmayaraq, paytaxt bazarlarında meyvə-tərəvəzin qiymətində bahalaşma müşahidə edilir. Xüsusilə gündəlik tələbat məhsulları sırasında yer alan soğan, xiyar və pomidorun qiymətindəki artım alıcıların narazılığına səbəb olub. Qarşıdan Yeni il bayramının gəlməsi isə qiymətlərin daha da yüksələcəyi ilə bağlı narahatlıqları artırır. Belə ki, bayrama hələ bir ay yarımdan çox vaxt qalsa da, bəzi məhsulların indiki qiyməti alıcıların cibinə ciddi təsir göstərir.

Məsələni daha yaxından araşdırmaq üçün Musavat.com-un əməkdaşı olaraq, paytaxtın ən böyük ticarət məkanlarından biri olan “8-ci kilometr” bazarında olduq, satıcılar və alıcılarla söhbətləşərək mövcud qiymətlərlə maraqlandıq.

Apardığımız müşahidələr göstərir ki, son həftələrdə bəzi tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Bahalaşma xüsusilə soğanın qiymətində özünü göstərir. Yay aylarında kiloqramı 50-60 qəpiyə satılan soğanın qiyməti hazırda 1 manat 50 qəpiyə çatıb. Beləliklə, bu məhsulun qiyməti bir neçə ay ərzində təxminən 2,5-3 dəfə artıb.

Satıcıların sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var. Onlar iddia edirlər ki, Türkiyədə soğana tələbatın artması nəticəsində məhsulun bir hissəsi qonşu ölkəyə göndərilib. Digər tərəfdən, Azərbaycanda soğan əkininin əvvəlki dövrlə müqayisədə az olması da bazarda təklifin azalmasına və qiymətlərin yüksəlməsinə təsir göstərib.

Alıcılar isə soğanın belə qısa müddətdə bahalaşmasından narazıdırlar. Onların sözlərinə görə, hələ Yeni il bayramına xeyli vaxt qaldığı halda, gündəlik istifadə olunan məhsulların qiymətinin indidən yüksəlməsi ailə büdcəsinə əlavə yük yaradır. Vətəndaşlar narahatdırlar ki, bayram ərəfəsində bazarda daha ciddi qiymət artımı ilə üzləşə bilərlər.

Bazarda qiymət artımı yalnız soğanla məhdudlaşmır. Son həftələrdə xiyarın da qiymətində ciddi dəyişiklik müşahidə olunur. Ötən həftələrdə kiloqramı 1 manat 80 qəpik - 2 manata təklif edilən xiyar hazırda bazarda ən ucuz halda 2 manat 50 qəpiyə satılır. Bəzi piştaxtalarda isə bu məhsulun qiyməti 3 manat 50 qəpikdən 4 manatadək yüksəlir.

Pomidorun qiymətində də artım var. Ötən həftələrdə 1 manat 50 qəpiyə satılan pomidorun kiloqramı hazırda 2 manata təklif olunur. Daha keyfiyyətli və seçilmiş pomidor almaq istəyənlər isə 3 manat 50 qəpik - 4 manat ödəməli olurlar.

Satıcılar mövsümi amillərin, məhsulun yetişdirilməsi və bazara çatdırılması xərclərinin qiymətlərə təsir etdiyini bildirirlər. Xüsusilə havaların soyuması ilə istixana məhsullarının istehsal xərclərinin artması da qiymətlərin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilir.

Meyvə piştaxtalarında da qiymətlər alıcıların diqqətindən yayınmır. Hazırda narın kiloqramı 2 manat 50 qəpiyə satılır. Xurmanın qiyməti 2 manat 50 qəpik - 3 manat arasında dəyişir. Alma 1-1 manat 50 qəpik, armud 1 manat 50 qəpik, mandarin isə 1 manat 50 qəpikdən təklif olunur. Kartofun qiyməti isə 1,20 manatdan başlayan qiymətə satılır.

Quru meyvələrin və çərəzlərin qiymətində isə hələlik ciddi dəyişiklik müşahidə edilmir. Bazarda qoz-fındığın kiloqramı 6 manata, şabalıd isə 7 manata satılır.

Ət məhsullarının qiymətləri də alıcıların diqqət yetirdiyi əsas məsələlərdəndir. Hazırda bazarda mal ətinin kiloqramı 19 manata, quzu ətinin kiloqramı isə 22 manata təklif olunur.

Gündəlik süfrələrin ayrılmaz hissəsi olan göyərtinin qiyməti hələlik nisbətən münasibdir. Bir dəst göyərti 20 qəpiyə satılır. Lakin satıcılar qarşıdan gələn Yeni il bayramı ərəfəsində bu məhsulun da bahalaşa biləcəyini istisna etmirlər. Onların fikrincə, bayram günlərində bazarlarda alıcı fəallığının artması, tələbatın yüksəlməsi qiymətlərə təsirsiz ötüşməyəcək.

Bazarda söhbətləşdiyimiz alıcılar isə qiymət artımından ciddi narazılıq edirlər. Onların sözlərinə görə, əvvəllər gündəlik bazarlıq üçün ayrılan məbləğlə daha çox məhsul almaq mümkün idisə, indi eyni məbləğə xeyli az ərzaq əldə etmək olur.

Alıcılardan biri narazılığını belə ifadə etdi:

“Bazara giririk, hər şey bahadır. Bəzən olur ki, almaq istədiyimiz məhsulun qiymətini eşidib onu almadan evə dönürük. Təkcə meyvəyə az qala 50 manat xərcləməli oluruq”.

Bəs alıcıları qarşıda hansı qiymətlər gözləyir? Bayrama yaxın qiymətlər daha nə qədər arta bilər?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Qiymət artımı həm mövsümi amillərlə, həm də Azərbaycanda artıq bir növ ənənəyə çevrilmiş tendensiya ilə bağlıdır. Belə ki, Yeni il və Novruz bayramları ərəfəsində ərzaq, xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətləri daha sürətlə artır. Mövcud vəziyyət bu tendensiyanın yenidən təkrarlandığını göstərir. Bayramqabağı tələbatın yüksəlməsi, yerli məhsulların bazarda tədricən azalması nəticə etibarilə qiymətlərin bahalaşmasına şərait yaradır.

Qarşıdakı dövrdə gözlənilən qiymət artımına gəldikdə isə, təbii ki, vətəndaşları ən çox ərzaq məhsullarının bahalaşması maraqlandırır. Xüsusilə mal və quş ətinin, eləcə də bayram ərəfəsində tələbatın artdığı yumurtanın qiymətində təəssüf ki, bahalaşma gözlənilir".




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap